"Zəfərimiz haqqında iki milyona əsər sifariş verməyimiz..." - Aqşin Yenisey

"Zəfərimiz haqqında iki milyona əsər sifariş verməyimiz..." - Aqşin Yenisey
8 noyabr 2023
# 14:00

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Dilin dəyərsizləşdirilməsi müstəmləkəçilik siyasətinin vacib əməlidir. Dilin dəyərsizləşdirilməsi o dilin yaratdığı mədəniyyəti dəyərsizləşdirir.

Mədəniyyətin dəyərsizləşməsi o mədəniyyətin daşıyıcısı olan xalqı dəyərsizləşdirir. Xalqın dəyərsizləşməsi isə onun dövlətini dəyərdən salır. Dövlətin dəyərsizləşməsi onu müstəmləkəçilik üçün asan yemə çevirir.

Bütün müstəmləkəçilər buna görə qılınclarını qınından çıxarıb uca səslə bağırırdılar: Sizə mədəniyyət gətiririk!

Makedoniyalı İsgəndər bunu bütün Asiyaya deyirdi.

İngilislər bunu hindlilərə deyirdi.

Napoleon bunu misirlilərə deyirdi.

Ruslar bunu Qafqaz və Orta Asiya xalqlarına deyirdi.

Gücə heyranlıq yaradan da onun mədəniyyəti təmsil etməsidir. Attila, Makedoniyalı İsgəndərdən heç də zəif sərkərdə olmayıb, amma arxasında mədəniyyət yox idi deyə insanlıq seçim qarşısında qalanda İsgəndəri seçdi. Çünki tarix eşələyəndə Attilanın xurcunundan qaxac edilmiş keçi budu tapdı, İsgəndərin xurcunundan Aristotelin kitabını.
Dili dəyərsizləşdirilmiş və bununla barışmış xalqın, dövlətin mədəniyyət istehlakçısı olmaqdan başqa çıxış yolu yoxdur. Mədəniyyət istehsal etməyən xalq isə assimilyasiya olmağa, başqalaşmağa məhkumdur.

Bir vaxtlar dünyanı fəth edən monqollar bu gün fəth etdikləri xalqların, sadəcə, genetik kodunda yaşayırlar. Çünki mədəniyyət istehsalçısı deyildilər deyə qısa bir müddətdə əriyib mədəni xalqlara qarışdılar. Bu gün Monqolustanda yaşayanlar monqollar vaxtilə fəth yürüşlərinə yaramayanların törəmələridir.

Yürüşə yararlı monqollar evdən çıxıb evə qayıtmadılar və bu gün rusun, türkün, ərəbin, farsın genlərində bioloji ömür sürürlər.

Bu gün Azərbaycan xalqı da mədəniyyət istehlakçısıdır. Dünyaya ucuz neft satıb dünyadan bahalı mədəniyyət alırıq.
Zəfərimiz haqqında, təxminən, iki milyon manat qarşılığında ingilisə əsər sifariş verməyimiz də bu bahalı mədəni istehlakçılığın ən aydın örnəyidir. Halbuki bu məbləğə beş Azərbaycan alimini, yazıçısını, rəssamını dünyaya tanıdıb istismar etmək olardı. Gələcək nəsillər üçün də bir qapı açılardı.

Amma etmirik. Niyə? Çünki dilimizin dəyərsizləşdirilməsi prosesi tam başa çatıb və bu işi artıq özümüz həyata keçiririk.

Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin dəyərsizliyi artıq bizdə şüuraltıdan ötürülən mədəni bir instinktdir.
Azərbaycan dilinə, mədəniyyətinə qarşı ikrah milli və şərti refleksdir. Dil və mədəniyyət sözlərinin qabağında Azərbaycan kəlməsi eşidəndə özümüz də qeyri-ixtiyarı ürpənirik.

Qorxulusu budur ki, Azərbaycan dilini və mədəniyyətini bəyənməməklə azərbaycanlı özünün mədəni insan obrazını yaradır. Azərbaycan dilindən, mədəniyyətindən nə qədər uzaqsansa bir o qədər mədəni insansan! Elitar yanaşmamız budur!

Bu gün faciələrimizdən zəfərimizə baxanlar məni üzrlü saysınlar. Mən bu gün zəfərimizdən faciələrimizə baxmağı seçdim.

# 957 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #