Qazaxıstanda “Zəhər tuluğu” filminin Qala gecəsi keçirildi.
Kulis.az-ın verdiyi xəbərə görə, mayın 20-sində Qazaxıstanın Almatı şəhərində “KinoPark” kinoteatrlar şəbəkəsinin Esentai Mall-da yerləşən zalında Orxan Mərdanın və Taleh Yüzbəyovun rejissorluğu ilə ərsəyə gələn “Zəhər tuluğu” filminin Qala gecəsi keçirilib. Tədbirdə filmin prodüseri və rejissoru Orxan Mərdan, filmin rejissoru və baş rolun ifaçısı Taleh Yüzbəyov, aktyorlar Əlixan Rəcəbov, Ləman Mərrih, Qazaxıstanın kino və incəsənət nümayəndələri, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinin üzvləri iştirak edib.
Xatırladaq ki, “Zəhər tuluğu” filminin xarici ölkələrdə satışı və tanıdılması prodüser Orxan Mərdanın təşəbbüsü ilə baş tutub. Prodüser Qazaxıstanda baş tutan Qala gecəsindən çox razı qalıb:
“Taleh Yüzbəyovla birlikdə çəkdiyimiz və ölkəmizdə maraqla qarşılanan “Zəhər tuluğu” filminin dünya kino bazarına çıxarılmasında, Azərbaycan kinosunun dünyada təbliğində ilk gündən maraqlıyam. Bununla bağlı təklifləri və təşəbbüsləri dəyərləndiririk. Hazırda film “KinoPark” kinoteatrlar şəbəkəsinin xətti ilə, Qazaxıstanın onlarla şəhərində, rus dilində nümayiş olunmağa başlayıb. Bu gün təşkil edilən Qala gecəsi də çox maraqlı və anşlaqla keçdi. “Zəhər tuluğu” ilk Azərbaycan filmidir ki, xarici ölkədə Qala gecəsi keçirilir. Çox qürurluyam ki, Azərbaycan kinosunu dünyaya çıxarmaq təşəbbüsüm uğurlu alındı. Eyni zamanda sevinirəm ki, ölkə xaricində kinoteatrlarda satışa çıxarılan ilk film müstəqil kinomuzu təmsil edir. Bu tədbirin baş tutmasında bizə dəstək olan hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinə minnətdarlığımı bildirirəm. İlin sonuna kimi filmin bir neçə xarici ölkədə nümayişi gözlənilir. ”