Fərqanə Mehdiyevanın son müsahibəsi: "Oxucuların yadında şeirimlə qalmaq istəyirəm"

Fərqanə Mehdiyevanın son müsahibəsi: "Oxucuların yadında şeirimlə qalmaq istəyirəm"
2 may 2020
# 18:17

Kulis.az bu gün dünyasını dəyişən tanınmış şairə Fərqanə Mehdiyevanın son müsahibəsini təqdim edir.

- Ədəbiyyat, poeziya sizin üçün nədir? Ədəbiyyat olmasaydı, sizcə, dünya nə itirərdi ki?

- Mən düşünürəm ki, elə bütün dünyanın yaranışı, quruluşu, düzəni – hamısı ədəbiyyat üzərindədir, şeir üzərindədir. Elə bil dünyanın özü böyük bir şeirdir, dağlar da, çaylar da, göllər də, ulduzlar da, gördüyümüz, duyduğumuz hər bir şey onun qafiyəsidir, məzmunudur. Mənim gözümdə hər şey misradadır, hər şey şeirin içindədir. Sanki həyatımda hər bir şey şeir ölçüsündədir. Elə bilirəm ki, bu mizan, bu səliqə-sahman pozulsa, mənim də dünyam dağılar. Şeir də həyat kimidir: Şeirdə bircə söz artıq-əskik olsa, şeir şeirliyindən çıxar, uyğunsuzluq olar, ahəng pozular. Bəzən həyatımıza girən bir adam və ya baş verən hər hansısa bir hadisə düzənimizi pozur. Bizi narahat edir. Ümumiyyətlə götürsək, mənim üçün dünyanın hər zərrəsi poeziyadır.

- Şeirlərinzdə "Ana” mövzusu qırmızı xətlə keçir. Ana mövzusu sizin misralarınızda səmimi, dürüstdür Amma bilirik ki, atanız da sizi hədsiz çox sevib.

- Atam məni, doğrudan da, həddindən artıq çox sevib. O mənə bir möcüzə kimi baxıb həmişə. Mən elə bilirdim ki, evimizdən getsəm, atam buna dözə bilməz. Hərdən fikirləşirdim ki, atama görə heç vaxt ailə qurmayacam. Yəni atam, belə demək mümkündürsə, mənimlə nəfəs alırdı. Mən də onu çox sevirdim. Anamın həmişə başı işə-gücə qarışıq olurdu. Valideyn sevgisini mən ən çox atamdan almışam. Amma buna baxmayaraq, şerlərimin çoxunu anama həsr etmişəm. Bunun da, əlbəttə, müəyyən səbəbləri var. Mən gözümü açandan anamı, dərdli, yanğılı görmüşəm. Böyük Vətən müharibəsi illərinin ağrılı yanğısı onun ürəyini qovurmuşdu. Orda əzizlərindən itirdikləri olmuşdu, sevimli qardaşı gedib qayıtmamışdı. O biri qardaşını da çox cavan yaşında itirmişdi. Ona görə anam həmişə nisgilli olub. Anam müəllimə olub, həmişə kitab oxuyardı. Zümzümə eləməyi də çox sevərdi. Tez-tez bayatılar deyirdi. Yadıma gəlir ki, anam, həttatəndirə çörək yapanda da bayatı oxuyardı. Hələ balaca yaşlarımdan bütün bunlar mənim həmişə diqqətimi çəkib. Bir küncə qısılıb düşünərdim ki, anam niyə gülmür, anam niyə hamı kimi sevinə bilmir. Çox güman ki, sonradan yazacağım ana haqqında şeilərimin bünövrəsi, mayası burdan götürülüb.

- Şairlərin çoxunun təxəllüsü var. Siz nə əcəb özünüzə təxəllüs götürmək fikrinə düşmədiniz?

- Elə ilk şeilərim öz adım, soyadımla çap olunurdu. Və o zamandan elə də qaldı. Heç vaxt təxəllüs götürmək arzusunda olmadım. Ailə qurandan sonra da, soyadım elə Mehdiyeva olaraq qaldı. Çünki məni, şeilərimi artıq oxucularım bu imzayla tanıyırdı. Mənə çox adam deyirdi ki, özünə təxəllüs götür. Məsələn, böyük şairimiz Nəriman Həsənzadə dəfələrlə mənə deyib ki, sənə "Fərqanə Təndir” təxəllüsünü verirəm. O, mənim "Təndir” şeirimi çox sevir, çox bəyənir və ona görə də belə deyir. Bir çoxları da anamın adını təxəllüs götürməyimi istədilər: Fərqanə Sabah. Şeirlərimdəki yanğıya "Fərqanə Yanar” da götürməyi təklif edən olmuşdu. Başqa adlar da deyiblər, elə indin özündə də deyirlər. Amma nədənsə mənə bu adlardan heç biri yapışmadı, ürəyimcə olmadı. Həm də ki məni adımdan çox yaradıcılığım düşündürür. Mənim üçün oxucuların yaddaşında adımla deyil, şeirlərimlə qalmaq daha vacibdir, daha önəmlidir.

- Sizcə, şeir nə vaxt şeir olur?

- Şeirin havası şeir olmalıdır, şeirin ruhu şeir olmalıdır. Yəni bütövlükdə şeir olmalıdır. Şeri ruhu titrətməyi bacarmalıdır, insanın ürəyinin ən incə tellərinə toxunmalıdır. Yəni oxucu şeiri oxuyanda həmin hissləri yaşaya bilməlidir. Əgər toxunmursa, ürəyə yanğı vermirsə, duyğulandırıb ağlada bilmirsə, o şeir deyil, sadəcə, söz yığınıdır.

- Şeir və şeirlərinə mövzu seçimi barədə də danış bir az.

- Həmişə mövzu axtarıram. Hər yerdə, hər vaxt bu haqda düşünürəm. Bir dəfə Bakı Univermağının qarşısında dayanmışdım. Bu, çoxdan baş verib. Bir nimdaş geyimli, yaşlı, kök bir qadın mənə yaxınlaşıb məndən saatı soruşdu. Ona saatı dedim, getdi. Arxasınca baxa-baxa qaldım. Hey düşündüm ki, görəsən, vaxt, zaman, bu qadının nəyinə gərəkdir? Bir dəfə də yolda gedirdim. Bir qara qız gördüm. Elə danışırdı, gülürdü. Bir misal yadıma düşdü: Qara qızın dərdi var. Yol boyu düşündüm ki, görəsən, bu qara qızın dərdi nədir? Belə-belə hadisələr məni düşündürür. Nəticədə bir də baxırsan, yeni şeir yarandı.

- Sifarişlə və ya hansısa müsabiqəyə təqdim etmək üçün şeir yazmıssız?

- Yox, mən heç vaxt elə şeir yazmamışam. Mənə elə gəlir ki, mən onu yazsam da, ilk növbədə, elə özüm də onu bəyənmərəm, yəni özümə süni gələr. Əminəm ki, bu cür yazılmış şeiri oxucum da məndən qəbul etməz, o dəqiqə duyuq düşər.

- Şelərinizə mahnılar bəstələnib...

- Mənim şeirlərimə Tahir Əkbər, Xanım İsmayılqızı çox gözəl mahnılar yazıb. Onlar da vaxtında, zamanında çox populyar mahnılar idi. Eşidəndə çox qəribə hisslər yaşamışdım. Sevincim birə-beş artmışdı. Amma bunu da qeyd edim ki, mən özüm heç vaxt şeirlərmi bəstəkarlara təqdim etməmişəm. Onlar özləri jurnallarda oxuyub, seçiblər. Mənim üçün də çox xoş bir sürpriz olub.

- Qiraətçilər bəzən şeirləri elə səsləndirirlər ki, yazıldığından daha qəşəng qulağa yatır. Bəzən də əksinə...

- Ağalar Bayramov mənim "Şəkil" şeirimi səsləndirib. Amma mənə hərdən elə gəlir ki, şairin özünün yazdığı kimi, misralarda ölüb-dirildiyi kimi, hiss etdiyi kimi başqa heç kim hiss edə, deyə bilməz. Amma mən, açığı, öz şeirlərimi özüm səsləndirməyi sevirəm...

- Şairlikdən, şeirdən, ədəbiyyatdan yorulduğunuz, bezdiyiniz vaxtlar olub bəs? Məsələn, heç demisiniz ki, ondansa yaxşı bir mühasib, müəllim, mühəndis olardım...

- Düzdür, qaçmaq istədiyim vaxtlar da olub. Amma mənim ən ağır vaxtlarımda, ən çətin, çıxılmaz vaxtlarımda şeirlərim mənə dayaq olub. Təbrizdə yenicə ağır əməliyyat keçirmişdim. Əməliyyatım da ad günüm ərəfəsində olmuşdu. Özüm çox pis edirdim, nə mənəvi, nə də fiziki gücüm qalmışdı. Oralarda yaxşı tanınan Ağayi Səttari öz evində mənim 50 illiyimi təşkil etmişdi. Çoxlu qonaqlar, şairlər, yazarlar da toplaşmışdı. Məni xəstəxanadan ora aparmaq istədilər. Amma əməliyyatdan sonra yorğun idim, əzgin idim. Ümumiyyətlə, yataqdan qalxa bilmirdim. Həyat yoldışam da yanımda idi. Mən ağladım. Böyük şairimiz Səməd Vurğunun 50 illiyinə gedə biməməsi düşdü yadıma. Nəysə çox pis oldum, çox kövrəldim. Hamı da qalxıb gəlməyimi istəyirdi. Mən birdən-birə özümdə qəribə bir güc hiss elədim. Çox çətinliklə də olsa ayağa qalxdım. Yoldaşım mənə kömək elədi, birlikdə getdik ora. Hardasa yüzə yaxın adam toplaşmışdı. Evə daxil olan kimi, məni hamı alqışladı. Mən elə bil ki, yenidən dünyaya gəldim. Və o cür çətin anlarımda, ağrılı anlarımda məni şeir yaşatdı, şeir yenidən həyata qaytardı. Başa düşdüm ki, məni yaşadan elə şeirdir, poeziyadır...

- Gənc şairlərdən, şairlik iddiasında olanlardan danışaq bir az. "Ulduz” jurnalında onlarla belə gənclərin şeirlərini oxuyursunuz. Onlara barədə fikriniz, münasibətiniz necədir?

- "Ulduz” gənclik jurnalı olduğu üçün biz elə gənclərlə ünsiyyətdəyik. İnanın ki, hər cür şair və "şairlə” rastlaşırıq. Onlardan məqsədli şəkildə ədəbiyyata gələnlər də var. Belələri, əslində, həmişə olub. Baxırsan ki, müəyyən qəzetlərdə, jurnallarda çap da edilir. Amma oxuyursan, görürsən ki, ortada bir şey yoxdur. Bilirsiniz, mən düşünürəm ki, şairlik insana Allah tərəfindən verilir. Bu, xüsusi bir istedaddır. Ya var, ya da yoxdur. Bu gün gənclərin üzünə açılan qapılar bizim dövrdəki kimi deyil. İndi gənclər üçün yaradılan şərait daha yaxşıdır. Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcidin Gənc Ədiblər məktəbi gənclərin istiqamətlənməsində böyük rol oynadı. Bunlar çox yaxşıdı. Onların yazdıqları oxunulur, müzakirəyə çıxarılır. Və təbii ki, bu cür müzakirələr püxtələşmək üçün çox vacibdir. Bu cür ocaqlara yığışan uşaqlar, ədəbiyyatda artıq öz sözlərini demiş, tanınmış yazıçılardan, şairlərdən çox şey öyrənə bilirlər. Ən azından ordan yaxşı bir oxucu kimi çıxa bilirlər. Ümumiyyətlə, istedadlı cavanlar da çoxdur. İstedadı olmayıb "Niyə şeirim çap olunmur” deyib, dava döyən gənclərimiz də var. İstedadlılar bizə şeirlərini təqdim edəndə, gəlib qapını sındırmırlar ki, şeirim nə vaxt çap olunacaq və ya niyə çap edilmir. Çünki istedadlarına arxayındırlar. Mədəni şəkildə çap olunacaqlarını gözləyirlər. Amma istedadsız adamlar həmişə ədəbi redaksiyaların qapısının ağzını kəsdirirlər. Bu da həmişə olub. Ona görə də məşhur bir ifadə var: "İstedadlı adama kömək etmək lazımdır, istedadsız onsuz da özünə yer edəcək!” Bəziləri də prezident təqaüdü alan kimi, bir-iki mükafat alan kimi, özünü itirir. Və sanki ulduz xəstəliyinə tutulur ki, filankəs mənim kitabıma ön söz yazıb, mən filan mükafatı almışam, filan yerdə çap olunmuşam. Məsələn, bəziləri gəlir ki, filankəs mənim şeirimə mahnı yazıb, filan Xalq artisti də həmin mahnısını oxuyub. Siz niyə bəyənmirsiniz? Başa sala bilmirik ki, kiminsə şeirə mahnı bəstələməsi, kiminsə onu oxuması, hələ göstərici deyil. Və bizim də işimiz bizə gələn şeirləri oxuyub doğru-düzgün rəy vermək, çap etməkdir. Bizi maraqlandıran müəllif deyil, müəllifin yazdığı mətndir. /artkaspi.az/

# 3679 dəfə oxunub

Müəllifin son yazıları

# # #