Vüsalə Məmmədova: “Azad olunan torpağın üzərində insanın düşüncəsi dəyişir” – Müsahibə

Vüsalə Məmmədova: “Azad olunan torpağın üzərində insanın düşüncəsi dəyişir” – Müsahibə
8 noyabr 2019
# 11:31

Kulis.az tanınmış yazar-jurnalist, "Lent.az"ın əməkdaşı, İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişinin aparıcısı Vüsalə Məmmədova ilə müsahibəni təqdim edir.

- Vüsalə xanım, siz İncəsənət Universitetini bitirmisiniz. Hətta bir neçə uğurlu rolunuzu da gömrüşük. Sizdən kiçik bacınız Şəbnəm Hüseynova da aktrisadır. Nə idi sizi teatrdan qoparıb jurnalistikaya gətirən?

- İxtisasca rejissoram, səkkiz il Gənc Tamaşaçılar Teatrında aktrisa işləmişəm. O vaxtlar teatrı çox sevirdim. Zamanla bu sevgi tükəndi və peşəmi dəyişdim. Sevmədiyim yerdə ola bilmərəm. Mətbuata böyük bacım, telejurnalist Səadət Məmmədovanın tövsiyəsi və dəstəyi ilə gəldim. Bu sahədəki yeganə müəllimim o olub və hələ də ondan öyrənməyə davam edirəm.

- Ağdamdan çoxlu qələm adamları çıxıb. Sizi onlardan ən gənci, həm də uğurlusu hesab etmək olar. Ümumiyyətlə, mətbuatda, jurnalistikada uğur qazanmağın formulu nədir?

- Nəinki mətbuatda, istənilən sahədə uğur qazanmağın bircə resepti var. İşə ürəyinin bir hissəsini qatmalı, işini vicdan və sevgi ilə görməlisən. Yəni heç bir işi yola vermək olmaz. Xüsusən, mənim hazırladığım layihələr insandan dəmir əsəb tələb edir. Biz hansısa xalqın tarixini araşdırmırıq axı. Qarşımıza çıxan qovluqlardakı talelər bizim insanlarımızın taleyidir.

- Məcburi köçkünlük yaşamısınız. Qarabağ itkisi, köçkünlük taleyi işinizə, yaradıcılığınıza hansı formada, nə dərəcədə təsir edir?

- Torpaqlar işğal olunandan sonra bütün müharibə uşaqları kimi ilk olaraq təhsil hüququmuzu itirdik. İşğaldan sonra harda məskunlaşırdıqsa, oradakı məktəblərdə oxuyurduq. Ancaq bizim kimi uşaqlara heç kim xüsusi diqqət ayırmırdı: “Müvəqqətidirlər! Sabah gedəcəklər. Onların uğuru məktəbin adına bağlı olmayacaq...” Bu biganəlik və köçhaköç içində 5-6 məktəb dəyişərək, orta təhsili başa çatdırdıq. Həmin illərin problemlərini sadalamaqla bitməz, buna baxmayaraq, mən yaşıdlarım arasında ən şanslısı idim. Çünki həm orta məktəb, həm də universitet təhsili ala bildim. Yaşıdım olan yüzlərlə insan tanıyıram ki, şərtlər heç orta məktəbi başa vurmasına imkan vermədi. Həmişə düşünmüşəm ki, müharibənin uşağa vurduğu ən böyük zərbə onun həddindən artıq realist böyüməsi və təhsil hüququnun əlindən alınmasıdır. Bu iki itki ilə xoşbəxt gələcək qurmaq çox çətin olur.

Söhbət tək məndən yox, bir milyon insanın taleyindən gedir. Amma mən bu bir mil­yonun içərisində həmişə özümü şanslı saymışam. Düzdür, böyüdüyüm yataqxananın pilləkənləri dağılıb, divarları kif atmışdı. Qapı-pəncərənin taxtası aralı idi. Külək, soyuq, qış təkcə küçədə yox, evimizin içərisindəydi. Həyatımızda idi! Ancaq o durumda da bilirdim ki, ölkənin digər tərəfində çadırda məskunlaşan insanlar var. O insanların körpələrini yayda ilan çalırdı, qışda şaxta dondururdu. Vaqonlarda məskunlaşan insanlar vardı. Sonradan mən jurnalist kimi fəaliyyət göstərəndə vaqonda yaşayan bir qadınla görüş-müşdüm. Qadın o qədər vaqondakı həyat tərzinə öyrəşmişdi ki, başqa bir vaqonun altından keçib çörək almağa gedəndə fərqində olmamışdı ki, həmin vaqon yaşayış vaqonu deyil... Həmin vaqon hərəkət edəndə qadın hər iki qolunu itirmişdi. Bu cür misallar həddindən artıq çoxdur. Ona görə də ömrümün yarıdan çoxunu keçirdiyim yataqxana nə qədər qəzalı vəziyyətdə olsa da, nə qədər qaranlıq olsa da, mən özümü bəxtli adam hiss edirdim. Ən azından yataqxanada şam yandırıb dərs oxumaq olurdu. Yəni biz üç bacı həmişə çalışmışıq ki, vəziyyətə əsir düşməyək, şəraitlə mübarizə aparaq və məğlub olmayaq. Bütün bu məhrumiyyətlərin üzərinə bir də insanların bir-birlərini təhqir edəndə seçdikləri “qaçqın” ifadəsini gəlin... Ən azından bu gün cəmiyyət həmin vərdişini tərgidib...

- Ard-arda bir neçə kitabınız çap olundu. Hamısından Qarabağ mövzusu, müharibə qırmızı xətt kimi keçir. Hətta yadıma gəlir kulis.az saytının keçirdiyi “ən qısa hekayə” müsabiqəsində də müharibə ilə bağlı hekayəniz birinci yer tutdu. Burda istedadın və ya taleyin rolu, Sizcə, nə qədər vardı?

- Dünya ədəbiyyatına da nəzər salanda görürük ki, dahi hesab etdiyimiz sənətkarların hamısı yazıçının bildiyi mövzudan yazmasının vacibliyinə diqqət çəkiblər. Mənim də bildiyim mövzu müharibədir. Düzdür, əlimə silah alıb səngərdə dayanmamışam, amma müharibə insanının nə yaşadığını iliklərinə qədər hiss edirəm. Dəfələrlə eyni taleyi ya-şadığım adamlar başqa jurnalistlərə danışmadıqlarını mənə danışıblar. Onlarla bir-birimizi baxışlarımızla duya bilmişik. Bir-birimizi heç nədə ittiham etmirik, qınamırıq. Çünki bir şəhərə bombalar yağanda sığınacaqlarda gizlənməyin nə demək olduğunu çox yaxşı bilirik. Ona görə də mən bunu qətiyyən istedada bağlamıram. Sadəcə olaraq, insan bildiyi mövzunu daha yaxşı işləyə bilir. Yəqin bu həm də bir taledir. Ola bilsin ki, müharibə vaxtı əli silah tutan insanlar emosiyalarını başqa cür ifadə ediblər. Uşaqlığını yaşaya bilməyən bizlər, o vaxtın uşaqları isə ətrafda gördüklərimizi içimizə basdırmağa məcbur idik. Bu yığılmış enerji də sonradan hansısa formada təzahür edir. Gördüklərini, bildiklərini yazmaq mənim kimi adamların yaralarının sağalmasına kömək edir. Həm də düşünürəm ki, hər bir insanın öz müharibəsi haqqında yazmaq kimi bir missiyası, borcu var. Mən də bu borcumu yerinə yetirirəm.

Görüntünün olası içeriği: Sahib Mammadov ve Vusala Mammadova, oturan insanlar ve iç mekan

Müharibə başlayanda atam artıq dünyasını dəyişmişdi. Biz üç bacı anamın himayəsində idik. Yəni bizim ailədən heç kim əlinə silah alıb döyüşə yollanmayıb. Mənim ailəm adına o torpaq qarşısında bir borcum var.

- Şəhid ailələri ilə görüşürsünüz. Davamlı bu haqda yazılarınız çap olunur. Hansı hiss daha qabarıqdı? Qürur, nisgil, borc?

- Bu yaxınlarda Əli Əmirlinin “Ağdamda nəyim qaldı” adlı bioqrafiq romanı çap olundu. Onu oxuyanda gördüm ki, Əli bəyin yaddaşındakı Ağdam mənim tanıdığım şəhərdən daha çox böyüklərimdən haqqında eşitdiyim şəhərdir. Yaponların həyat fəlsəfəsindən bəhs edən “İkigai” kitabını oxuyanda yaddaşımdakı Ağdamı daha yaxından gördüm. Yaponiyanın bir qəsəbəsinin xoşbəxt və həyatsevər sakinlərinin uzunömürlülük sirrləri açıqlanırdı. Yaddaşımda da iki Ağdam var. Biri ətrafa sevgi bəxş edən, xoşbəxt, uzun ömürlü və xeyirxah insanların yaşadığı Ağdam, digəri isə beş il düşmənlə döyüşən, işğal öncəsi boşalan, ancaq mərmilər atılanda hay-küyə bürünən, altı min şəhid verən, hissə-hisə məğlub olan, qəhrəmanlarını bir-bir itirən və məhz bundan sonra işğalı reallaşan Ağdam... Şəhərdən çıxdığımız vaxtları xatırlayıram. Kimin avtomobili yox idisə, qonşu maşınlarda onlara yer çatmamışdısa, sadəcə, övladını bağrına basıb qaçırdı.

- Ağdamı bu gün necə xatırlayırsınız?

- İyirimi ildən çox idi ki, Ağdamın işğal olmayan ərazilərinə getməmişdim. “Əsir düşərgəsi” layihəsini işləyəndə müsahibimdən biri Ağdamda yaşayırdı. O vaxtı mən o yolları getməyə məcbur oldum. Onda mənə elə gəldi ki, o qadınların həmin yolların kənarında daşa dönüb qalmış heykəlləri var. Baxmayaraq ki, bəlkə də o qadınların çoxu artıq həyatda yox idi, qucaqlarındakı övladları da böyüyüb ailə başçıları olmuşdular... Yaddaşımdakı birinci Ağdamın həsrəti var. Çünki ordan insana ancaq xoşbəxtlik enerjisi gəlir. Amma ikinci Ağdamı xatırlamaq, görmək istəməzdim. Mən heç düşmənə də belə bir yaddaş arzu etməzdim.

- Öz taleyinizlə, Qarabağla bağlı əhvalatları, hadisələri nəsrə çevirməyi, bioq-rafiq kitab çap etdirməyi düşünürsünüz?

- Mənim iki kitabım çap olunub - “Cəhənnəmdə böyük çığırtı” və “Əsir düşərgəsi”. Hər iki kitab Lent.az saytı üçün hazırladığım “Əsir düşərgəsi” layihəsindəki hekayətlər əsasında tərtib olunub. Bu bizim tarix qarşısında verdiyimiz vicdan borcudur. Mənim Vüsalə Məmmədova olaraq bu torpaq qarşısında olan xidmətimdir. Ancaq onların kitaba çevrilməsi APA Holdinqin, birbaşa Vüsalə Mahirqızı ilə Qabil Abbasoğlunun xidmətidir. Onlar hesab etdilər ki, bu layihə kitaba çevrilməli və tarixdə qalmalıdır. Kitabın nəşri ilə bağlı bütün çətinliyi də onlar öz üzərlərinə götürdülər. Hər ikisinə təşəkkür edirəm. “Əsir düşərgəsi”ndən başqa mənim Qara-bağ mövzusunda hekayələrim də var. Açığı tərəddüd edirəm ki, hansısa hekayəmi yaymaq tez deyilmi? Oxunacaqmı? Buna görə də, hələ ki, çap etdirmək fikrində deyiləm.

- Çox aktiv iş fəaliyyətiniz var. Bəzən Sizi jurnalist, aparıcı yox, iş qadını hesab edirəm. Səkkizinci gün deyilən xəyali istirahət gününüz də var. Ümumiyyətlə, işi həyatın sürətinə uyğunlaşdıra bilirsiniz?

- Yəqin elə ona görə öz hekayələrimi yayımlamıram ki, həftənin “səkkizinci günü”nü gözləyirəm. “Əsir düşərgəsi” layihəsini demək olar ki, tək işləyirəm. Müsahib tapmaq sözün həqiqi mənasında məşəqqətdir. Çox rahat yolu var, çünki bu işdən məsul olan dövlət qurumları var, ancaq hər dəfə müraciət etdikdə yarım saat mənə mənim layihəmin əhəmiyyətindən danışır, ancaq müsahib barədə sabah mənə zəng edəcəklərini bildirirlər... 5 ildir ki, onların “zəngini gözləyirəm”. Bu çətin yolu ancaq və ancaq Lent.az oxucularının dəstəyi ilə gəlmişik. Buna görə də hər iki kitabımı təqdim edəndə oxucularıma təşəkkür etmişəm. Televiziyadakı işim isə tamam başqadır. Verlişlər üzərində böyük komanda ilə işləyirik. Üstəlik, həm də PR fəaliyyəti ilə məşğulam...

- Qarabağa qayıtmaq arzunuz, inamınız var?

- Mənim girovluqdan qayıdan müsahiblərim həm də bizim torpaqlarımızı, oraların od tutub yandığını bizdən sonra gözü ilə görən adamlardılar. Buna görə də hesab edirəm ki, tarix həm də onların gözü ilə Qarabağ müharibəsinə baxmalıdır.

Qarabağa qayıtmaq barədə düşünmürəm desəm, yəqin ki, inanmayacaqsınız. Amma, həqiqətən də, düşünməməyə çalışıram. Çünki düşüncələrimdən qorxuram. Qayıdacağıma inamım yoxdur desəm, atamın heç vaxt görmədiyim, işğal altında olan məzarı, özü və torpaq uğrunda şəhid olan iyirmi min nakam ruh məndən inciyər. İnanıram, desəm... Axı artıq içimdə bu inamı yaşatmaqdan qorxuram...

Bir həqiqət var, onu işğaldan azad edilən torpaqlarda olanda hiss etmişəm – o torpağın üzərində mənim yerişim belə dəyişib. O zaman anlamışam ki, işğaldan azad olunan torpağın üzərində insanın duruşu və düşüncəsi dəyişir. İnsan daha əzmli, daha məğrur olur. O duyğunu təkrar-təkrar yaşamaq istərdim. Həm də tək mənim yox, on milyonluq insanımızın hamısının bu duyğunu doya-doya yaşamasını arzulayıram.

Samirə

“Vətən səsi” qəzeti

# 12758 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #