Əylislinin əsəri Elçin Hüseynbəylinin imzasıyla türk jurnalında

Əylislinin əsəri Elçin Hüseynbəylinin imzasıyla türk jurnalında
17 sentyabr 2013
# 17:33

Avrasiya Yazarlar Birliyinin aylıq mətbu orqanı “Kardeş Kalemler” jurnalında Əkrəm Əylislinin “Nənəmin tütün kisəsi” hekayəsini dərc edib. Kulis.Az-ın məlumatına görə hekayə Elçin Hüseynbəylinin imzası ilə çap edilib.

Kulis.Az məsələ ilə bağlı hər iki tərəflə əlaqə saxlayıb. Əkrəm Əylisli bu hekayəni 1959-cu ildə yazdığını bildirib: “Mənim ilk hekayəm olsa da 30-a qədər dildə çap edilib. Hətta benqal dilində də. Xarici ölkələrdə çap edilən bütün sovet hekayə antologiyalarına bu hekayə daxil edilib. Bu mənim ən geniş yayılmış hekayəmdir”. Yazıçı hekayənin Elçin Hüseynbəylinin imzası ilə çap edilməsini heç cür anlamadığını bildirib.

Elçin Hüseynbəylinin məsələyə münasibəti də maraqlı oldu: “Jurnalda Əkrəm Əylislinin hekayəsinin mənim imzamla getdiyini gördüm. Redaksiya heyəti ilə əlaqə saxlayaraq bu yalnışlığın aradan qaldırılmasını xahiş etdim. Mənə dedilər ki, biz sizi yaxşı hekayəçi kimi tanıyırıq, düşündük ki, bu hekayə sizin olar. Onlara bildirdim ki, mən Əkrəm Əylislidən yaxşı hekayəçiyəm, mənim onun hekayəsinə ehtiyacım yoxdur. Mən bilmirəm niyə belə olub. Yəqin texniki səhv imiş. Jurnalın növbəti sayında təkzib verdilər”.

# 3152 dəfə oxunub

Müəllifin son yazıları

# # #