Yas yerlərinin başçısı, metroda güzgülənən qız, hara gedirsən deyən dayı - Rastımıza çıxan ən qeyri-adi 10 adam tipi

Yas yerlərinin başçısı, metroda güzgülənən qız, hara gedirsən deyən dayı - Rastımıza çıxan ən qeyri-adi 10 adam tipi
29 noyabr 2021
# 17:20

Kulis.az "Rastımıza çıxan 10 qeyri-adi tip" yazısını təqdim edir.

1) Yas yerlərində idarəçiliyi ələ keçirən yad adam

Ölü düşən evə ən çox marağı olan şəxs. Bu adam “həftə səkkiz, mən doqquz” yas yerlərinə ayaq döyür və heç vaxt da yas çoxluğundan şikayətlənmir. Əksinə yasın olmamağı onun üçün faciədir. Yas varsa, deməli, həyat var. “Ay uşaq, o çayı ora apar”, “Halva nə oldu?”, “Altdan götürün tabutu”, “Yavaş-yavaş” – bu sözləri demək onun üçün yaşamaq həvəsidir. Bu həvəsi ondan alsanız, bir gün özü də yas yerinin əsas iştirakçısına çevrilər.

2) Avtobusda bağıra-bağıra telefonla danışan

Özü də pik vaxtda, basa-basda. İki adamın arasında sıxıla-sıxıla telefonu götürür və bərkdən qışqırır: “Eşidirəm, dedim ki, eşidirəm... Fazillə danışdım, sabah gələcək. Nə? Bərkdən danış. Eşitmirəm” O, avtobusu evə çevirməklə məşğuldur. Onun üçün ictimai nəqliyyat anlayışı yoxdur. Hətta ona “Sakit danışa bilərsən, qardaş” deyən adama da elə baxar ki, elə bil o şəxs onların evinə dürtülən yad ünsürdür.

3) Metroda güzgülənən qız

Qızların bu bəzənməyindən də olmaya da. Harda yer tapırlar, orda bəzənmək, güzgülənmək üçün fürsət taparlar. Güzgü ona gözəl olub-olmadığını deyən əşyadır. Bir də o güzgüdə özünə oxşamayan adamı axtarmağı var. Niyə mən bu dəfə də özümə oxşadım? Axı özüm elə də gözəl deyiləm. İndi güzgü keçən əsrdə qalıb. Hazırda qızlar telefonlarının kamerasını açıb özlərinə baxarlar. Dövr dəyişdi, ancaq xarakter dəyişmədi. Bu belə gəlib, belə də gedəcək.

4) İctimai tualetdə sifonu çəkməyən

İri hərflərlə unitazın düz üstünə vurulsa da, yenə də xasiyyətlərindən əl çəkən deyillər. Elə bil sifonu çəkmək ağır bir işdir. Bəlkə də qəsdən eləyirlər. Özünü ifadənin bir başqa forması da bu olsa gərək. Sifonu çəkmirəm və özümdən bir iz buraxıram. Növbəti gələn isə bu izi görüb ağzını açıb gözlərini yumur.

5) Toyda hamını rəqsə dəvət edən

Ona dəyməyin. O tənhadır, bədbəxtdir. Təkcə toylarda çiçəyi çırtlayır. O, əsrin əvvəllərindəki o təravəti getməyən xoşbəxtliyin bərpası ilə məşğuldur. Ona görə də qabağına kim çıxır onu dartıb toy salonunun ortasına gətirir. Hələ bu da yetməmiş kimi, qarşısındakının əllərini də havaya qaldırır. Utanmasa, uşaq kimi əllərini yelləyə-yelləyə onu oynada da bilər.

6) “Hara gedirsən” sualını verən dayı

Xüsusən rayon yerlərində və kəndlərdə tez-tez rastımıza çıxan unikal tiplərdən biri. Həmişədə ya kəndin çıxış tərəfində çömbəlib oturar, ya da mərkəzdə. Ondan qaçış yoxdur. Hara getsən, tapar səni. Başı qarışıq olanda, kimləsə söhbətləşəndə də yadından çıxmırsan, yanından keçən kimi sualı o dəqiqə sinənə yapışdırır: “Hara gedirsən?” Ürəyində deyirsən, sənə nə var hara gedirəm. Sonra da düşünürsən ki, əslində bu sual reallığı deyil, magik ruhu ifadə edir. Ümumiyyətlə, insan hara gedir? Yadınızdadır yəqin, bir mahnı çıxmışdı: “Ayə, harya gedirsən, ayə?” Bax o mahnıdakı bu cümlənin sahibi bəhsi keçən bu şəxsdir.

7) Hamıyla qardaş olan, adı bilinməyən şəxs

Marketə girir, dükançıyla yüz ilin dostu kimi görüşür. Kafe, restoran, metro, avtobus – adam olan hər yerdə onun bir “qardaş”ı var. “Qardaş, nə var, nə yox?” Sən də onunla qarşılaşmısan. Qarşılaşmısan və nə illah eləmisən, adını yadına sala bilməmisən. Hətta dəstə ilə olduğun vaxtlarda da o adam sənə və o birilərinə “qardaşımın kefi” deyib yaxınlaşıb. O gedəndən sonra heç kim bu adamın kimliyini tapa bilməyib. Yazıq, bəlkə də bu şəhərdə, bu ölkədə hamını özünə qardaş sanır. Di gəl, onun adını bilən yoxdur. Düzü, o ad heç kimə lazım olmayıb. Salam verib keçiblər. Bu qədər sadə və bu qədər kədərli.

8) “Məni heç kim başa düşmür” deyən qız

İllərdir oxu, çalış, qalın-qalın kitablar oxu, filosof, yazıçı, elm adamı ol, xeyri yoxdur. Bu qızı başa düşməyəcəksən. Ümumiyyətlə, bu qızı Eynteyn dirilib gəlsə də başa düşə bilməz. Çox qəliz, anlaşılmayan dildə danışır, fikirləri beş qarış havada dolaşır. Kimsə onun nə istədiyini bilə bilməz. Onu anlamaq üçün onu sevmək lazımdı, vəssalam.

9) Heç vaxt siqaret qutusu olmayan...

Siqaret çəkir, özü də hamıdan çox. Sadəcə siqaret qutusu daşımır. Deyirsən, niyə alıb cibinə qoymursan, cavabı hazırdır: “Siqareti tərgitmişəm”. Əslində isə siqaret almağı tərgidib. Yoxsa onun çəkdiyi siqaretlərdən bir blok siqaret çıxarmaq olar.

10) Hamıdan ucuz elədiyini deyən usta

O usta haldan anlayandır – sənin kasıb olduğunu da bilir, yaxşı dolanmadığını da. Deyir: “Get, hardan istəyirsən soruş, bu qiymətdən aşağı deyən olsa, pulsuz eləyəcəm”. Başqa ustaların yanına gedəndə də eyni qiyməti deyirlər. Nə aşağı, nə yuxarı. Qalırsan ortada. Sonra usta zəng edir: “Məndən ucuz eləyən var?” Deyirsən, yox. Əslində bu həqiqətdir. Sadəcə çarəsiz həqiqətdir. Nə edəsən, o da bu cür dolanır.

# 2677 dəfə oxunub

Müəllifin son yazıları

# # #