Yüksək bal toplayanlar niyə uğur qazanmır?

Yüksək bal toplayanlar niyə uğur qazanmır?
5 sentyabr 2022
# 12:40

Kulis.az Orxan Adıgözəlin “Gertruda” yazısını təqdim edir.

Herman Hessenin “Gertruda” romanı kədərli hekayədən ibarətdir. Bir məsələ də var ki, həmin kədərli hekayə o qədər önəmli şeylər öyrədir ki, kitabı başa çatdıranda peşmanlıq duymursan.

İztirablı duyğular girdabında boğulan bəstəkarın həyatı, çoxsaylı qüvvətli hisslərin ötürülməsi, psixoloji-fəlsəfi dialoqların, monoloqların bolluğu – qarşımızda böyük bir həyat məktəbinin təlim proqramını sərgiləyir. Bir romanda, bir qəhrəmanın tarixçəsində bu qədər öyrədici nüansların toplanması həqiqətən də əladır.

Oxuduqca təkcə kədərin yox, sevginin, nəcibliyinin də notların eşidib, qarışıq, eyni zamanda heyranedici emosiyalar aldığım kitabı, nə yaxşı ki, dilimizə çevirib, nəşr ediblər.

“Gertruda” qəza nəticəsində əlillik qazanmış gənc musiqiçi Kunun, onun platonik sevgisinin, səmimi dostluğunun, qeyri-əminliyi və çəkingənliyi ilə seçilən xarakterik xüsusiyyətini açıb, göstərir.

Kun dilemmalar yaşayır, qəlblə ya ağılla hərəkət etmək seçimi qarşısında düşüncələrə qərq olub, ağır duyğular gölündə çabalayır.

Seçimlər, seçimlər... “Hansını seçəsən?” – qəhrəman əmin deyil. O, yaradıcılıqda yüksəlib, nailiyyət qazansa da, şəxsi həyatda uğurlu ola bilmir...

İlk dəfə 1910-cu ildə nəşr olunan kitab, üstündən 100 il keçməsinə baxmayaraq, aktuallığını heç vaxt itirməyəcək insani münasibətləri elə təsvir edir, sanki romandakı hadisə qətiyyən bir əsri haqlamayıb.

Bəli, insan həmişə insandır. O, Marsa da uçsa, okeanların dibinə də ensə, orada müasir kəşflərlə yadda qalsa da, kədər də, ümid də, qorxu da, sevgi də onun ayrılmaz tərkib hissəsi olaraq qalır.

“Gertruda”nı oxuduqca, bədii ədəbiyyatdan tamamilə imtina edib, onu “gərəksiz” sayan adamları xatırlayır, bu hala acıyırdım. Şəxsi inkişaf və elmi-populyar ədəbiyyatla kifayətlənən nə qədər adam tanıyıram ki, boz, rəngsiz şəxsə çevriliblər. Onlarla danışdıqca elə zənn edirəm ki, qarşımdakı robotdur. Statistik məlumatlarla dolu, sabun köpüyü kimi şişib, tez partlayan, müvəqqəti motivəedici kitablardan başqa heç nə oxumayan neçə gənc olub ki, dialoqlarımız rabitəsiz, cansıxıcı atmosferdə davam etdiyi üçün onunla söhbətdən tez qaçmağa çalışmışam. Hə, çoxlu bədii ədəbiyyat oxuyan kəslər də var ki, ürəksıxıcılıqları ilə fərqlənirlər. Bu istisnanı yaradan məsələ həmin şəxslərin, oxuyub, öyrəndiklərini praktikaya çevirə bilməməlidir.

Demək olar, hər il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin xəbərləri yayılır.

Yaxşı, bəs sonra niyə bu gənclərin uğurları, hansısa diqqətçəkən fəaliyyətləri barədə heç nə eşitmirik?!

Bu sayaq uğur adətən əzbərçiliklə baş tutur.

Məsələn, məktəb dövründən tanıdığım yüksək bal toplamış tanışım var. Pis maaş almasa da, hazırki işindən narazıdır. İllərdir eyni postdadır. Yaradıcılıq, kreativlik əskikliyini özü də etiraf edir.

Şəxsi həyatında da vəziyyəti yamandır. Potensial partnyor kimi baxdığı heç kimlə münasibət qura bilmir. Anlayıram onu.

Bir başqa tanışım var, aya hardasa yeddi-səkkiz kitab oxuyub, bitirir. Di gəl ki, hardasa oturub, ədəbi-fəlsəfi atmosferə köklənmək istəyib, söhbət eləməyə çalışırsan, ortada ancaq qırıq notlar duyulur. Adam söhbətcil deyil. Nəsə işlədiyi yerdə də uzun müddət qala bilmir.

Əlbəttə istisnalar var. Bu, qaydanı pozmur.

Buradakı məsələ idrak əmsalı ilə, emosianal, sosial intellektin fərqindədir. Loru dillə desək, savadlı olmaq, ağıllı olmaq deyil.

Halbuki, kitablar, təlim və təhsil - təcrübə ilə hamilə qalır. Tətbiq yoxdursa, çifayda?!

İnformasiyanı qəbul etdikdən sonra, onu mənimsəyib özünküləşdirmirsənsə, aldığın bilikləri praktikada istifadə etmək üçün yollar axtarmırsansa, onda, onlar nə üçün var?! Öyrəndiyimiz ayrı-ayrı predmetlər arasında əlaqə axtarıb, tapdıqca, öyrəndiklərimiz də parıldayıb, işıq saçır, qaranlıq yolları aydınladır.

Əlbəttə seçim etməkdə müstəqilik.

Nə isə. Qayıdaq “Gertuda”ya. Roman emosiyaların fonunda insan davranışının fəlsəfi məsələrinə toxunur deyə, oradan öz payıma götürdüklərimi, subyektiv və didaktik şəkildə də çatdırıram.

Gərək bağışlayasınız.

Niyə yaşlı adamlar arasında intihar halları az olur?

Herman Hessenin "Gertruda" romanınında atası oğlu Kuna deyir ki, "gənclər eqoistlik edir. Arzuları reallaşmayanda intihara meyillənirlər. Yaşlılar arasında demək olar intihar faktı az olur".

Bu doğrudan da belədir.

Belə ki, Amerika Psixologiya Asossasiyasının araşdırmasına görə əhalinin 18-33 yaş arası təbəqəsi üçün xroniki stress yuxarı yaş qruplarına nisbətən xeyli yüksək səviyyədədir.

Stressi gücləndirən əsas amil belə izah olunur: problemləri həll etmə, yaxud problemlərə yol verməmək sahəsində həyat təcrübəsinin azlığı. Yaşlı nəslin bu sahədə təcrübəsi çox olduğundan onlar problemlərinin öhdəsindən nisbətən yaxşı gəlirlər.

Gənclər arasında stresin əsas səbəbləri pulsuzluq, işsizlik, borclar, işləyənlər arasında isə işdən narazılıqdır. Stress faktorunun geniş yayılmasına baxmayaraq çox az adam mütəxəssisə(psixoloq) müraciət edir, əksər adamar özləri necəsə öhdəsidən gəlməyə çalışırlar. Xroniki stress faktoru intiharların bir nömrəli səbəbidir.

Gənclərin iddiaları, həyatdan gözləntiləri böyükdür. Gözləntilər doğrulmayanda sarsılırlar. Yaşlılar isə gənclikdəki iddialarından əl çəkmiş, reallıqla barışmışlar. Çəkişib, bərkimişlər - belə də demək olar.

"Gertruda" romanın qəhrəmanı Liddi adlı işvəbaz bir qıza vurulur.

Qıza heyran olan gənc Kun bildirir ki, "heç vaxt ona uzun müddət aşiq olmurdum, tez-tez onu tamam unudurdum, amma yanımda olanda eşqi ürəyimə hakim kəsilirdi. Mənimlə də başqaları ilə oynadığı kimi oynayır, bizi qıcıqlandırır, hakimiyyətindən həzz alırdı. Liddi heyranlarının qısqanclığı ilə əylənərkən çox gözəl görünürdü".

Yəqin sizdə hansısa məclisdə, işdə, qonaqlıqda Liddi kimi adamlara rast gəlmisiniz. Onlar hamı ilə flirt edir, parıldayır, atmosferi canlandırır, cazibələrinin fərqinə varıb, ətrafdakıları alovlu baxışları ilə süzüb, diqqəti üzərlərinə çəkə bilirlər.

Həmin məqamlarda elələri çox arzuolunan, istəkli birinə çevrilir, hissləri alışdırıb, qızışdırmaqdan çox məmnun olurlar. Bu hal onları "qidalandırır".

Ancaq tək olduqda, aranızda etibarlı hal yarandıqda, sizə bu vəziyyətdən "yorulub, bezdiklərini" deyirlər. Həmin an üzlərində kədər nişanəsi olsa da, diqqətli həmsöhbət bu ifadənin və sözlərin ağ yalan olduğunu dərhal anlayır.

Bəli, Liddilər eyni anda çox adamla flirt etməyi sevir. Bu hal onları diqqət mərkəzində saxlayır. Komplimentlər, girişmə cəhdləri "təsdiq"lənmələrinə xidmət edir. Liddilər bir partnyorla kifayətlənib, xoşbəxt ola bilmirlər. Bu, heç poliqamiya nümunəsi də deyil, yox.

"Gertruda" əsərində deyildiyi kimi, Liddi yaxınlıqda olanda sevimli olur.

Ona görə də, unudulmamaq və hətta canlı görüş olmasa belə, tez-tez xatırlanmaq xatirinə belə adamlar gün ərzində virtual aləmdə çoxlu fotolarını paylaşır və gələn layk və iltifatlarla "diri" qalıb, təsdiqlənirlər...

Romandakı səlis şəkildə ifadə olunan duyğular və oradakı süjet, Hermen Hessenin insan təbiətinin mahir bilicisi olduğunu da göstərir.

İlk eşq kimi qarışıq, şübhədoğurucu, çoxlu emosiyalar yaradan “Gertruda”, oxucularını insan psixikasının fərqli guşələri ilə tanış edəcək, bizi həyat yolumuza yenidən baxmağa təşviq edəcək.

# 2012 dəfə oxunub

Müəllifin son yazıları

# # #