Artıq danışıram! – Corc Sondersin hekayəsi

Corc Sonders, “Buker” mükafatçısı

Corc Sonders, “Buker” mükafatçısı

3 aprel 2022
# 13:00

Kulis.az Qismətin tərcüməsində 2017-ci ilin “Buker” mükafatçısı Corc Sondersin “Artıq danışıram!” hekayəsini təqdim edir.

Corc Sonders 2017-ci ildə “Linkoln Bardoda” romanına görə “Buker” mükafatını qazanıb. Mütəxəssislər Sondersi yeni əsrin ən vacib müəlliflərindən hesab edirlər. Sizə təqdim etdiyimiz hekayə barəsində çağdaş ingilis yazıçısı Zadi Smit belə deyib: “Sizə deyim ki, kollektiv komediyanın kralı Corc Sondersdir. O, təkbaşına qısa hekayə yazan amerikalı həmyerlilərini (və bu gördüyünüz ingilisi) acı bir qısqanclıq, ifadəolunmaz hiddət, özünüdanlama, depressiya krizləri, plagiat spazmları, qəbizlik kimi xeyli girdaba sürükləyib. “ARTIQ DANIŞIRAM!TM” adlı hekayənin kollektiv dilindəki soyuq və saxta sevinc qrammatikada da özünü göstərir (nida işarələri, mötərizələr və cavabı gözləməyən suallarla bu qədər çox şeyi ifadə edən başqa heç kimi tanımıram.) Bu, həmişə “uyğun” və “peşakarlıq” fikrinə əsir düşən dildir…”

Xanım Rut Fanilyaya

210 Lester prospekti

Roçester, N.Y.14623

Hörmətli Xanım Fanilya,

Geri qaytarmağınızı böyük təəssüf hissi ilə qarşıladığımız ARTIQ DANIŞIRAM!TM adlı məhsulumuzun üstündə bizə ünvanladığınız 23 fevral tarixli məktubunuzu oxuyanda çox üzüldük. Biz KidLav işçiləri olaraq, ARTIQ DANIŞIRAMTM-nin yenilikçi və məcburi bir təhsil vasitəsi olduğuna, valideynlərin nəzarəti altında istifadə edildikdə, həm körpələr, həm də azyaşlı uşaqlar üçün bənzərsiz erkən inkişaf fürsəti təklif etdiyinə inanırıq. Bu səbəbdən də individual vaxtımın (yemək fasiləsindəyəm) bir qismini sizə ayırıb indi önümdəki (darmadağın!) masamın üstündə duran məktubunuzda ünvanladığınız sualları cavablandırmağa çalışacağam.

Əvvəla məyusluğunuzun fərdi, bəlkə də çox da münasib olmayan gözləntilərinizdən qaynaqlana biləcəyini söyləmək cürəti göstərə bilərəmmi? Çünki məktubunuzu oxuyarkən belə anladım ki, məhsulumuzun hansısa formada körpənizin ağlından keçənləri oxuya biləcəyini düşünmüşsünüz, ya da düşünürsünüz. Bizim məhsulumuz körpənizin düşüncələrini oxuya bilməz, Fanilya xanım.

Heç kim bir körpənin düşüncələrini oxuya bilməz, ən azından, hələlik belədir… Ancaq inanın mənə, bəlkə onu da bacaracağıq! Eyni zamanda, ARTIQ DANIŞIRAMTM-in bacardığı şey ancaq eşitmə şablonlarına reaskiya verərək körpənizi yaşından daha böyük göstərməkdir. Deyək ki, körpəniz bir şaftalı gördü. Deyək ki, siz, ya da əriniz (ümid edirəm ki, yanılmıram), yüksək səslə “Nə ləzzətli şaftalıdır!” kimi nəsə desəniz, sizin bu sözünüzü boyun hissəsinə açılmış o balaca dəlikdən eşidən ARTIQ DANIŞIRAMTM “ŞAFTALINI SEVİRƏM”, ya da “ŞAFTALI İSTƏYİRƏM” tipində sözlərlə cavab verəcək. Ya da əgər BAK2000-ini (siz BAK1900-ü seçmisiniz, o da yaxşı məhsullarımızdandır, körpəniz üçün idealdır) seçmisinizsə, ARTIQ DANIŞIRAMTM sizə “MEYVƏ TƏMƏL QİDALARDAN BİRİ DEYİLMİ?” tipində bir cavab da verə bilər. Bu da oğlunuz Derek kimi altı aylıq bir körpə üçün olduqca yaxşıdır; sizcə də elə deyil?

Fəqət burda təkrar etməliyəm: əslində, danışan Derek olmayacaq. Derek şaftalının bir meyvə olduğunu, ya da meyvənin təməl qidalardan olmasını bilə bilməz. Ancaq ARTIQ DANIŞIRAMTM bunu bilir və məhsulumuzu Derekin üzünə elə yerləşdirmişik ki, elə biləcəksiniz bunları Derek deyir. Çünki eyni vaxtda hərəkətə gələn İmitasiyaDodaqlarla yaratdığı effektlə Derekin danışdığı hissinə qapılacaqsınız. Vəssalam. Bütün iddiamız bundan ibarətdir.

Fanilya Xanım, məktubunuzda həm də ARTIQ DANIŞIRAMTM “maskası” (siz belə adlandırırsınız) haqqında “danışanda mimikası gərgin olur, həqiqi körpə simasından daha çox orta yaşlı əsəbi bir qadın sifətinə oxşayır” – deyirsiniz. Olsun, bəlkə də elədir. Hörmətsizlik etmək istəmərəm, amma niyə bir dəfə də özünüz yoxlamırsınız? Lateks bir üzü, gerçək və canlı bir körpənin üzü kimi göstərib dilləndirməyə və hərəkətə gətirməyə çalışaq! İçərisində 5000-dən artıq ayrı-ayrı hissə, 390 dənə hərəkətli parça var. Orta yaşlı bir qadın kimi görünməsinə gəldikdə isə icazənizlə deməliyəm ki, sizinlə eyni fikirdə deyiləm: fikrimizcə orta yaşlı əsəbi bir qadının (1) saçsız qafası, (2) toppuş yanaqları və (3) üzündə heyva rəngi zərif tükləri olmur. BAX1900 modulu yüz faiz körpə sifətidir, Fanilya Xanım. Fərqli-fərqli uşaqların 2500-dən artıq fotosunu çəkmişik və bunları kompüterdə indi sizdə də olan variantı almaq üçün birləşdirmişik; bu üzə Erkək Kompozit 37 adını vermişik, ya da daha şirin formada desək, Balaca Rocer. Fəqət sizi məmnun etməyən şey bəlkə də Balaca Rocerin üzünün Derekin üzü olmamasıdır. Açıqcası, Fanilya Xanım, müştərilərimizin çoxu ARTIQ DANIŞIRAMTM üstlərində taxılı olanda körpələrinin başqa cür görünməsindən narahat olurlar və bu reaksiya bizi heyrətləndirir. Bizə maraqlıdır, görən məhsul qutusunun üstünə heç baxmırsınız? Qutunun qapağında bir rəfin üstündə oturmuş BAX1900 açıq şəkildə görünür; sifəti eynən Balaca Rocerə oxşayır, Balaca Rocerin üzündə qırışlar, alnında bir neçə xətt olsa da.

Zatən buna görə də BAX2100-ü istehsal etmişik. BAX2100 ilə körpəniz eynilə özü kimi görünür. Biz də heç kimdə məmnuniyyətsizlik təəssüratı buraxmamaq üçün sizə bir üst modelimiz olan BAX2100-ü hədiyyə etmək istəyirik! Lester prospektindəki evinizə gəlib Derekin üzünün ona özəl, gipsdən bir qəlibini düzəldəcəyik! Qısa müddətdən sonra, Derekin üzü FedEX vasitəsilə qutuda sizə çatdırılıcaq və BAX2100-ü Derekin başından keçirib yapışqanla ona pərçim edəndə körpəniz eynilə özü kimi görünəcək! Bundan başqa ayrı bir sürprizimiz də olacaq; belə ki: evinizdə olanda Derekin həqiqi səsini yazacağıq və bunu öz ifadələrimizi, yəni Derekin daha sonra dilə gətirəcəyi ifadələri yaratmaqda istifadə edəcəyik. Beləcə, sadəcə özü kimi görünməklə qalmayacaq, eyni zamanda, evinizdə iməkləyərək gəzərkən də öz səsindən istifadə edəcək; həqiqətən danışırmış kimi!

Bundan əlavə, başqa bir neçə şəxsləndirmə variantları da əlavə edəcəyik. Deyək ki, Derekə “Sevdiciyim” deyə səslənirsiniz. (Bu misalı öz ailəmdən gətirirəm, arvadım Ann və mən oğlumuz Billini “Sevdiciyim” deyə çağırırıq, çünki o çox şirindir.) BAX2100 ilə otağa iməkləyib girən Derekə, “BAXIN, SEVDİCİYİNİZ GƏLİR”, ya da “AÇIQ-SAÇIQ DANIŞMAYIN, SEVDİCİYİNİZ GƏLDİ!” dedirtməyi seçə bilərsiniz. Bunu necəmi edirsiniz; qulağının sırğalığından çıxan lazer şüalarının qapı çərçivəsini təyin etməsi ilə. Beləcə, ARTIQ DANIŞIRAMTM Derekin başına yerləşdirildiyi üçün onun bir az əvvəl otağa girməsindən xəbər tutur! Eyni zamanda, Derekin fərdi xüsusiyyətlərini daha çox əks etdirə bilmək üçün sifətin üstündə ÜSTÜNLÜK VERİLƏN İFADƏLƏR variantına da sahib olacaqsınız. Məsələn, doğum günündə onun sizə “ANA, ATA! ARUBADA MƏNİ PLANLAŞDIRDIĞINIZ GÜNÜ XATIRLAYIRSINIZ?” deməsini seçə bilərsiniz. Əslində, ola bilsin ki, Dereki Arubada planlaşdırmamısınız. Bu bizim işimiz deyil. (Araşdırmalarımız o qədər əhatəli deyil!). Ya da, deyək ki, köpəyiniz gəlib Dereki yaladı, onda Derekə (köpəyinizin adı Kuinnidirsə) “Kuinni, bəsdir yalama!” dedizdirə bilərsiniz. Bunu bilirdiniz?…

Bu, onu daha çox sevməyinizə kömək edəcək. Çünki o, birdən-birə artıq anlaşılır olacaq. Artıq eləcə oturan, baş barmağına yaxılmış kakasını baxan, aqu-aqu səsləri çıxaran körpə yoxa çıxacaq; keçən həftə oğlumuz Billini belə edərkən iş üstündə tutduq, bilirsinizmi? Zaman-zaman hiss etmişik ki, uşağı olmayan dostlarımız baş barmağındakı nəcisə baxan bir övladımız olduğu üçün bizim haqqımızda pis şeylər düşünürlər. Fəqət artıq uşaqsız dostumuzun qalmadığı bu ərəfədə mən və arvadım Ann gördük ki, əslində, bu cür hərəkətlər etməmişdən çox-çox əvvəl uşağınızın ağıllı, özündən əmin şeylər deməsinə şərait yaratmaq əla şeydir. Nəticə etibarilə siz uşaqsız dostlarınızla kart oynayarkən, körpənizin (çox güman ki, gələcəkdəki ehtimal olunan öz səsiylə) qəfildən “BÖYÜK EHTİMALLA ENŞTEYNİN KƏŞFLƏRİNİN ÖNƏMİNİ HƏLƏ TAM OLARAQ DƏRK EDƏ BİLMİRİK!” deməsi çox əyləncəlidir.

Etiraz etməliyəm ki, bu məqamda bir neçə uşaq sahibi olmaq istəməyən dostlarımızın üzündə razılıq işarəsi görmüşük, sanki qəfildən övlad sahibi olmaq qərarına gəlmişdilər.

Derekin hər dəfə özündən çıxan səsləri eşidəndə qorxmasına gəlincə isə Derekin ağzının qırağındakı səsgücləndirici vızıldayanda hürkür, düzdürmü? İcazənizlə, bunun normal olduğunu söyləyə bilərəmmi? Təklifim necəmi olacaq? Əvvəlcə BAX-ı Derekə daha az-az taxmağı yoxlayın, gündə on dəqiqə, sonra get-gedə istifadə müddətini artırın. Biz belə etdik. İşə yaradı. Artıq Billi öz cihazını yatanda da çıxartmır. Hətta çiməndən sonra təzədən taxmaq yadımızdan çıxsa, qıy-qışqırıq salır. Yalvarır desəm, daha doğru olar! “MAK! MAK!” deyə qışqırmağa başlayır. Düşünürük ki, maska yerinə mak deyir. Maskanı taxanda Billi, daha doğrusu, maska belə deyir: “GUTEN MORGEN, PAPA!”. Çünki ona almanca öyrətməyə çalışırıq və BAK2100-ə almanca öyrənmə modulu əlavə etmişik. Ya da məsələn, şalvarını hələ geyinməyibsə, cihaz belə deyir: “KOMBİNEZONUMU GEYİNDİRİN Kİ, GÜNƏ BAŞLAYA BİLİM!” (Bunu mən yazmışam).

Demək istədiyim budur ki, BAX2100 ilə Billi BAX1900 ilə olduğundan çox-çox ağıllıdır. Məsələn, keçən səfər çənəsindən aşağı az-maz süd dağıdanda, İmitasiyaDodaqlarının MÖÖ səsi çıxarağını öyrənib. Deyəsən bundan çox xoşu gəlib! Deyək ki, axşam qonaq otağında xırda-xuruş sənədlərlə məşğulam və mətbəxdən belə bir səs gəlir: “MÖÖ! MÖÖ! MÖÖ!”. O saat mətbəxə qaçıram, yerdə süd gölü görürəm. Billi də orda çənəsindən aşağı süd axıtmağa davam etməkdədir, ta ki, mən südü əlindən alana qədər. Bax bu yerdə o belə çığırır: “MƏNİ TÖVLƏYƏ SALMA”. (Bu da arvadımın əlavəsidir – uşağlığı Vyominq əyalətində keçib!)

Fanilya Xanım, mən qətiyyən heç bir körpənin bütün günü oturub aqu-aqu deyə səslər çıxartmaq istədiyinə inanmıram. Mənə elə gəlir ki, bezi bağlı oturan bir körpə, ibtidai və sözsüz bir yolla da olsa, dünyaya baxıb içindən belə düşünür: “Lənətə gəlsin, nolub mənə, bütün insanların hamısı bütöv, səlis cümlələrlə danışarkən, mən niyə sadəcə aqu-aqu deyə səslər çıxardıram?”. Bu uşaqlarda ömür boyu davam edəcək psixoloji zədəyə səbəb ola bilər. İndi mən Derekin körpəykən doğru-düzgün danışmağı bacarmadığı üçün həddi-buluğa çatanda özünü pis hiss etməsi riski ilə qarşı-qarşıya qaldığınımı deyirəm? Yox, bunu söyləmək mənə düşməz, Fanilya Xanım, mən sadəcə satışla məşğulam. Yenə də borcumdur deyim ki, əzizimiz Billi ilə bağlı heç nəyi şansa buraxmamışam. Mənə fikrimcə, Billi nə vaxt ağzının kənarından yetkin və ağıllı sözlər çıxdığını eşidirsə, özünü əla hiss edir. Mən də bunun əla olduğunu düşünürəm. Daha öncələri əla olmadığını düşündüyüm zənn edilməsin. Fəqət artıq həqiqətən söhbətləşə bilirik onunla! Bir də ki, – ən önəmlisi – o səs İmitasiyaDodaqlarından çıxanda, misilsiz şeylər öyrənir; yəni axırda həqiqətən danışmağa başlayanda, dolu-dolu danışmış olacaq.

Fanilya Xanım, indi siz, “Bir dəqiqə, bu adam, əlbəttə ki, ARTIQ DANIŞIRAMTM-ı sevər. Çox güman ki, özününkünü havayı əldə edib!” – deyə düşünmüş ola bilərsiniz. Fəqət vəziyyət qətiyyən belə deyil, Fanilya Xanım. Sizin kimi, mən də iki min dollar verib almışam. ARTIQ DANIŞIRAMTM-a o qədər çox tələbat var ki, hətta bizə belə endirim yoxdur, həm də ki, müdriyyət daim bizi təşviq edir ki, öz məhsulumuzdan alıb evdə öz uşaqlarımızın üzərində istifadə edək. (Hətta bir dəfə qocalıb xərifləmiş bir qarının üstündə sınaqdan keçirildi! Elə bilirəm, bunu desəm, yetərli olacaq: çəlimsiz vücudunda Balaca Rocerin başı ilə bir az gülməli görünsə də, dediyi ağıllı şeyləri eşitmək ailəsini sevindirirdi. Eynilə əvvəllər olduğu kimi!). İstifadə etməzdim demirəm. İnanın mənə, istifadə edərdim. Bir üst modelə – BAX2100-ə keçəndən bəri hər şey gözəldi, Billi az qala eynən özü kimi görünür və (açığı) çox bilinən şeylər söyləyən BAX1900 qədər, başa düşürsüz də, darıxdırıcı deyil. Düşünürəm ki, siz də qismən buna görə razı qalmamısınız, Fanilya Xanım; siz çox ağıllı qadına oxşayırsız. Evimizə qonaqlar gələndə bəzən Billinin ətrafına toplaşırıq və onun sonrakı zarafatı nə olacaq deyə gözləyirik. Keçən həftə sonu müdürüm Ted Ames (mükəmməl insandır, mənə çox dəstək olub, bu məktubun sizə faydası olsa, lütfən ona bildirin) bizə gəlmişdi. Billi üzünü tez-tez xalçaya sürtməyə başlayanda, BAX2100-ün “SÜRTÜNMƏ GENİŞ YAYILMIŞ VƏ FAYDALI BİR İSTİLİK MƏNBƏYİDİR!” çığırmasına səbəb oldu. Aman Allah, bizi tutmaq olar, o qədər güldük ki…

Fanilya Xanım, nahar fasiləsinin axırına yaxınlaşırıq, buna görə də ümumiləşdirməliyəm; ümid edirəm ki, sizə yardımçı ola bildim. Şəxsi bir qeydimi əlavə edim deməliyəm ki, burda işə başlayanda vəziyyətim çox da yaxşı deyildi, batmışdım, hətta reabilitasiyaya getmişdim; amma indi, inanılmazdır, premiyalar su kimi axır, ailəm üçün gözəl bir həyat qurmuşam. Premiyamı itirmək təhlükəsinə görə sizinlə maraqlandığımı sanmayın. Xahiş edirəm, belə düşünməyin. Əlbəttə, bu da var ki, bir üst modellə bağlı təklifi geri çevirsəniz və BAX1900-ü geri qaytarmaq istəyinizdə israr etsəniz, premiyamı şəxsən Cənab Amesə qaytarmalı olacağam. Olsun, problem deyil, əlbəttə, müdürümə əvvəllər də premiyamı qaytardığım olub, xüsusilə son vaxtlar. Harda səhv edirəm, bilmirəm. Fəqət bu sizi maraqlandırmır, Fanilya xanım. Sizi maraqlandıran Derekdi. Nahar fasiləsində bu məktubu yazmağımın əsl səbəbi budur ki, KidLavda sizin kimi ailələrə yenilikçi və təməl inkişafa kömək edən vasitələr hazırlamağa çalışarkən, Fanilya Xanım, məhsullarımızın yalnış dərk olunması həmişə bizi məyus edir. Lütfən, bir üst model olan BAX2100 keçmək təklifimizi qəbul edin. Biz KidLav nümayəndələri olaraq uşaqları çox sevirik, buna görə onlar üçün hər şeyin tezliklə yaxşı olmasını istəyirik!

Uşaqların ilk illəri çox dəyərlidir və boşa keçməməlidir. Biz yeni şeylər kəşf etdikcə, Billimiz böyüməyə davam edir və hər gün bacarıqlar əldə edir.

Hörmətlə,

Rik Sminks, Satış Təmsilçisi

KidLav, İnc.

/sim-sim.az/

# 2550 dəfə oxunub

Müəllifin son yazıları

# # #