“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq

“Zamanla dialoq”  adlı fərdi sərgi açılacaq
6 dekabr 2023
# 15:30

Dekabrın 8-də saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Şöhrət” ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-ə yaxın sənət əsəri nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, sərginin ekspozisiyasını Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından təsviri sənətin rəngkarlıq, qrafika növünə aid əsərlər, dekorativ-tətbiqi sənətin şüşə, keramika sahələrində yaradılmış nümunələr təşkil edəcək.

Burada “Şah İsmayıl Xətai”, “General Əliağa Şıxlinski”, “Məhəmməd Füzuli”, “İlyas Əfəndiyev”, “Rasim Babayev”, “İzzət Orucova” kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretlər, sevimli Abşeron mənzərələri, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tablolar, “Azərbaycan lirikası” keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatlar sənətkarın 1950-ci illərdə başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə imkan verəcək.

Azərbaycan incəsənətinə böyük töhfələr verən, yüksək bədii-emosional təsir qüvvəsinə malik portret, mənzərə, süjetli-tematik, natürmort janrlarında əsərlər yaradan görkəmli sənətkar Tofiq Ağababayevin sərgisi 2024-cü il 10 yanvar tarixinədək davam edəcək.

# 875 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #