Yar ləbindən postmodernist busə almaq - Filosof yazır...

Yar ləbindən postmodernist busə almaq - Filosof yazır...
7 noyabr 2019
# 17:30

Kulis.az filosof, ədəbiyyatşünas Rahid Uluselin "“Dişi ədəbiyyat”, yaxud Söz ovxarı" yazısını təqdim edir

1. Postmodernist Aşıq Ələsgər

Zülmətdə şimşək qılıncların rəqsi
Qarışıq cinslərin orgiya-seksi
Dul mələklərin neqativdə əksi
Cırır yaxasını sütül postmodernist
Söndürmür atəşini ayran, pepsi
Duelə çağırır Saz Ələsgəri
Birbaşa ölümə aparır taksi...

***

Qoy mələr qalsın məmələri şux anan, bığıburma atan:
Səni doğa bilər postmodern nənə süni mayalanmadan.

***

Ey şair! Şərqin döşəyində “yarın ləblərindən busə” dərmək bitmədimi?!
Bil! Sənin itib batdığın dünya – nəhənglərin yedəyində salxaq bir gəmi.

***

Şou-biznesdi bu ha, cənablar, bütün səviyyələri malalar, qrimlər.
Özünüzü tox tutun – sənətin dibindəkilərini başda görəndə.

***

Hamı gedir işıq olan tərəfə.
Biz qaçırıq deşik olan tərəfə.

***

Gülzadələrə hörünü süzdü qədəh-şeirinə
Tüstülü-qəlyanlı çayxana küncündəki şair.

Ustadlara atdığı kirtək olsa da “klas”yerinə,
Heç bilmədi bir dənəcikmiş kal əncirdəki şair...

***

Elə potabaş var, içində bir baş da var –
Hər hökm yalnız onun, özü boş-boş dınqıldar.

***

Biz ki belə deyildik, bəs niyə olduq belə:
Şələni lələ basıb, yoxsa lələni şələ?!
Hürkür hamı özündən, divarda göz axtarır –
Əl ayağa qandaldır, dil də kəlləyə tələ!

***

Hərə bir nəsnə kəşf edib: bəs biz nəyi?
– Özümüzü içimizdə öldürməyi.

***

Yazar qapar hər yazarın artığın,
Varsa onun qafasında yırtığı.

***

Böyüdükcə keçəl sözlə həmzə-həmzə
Senzor köçdü idarədən içimizə.

***

Hətta ürək sözləri tərcümə tək dilində –
Əslinisə gizlədib şaxta dərinliyində.

***

Düş qotur yabılardan, kimin sənə ərki nə:
Kimin atı çapırsa, gəl, min onun tərkinə!

***

Məhəmmədin yanına dağ gəlmirsə, neyləyək:
Dağdan dürmək düzəldib, qurtarınca çeynəyək.
Məhəmmədi ortadan iki yerə ayıraq:
Yarısından – yerində dingildəyən cırtdan dağ,
Yarısından tər şair – Lal Məhəmməd qayıraq.

***

Sən onu təriflə, o səni tərifləsin:
Elə bunu istəyir Sözün düşməni cin.

***

Heç çəkmisənmi, indiyədək intellektual aclıq?!
Çəkmədiyindəndir ki, toxluğunun daddığı – palçıq!

***

Alplıq, ərənlik, özgürlük, ulusallıq paslandıqca qında:
Dartılacaqsan – Şahnamə ilə Müsibətnamə arasında.

***

Dərk olunmamış həyat lağlağısından, hırıltısından bəlli:
Pıtrağı təmizlənməmiş absurd ardınca gələcək sellə!

***

Çox axtardılar bizdə gözəlin yanağında, buxağındakı xalı:
Amma görmədilər onun necədir toplumdakı, dövlətdəki halı.

***

Burulsa idiomlarında, itsə məcazlarında ədəbiyyat, əlbət, o qədər yaxşı:
Taxılanda gerçək sözə nizə, qalar saçları sığallı, pozulmaz üstündəki nəqşi.

***

Şair ki gördü dünyanı qurşağından aşağı,
Sözü heç qalxmayacaq başağından yuxarı.

***

Barrikadalar arasında neytral poeziya:
Sevinir yayındığına çovuyan güllələrdən.
Arxayın zamanlardasa, görəcəksən, budur ha:
Sərdi onu yerə quş dimdiyindən düşən bir dən.

***

Heç görmüsünüzmü, büzüşən dahini:
Arasında məhz belə o, min cahilin.

***

Harda itdi, harda batdı, ədəbiyyat, cövhərindəki kişilik:
Bütün vücudundan yağır zil həzzə yanıq yastılanan dişilik.

***

Quyudadır Batı da, quyudadır Doğu da –
Oyananla uyuyan seçilməzmiş, doğrudan...
Tək fərqini anladım dibindən gələn səsdən:
Biri ayaq üstdədir, biri kəlləsi üstdə.

***

Burulğanlar dünyasının qırağında dayanıb lal-mat:
Ölkəmdə yetişir qınında qıvrılan bir ədəbiyyat...

***

Beynindəki yad məfkurələrin bax ox yerinə çox-çox,
Haçan sancıldı bizə arxadan-öndən, heç xəbərin yox.

Qorxursan – çıxarsan, qanayar, yumağa tapmayasan su...
Yarandan yox, qansızlığından ulayan yalquzağından qorx!

***

Dolanıb toxdamışıq ədəbiyyat fırfırasına
Çıxmır meyarlarımız çöyür tatı-vur tatılardan

Büllurdan qəlbi, şüşədənmiş canı, tərpətmə, sınar
Loğman ədiblər gətirin doğulardan, batılardan...

***

İstinad etməyə yoxmuş kimsənən, ey şanlı ədib!
Olsaydı, çeynəməzdin saqqızın Derridanın, Bartın.
Yalanmış beynimizin çanağında özgələr bitib,
Nə varsa, oradan – Qərbin estetikasından dartın!

***

Yoxsa öndə nəzəriyyən, əldə əsasan:
Göz yox, özünü özgələrə kor əsa san!

***

Yatmamışıqsa, doğrudanmı, oyağıq?!
Ölməmişiksə, o deməkdirmi, sağıq?!

***

Avropada əlli il öncə desələr – “Müəllif ölmüş”,
Bizdə indi ayılıb deyəcəklər – “Basdırmışıq çoxdan!”
Keçmədinsə öz tarixində bir ədəbi mərhələni,
Hoppanmaların oldu hədər, bitdin, qaldın geri çağdan...

***

Görmürsən bu dəngəni, dünya düzənində dəyişən tası?!
Tarix sifariş verib: qəssab ətindən dana basdırması!

***

Tutmasan, sənin deyil göydən düşən üç alma:
Ağacını ək ki sən, gözü göydə qocalma.

***

Coşursan, daşırsan kasa içində
Nəlbəki içində deyir – “məndəki”
Xaqanlıq quran xalq boğuşur hində.
Çıxmır bu dünyanın gen sinəsinə,
Çəkilmir kaman tək, uçmur ox təki!

***

Varsa Sözün anlayanı – olmayacaq səbət altından tökülən gilas:
Yoxsa, necə sarmaşar Ustad notuna – simləri qırılmış lal kontrabas?!

***

Özünü hər nəsnədən peyvənd alıb hər nəsnəyə calasan da,
Sənəti duyğu xıltının axıb töküldüyü bir çala sanma.

***

Etmədikləri boşluq, etdikləri yanlış çapıq tək qalır tarixində xalqın.
Nəinki alp, ərən, heç cücə də çıxmayacaq, lax yumurtalar üstündən qalxın!

***

O acı janr – satira, arsızlar epoxasında düşübdü dəbdən:
Bir məxmər gicitkən ki, qalın gönləri dalasın gərək hərdən!

***

Bu qırmanc dibdən çalacaq hər nəhsi, tərsinə çevrilmiş hər kəsi:
Gözünüz aydın, yeni bir zaman gəlir – taziyanə zəmanəsi!

***

Özünü şumlamadınsa, əsər deyilmiş yazdığın:
Toxum deyilmiş əkdiyin, yoxsa qəbirmiş qazdığın?!

***

Hansı söz yandırar səni,
O da oyandırar səni.

***

Gərilirəm mənanın dib qatını tapınca,
Sən də yürü formanın üst layına çatınca.

***

Qəhrəmanlıqdır – həqiqəti hənirindən tanımaq,
Ən məşum yalanı bilməkdir – zər libasında yamaq.

***

Doğranılmaz, parçalanmaz bu Çağın hökmü – Sənin:
Tikələndirsən onu – gündüzü yox kimidir bu gecənin!

***

Çağın minalanmış ərazilərindən qıvrılıban keçməliyik biz:
Olmaq istəmiriksə qətiyyət anında duruxan bir gələcəksiz!

2.

Vermədinsə dünyaya dalğa-dalğa əks-səda,
Heç qalmayacaq səndən bir quruca eks-səda!

***

Dünyanı çöndərəcək hadisəni yaradanlar var!
Bir də ondan gec xəbər tutduğuna peşman olanlar!

***

Baxın ilgəklənmiş göy tavanına: yüz milyonlarla insan –
Asılıb yellənir ölü məfkurələrin dar ağacından.

***

Sən yarımçıqlığında görürsənsə hər yanı –
Bütövlüyündə dərk etməməkdəndir dünyanı.

***

Necə fikir dönər közə –
Səni yandırıb keçməsə?!
Necə bütöv doğular o –
Səni tən yarıb keçməsə?!

***

Gör necə batır taxtaya başına çəkiclə vurulan mismar –
Qısqırdılan ordu-ordu insanların mayasında ondan var.

***

Yanılma xiyabanında ilğımdan absurda dönmək gör necə asan:
Yağdırılan gülüşlərdən yayxanacaq, qapazı sığal sanacaqsan!

***

Hardan doğdu bu məntiq: “Başlı başın saxlasın”:
Tərpənməz daşları bəs başsız necə laxlatsın?!

***

Yırtıq mənəviyyatlar lüt soyunub çimir çamır altında daha:
Yağ damızdırır şit yumor arsızlığına çəllək-çəllək qəhqəhə!

***

Solduqca, vağamlaşdıqca içimizdə Dədə Qorqud
– Salxımlanıb sallanır yerində cır-cır dedi-qodu.

***

Söz-sənəti basır bit,
Tənqidçi gedəndə küt.

***

Sözün erkəyi itlərə qursaq:
Şair – sarayın dekorudursa.

***

Yengəliyini tərgitsə əgər tənqid, tapar zatın:
Utanar, olmaz daha züytutanı ədəbiyyatın.

***

Sən orda turp satırsan, mənsə burda yerkökü.
Sən orda yat, mən burda, bəs Vətəni kim tikə?!

***

Əhsən! Otuz cildlik külliyyatında hər şey var, ey böyük ustad!
Hətta it ilində ali sünnət toyunda söylədiyin tost da.

***

Ey şair! Dünyadan söz dərdiyin yetər, indi onun közünü dər.
Yetişibsən, şirən damır, qıvrılıban saplağından özünü dər.

***

Bütləşdi gözündə rəsmiyyə.
Gecə-gündüz yazdı mədhiyyə.
Yıprandı içində fəxriyyə.
Ağlar günə qaldı biçarə –
Ömrü dönüb oldu mərsiyə.

***

Şairin üstünə ilham pərisi soyunub yerinə girəndə gəlir,
Xəstənin üstünə təcili həkim Əzrail əlini verəndə gəlir

# 3562 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #