Çağdaş poeziyamız: Bir tabut parazit - Müşfiq Şükürlü gənc şairləri topa tutdu

Çağdaş poeziyamız: Bir tabut parazit - Müşfiq Şükürlü gənc şairləri topa tutdu
4 sentyabr 2019
# 12:08

Müasir Azərbaycan poeziyasında nələr var, bilirsiz? Poeziyaya dəxli olmayan adamlar. Bu yazı onlara, daha doğrusu, onların bir qisminə həsr olunub. Yazı ədəbiyyatımızda gedən parazitləşmənin qarşısını almaq üçündür. Ona görə də sözü uzatmadan mətləbə keçirəm. Əsəd Qaraqaplandan başlayaq.

***

Gəlin, Əsəd Qaraqaplandan bir şeir oxuyaq. Buna şeir demək mümkündürsə, əlbəttə.

Bir siqaret insanı zamanla öldürər amma
Sənin saçların məni bir gecədə dəli edər
Qoymaz ağıllı başla qoxlayım hər yerini
Hələ sinən - saçlarının o pərişan məkanı
Məni yer üzündən edər

Göylərdə bir yerim olar səni hiss elədiyim
Sən olduğum bir evim
Mənə sorarsan,
sən uzun saçlarınla gözəl gözlü prenses
Mən də səni o quyudan xilas eləyən devim...

Bu, şeir yox, qolu-qılçı sındırlımış türk poeziyasının sümükləri, qalıqlarıdır. Hətta deyərdim türk poeziyası mənim kəşfimdir.

Image result for əsəd qaraqaplan

Əsəd bəlkə də kitab oxuyub. Ancaq kitab oxumaq yetməz. Türk poeziyasını dalı üstdə qoymaq üçün gərək adamın qabiliyyəti, gücü-qüvvəsi ola. Əsədin qabiliyyətinə söz yox! Amma bu, onun fiziki qüvvəsi ilə məhdudlaşır. Əsəd Qaraqaplanın şeir adlandırdığı cümlələr sözlərin uğursuz ardıcıllığından ibarətdir.

Bəs şeirdə tələb olunan nədir? Ən azından bədii atmosfer. Halbuki əgər şeir deyiriksə, azından orda poetika da olmalıdır. Əsədi oxuyanda nə hiss edirik bəs? Sanki hərflər üstdə bədii sözü təqlid qabiliyyəti belə olmayan qaba, yöndəmsiz bir adam yeriyir. Yəni, söhbət heç ədəbi istedaddan getmir. “Duyumu olan oxucu” ifadəsi belə Əsəd üçün artıq gəlir. Bəlkə də hiss edir. Dərinlərdə onun da bir ədəbiyyat anlayışı var. Ancaq bunu meydana çıxara bilmir. Səsi boğazındaca qalır. Ədəbiyyat məhz o səsi çıxara, nəğməni oxuya bilməkdir.

***

Bizim bəh-bəhlə təriflənən şairlərimizdən biri də Aqşin Evrəndir. Aqşin Evrendə bədii atmosfer yaratma qabiliyyəti nisbətən var. Amma bu, təqribi 20 faiz təşkil edir. Halbuki, Aqşin az dahilik xəstəliyinə tutulmayıb. Belə ki, dəfələrlə özünü Ramiz Rövşənlə müqayisə edib. Hətta nəinki müqayisə! Şairə ustadlıq etmək niyyətində olub. Amma gəlin görək Aqşinin şeirlərində bədiilik, poeziya hansı səviyyədədir? İddiaları ilə uzlaşır, arzuladığı zirvələrə dırmaşmağa güc, təpər, imkan verirmi?

Image result for aqşin evrən

Aşağıdakı parça Aqşinin “Unutmağın resepti” şeirindəndir. Bu cür fəndləri çoxdur şairin. Demək olar bütün şeirləri hansısa elmi faktların bədii sözə çevrilmə cəhdidir.

Azərbaycan dili dərsində “unutmaq” feilini
şəxsə və kəmiyyətə görə dəyişirdik.
Və mən həmişə 1-ci şəxsin təkində yalan danışırdım.
Çünki mən unutmamışdım…

Yaxşı etmişdin. Amma unutmaq olmaz ki, belə ucuz “priyom”dan şairə qalan ancaq baməzəlikdir. “Unutmaq” felini şair bizə bədii tapıntı kimi yedizdirmək istəyir. Amma görmək çətin deyil ki, misralarda poetik enerji yoxdur. Şair sanki krossvord məntiqi ilə bizi aldatmağa çalışır.

Təəssüf ki, Aqşin Evrənin bütün yaradıcılığı orta məktəbdə öyrəndiyi bu cür elmi biliklərin presslənmiş formasıdır. Heç bir poetik tapıntıdan söz gedə bilməz.

Başqa şeirindən bir parça:

Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda
Beləcə, bacım “üçbucaq teoremi”ni ütüdən
“Çevrənin raduiusu”nu qazandan
Nidanı atamın çəliyindən
Nöqtəni də anamın yoxluğundan öyrəndi.

Açığı, mən Aqşindən nə oxusam, elə bilirəm, məzələnir. Amma qoy bu dəfə ciddiyə alaq.

Deməli, Aqşin üçün şeir nidanı çəliyə, radiusu qazana, üçbucağı ütüyə bənzətməkdir. Əgər belədirsə, onda Aqşin Evrən yaradıcılığını böyük bir məktəbə oxşatmaq olar. Elə bir məktəb ki, orda riyazi biliklərimizi möhkəmləndirə bilərik.

Mən Aqşinə gerçək ədəbiyyat məktəblərinə yönəlməyi arzu edirəm. Çünki sözün necə şeirə çevrildiyini öyrənməlidir. Öyrənmək üçünsə hər şeydən öncə beynindəki artıq məlumatları boşaltmağı lazımdır.

Image result for emin akif

Qeyd edim ki, Aqşin Evrənə bənzər bir imza da var. Hər ikisi eyni yollardan istifadə edir (metod deməyi uyğun saymıram – M.Ş.) Söhbət Emin Akifdən gedir. Bunun üçün onun şeirlərini ayrıca təhlil etməyə ehtiyac duymadım.

***

Adını çəkdiyim imzalar bizim lap çağdaş poeziyamızdandır. Ancaq doğrusu bu imzaların poeziyaya necə daxil olduğu insanı heyrətləndirir.

Mən ədəbiyyata Əsəd Qaraqaplan qədər aidiyyatı olmayan ikinci imza təsəvvür etmirdim. Ancaq sonradan bir neçə imzanı yaxından, diqqətlə oxudum. Yenə də Əsədlə bağlı fikirlərim dəyişmədi. Sadəcə gördüm ki, ədəbiyyatın, şeirin toxum salmadığı bəhrəsiz torpaqlar ki var, orda Əsəd tək deyil. Azərbaycan poeziyasına hansısa naməlum, mistik və şüursuz qüvvələr tərəfindən yeridilməyə çalışan iki imza daha var. Ulucay AkifOğuz Ayvaz.

Image result for oğuz ayvaz

Ədəbiyyatda belə bir görüş var. Özün olmaq! Bu o mənaya gəlir ki, mətndə özünü buraxmalısan. Rahat olmalısan. Nə qədər çox sıxsan, o qədər yazdıqların süni təsir oyadacaq. Yəni, məqsəd təbiiliyi qorumaqdır. Ancaq əndazəni də qorumaq lazımdır. Xətti keçmək olmaz. Ən azından ifadə etdiyin fikri götür-qoy etməli, ağzından çıxan sözün səslənişinə diqqət etməlisən. Yoxsa, yüngüllük və bayağılıq ortaya çıxır.

Adını çəkdiyim son iki müəllifin yazdıqlarını poeziya müstəvisində təhlilə çəkmək fikrim yoxdur. Buna da ehtiyac duymuram. Onsuz da təhlilə gəlməyəcək. Sadəcə onların ədəbi anlayışlarına kiçik bir əlavə etmək istərdim. Mənə elə gəlir, Ulucay Akif və Oğuz Ayvaz yuxarıda qeyd etdiyim mövzuya bir az diqqət etməlidirlər. Bəlkə onda nəsə alınar. Məncə onların ədəbiyyatla yaşadıqları qanlı çatışma ancaq bu yolla sona çata bilər. Onlar ədəbiyyatın rahat yox, kələ-kötür, daşlı-çınqıllı, bir sözlə, ankomfort sahəsində dolaşmalıdırlar. Yoxsa bu cür rahatlıqla heç vaxt ədəbi düşüncə formalaşa bilməz.

Image result for ulucay akif

Kiçik bir misal çəkim. Məncə, Ulucay Akifdən aşağıdakı misralar bəs edər.

Sizin kiçik məhlənizdən
bütün evlər sökülübdü,
Traktorlar, buldozerlər
küçələrə tökülübdü.

Elə həmin şeirin ardınca şair yazır:

Xədicə xalanın qanı qaralıb,
Rafiq dayının da vəziyyəti pisdi,
İçkiyə qurşanıb, deyir, ay bala,
əsas olan o ki, ürək təmizdi...

Aqşin Evrənə şükür. Bu artıq məzələnmir. Konkret mırtlaşır. Amma qoy Ulucayı da ciddiyə alaq. Tutalım şeirdi.

O zaman bircə söz qalır. Yəqin ki, Azərbaycan poeziyası bu qədər bayağı və ucuz misraları ilk dəfə qonaq edir süfrəsinə.

Ədəbiyyatımızda bu cür imzalar çoxdur. Hərçənd ki, şeirlərindən birini Ramiz Rövşən təqdir etdiyi üçün bəyənmişdim, amma Tural Turan da mənə görə bu kateqoriyaya aiddir. Eləcə də, Emil Rasimoğlu, Elçin Aslangil və s. və i. a.

Image result for orxan bahardırsoy

Nisbətən, uğurlu imza Orxan Bahadırsoydur. Amma Orxan da şeirlərində o qədər ağlayır, ah-vay edir ki, adama elə gəlir mərsiyə oxuyursan. Şairin tipik qəhrəmanları intihar etmək istəyən bədbəxt adamlardır.

Bir də Şəhriyar Del Gerani var. Şəhriyar sadaladığım şairlərin vəhdətidir sanki. Onda yuxarıda qeyd etdiyim bütün özəlliklər var. Yerinə düşməyən türk sözləri, krossvord çözən oxuculara hesablanmış məntiq oyunları, estetik məzmunu, biçimi, təsiri olmayan misralar. Onda bu cür misralar nə qədərdir. Ümumən bədii atmosfer yaratmaq, təsirlilik bu şairlər üçün Marsa gedib gəlmək deməkdir.

Image result for del gerani

Bəs Şəhriyarın başqalarından fərqi nədədir? Şəhriyarın şeirləri mənə Məmmədbağır Bağırzadənin “Darıxıram” mahnısını xatırladır.

Gülüşünü, gəlişini,
Hey salıram, salıram yada.
Necə dözüm, ay sevgilim,
Bu hicrana, mən bu hicrana.
Neyləyim, neyləyim, bilmirəm,
Hicrana, möhnətə, dözmürəm

Məmmədbağırda pozitiv, şən ritmlər var, amma. Düzdü, bu şeir Məmmədbağırın deyil. Sadəcə mahnısı onundur. Amma şeir də elə musiqidir axı. Şəhriyar əgər Məmmədbağırdan təsirlənibsə, çox gözəl olardı müsbət mənada təsirlənsin. Darıxmaqda yox, şən, oynaq ritmlərdə.

Qəribədir ki, bu cür imzaları tərifləyən ciddi ədəbiyyat adamları da olur. Səbəb? Facebookda bəzi zövqsüz, bədii sözdən uzaq düşmüş, fikri-təfəkkürü hələ oturuşmamış gənc qızlar, oğlanların hesabına xeyli parazitlər yetişir. Nəinki yetişir, onlar böyüyür, şişir və qidalanır həmin təcrübəsiz oxucu dairəsi ilə. Qidalandıqca da şişir, böyüyür. Bu, süni qidalanma və böyümə prosesi isə hansısa bir fərdin ətrafında gedir. Yəni, “şair”in. Bu da olur bizim ədəbi ölçü! Nəticə? Gerçək ədəbiyyat itirir sözsüz ki. Amma daha qəribəsini deyim. Bu “şairlər” artıq Azərbaycan poeziyasını çiyinlərinə götürüb daşımaqdadırlar. Təsəvvür edirsiniz poeziyamız hara gedir?

# 6014 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #