Qatarda adam soymuşdum! – Əlisəmid Kürdən MARAQLI ƏHVALATLAR

<b>Qatarda adam soymuşdum! – <span style="color:red;">Əlisəmid Kürdən MARAQLI ƏHVALATLAR </b>
22 sentyabr 2017
# 15:30

Kulis.azın “Maraqlı adamlar” layihəsinin budəfəki qəhrəmanı tanınmış şair Əlisəmid Kürdür. Layihədə tanınmış sənət adamlarının başına gələn əhvalatlar təqdim olunur.

***

İmkanlı dostların təşkil etdiyi məclislərin birində Əlisəmid Kür qızğın söhbət edirmiş və sübut etməyə çalışırmış ki, ədəbiyyat həyatdan, hisslərdən, yaşantılardan gəlməlidir. Sonra bir şeir oxuyur. Şeirdə belə bir misra varmış: “Altı yeyilibdi ayaqqabımın!”

Əlisəmid bu misranı deyəndə altı həqiqətən yeyilmiş ayaqqabısını çıxarıb dabanını stola çırpır.

Varlı dostlarından biri Əlisəmidlə gələn yazarın qulağına əyilir:

- Şair neçə razmer geyinir?

...Bir azdan məclisə təzə ayaqqabı gəlir...

***

Liviyada ağır döyüşlər gedən vaxt Əlisəmid Kür tanınmış diktor Nəsimi Nəbizadə ilə bir məclisə düşür. AzTV-dən tanıdığı Nəsiminin oturuşuna, duruşuna, danışığına, yeyib-içməsinə xeyli tamaşa edib yanında oturana deyir:

- Bu gədə Qəddafi tərəfdən döyüşən əsgərlərə oxşayır!

***

Bilənlər bilir, ədəbi mühit xəbərçilərlə doludur. Əlisəmid Kür belə adamları asanlıqla tanımaq qabiliyyətinə malikdir. Bəzən şair onları yaxınlarına da tanıtmaq istəyir. O zaman “Nəsimi” filmindəki məşhur frazanı parol kimi işlədir:

- Mən bu dərvişləri Toxdamışın ordusunda görmüşəm!

***

Həbs olunan vaxt Əlisəmid Kür məhbəsdən çətinliklərlə ruhi xəstəxanaya köçürülür. Bir müddət orda qalan şair darıxdığından ruhi xəstəxanadan qaçır. Taksiyə oturub özünü Zəlimxan Yaqubgilə yetirir. Yolda təsadüfən Adil Mirseyidlə rastlaşır. Onu da taksiyə götürür. Zəlimxan müəllimgilin həyətinə çatanda axşamçağıymış. Həyətdən taksinin üstünə işıq düşürmüş və bu işıqda Adil Mirseyidin maşının pəncərədəki üzü yumru şüşəli eynəyi ilə çox poetik və romantik görünürmüş. Heç özünə oxşamırmış. Əlisəmidin dəlixanadan belə laubalı gəlişinə çaşan Zəlimxan Yaqubu bir yandan da maşındakı adam həyəcanlandırır:

- O kimdi? – Əlisəmiddən soruşur. Həm də öz aləmində bu sualla onun ağlının yerində olub-olmadığını yoxlayır. Əlisəmidin cavabı şairi diksindirir:

- Hüseyn Cavid! Yolda rastıma çıxdı, oturtdum taksiyə, gətirdim.

***

“Yol” qəzetinin baş redaktoru olduğu vaxtlar Əlisəmid Kürə bir qadın vurulur və hisslərini ifadə eləmək üçün ona məktub yazır. Ancaq şairi tapıb məktubu verə bilmir. Odur ki, aparıb redaksiyaya qoyur. Əlisəmid gələndə məktubu ona çatdırırlar. Məktub belə başlayırmış: “Əzizim, Kür...”

Əlisəmid ilk sözləri oxuyub əsəbləşir:

- Kür nədir, alə? Başı xarabdı bunun... Kür! Yox bir Araz!

***

Ədəbiyyatdan kənar olan dostlarından biri Əlisəmidə zəng edir:

- Salam, Əlisəmid necəsən?

- Sağ ol, qardaş, sağ ol. Niyə zəng vurmusan? – sevincək soruşur.

- Heç... Eləcə yadıma düşdün... Dedim hal-əhval tutum.

- İşin düşməyib, qonaqlıq da vermirsən, bəs nəyə zəng eləmisən?

***

Şair Aydın Uluxanlının “Neftçilər” tərəfdəki kasıbyana kafesi Tərcümə Mərkəzində işləyən Əlisəmid Kür və Mövlud Mövludun tez-tez getdiyi yerlərdən idi. Hər gün, iki gündən bir, ən geci həftədə bir dəfə araq alıb ora gedirdilər, Aydın Uluxanlı da onlara pulsuz kükü bişirirdi.

Bir gün tərsinə olur: Aydın Uluxanlı Tərcümə Mərkəzinə gəlir. Qoltuğunda da təzə şeirləri. Tərs kimi “Aydın yol” qəzetinin baş redaktoru Yaşar şeirləri bəyənmir və Aydını əliboş qaytarır. Aydının koridorda gileylənə-gileylənə gəzişdiyini görən Əlisəmid Kür və Mövlud Mövlud utandıqlarından otaqdan çıxmırlar. Nəhayət həyəcanlı dəqiqələr sovuşur, Aydın Uluxanlı çıxıb gedir. Dərindən ah çəkən Əisəmid Kür boynunun arxasını əsəbi şəkildə qaşıyaraq Mövluda baxır və gülə-gülə deyir:

- Küki!

***

Əlisəmid Kür bir gün Adil Mirseyidin evinə gedir, görür ki, dostu çox ağır şəraitdə yaşayır. Əsəbiləşir:

- Alə, yazanda Sena çayından yazırsan, deyirsən akvariumda balıq saxlayıram. Özüü yaz da, özüüü...

***

Başqa bir vaxt yenə Adil Mirseyidə irad tutur:

“Gəlib 28-də mənnən “sabrazim”ə araq içirsən, şeiri də Elçinə yazırsan!”

***

Əlisəmid Kür Rafiq Tağı ilə qarşılaşır və deyir:

- Rafiq, yazılarına diqqət elə, bir gün səni yortacaqlar!

Rafiq Tağı hirslənir:

- Bəyəm, yam-yamlar ölkəsində yaşayırıq?

Qəribədir, bu əhvalatdan bir müddət sonra, elə həmin dialoq olan yerdə Rafiq Tağını bıçaqlayırlar.

***

Həmid Herisçi Əlisəmid Kürdən yazı yazır, adını da “Dəlisəmid” qoyur. Yazı çap olunandan sonra təsadüfən qabaqlaşırlar. Əlisəmid Həmid Herisçini yaxalayır. Əlisəmidin əlindən qurtara bilməyəcəyini görən Həmid Herisçi deyir:

- Alə, olmasın Dəlisəmid, olsun Dəlihəmid!

Bu istedadlı söz və hərf oyunu Əlisəmidin xoşuna gəlir və o yumşalıb gülümsəyir.

***

Yazıçılar Birliyinin Natəvan klubunda Əlisəmid Kürün ad günü qeyd olunur. Şair Oqtay Rza tribunadan çıxış edərkən deyir:

- O vaxt Əlisəmidi milli azadlıq hərəkatına qoşulduğuna görə həbs eləmişdilər.

Əlisəmid Kür yerindən qalxaraq Oqtay Rzanın sözünü kəsir:

- Yalan demə, qatarda adam soymuşdum!

***

Şair Tofiq Qaraqaya hər gün gəlib Əlisəmid Kürə deyirmiş ki, gəl, səhərlər dəniz qırağında qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək və s.

Hər dəfə Əlisəmid bu təklifdən sonra üzünü turşudub susur və siqaretə cumurmuş.

Günlərin birində Tofiq Qaraqaya yenə həmin təklifini təkrar edəndə, Əlisəmid əsəbindən partlayır:

– Tofiq, bəsdir də, atam xəstə, anam xəstə, bir qardaşım türmədə, biri dəlixanada. Özüm də arvadımdan təzə ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay filan-filan, hansı gününə qaçırsan?!

***

90-larda sərhədlər yenicə açılan vaxt cənublu bir tələbə Əlisəmid Kür qalan yataqxana otağına gəlib ehtiyat lapmıçka soruşur. Əlisəmid otağındakı lampıçkanı açıb ona verir, özü qaranlıqda oturur.

# 2290 dəfə oxunub

Müəllifin son yazıları

# # #