“Pis uşaq deyil, amma pis yerlərdədir!” – Gənc şairlər Müşfiqə sərt cavab verdilər

“Pis uşaq deyil, amma pis yerlərdədir!” – Gənc şairlər Müşfiqə sərt cavab verdilər
4 sentyabr 2019
# 13:58

Yazar Müşfiq Şükürlünün gənc şairlərlə bağlı sərt tənqidi məqaləsi həmkarları arasında etiraza səbəb olub. Onun qeyd etdiyi fikirlərlə bağlı şairlərin münasibətini təqdim edirik.

Image result for əsəd qaraqaplan

Əsəd Qaraqaplan

- Sadəcə oxumaq lzımdır deyirəm, bir şeirlə filan olmur bu işlər və şeiri bilmək. İkinci də qərəzlə. Müşfiq bizlə oturanda başqa şey deyir, yazıda başqa…

Pis uşaq deyil, sadəcə pis yerlərdədir - yəni şeiri bilmək, ədəbiyyatı duymaq və ədəbi təfəkkür olaraq yanlış adamların yanında. Üstəlik, bir jurnalistin ədəbiyyat, xüsusən şeir haqqında danışması, nə bilim, çox vaxt mənə gülməli görünür.

Bir də insanları sevmək lazımdır, belə qaramatlıqla nəsə eləmək mümkün deyil.

Bir də müasir poeziya sovetin bərbəzəkli və yaltaq təfəkkürlü poeziyası deyil. Daha konkret, daha aydın və bər-bəzəksizdir. Ona görə bu uşaqlar öz ədəbi düşüncələrinə uyğun gələn o poeziyaya qapılıb qalıblar deyə müasir poeziyanı da belə görürlər. Bir də əbədi obraz olaraq onlar özləri də sovet ədəbiyyatı obrazlarındandır.

Image result for aqşin evrən

Aqşin Evrən

- Açığı, bu yazıya münasibət bildirməyəcəkdim, amma düşündüm ki, gənc dostumuzun yanlışlarını deyim, növbəti dəfə belə naşı yazıb özünü biabır eləməsin.

Əvvəla, Müşfiq Şükürlü məni kimləsə səhv salıb, ya içkili olub, ya yuxulu - bilmirəm. Mən özümü Ramiz Rövşənlə müqayisə etməmişəm, bunu yazıçı Ayxan Ayvaz edib. Mən demişəm ki, Ramiz Rövşən gözəl şairdir, amma mənim şairim deyil, mənim şairim Nazim Hikmətdir, Nerudadır. Yəni Müşfiq rəsmən mənə şər atıb (gülüş). Bu, Müşfiqin bir yanlışı.

İkincisi, Müşfiqin haqqında bəhs etdiyi şeirin adı "Unutmağın resepti" deyil. O, şeirləri qatıb-qatışdırıb. Bu da onun həmin yazını necə başdansovdu, qeyri-ciddi və hücum xatirinə, yazıb gündən yaratmaq arzusunda olduğunu göstərir.

Ümumiyyətlə, naşı bir gəncin poeziya ilə bağlı belə bir yazı yazıb əlinə-üzünə bulaşdırmasına arzu etməzdim. Bu, Müşfiqin ikinci yanlışı.

Digər tərəfdən, haqqında yazdığı şeirlərim 10 il əvvəlindir. Gözəl dostumuz bizi nə az-nə çox düz 10 il geridən təqib edir. Bu da üçüncü yanlışı.

Hər halda mən şeirlərimə vəkillik etməyəcəm. Son illərdə yazdığım şeirləri poeziyanı dərindən bilən adamlarla müzakirə edirəm, onların fikirləri doğru yolda olduğumu düşünməyə əsas verir. Müşfiqə də, digər dostlarımıza da uğurlar arzulayıram!

Ulucay Akif

- Müşfiq Şükürlünün mən və bəzi qələm yoldaşlarım haqqında yazdığı fikirləri oxudum. Tam qəzəblənəcəkdim ki, yazının müəllifinin Müşfiq Şükürlü olduğunu görüb uzun bir "əşşşşi" elədim. Müşfiq haqqında danışmayacam, çünki danışılası bir şeyi yoxdur. Amma madam ki, o, mənim haqqımda danışıb, dediyi fikirlərlə bağlı 1-2 cümlə də mən yazım.

Müşfiq və onun timsalında bir çox özünü ədəbiyyat bilicisi sayan adamlar indiki müəlliflərin yazılarını, şeirlərini kompleks şəkildə oxumayıb. Bunu elə Müşfiqin analiz etməyə çalışdığı "Uzaqlara məktub" şeirimdən anlamaq olur. O şeir ki, 5 yaşı var, 19 yaşım olanda yazılıb. Həmin şeir 2016-cı ildə dərc etdiyim ilk şeirlər kitabımda yer alıb. Bunu şeirin zəif olduğunu düşündüyüm üçün yazmıram. Qətiyyən! O şeir yetərincə gözəl bir ovqat şeiridir. Fikir verdim, Müşfiq dərinliyə enə bilmədiyi üçün elə ancaq ovqat şeirlərini analiz edərək, müəllifləri tənqid etməyə çalışıb.

Sonda isə demək istəyirəm ki, Müşfiqin ədəbi zövqünə bələdəm. Onun ağız dolusu danışdığı o boyda Marsel Prustda belə ən bəyəndiyi xüsusiyyət müəllifin homoseksuallığıdır. Yəni Müşfiq Marsel Prustdan danışanda belə əsərlərin mahiyyətindən və bədii yükündən yox, müəllifin homoseksuallığından danışır. Belə oxuculuq olmur, əzizim.

Bütün hallarda bizi tənqid etməyə çalışmağın belə gözəldir. Təşəkkür!

# 3845 dəfə oxunub

Müəllifin son yazıları

# # #