“Bu şəkli Tanrı çəkib” - O illərin fotosu

“Bu şəkli Tanrı çəkib” - <span style="color:red;">O illərin fotosu
10 iyun 2016
# 11:50

LAYİHƏ: O illərin fotosu

Layihədə ədəbiyyat tariximizdə qalan şəkillər haqqında şahidlər danışır.

Afaq Məsud: “Bu şəkil, səhv eləmirəmsə, 1991-1992-ci illərdə çəkilib. Bizim Tərcümə Mərkəzində çəkilmiş şəkildir. İndi xatırlaya bilmirəm, şəkli kim çəkib. Çox güman işçilərdən biri çəkmişdi. O vaxt hamımız – Rəşad Məcid, Ramiz Rövşən, Vaqif Bayatlı və mən bir yerdə işləyirdik. Elə şəkil də iş zamanı çəkilib”.

Vaqif Bayatlı: “Bəlkə də hansısa tədbirdə çəkilib. Ya da Tərcümə Mərkəzində. Dəqiq xatırlaya bilmirəm. İndi xəstəyəm deyə çox şeyi xatırlamaq iqtidarında deyiləm. Kresloda əyləşən xanım Afaq Məsuddur, biz də ayaq üstə durmuşuq. Bu şəklin yaşı, tarixi yoxdur. Bu şəkil Tanrı tərəfindən çəkilib. Əslində, bütün şəkilləri Tanrı çəkdirir. Nə vaxtsa Tanrı layiq bildiyi anları şəkil eləyir. O şəkil də nə vaxtsa insanlara lazım olur. Xatirələri canlandırır, danışdırır. Tanrı da bu dünyanı idarə edir, insanları sevindirir, oynadır, güldürür... Mən orda neçə yaşında olduğumu xatırlaya bilmirəm, ancaq onu deyim ki, mən dünyayla yaşıdam. Mənim yaşım elə dünyanın yaşı deməkdir”.

Rəşad Məcid: “Bu şəklin maraqlı tarixçəsi var. 1992-ci ilin payızında Tərcümə Mərkəzində çəkilib. Afaq xanım Tərcümə Mərkəzinin sədri idi. Mən “Azərbaycan” qəzetində redaktor müavini işləyirdim. Ramiz Rövşən və Vaqif Bayatlı (o zaman Cəbrayılzadə idi təxəllüsü) Tərcümə Mərkəzində çalışırdılar. Hansısa tədbir idi. Şəkli, məncə “Azərbaycan” qəzetinin əməkdaşı məşhur fotoqraf Fərman İsmayılov çəkmişdi. Şəkil çəkiləndə mən zarafatla dedim ki, gələcəkdə məni kənardan kəsib götürəcəklər ki, bu kimdir, tanınmayan adam məşhurların yanında. Ramiz Rövşən dedi, hələ bilmək olmaz o gələcəyi kim həll edəcək və kim kimin hesabına tarixdə qalacaq, bəlkə elə bu şəkil sənə görə məşhur olacaq (gülür). Aradan bir neçə ay keçdi. Mən ”Azərmətbuatyayım”a sədr təyin olundum. Və o vaxtkı “Yol” qəzetinin redaktoru Əlisəmid Kür yanıma gəldi, qəzetin tirajını artırmaq üçün sifarişin artırılmasını xahiş etdi və mən də xeyli artırdım. Və Əlisəmid “Yol” qəzetində bu şəkli A3 formatda çap etdi və altdan da yazdı: “Rəşad Məcid qələm dostlarıyla” (gülür). Bunu görən Ramiz Rövşən uğunub getmişdi. Deyir, mən uzaq gələcəyi düşünürdüm, heç üstündən 6 ay keçməmiş artıq şəkil sənə görə çap olundu. Heç bizim adımızı da yazmayıb barı altdan... Bax belə...”

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #