Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında

Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında
21 yanvar 2025
# 16:51

Kulis.az Rahid Uluselin “Dünyanı azdıran kitab” essesini təqdim edir.

Dünyanı aydınladan, işıqlandıran kitablar olduğu kimi, dünyanı qaraldan, çaşdıran, azdıran kitablar da var. Sonuncuların başında, fikrimcə, O dayanır. Dünyada yayılaraq, insanlara, dövlətlərə, mədəniyyətlərə böyük faciələr gətirən, bəşəriyyəti tikə-tikə bölən ən mürtəce altı ideologiyanın – irqçilik, genosid, militarizm, sionizm, faşizm və sosial-darvinizmin də izləri O kitabdadır. Faciə və absurdun iblisanə qatışığıdır ki, O kitab – bütün mahiyyətinin ziddinə – səmavi və müqəddəs sayılır! Hansıdır O “kitablar Kitabı?!”

Xaosun uvertürası: tarix – suç və xəyanətlə başlayır

O kitab – “Tövrat”dır (“Torah”). Kanonik “Tövrat”ı mən də ilk dəfə bir uşaq məsumluğu ilə, müqəddəs bir kitab olaraq əlimə alıb öpmüş, titrəyə-titrəyə açıb qarşıma qoymuş və oxumağa başlamışdım. Ancaq oxuduqca bu Kitab məni sarsıtdı və içimdəki ilahi duyğular, müqəddəslik seli bu Kitaba qarşı üsyana qalxdı: Onun anti-dünyası üzə çıxdıqca, həyatı bunca zorlamağın nə üçün gərəksədiyindən heyrətlənə-heyrətlənə ekzistensiyasını anlamağa çalışırdım. Bəlkə elə, bu Kitab suallarla çarpışmaq üçündür ki, heç birinə cavab tapmayıb, axırda bir qul kimi Ona təslim olasan?!

“Tövrat” (1) bəyan edir ki, Allah dünyanı, eləcə də canlı aləmi və insanı qabaqcadan təsəvvür etmədiyi şəkildə, yaratdıqca bunun “çox yaxşı” olduğunu görərək, ancaq sonunu bilmədən, sanki sövq-təbii yaradır (Varlıq, 1, 31). Bununla da elə başlanğıcdan “Tövrat” Allahı özünün əbədiyyət qüdrətini inkar etmiş olur. Yaratdığı ilk insan – kişi Adəm ikinci insan qadın Həvva ilə birlikdə ilahi nizamı pozur və Cənnətdən qovulur.

Beləcə, tarix – İnsanın Allah iradəsinə qarşı çıxması və qanla, onların övladlarının – üçüncü insanın – Kainin dördüncü insanı – Aveli öldürməsi ilə başlayır. “Tövrat” Allahı elə ilk münasibətlərindən məharətlə öz suçunu yaratdıqlarının üstünə atır: Kainin yox, Avelin qurbanını qəbul edir. Bununla da Kaində xainlik hissinə, qardaş qatilliyinə əsas yaradır. Dünyada insandan doğulmuş ilk məsum günahsız – Avel həlak olduğundan, məhz Kaindən və onun qardaşlarından nəsil əmələ gəlib artır. Bəşəriyyətin nəsil artımı Xainlə başlayır!

“Tövrat” Allahı bu nəsildən törəyən insanların çoxaldıqca pozulduğunu, niyyət və əməllərinin “şər” olduğunu görərək, yaratdıqlarına peşman olur, kədərlənir və qəzəblənib onları qırmaq qərarına gəlir (Varlıq, 6, 1-7). “Yaramaz” bəşəriyyəti suda boğduqdan, bircə özünə sadiq Nuhu xilas etdikdən sonra onun qurbanını qəbul edir. Nuhun ehsanının “xoş ətrini alıb” ürəyində şər gəzdirən insana görə bir daha yeri lənətləməyəcəyini, bütün canlı aləmi qırmayacağını bəyan edir (Varlıq, 8, 20-21).

Hamının yox, bir xalqın Tanrısı?!

Nuh epoxasının başlanğıcından “Tövrat” Allahı daha da “konkretləşərək və milliləşərək” açıq şəkildə “İsrail Allahı”, “Yəhudi Allahı”, “Avraam, İsaak, İeqova Allahı” obrazını da alır, “İsrail oğullarına” – “Mənim xalqım!” deyir (Çıxış, 3, 7; 5, 1-3).

O, İsrail oğullarını sınayırmış kimi, onlara dünyada əzab və sərgərdanlığın hər üzünü yaşadır: bir tərəfdən Moiseyə (Musaya) İsrail xalqını Misir köləliyindən qurtarmağı hökm edir, digər tərəfdən Fironun qəlbini qəddarlaşdırır ki, onlar daha çox əziyyətə düçar olsunlar. Gah onları vətənə yönəldir, gah da Fironla qabaqlarını kəsdirir və etiraf edir ki, bütün bunlar onun öz gücünü və sanını göstərməyindəndir (Çıxış, 11; 14, 17-18).

Bunca “qüdrətlə” “Tövrat” Allahı bəndələrinin dediyi ilə də oturub-durur. O qabaqcadan müəyyənləşdirmir, gerçək vəziyyətə uyğun “qanun” qoyur (Say, 27, 1-11). Perspektivə baxmır, konyunkturaya gedir.

İşi-gücü yalnız insanları itaət və itaətsizliyinə görə mükafatlandırıb-cəzalandırmaqdan ibarət olan “Tövrat” Allahı hər an altdan-altdan sezdirir ki, dünyadakı bütün konfliktlərin determinantı İnsan yox, məhz O özüdür!

İsrailə “Sən – sənin Sahibin olan Allahın müqəddəs xalqısan! Səni Allah seçib ki, Sən Onun yer üzündəki bütün xalqlardan ayırdığı xüsusi xalqı olasan” (İkinci Qanun, 7, 6) – deyən “böyük və dəhşətli” “Tövrat” Allahı İsrail oğullarını Midianitlərdən intiqam almağa göndərir. Nəyə görə? Çünki Midianitlərin allahı başqadır. Başqa allaha itaət edən xalqı isə qırmaq lazımdır!

Tanrı – rasizm və genosid ideoloqu?!

“Tövrat” Allahı, əslində, bütpərəst allahdır. O, özgə allahların varlığını “de-fakto” qəbul edir. Ancaq “Tövrat” Allahının ən çox qorxduğu odur ki, İsrail xalqı onu atıb başqa allahlara etiqad etsin. O, yabançı allahlarla təkbətək döyüşə çıxmır, onları yenmək üçün bəndələrindən qisas alır! Onların üzərinə İsrail xalqını özünün muzdlu ordusu kimi göndərir.

İsraillilər yerli Midianitləri qılıncdan keçirir, qadınlarını, oğul-uşaqlarını qul edirlər. Moisey (Musa) peyğəmbər isə daha amansızlıqla əsirlərin də öldürülməsini, bircə “kişi qucağı görməmiş qızların” özləri üçün diri saxlanmasını əmr edir (Say, 31, 18). Ələ keçirilən qənimətdən – qızıl-gümüşdən “Tövrat” Allahının məbədinə ehsan gətirir.

“Tövrat” Allahı bu sədaqətdən şövqə gəlib İsraillilərə “yer üzünün bütün sakinlərini qovun” (Say, 33, 52) – deyə hökm edir. Onları vadar edir ki, başqa xalqların ərazilərini tutub öz qəbilələri arasında bölüşdürsünlər. Hətta İsrailliləri buna da təhrik edir ki, “Hərgah siz yer üzünün sakinlərini özünüzdən qovmasanız, onda onlardan qalanlar tikan olub gözünüzə batacaq, iynə olub böyrünüzə sancılacaq, yaşadığınız yerlərdə sizi sıxışdıracaqlar” (Say, 33, 55). Zaman dəyişsə də, “ilahi” missiya dəyişməyib. İndi XXI əsrdir: qovan yenə yəhudilər, qovulanlar isə fələstinlilər, livanlılardır.

Əlbəttə, Fələstin və Livanın müdafiəsinin riyakar görüntüsü ilə başqa dövlətlər tərəfindən və ayrı məqsədlərlə meydana itələnən proksi qüvvələr – HAMAS və Hezbollah, əslində, terrorçuluğun cinahındadırlar. Lakin bu hərbi qruplaşmalara qarşı mübarizə bütün dünyanın gözü qarşısında milyonlarla insanın yurd-yuvasından didərgin salınmasına, on minlərlə insanın məhv edilməsinə, şəhərlərin xarabalığa çevrilməsinə əsas vermir. Müxtəlif xalq və din mənsublarının birgə yaşadığı, təkcə XX əsrdə Cibran, Reyhani və Nuayme kimi mütəfəkkirlər yetirmiş bu bölgəyə nə işğalşıların, nə terrorçuların soxulmağa haqqı var. Günahsız insanların sinəsi üstündə Şərin Şərlə vuruşması – Ədalət savaşı deyil!

Şərqin iki qədim dövləti – “teokratik” İranla “demokratik” İsrail bir-birini “yer üzündən silməklə” hədələyirlər. Halbuki ikisinin də “müqəddəs kitabı” – elə “Tövrat”dır! Fəqət İsrailin öz “Tövrat”ı, İranınsa öz “Tövrat”ı var ki, onlar bir-birinin ziddinədir. “İran islamı”nın başında “Quran” dayansa da, kökündə “səmavi kitablar”ın ilki “Tövrat” dayanır!

Yəhudi “Tövrat”ının Allahı İsrail oğullarını daha böyük amansızlıqla bütün ətrafdakı çoxsaylı 7 xalqa – hettey, qerqes, amorrey, hanaaney, ferezey, evey və ievuslara qarşı qırğın törətməyə (“Sənin Allahının Sənə rüsxət verdiyi bütün xalqları qırırsan!”(İkinci Qanun, 7, 16), onlara aman verməməyə, rəhm etməməyə, kökünü kəsməyə çağırır (İkinci Qanun, 7, 1-22).

Sanki mifik tarixdən bu günə “əhd” ötürülür: O vaxt “Tövrat” Allahına, bu günsə Amerika Birləşmiş Ştatlarına arxalanan İsrailin Orta Şərq siyasəti elə məhz sionizmin – “Tövrat doktrinası”nın hərbi icrasıdır.

Dünyanın ilk soyqırım ideoloqu – Allah hamıdan üstün tutaraq mehr və iltifat göstərdiyi yəhudi ilə heyvana fərq qoymamaq ironiyası altında zarafat etməyi, istəkli qövmünü ələ salmağı da bacarır: “Sən bütün xalqlardan daha çox xeyir-dua alacaqsan. Nə Sən özün, nə Sənin mal-qaran doğub-törəməsiz olacaq” (İkinci Qanun, 7, 14).

Bütün bunlardan sanki vəcdə gələn Yəhudi Allahının sevimli peyğəmbəri David qalib gəldiyi Ammonit xalqını XX əsrin soyqırım vasitələri ilə yox edir: onları kütləvi şəkildə mişarlayır, baltalayır, sobalarda yandırır (İkinci Hökmdarlıq, 12, 31). – Faşizm üçün əla dərs və örnək!

Yəhudilərin çevrəsində yaşayan həmin xalqlar indi yer üzündə yoxdurlar. Onların hamısının və ya bir çoxunun yəhudilər tərəfindən kökünün kəsilməsi mifdir, yoxsa həqiqət?! Tarix bunu araşdırıbmı?!

Bəlkə bu da tarixin bir görküdür ki, belə “möhtəşəm” qalibiyyət triumfu ilə yəhudilər bu gün dünyaya səpələnsələr də, özgə ölkələrdə böyük nailiyyətlər qazansalar da, personal mənada dünyanın ən nüfuzlu insanları sırasında olsalar da, qlobal idarəetmənin başında dayansalar da, onlar planetin ən az siyasi əraziyə malik dövlətlərindən birində yaşayırlar...

Azmış peyğəmbərlər tarixi

İsrail xalqının hamı üzərində qələbəsi isə “Tövrat” Allahının gözlədiyinin tam əksi olaraq, onları pozğunluğun və əxlaqsızlığın təntənəsinə çatdırır. “Tövrat”da erosun hiyləgərliyə bulaşmış bütün sifətləri allanır: qızın atası ilə, gəlinin qayınatası ilə, oğulun atasının arvadları ilə, peyğəmbərin (David) öz sadiq sərkərdəsinin gözəl arvadı ilə yatışması, bic peyğəmbərlərin (Solomon – Süleyman) doğuluşu, hakimiyyətə yiyələnməsi kimi haram davranışlar “Tövrat” Allahının yasaqları çərçivəsində, onun gözü qarşısında baş verir. İsrailin bütün hökmdar peyğəmbərləri ağlasığmaz günahlara qərq olurlar: onlar məhz müdriklik və hakimiyyətin zirvəsində (!) yollarından azırlar. “Tövrat” öz stixiyasına görə azmış peyğəmbərlər tarixinə dönüşür. Azanların azdırması belə başlayır...

Bu əməllər müqabilində heç satanaya (iblisə) da ehtiyac qalmır: o yalnız İovanın kitabında zühur edir. Başdan-ayağa iblisləşmiş İsrail dünyasını “Tövrat” Allahı heç cür yola gətirə bilmir. Bütün seçkinlik, imtiyaz və mükafatlara rəğmən İsraillilər axırda Onun naxələf oğulları olurlar...

Tarixdə ilk dəfə Tanrı-İnsan münasibətlərini Hökmdar-Qul münasibətləri şəklində qəti imperativlərlə modelləşdirən “Tövrat”ın “hərşeyəqadir” Allahı Ona asi olduqda başına min müsibət açdığı İsraili şirnikləndirərək ərz edir: “... ancaq Mən Səni dünya xalqlarının işığı edəcəyəm” (İsay peyğəmbərin Kitabı, 49, 6). Hətta “Tövrat” Allahı İsraillə arvadını atıb sonra ona yiyə duran ər kimi rəftar edir (İsay peyğəmbərin Kitabı, 54, 5). İsrail və İudanın “Tövrat” Allahına hər dəfə üz tutması hər dəfə də mütləq Ondan üz döndərməsi ilə sona yetir. Allah – İnsan öcəşməsi, itaət – asilik kontrastı bitib-tükənmək bilmir.

Bütün dönüklüyünə baxmayaraq, “Tövrat” Allahı yenə də bütün dünya xalqlarını İsrailə tabe etdirmək məqsədlərindən əl çəkmir. İsrailə xidmət etməyənləri amansızca qıracağı ilə hədələyir. Çünki davakar “Tövrat” Allahının yer üzündə yeganə dayağı – dönük, satqın, əxlaqsız olsa da, hər dəfə ram edib əsarətə aldığı qul İsrail xalqıdır. O öz qulundan bir addım da qabağa getmir. Onu da özündən qabağa getməyə qoymur. Deməli, nə qədər İsrail xalqı var, “Tövrat” Allahı var! Yoxdursa, O da yoxdur!

Allah – İnsanın günahıdır

Bütün bu əzici dramın içində İnsana dayaq ola bilən çox müstəsna kəlmələr ara-sıra güclə sayrışır: “Yağışın atası varmı? Bəs şeh damlasını kim doğur?!” (İova, 38, 28).

“Tövrat”da dərin ekzistensial məna kəsb edən yeganə hissə “Ekklesiastın Kitabı”dır. Həqiqət bu kitaba özünün dərindən gələn fəryadı, sərt üzü və inkarı ilə güclü şəkildə sızıb.

“Solomonun Şərqilər Şərqisi” də yeganə hissədir ki, orada “Allah” olmasa da, buradakı şərqilər daha təsirli və tanrısaldır. Mifin dibindən bəzən real tarix də göyərir: Persiya və Yunanıstanın toqquşması kimi (Daniil peyğəmbərin Kitabı, XI).

Lakin bütün səviyyələrində “Tövrat”ın aparıcı teoloji müddəası Allahın İnsan üzərində mütləqiyyətidir: “Müdrikliyin başlanğıcı – Allahdan qorxudur” (Solomon pritçaları, 1, 7).

“Tövrat” suç dünyasına qərq etdiyi bəşəriyyəti – başında da yəhudilər! – hara sürüyürsə-sürüsün, sonda öz mənbəyinə qayıdan absurda çatır: Allah – İnsanın günahıdır!..

“Tövrat” Allahı “İsrail Allahı” missiyasında gələcəyi də əsarətə almağa cəhd edir. – O, “Quran”dakı Allaha öz hökmünü belə göndərir: “Mən birinciyəm və sonuncuyam. Məndən başqa Allah da yoxdur!” (“la ilahə illəlllah”ın ilkin “Tövrat” versiyası). Cavabı özündə olan ritorik təsdiq: “Məndən başqa Allah varmı?!” (İsay peyğəmbərin Kitabı, 44, 6-8).

Yəhudilərin hamıdan üstünlüyü hökm-mesajına isə “Quran” belə əks-səda verir: “Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətlərimi və sizi aləmdə xəlq olunmuşlardan [bütün insanlardan] üstün tutduğumu yadınıza salın!” (1, 47); “Ey İsrail övladı! Sizə verdiyim neməti və sizi aləmlər üzərinə [bütün ümmətlərə] üstün etdiyimi xatırlayın” (1, 122). “İsrail övladları” nəyə görə bütün bəşəriyyətdən üstün tutulmalıdır ki, onlar suç işlədəndə – bu “üstünlüyü” dəyərləndirməyəndə diskriminasiyaya məruz qalsın?! – “Ey iman gətirənlər! Yəhudi və xristianları özünüzə dost tutmayın!” (5, 51).

“Tövrat”dan “Quran”a sıçrayan bu hökmlər əsrlər boyu və çağımızda Orta Şərq faciələrinin bütün ideasional qatlarında sayrışır... Dinlərin barışmaz ideologiyalara çevrilməsinin kökündə də bu ziddiyyətli və məntiqəsığmaz yanaşmalar dayanır.

Mifdən tarix, dindən siyasət quraşdıranlar

“Tövrat” yasaqları ilə zirehlənmişlər – “Öldürmə!” (İkinci Qanun, 5, 17) deyərək, hamıdan daha amansızca öldürdüyündən, “Oğurlama!” (İkinci Qanun, 5, 19) deyərək hamıdan betər soyğunçuluq etdiyindən, özünə mifdən tarix, dindən siyasət qayıran “İsrail oğulları”nın vaizləri ilğıma deyil, düşüncəyə etiqad edənləri, təbii ki, inandıra bilməyib, əvəzində, planetar sürünü idarə etmək üçün ikiüzlü farisey əxlaqı (siyasətdəki təzahüründə – “ikili standart”) formalaşdırıblar. Ağıla necə sığdırasan ki, belə əcaib tarixlə fəxr etmək də olarmış!..

“Tövrat”ı ilk dəfə məsumca titrəyə-titrəyə ələ aldığım vaxtdan 40 il keçir. “Tövrat” bu 40 ildə mənim fikrimi dəyişdirə bilmədi. İndi daha titrəmirəm, Onu bir daha içimdən keçirib düşünürəm: İnsanlar və xalqlar arasında böyük və amansız diskriminasiyanın ideoloji əsasını yaradan bu Kitab doğrudanmı müqəddəsdir?!

Bəşəriyyətin faciəsi deyilmi – bütün mahiyyəti ilə onun varlığını inkar edən, şəri və yalanı ona xeyir və həqiqət kimi sırıyan, həyatını zəhərləyən bu Kitabı Özündən yüksəkdə tutur, min illərdir ki, qarasına dalınca gedir?!

Bəşəriyyətin Böyük Yolunun min bir dolanbacını, qaranlığını, cəngəlliyini yaradan başlıca səbəblərdən biri də budur.

“Tövrat”dan – “Realpolitik”ə

Müasir dünya da başlıca istiqamətlərində onun dərinliklərinə kök atmış “Tövrat” təlimatı ilə – “Realpolitik”lə idarə olunmaqdadır. Hətta üçüncü minilliyin başında ABŞ-ın 43-cü prezidenti Corc Buş qırx əsr öncə olduğu kimi tərtəmiz “Torah” dilində danışırdı: “Bizim xalqımız Allah tərəfindən seçilmiş və tarix tərəfindən dünyaya bir örnək olmaq üçün səlahiyyətləndirilmişdir” (2).

2017-ci ilin mayında dünya və Amerika tarixində ən böyük sövdələşmə – 110 milyard (perspektivdə 380 milyard!) dollarlıq silah satışı müqaviləsi bağlanarkən, ər-Riyadda Səudiyyə kralı və əshabələri ilə “Qılınc rəqsi” oynayıb ardınca Yerusəlimdə başında yəhudi araxçını müqəddəs Koteli (“Qərb divarı”) ziyarət edərək, “America First” (“Öncə Amerika”) şüarını usanmadan bəyan edən bir prezident – Donald Tramp zəmanəmizin parlaq “Realpolitik” xadimidir. Ölkəsini Silah-Dövlətə çevirən Vladimir Putin də eləcə. İmmanuel Makron isə özünəməxsus ürkək görkəmində Avropanı “dişlərini itiləməyə” çağırır və Qərb sivilizasiyasının mərkəzində XXI əsr siyasətini ulartısı eşidilən yalquzaq dilində danışdırır: “...Dünya otyeyən və ətyeyən heyvanlardan ibarətdir. Əgər biz otyeyən heyvan olaraq qalmağa qərar versək, o zaman ətyeyənlər qalib gələcək və biz onlara yem olacağıq” (3).

Vaxtilə Nikkolo Makiavellinin (1469-1527) nəzəri olaraq biçimləndirdiyi, Almaniya imperiyasının reyxskansleri Otto von Bismarkın (1815-1898) praktiki olaraq irəli sürdüyü, əslində isə bütün tarixin içindən keçən “Realpolitik” İnsanı və İnsanlığı Dövlətə qurban verən, onun maraqları naminə bütün vasitələrə əl atmağı özünə sığdıran bir siyasətin adıdır: dində Allahın yerini – siyasətdə Dövlət tutur!

Bu strategiyada İnsanı həmişə Tarixdən kənarda saxlamağa, onun küncünə sıxışdırmağa, yalnız alət funksiyasına endirməyə, Lenin və Stalinin “proletar diktaturası”nda olduğu kimi – dövlətin “təkərciyinə və vintciyinə” çevirməyə çalışıblar...

“Realpolitik” yeni dünya siyasətinin ön, beynəlxalq hüquqa isə zidd tendensiyası olaraq, əsasən, Qərb dövlətlərinin planetar dominantlığını sürəkləndirmək və dərinləşdirmək məqsədləri ilə daha da inkişaf etdirilir.

“Realpolitik” düşüncəsində beynəlxalq həyat – həmin paternalist (ağa) dövlətlərin daim qaynatdığı bitməz “beynəlxalq konfliktlər” meydanıdır, “homo homini lupus est” (“İnsan insanın canavarıdır”) – “dövlət dövlətin canavarıdır” yozumundadır.

Ziqmund Freydin psixoanalizi də “homo homini lupus est” düsturuna haqq qazandırırdı: “Həyatın və tarixin təcrübəsi ilə üz-üzə qalan bir kimsə bu fikirlə mübahisə etməyə cəsarət tapa bilərmi?!” (4) İnsanı canavarxislətli vəhşi saymaq – antropoloji müstəvidə İdrakı, tarixi müstəvidə Sivilizasiyanı inkar etmək deməkdir ki, əsasən, “sosial darvinizim”də bəraətləndirilən bu yanaşma bütünlüklə “Realpolitik”in altşüuruna yeridilib. “Tövrat”ın Günahkar-İnsanı fəlsəfi düşüncənin də iliyindən-qanından keçərək Şər-İnsan genezisi ilə “Realpolitik”də laxtalanıb...

Çağımızın “Tövrat”ı – beynəlxalq etikaya meydan oxuyan “Realpolitik” “özək dövlət” (“core state”) ətrafında “peyk dövlətlərin” (“satellite states”) konfiqurasiyasını qurur, bir-biri ilə əməkdaşlıq edən dövlətləri belə bir-birinə potensial rəqib kimi görür, öz ölkəsinin daha da zənginləşməsi və güclənməsi naminə digər ölkələrin daha da yoxsullaşması və zəiflədilməsinə çalışır.

Təsadüfi deyil ki, həmin “özək dövlətlərin” milli müdafiə strategiyasında onlara qlobal miqyasda bilavasitə dirəniş göstərən dövlətlər – “düşmən dövlət” olaraq hədəfə gətirilir. “Bellum omnium contra omnes” – “Hamının hamıya qarşı savaşı” (5) durumunda dünyanın bütün “düşmən varlıqları” sanki ayrı yolları üzlərinə bağlamış halda, toranlıq içrə bir-biri ilə boğuşa-boğuşa, esxatoloji yanğısında qıvrıla-qıvrıla Apokalipsisə – Qiyamətə doğru yürüyür! Əgər yaşamın mahiyyəti budursa, sən Kim olmalısan?! – Yağılar dünyasının Hökmranı! “Tövrat” ideologiyasının “Realpolitik”də nüvələnən əsas doktrinası belədir.

Daşlaşmış ehkamlardan qurtuluş

İnsan isə öz tarixinin üç – (I) Mif, (II) Din, (III) Siyasət arenasında onların hər birinin doqmatik fazalarını adlamaq zərurətini yaşayıb. İrsi yanılma və yanıltma isə mifdən dinə, dindən siyasətə keçib. Siyasət doqmatikasını da dəf etməyi bacarsa, İnsan öz azadlığının həlledici mərhələsinə daxil ola biləcək. Onun əsarətindən azad olmağın əsas imperativləri bunlardır:

(1) Əxlaq humanizminin hər cür birtərəfli siyasi maraqlardan üstün olduğunu təsdiq etmək;

(2) “Realpolitik” prinsiplərini və davranışlarını dövlətlərarası münasibətlər sistemindən kənarlaşdırmaq;

(3) Beynəlxalq siyasətdə ilk növbədə hegemonluğu, hərbi bloklaşmanı, imperialistik cəhdləri, tarazsızlığı aradan qaldıran beynəlxalq hüquq sistemini konstitusiyalaşdırmaq;

(4) Qeyri-demokratik və anti-demokratik rejimlərin hökm sürdüyü dövlətlərdə indiki sui-istifadə müdaxilələrindən fərqli olaraq, bu dövlətlərin demokratikləşməsini mümkün edən beynəlxalq hüquq qaydalarını həyata keçirmək;

(5) BMT-nin mövcud 5-lik sisteminə əsaslanan Təhlükəsizlik Şurasını buraxmaq, dövlətlər birliyi olaraq BMT-ni beynəlxalq sistemin hər hansı bir dominant, ekspansionist, militarist, ekstremist, şovinist subyektini dayandırma gücündə inkişaf etdirmək;

(6) İnsan İdeyasının Dövlət ideyasından üstünlüyünü təsbit edən, qlobal vətəndaş cəmiyyətinə perspektiv açan beynəlxalq hüquq normalarını funksiyalaşdırmaq.

Skeptik fövqəlşübhə pozasında qaşlarını qaldırır: müasir sivilizasiya üzərində onun zəifləməsindən, etik balansının azalmasından istifadə edərək hökmranlığa qalxmış Qlobal Siyasətdə bu mümkündürmü?! Mümkündür! – Mif və Din həyatın əsas meydanından çıxarıldığı kimi.

(1) The Torah. The Old Testament / The Holy Bible. USA: The New Classic Reference Edition, 2001 (“Tövrat”dan bütün istinadlar bu kitabdandır)

(2) Bax: Brzezinski Z. Strategic Vision. America and the Crisis of Global Power. New York: Basic Book, 2012, p.44

(3) Macron to Europe: We need to become ‘omnivores’ after Trump’s victory // https://www.politico.eu/article/emmanuel-macron-france-europe-us-elections-donald-trump/

(4) Freud S. Civilization and Its Discontents, New York: W. W. Norton, 1961, p. 58

(5) Hobbs T. Leviathan. Penguin Classics, 2017

# 857 dəfə oxunub

Oxşar xəbərlər

Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

13:00 20 yanvar 2025
Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı

Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı

12:00 19 yanvar 2025
O - Pərviz Cəbrayılın hekayəsi

O - Pərviz Cəbrayılın hekayəsi

16:00 18 yanvar 2025
Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

15:00 18 yanvar 2025
Bahar xəstəliyi - İlham Əzizin yeni hekayəsi

Bahar xəstəliyi - İlham Əzizin yeni hekayəsi

16:19 17 yanvar 2025
Həyat yoldaşım Nigar yazmışdı ki... - Rəsul Rzanı kim aldatmışdı?

Həyat yoldaşım Nigar yazmışdı ki... - Rəsul Rzanı kim aldatmışdı?

15:00 16 yanvar 2025
# # #