Eyni cinslər, fərqli mövqelər YAZIÇILAR LGBT QƏRARINDAN DANIŞIR

Eyni cinslər, fərqli mövqelər <span style="color:red;">YAZIÇILAR LGBT QƏRARINDAN DANIŞIR
29 iyun 2015
# 12:05

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi eynicinslilər arasındakı nikahın insan hüquqlarının bir parçası olduğuna qərar verməsi bütün dünyada geniş müzakirə olunur. Kulis yazıçıların məsələ ilə bağlı mövqelərini təqdim edir.

Elçin Hüseynbəyli: “Homoseksuallar cəmiyyətdən təcrid edilməlidir”

Mən təbiət etibarı ilə mühafizəkaram. Bəlkə də ona görə bu məsələyə mənfi reaksiya verirəm. Ümumiyyətlə adını çəkmək istəmədiyim bu məsələnin Azərbaycan cəmiyyətində müzakirəsi doğru deyil. Normal əqidəsi olan, normal düşüncəsi olan insanlar təbii ki, bu məsələni geniş müzakirəyə çıxarmalı deyillər. İnsanın təbii təyinatının əleyhinə olan işlərə getmək olmaz. Açığını deyim ki, nəinki bu məsələ, hətta qadınların bəzi idman növləri ilə, o cümlədən boksla məşğul olmasının da əleyhinəyəm. Qarından zərbə alan qadın sabah hansı uşağı böyüdəcək? Yəni bu insanların təbii artımına ziyanlı olan bir şeydi. Ola bilər ki, bunun siyasi tərəfləri də var. Bəlkə elə düşünürlər ki, dünyada insan artımı azalsın. İnsan artımı azalarsa adamlara çox şey çatar. Bəlkə ola bilsin bu belə bir demoqrafik amillə bağlıdır.

İnsanda kişi başlanğıcı, qadın başlanğıcı deyə bir şey var. Qadın var ki, onda kişi başlanğıcı mövcuddur və əksinə. Anadangəlmə belə xəstə insanlar olur. Bundan başqa bizim şahları götürsək, onlar özləri də gədələr saxlayıblar. Mən elə düşünürəm ki, bu təkcə təbii başlanğıcdan asılı deyil, insanların istəyi, nəfsi var.

Bununla bağlı yola düşənlər də var. Bax, bunu heç cürə qəbul edə bilmirəm. Məsələn, daun sindromu olan xəstələr var. Onlar üçün xüsusi mühit yaradıb onları ora yığırlar. Anadan bağlı elə xəstə adamlar varsa onlar üçün mən düşünürəm ki, o cür müalicəxanalar düzəltmək olar. Onlar belə homoseksual mərkəzlərində yarımtəcrid olunarlar. Orada hər bir şərait yaradılır, bunun əvəzində homoseksuallar da cəmiyyəti pozmurlar. Necə ki, narkomanlar təcrid olunur. Narkoman da anadangəlmə narkoman olmur ki. O da hansısa təsirin altında bu yola düşür. Ümumiyyətlə mən bu məsələyə pis baxıram. Ona görə düşünürəm ki, bunun qanuniləşməsi gələcək üçün heç də yaxşı şey vəd etmir. Əgər biz Avropaya, Amerikaya inteqrasiya ediriksə bu cür məsələlərin qanuniləşdirilməsi, rəsmiləşdirilməsi tədricən də olsa Azərbaycana pis təsir edir.

Qan Turalı: “Mütərəqqi qərardır”

Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin homoseksual evliliyin bir hüquq olduğuna hökm eləməsi əslində mütərəqqi bir qərardır. Qərarın mətnində olan açar cümlə budur: “Heç bir münasibət ailə qədər dərin deyildir”. Qərar ancaq bir səs çoxluğu ilə qəbul edilib. Bunun özü məhkəmənin tərəddüdlərini göstərir. Lakin Ali Məhkəmə Amerikada ən yüksək instansiyadır və onun qərarları dəyişdirilə bilməz.

Məhkəmə ailə anlayışının subyektlərini genişləndirərək homoseksualları da bura daxil edib. Bu qərar Amerika demokratiyasının mühüm bir uğurudur. Lakin Amerika cəmiyyətində hələ də homofobiyanın dayaqları güclüdür. Homoseksuallar yenə də zorakılıqla, qeyri-tolerantlıqla qarşılacaqlar. Quldarlığın ləğvi Amerikada irqçiliyi aradan götürmədiyi kimi homoseksual nikahların da qanuniləşdirilməsi cinsi ayrıseçkiliyi aradan qaldırmayacaq. Amma bu qərar onların illərdir apardıqları mübarizənin uğurudur.

Azərbaycanda homoseksual nikahların rəsmiləşdirilməsi çox uzaq görünür. . Lakin belə nikahların leqallaşması bir prosesdir, gec-tez bütün dünya bu cür nikahları qanuniləşdirəcək.

Aysel Əlizadə: “Leqallaşma nəyi həll edəcək?”

ABŞ da verilən qərarların təkcə Azərbaycana yox, bütün dünyaya istisi - soyuğu olduğunu düşünürəm. Çünki bu gün dünyada baş verən bir çox hadisə ABŞ ın qərarlarından asılıdır. Onsuz da 36 ştatda homoseksualların nikahına icazə verilirdi. Ali Məhkəmə ən yüksək instansiya olduğu üçün onun icazə qərarı bir az təşviş yaradır adamlarda. İnsanların içinə şübhə düşür: görəsən, eynicinsliliyi yaymaq deyil ki məqsəd? Məncə deyil. Sadəcə, bu elə mövzudur ki, insan haqlarını müdafiə edən bir dövlət radikallıq sərgiləyə bilməz. İllərdi dünyanın çox ciddi elmi laboratoriyaları, araşdırma mərkəzləri homoseksuallığın səbəbini axtarır. Ruhi, bioloji, psixoloji, irsi və s xəstəlikləri təsnifatlaşdıran bütün institutlar bu məsələni aydınlaşdırmağa çalışır. Qəti qərar, hökm yoxdu. Heç bir mərkəz buna xəstəlik adı verə bilməyib. Səbəb araşdırılırsa demək aradan qaldırmaq üçün edilir. Çünki homoseksuallığın tarixi qədimdi.

Qərbdə nisbətən tolerant yanaşılsa da şərq ölkələrində eynicinsə meyli olanları öldürür, təkləyir, bütün insani hüquqlardan məhrum edirdilər. Elə indi də bir çox şərq ölkəsində belədi. ABŞ isə demokratiyanın mərkəzi sayıldığı üçün bu məsələni insanları incitmədən həll etmək istəyib. Yəqin ki, hələlik tək yol onların hüquqlarını tanımaqdı. Sözün düzü, şəxsən mən bu mövzuda qərarsızam. Elmi və məntiqi izahı olmayan şeyləri qəbul edə bilmirəm. Homoseksuallığın da elmi və məntiqi izahı yoxdur. Buna baxmayaraq eşcinsəlliyin psixoloji izahı var. Bunları hamı bilir. Tibbi baxımdan eynicinslilik insanın bioloji təyinatına, quruluşuna ziddi. İnsan erkək və dişi hüceyrələrdən yaranır. Erkəyin və qadının təbii konstruksiyası var. Cinsi yetişkənlik dönəmində bütün insanlarda homo ereksiyalar baş qaldırır. Çünki cinslilik hələlik bioloji olaraq bəllidi, hormonal olaraq tam oturuşmur. Bu zamanla baş verir. Mənim məntiqim deyir ki, ta keçmiş zamanlardan seksual qadağalar insanlarda hormonal dəyişikliyə, pozulmaya səbəb olub –təbiətin verdiyi təbii haqqı - seksual tələbi ödənməyəndə hormonal deformasiyaya uğrayıb və bu irsi xarakter alıb. Kimsə bunu gizlədə bilibsə onun irsini daşıyan kimsə də gizlətməyib. Leqallaşması nəyə xidmət edir, problemin həllidirmi? Əmin deyiləm. Birində irsi və ya psixoloji səbəbdəndisə digərində pont, stil, cəmiyyətə etiraz, fərqlilik, əks cinsə qarşı radikallıq, üsyan kimi üzə çıxır və yayılır. Bizim ölkəmizdə isə hələlik xüsusi narahatlığa əsas görmürəm. Ramin Hacılı demiş, fransız qızının namusunu, amerikalı geyin qeyrətini, Yunanıstanın borcunu, ərəbin mədəniyyətini, Avropanın tarixi səhvlərini özünə dərd edəcək qədər problemsiz deyilik.

Sevinc Elsevər: “Homoseksuallığın yayılmasına qarşıyam”

İlk baxışda bu sualı eşidəndə özün-özünə sual verirsən. ABŞ-dan mənə nə? Amma məsələ bu qədər sadə deyil. Eynicinslilərin evliliyi mənə qəribə gəlir, bunu anlamaqda çətinlik çəkirəm. Görəsən onların bu evlənmək marağı nədən irəli gəlir? Kaş onlardakı evlənmək həvəsinin yarısı normal kişilərimizdə olaydı da, qızlarımız qarıyıb evdə qalmayaydılar. Sonra da evli kişilərə məşuqə olmayaydılar, yaxud ömürləri ah-vay içində keçməyəydi!

Cəhənnəm, bu evlənən eynicinslilərin övladlığa uşaq götürməsini heç anlamıram. O cür ailədə böyüyən uşaqların psixolojisini təsəvvür edə bilirsiniz? Gəlin, biz onda uşaqbazlara da uşaqlarla evlənmələrinə görə haqq qazandıraq. Çünki uşaqbazlıq da cinsi sapıqlıqdır. Və bu cür adamlar doludur.

Heç kimin yataq otağına soxulmağa, altına şam tutmağa nə haqqım var, nə də marağım. Amma rəsmi nikah nə üçündü başa düşmürəm. Normal qadınlar və kişilər vətəndaş nikahında yaşayırlar bu saat. Heç evliliklərini rəsmiləşdirməyə tələsmirlər. Homoseksuallığın təbliğinə qarşıyam, yayılmasına qarşıyam. Bunu “Şəhər” romanında yazmışdım. Yenə də o fikrimdə qalıram.

Valideynlər övladları ilə dost olmağı bacarmalıdırlar ki, övladlarında baş verən hər hansı psixi pozğunluğu, dəyişikliyi tez başa düşüb tədbir ala bilsinlər. Yenə deyirəm, mən homofob deyiləm. Ya mən köhnəlmişəm, çağdaş dünyanın nəbzini tuta bilmirəm, ya da bu nəsə səhv yoldur. Hisslərim və ağlım mənə belə deyir.

İsa Şahmarlı intihar edəndə ən çox üzülənlərdən biri mən idim. Homoseksualların nə təqib olunmasının lehinəyəm, nə də təbliğ olunmasının. Əgər dünya şöhrətli bir müğənni milyonlar qarşısına çıxıb "mən homoseksualam" deyirsə, onun burda nəsə marağı var. Əgər sənin kompleksin yoxdursa, niyə istəyirsən ki, homoseksualların sayı çoxalsın? Özündə cüzi maraq hiss edən bir yeniyetmənin sevdiyim müğənni homoseksualdırsa, mən niyə olmayım deyə bilər məsələn. Necə ki, ata oğulun yanında siqaret çəkməməlidir ki, oğul onu təqlid eləməsin. Homoseksuallar da bu cür humanist olmalıdırlar. Sən siqaret çəkə bilərsən, amma bunu uşağın yanında etməməlisən. Ona pis nümunə ola bilərsən.

# 1693 dəfə oxunub

Müəllifin son yazıları

# # #