Xəyanət görən qadınların rəmzi – Orxan Adıgözəl yazır...

Orxan Adıgözəl, yazar

Orxan Adıgözəl, yazar

25 iyun 2022
# 13:20

Kulis.az Orxan Adıgözəlin “Azərbaycanlı Medeya” yazısını təqdim edir.

Evripidin "Medeya" əsəri haqda eşitmisiniz?

Bu yaxında Azdramada "Medeya"nın premyerasında oldum. Tamaşadan zövq aldım, qarışıq duyğular yaşadım.

''Medeya" - əri tərəfindən xəyanət görən qadının ağrılı, iztirablı ah-naləsi və intiqam hissi ilə hansı vəhşətə yol verməsi haqdadır.

Medeya - əzilən, xəyanət görən, sarsılan qadınların rəmzidir. Onun üsyan nitqi isə feminist bir traktata bənddir.

Medeyanın izlədikcə, qadının necə əzəmətli olduğunun şahidi olursan. Həmin əzəmət, şillə kimi dəyən həyat dərsi ilə çılğınlığa dönüşüb, dağıdıcı məcra alır.

Bu faciəvi sənət nümunəsini bir neçə dəfə ölkə teatrlarında səhnələşdiriblər. Düşünürəm ki, bu ən maraqlısı idi.

Monotamaşanın quruluşçu rejissoru Emil Əskərovu təbrik edirəm. Səhnə hərəkəti və plastika tərtibatçısı Lalə Hacıyevaya böyük təşəkkür düşür.

Əsas minnətdarlıq isə aktrisa Münəvvər Əliyevaya düşür. O, rolunun haqqını layiqincə verdi. Əliyeva oynadığı rola o qədər girmişdi ki, sonda göz yaşlarını saxlaya bilmədi. Hiss olunurdu ki, o, canlandırdığı obrazın xüsusiyyətini və motivini empatiya və ehtirasla mənimsəyib. Həmin kövrəlmə isə mənimsənilmiş, təqlidçi rolun təkcə bədəninə yox, həm də qəlbinə, eləcə də beyninə keçib, onu hər millimeterinə qədər yaşayan qadının kədər püskürməsi idi.

Hiss olunurdu ki, o kədər aktrisaya heç də yad deyil. Bu süst və yorğun hal aktrisanı heç də solğunlaşdırmamışdı. Əksinə, qüssənin onun üzündəki təntənəsi xanım Əliyevanı daha da cazibədar etmişdi.

O məqamda mənə bir anlıq elə gəldi ki, qarşımdakı elə Medeyanın özüdür. Qadın təngənəfəs idi. Zaldakıların alqışlarını da sanki duymur, sevinc və fəxrdolu üzləri sezmirdi. O, hələ də roldan çıxmamışdı. Mən də qəhərləndim. Alqışların kəsilməsini istəyirdim. Hayqırmaq, “bəsdir, dayanın, axı hüznü alqışlamazlar” demək keçdi könlümdən. Medeyanı təsəlli edib, qucaqlamaq, qulağına “səni anlayıram” pıçıldamaq istədim.

Aktrisa əvvəldən axıradək öz eleqant enerjisi ilə parıldamağı bacardı. Geyim, qrim, plastika, səhnə tərtibatı, rekvizitlər, musiqilər, əsas da su ilə dolu şüşə vanna əsrarəngiz ahəng yaratmışdı. İşıqlı vannadakı su Medeyanın qəzəbli və hikkəli alovunu qətiyyən söndürə bilmədi. Qadın sədaqət və eşq təşnəsi ilə qıvrılır, suyu sıçradırdı ki, bəlkə necəsə ovuna, soyuya və rahatlıq tapa bilə. Olmadı. Qəzəb daha da yüksəldi və intiqam himni hər yeri cənginə almağa başladı. Bu himn üsyana, lənətə və ölümə çağırış bəndlərinin tandemi idi.

Xəyanət qurbanı olan qadın səhnədə qırmızı və qara rəngli kəndirləri dartır, göylərə yüksəlib, uçmaq istəyir, müqəddəsləri də öz faciəsinə görə mühakimə etməyi arzulayırdı. Onun qanlı gözləri intiqam hissi ilə alışıb, yanırdı. Həmin baxışlarda pələng vəhşiliyi, qartal şücaəti və ilan soyuqqanlılığı birləşmişdi.

Rəqslər ritualı xatırladırdı. Müdhiş plastika, dəlilik həddindəki konvulsiyalar, yerdəki sürünmələr, yuxarıya dırmaşma – bütün bunlar insanı idarə edən əsas insktinktlər olan eros və tanatosu xatırladırdı. Seks və ölüm – həyat və çoxalma – bu təzad özü olduqca cazibədardır. Ümumiyyətlə, təzadlı nəsnələrin çoxu cazibədar olur. Aktrisa təzad marşını xüsusi avazla və özünəməxsus şəkildə yerinə yetirirdi. Həmin ritual isə hökumətlərin hərbi paraddakı “əzələ nümayişi”ndən də qüdrətli görünürdü. Su isə bu cazibəni lap uclara və köklərə daşıyır, ehtiras yağışı ilə birgə, dəhşət alovunun mayesini səpməyə, ətrafı alışdırmağa xidmət edirdi.

Qrim o qədər keyfiyyətli alınmışdı ki, Medeyanı izləmək, şirin və sirli günaha baxmağa bənzəyirdi. O, əcaib-qəraib, eyni zamanda çox seksual görünürdü. Məftunedici qadın həm də ölüm vadisinin sadiq mələyinə bənzəyirdi. İfritə və məleykə - bu da cazibə burulğanını daha da sürətləndirirdi.

Tamaşadakı ən təsirli səhnə Medeyanın uşaqlarını öldürməsi perfomansı idi. O qüvvətli səhnəni izləyəndə zalda tamaşaçı qismində olan uşağı düşündüm. İlahi, nə üçün 16 yaşına çatmamış şəxsləri zala buraxırlar?! Bəlkə də mən həmin uşağın yerində olsaydım, ananın iki uşağını elə qəddarlıqla öldürməsi səhnəsindən dəhşətə gələr, ağlayardım. İnanmıram ki, o səhnəni izləmək balaca uşağın kövrək psixikasında ciddi iz buraxmasın.

Medeyanın halı kliniki vəziyyətlər sırasına daxildir, hansı ki, dağıdıcı aspektə doğru gedir. “Medeya sindromu” – xəyanət görüb, qəzəbdən gözü dönmüş, davranışları kontroldan çıxmış, özünü aldadılmış və atılmış sayan bütün qadınların ümumi təsviridir. Belə halda cinayətlər və qanlı olaylar şahə qalxır. Əsərin əsas ideyası xəyanətin ağırlığını və onun ağrıdıcı bədəlini göstərməyə xidmət edir.

Dağıdıcı halların az olduğu, sevgi və sülhün, ən əsas da qadınlarımızın sərbəst, sevincli və harmoniyada olduğu cəmiyyətdə yaşamağını arzu edirəm.

# 3845 dəfə oxunub

Müəllifin son yazıları

# # #