Qızı məşhur akademikdən yazdı: “Cahillərin  hücumu atamı məhv etdi”

Qızı məşhur akademikdən yazdı: <span style="color:red;">“Cahillərin  hücumu atamı məhv etdi”
2 mart 2018
# 12:42

Müdriklər dünyanı qaranlıq, zülmət, elmi isə bu qaranlığın içində bir işıq, nur kimi mənalandırmışlar. Elm bütün sərvətlərdən üstündür və ona yiyələnmək hər bir insana vacibdir. İnsan ağır zəhməti hesabına biliklərə yiyələnir, elmə böyük töhfələr bəxş edərək tərəqqiyə çatır və daha uca bir rütbəyə – alim adına layiq görülür.

Atam – AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (1936-2003) “Bəhmənyar istisna olmaqla orta əsrlərdə Azərbaycanda “xalis”, peşəkar filosofların yaşamadıqları” haqqındakı yanlış müddəanı elmi şəkildə təkzib etmişdir. Zakir Məmmədov bu barədə yazmışdır: Fəlsəfi və sosioloji fikrimizin öyrənilməsində akademik H.Hüseynovun xidməti xüsusi qeyd edilməlidir. O, ilk dəfə olaraq Azərbaycanın orta əsr peşəkar filosofları ilə maraqlanmış, Bəhmənyarın 1851-ci ildə ərəb və alman dillərində Leypsiqdə, 1911-ci ildə ərəb dilində Qahirədə çapdan çıxmış “Metafizika elminin mövzusu” və “Mövcudatın mərtəbələri” traktatlarını aşkar edib araşdırmışdır. Professor Ə.K.Zəkuyev cəmi bir çap vərəqindən az həmin iki traktatdan əlavə Bəhmənyarın məxəzlərdə saxlanılan bəzi kəlamlarını və İbn Sinaya bir məktubunu tədqiqata çəkərək “Bəhmənyarın fəlsəfi görüşləri” (1958) kitabını yazmışdır. Antik fəlsəfənin və Avestanın məşhur tədqiqatçısı akademik A.O.Makovelski də Bəhmənyar haqqında maraqlı mülahizələr söyləmişdir. Qeyd etmək lazımdır ki, Bəhmənyarın fəlsəfi mövqeyinin qiymətləndirilməsində o zaman əldə olan faktik materialın azlığı üzündən ciddi fikir ayrılığına yol verilmişdir.

Ə.K.Zəkuyev “Bəhmənyarın fəlsəfi görüşləri” (1958) kitabında yazmışdır: “İbn Sina və onun şagirdi Bəhmənyarın fəlsəfi görüşlərini sözün dar və adi mənasında orta əsrlərdə Yaxın Şərq fəlsəfəsinin soz sözü adlandırsaq səhv etmərik. Bəhmənyar feodalizm dövründə, Yaxın Şərqdə son görkəmli peşəkar peripatetik filosof idi. Bəhmənyardan sonra Yaxın Şərqdə peripatetik fəlsəfə tənəzzülə uğrayır və öz əvvəlki əhəmiyyətini itirir”. (səh. 88-89).

Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmaları nəticəsində ilk dəfə olaraq bildirmişdir ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurların qazanılmasında Bəhmənyarın və onun məktəbinin xidməti misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində Bəhmənyar böyük xidmət göstərmişdir. Azərbaycan filosofunun istedadlı şagirdlərindən Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı. Bununla da, müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur. Öz müəllimi İbn Sina kimi Azərbaycan filosofu da bir sıra görkəmli alimlər hazırlamışdır. Onlardan Əbülabbas Fəzl ibn Məhəmməd Ləvkəri Mərvi onlardan daha çox tanınmışdır. Zakir Məmmədov ilk dəfə böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyamın (1048-1131) da Bəhmənyarın şagirdi olduğunu göstərmişdir.

Zakir Məmmədovun tədqiqatı nəticəsində məlum olur ki, Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri tərəfindən inkişaf etdirilərək Rəcəbəli Təbrizidə (...-1669) sona çatmışdır. XVII əsrdə tənəzzülə uğramış klassik fəlsəfi irs XVIII əsrdə sükuta varır.

Zakir Məmmədovun bütün tədqiqatları ilk mənbələr əsasında olmuş, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf etmişdir. Tədqiqatçı Bəhmənyarın geniş həcmli “Təhsil” əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Lakin həmin traktat rus dilinə tərcümə edilərkən Zakir Məmmədov tərcümə işindən uzaqlaşdırılmışdı. Baxmayaraq ki, “Təhsil” kitabı atamın müraciəti ilə Azərbaycana gətirilmişdi.

Zakir Məmmədov təbiətən dözümlü insan idi. Məhz buna görə də haqsızlıqlara dözür, həqiqi alim kimi tədqiqat işini davam etdirirdi. Bəhmənyarın “Metafizikanın mövzusu”, “Mövcudatın mərtəbələri” traktatları ilə bərabər “Təhsil” kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilmiş, “Təhsil” kitabının kiçik bir hissəsi, iki traktat isə bütöv şəkildə “Şərq fəlsəfəsi (IX-XII əsrlər)” kitabında (BDU nəşriyyatı, 1999) çap olunmuşdur. “Təhsil” əsərini ilk dəfə olaraq tam halda tədqiqata da atam cəlb etmişdir.

İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov filosofun bir çox traktatlarını Azərbaycan dilinə tərcümə etsə də, yalnız ikisi çapdan çıxmışdır. Tədqiqatçı Şihabəddin Sührəvərdinin “Filosofların görüşləri” traktatını ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çap olunmuşdur. Filosofun “İşıq heykəlləri” traktatını Azərbaycan dilinə tərcümə edən atam şəxsi vəsaiti hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir.

Milli fəlsəfi irsimizi tədqiq və təbliğ etmək şərəfli işdir. Mənbələr əsasında orta əsr Şərq filosoflarının təlimlərini hərtərəfli və geniş şəkildə araşdırmış Zakir Məmmədov Azərbaycanda onların yeganə tədqiqatçısı olmuşdur. O, dünya şöhrətli filosoflarımızın irsini tədqiq etməklə bərabər, onların elmi ictimaiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır. Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul etmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan MEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Nazirlər Kabineti qərarlar qəbul etmişdi. Alimin təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urməvinin anadan olmasının 800 illik yubileyi münasibətilə əlaqədar Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən qərar qəbul edilmişdir. Zakir Məmmədov bu dövrdə Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileylərini, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyini qəzet və jurnallarda məqalələr çap etdirməklə keçirmişdi.

Atam Azərbaycan fəlsəfi irsinə dair mövcud olan təsəvvürləri və münasibətləri dəyişdirmiş, Azərbaycanda dini fəlsəfə ilə yanaşı elmi fəlsəfənin də mövcud olmasını öz əsərlərində sübut etmişdir. Z.Məmmədov tədqiqatlarında orta əsrlərdə xristian aləmində sxolastika və mistika yayıldığı bir dövrdə, Azərbaycanda dini fəlsəfə ilə yanaşı elmi fəlsəfənin vüsətli inkişafı sayəsində dünya mədəniyyəti zənginləşməkdə davam etdiyini göstərmişdir. O, konkret olaraq aşkar etmişdir ki, Şərq fəlsəfəsi tarixində geniş yayılan üç mühüm elmi-fəlsəfi təlimdən ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosofları: Eynəlqüzat Miyanəci (1099-1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154-1191), digərini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi (873-950) yaratmışdır.

Zakir Məmmədov Əbubəkr Əhməd Bərdici, Məhəmməd Bərdəi, Məhəmməd Bakuvi, Eynəlqüzat Miyanəci, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Nəcməddin Naxçıvani, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Məhəmməd Qarabaği, Rəcəbəli Təbrizi və başqa bu kimi filosoflarımızın, mütəfəkkirlərimizin fəlsəfi mövqeyini düzgün müəyyənləşdirmiş, onların ilk tədqiqatçısı kimi fəlsəfə tariximizdə yer tutmuşdur.

Elmi yaradıcılığa başladığı zamandan Zakir Məmmədovun əsərləri plagiata məruz qalmış, keçən əsrin 90-cı illərindən etibarən plagiatların sayı artmışdır. Bu ilk öncə plagiatorların əksəriyyətinin əvvəllər sovet dövrünün “əhval-ruhiyyəsinə” uyğun olaraq tədqiqat işi yazdıqları, hazırkı dövrdə isə bu “tədqiqatların” əhəmiyyətini itirməsi ilə əlaqədardı.

Müasir dövrdə Zakir Məmmədovun əsərlərindən plagiat edib, ona hücum edənlərin sayı çoxalmışdır. Atamın vəfatından, eləcə də milli fəlsəfi irsimizi öyrənmək “dəbə düşdüyü” üçün bu sahədə “yeni tədqiqatçılar” meydana çıxmışdır. Onlar atamın tədqiqatından əlavə yeni bir fikir söyləyə bilmədikləri üçün Zakir Məmmədovun milli fəlsəfi irsimizin araşdırılması sahəsindəki xidmətlərini tədqiqatını köçürməklə, “görməməklə”, inkar etməklə mənəvi cəhətdən də məhv etmək istəyirlər. Bu məqamda Ulu Nizaminin bir kəlamı yada düşür: “Çox məni inkar edənlər əllərində qılınc gəldilər, mənə qılınc vurdular, lakin öz şamlarını söndürdülər”.

Elmi araşdırma aparmaq böyük zəhmətdir. Bu baxımdan Ulu Nizaminin bir kəlamını xatırlatmaq lazımdır: “Gəl gecə mədən qazmağımı gör, mədən qazmaq deyil, öz canımı qazmağımı gör. Hər dürrü ki, ağzımdan çıxartmaq istəyirəm, neçə vuruşla döş-döşə gə­li­rəm. Yüz dəfə odlanıb beynimi yandırmaqla gecələr bir şəb­çı­raq ələ gətirirəm”.

Elmin qüvvəsi insanın gözünə işıq verir, zehnini nurlandırır. Bu baxımdan elmlini elmsizdən, savadlını savadsızdan, alimi cahildən fərqləndirmişlər. Quranın “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” ayəsində alimi cahildən, haqqı nahaqdan ayırmağın zəruriliyi göstərilmişdir. Nizami Gəncəvinin “Hər uca rütbədən alimin rütbəsi daha ucadır” kəlamında isə alimin tutduğu mövqe yüksək qiymətləndirilmişdir.

Üzeyir bəy Hacıbəyov yazır: “Dünyada iki şey var: haqq və nahaq.

Kişilik nədədir?

Kişilik ondadır ki, tutduğun işin nahaq olduğunu sənə bildirəndə boynuna almaq və bir də özgəsinin tutduğu işin də haqq olduğunu iqrar etmək. Hərgah hər bir işimizdə belə mərdanə olsaq, böyük hünər sahibi olardıq”.

Plagiatorların, “alimlərin” sayının artması nahaq işin daha da artması deməkdir. Lakin onlar tutduqları işin nahaq olduğunu etiraf etmirlər, əksinə, plagiatorlar, “alimlər” nahaq işi ifşa edənə hücum edirlər. Plagiatorlar etdikləri qanunsuzluğa görə cəzalandırmır, əksinə mükafatlandırırlar. Bu da təbii olaraq plagiatorların çoxalmasına gətirib çıxarır. Bununla da həqiqi alimlərin əsərləri daha çox köçürülür, mənimsənilir. Belə acınacaqlı halın baş verməsinin əsas səbəbi plagiatorları, “alimləri” müdafiə edənlərin olmasıdır.

Tarix boyu elmdə yüksək mövqe tutan hər bir insanın qazandığı uğurları və müvəffəqiyyətləri başqalarının paxıllığını doğurur. Əsrlər boyu sözün həqiqi mənasında elmlə məşğul insanlar onlara edilən paxıllıqla, həsədlə qarşılaşmışlar. Bu paxıllıq isə pisliklərə gətirib çıxarmışdır. Ensiklopedik alim Nəsirəddin Tusi paxıllığın ən təhlükəli növünün alimlər arasında olduğunu xüsusilə qeyd etmişdir. Onun fikrincə, dünya malı öz təbiəti etibarilə, ehtiyac üzündən paxıllığa səbəb ola bilər. Eləcə də əgər bir şey yalnız bir adama məxsus olsa, mütləq bir başqası ondan məhrum qalar. Elm isə bu qanundan kənardır, çünki onu işlətmək, sərf etmək, başqalarına öyrətmək, hamının malı etmək onun artmasının və kamala çatmasının səbəbidir. Filosof bu məqamda belə qənaətə gəlir ki, elmdə paxıllıq ehtiyacdan deyil, adamın zatından doğur.

Zakir Məmmədov elmi fəaliyyəti dövründə həqiqi dostlar qazanmışdı, onlarla elmi əməkdaşlıq və söhbətlər edirdi. Nəsirəddin Tusinin bununla bağlı bir kəlamı yada düşür: Xeyirxah, fəzilətli, alim adamlar öz həmkarları, məsləkdaşları ilə məqsəd və amal ümumiliyi ilə hamıdan daha çox vəfalı, daha çox sədaqətli dost olurlar.

Göründüyü kimi, elmdəki paxıllıqdan bəhs edilərkən alimin alimə etdiyi paxıllıqdan deyil, alim adını daşıyan cahilin alimə etdiyi paxıllıqdan söhbət gedir. Çünki alimlər bir-birlərinin əməyini yüksək qiymətləndirir, bir-birlərinin müvəffəqiyyətlərinə sevinir və qarşılıqlı şəkildə bir-birlərinə ehtiram göstərirlər.

Biliklərə yiyələnmək, elmlə məşğul olmaq insanı bəd əməllərdən uzaqlaşdırır, düzgün yola yönəldir. Xeyirxah əməllər sahibi olan alimlərin yaratdıqları qiymətli əsərlər yüz illər keçsə də elmi dəyərini saxlayır və bu əsərlərə görə onlar tarixdə əbədi yaşayırlar.

Elmi tədqiqatımla bərabər atamın çap edilməmiş kitablarını nəşrə hazırlamaq davamçısı və övladı kimi müqəddəs borcumdur. Alimin çoxillik elmi tədqiqatının nəticəsi olan “Şihabəddin Yəhya Sührəvərdi (həyatı, ya­ra­dıcılığı və dün­ya­­görüşü)” kitabını çapa hazırlayaraq 2009-cu ildə nəşr etdirdim. AMEA Rəyasət Heyətinin qərarı ilə hazırlanmış Zakir Məmmədovun “Seçilmiş əsərləri”nin I cildi 2015-ci ildə (tərtibçilər: Aytək Zakirqızı: Ülkər Zakirqızı) çapdan çıxmışdır. “Seçilmiş əsərlər”ə Zakir Məmmədovun “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” (1978), “Bəhmənyarın fəlsəfəsi” (1983), “Nizaminin fəlsəfi düşüncələri” (2000), “Azerbaydjanskie filosofı i mısliteli srednevekovğə” (1993) monoqrafiyaları və əlyazması şəklində müəllifin şəxsi arxivindən mənim tərəfimdən çapa hazırlanmış “Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” əsəri daxil edilmişdir. Lakin Zakir Məmmədovun “Bəhmənyarın məktəbinin fəlsəfəsi” kitabını çapa hazırlasam da, müəyyən səbəblərə görə nəşr edilməmişdir. Hazırda atamın iri həcmli “Siracəddin Urməvinin dünyagörüşü” kitabını çapa hazırlayıram. Bu il Siracəddin Urməvinin anadan olmasının 820 illiyidir.

Zakir Məmmədovun 30-dan çox kitabı (çap edilmiş və çap edilməmiş) və 250 məqaləsi vardır. Onun 1967-ci ildən etibarən dərc edilən elmi əsərləri orijinallığını, elmi dəyərini bu gün də saxlayır. Bu, 2010-cu ildə çapdan çıxan “Zakir Cabbar bəy oğlu Məmmədov. Biblioqrafik göstərici” kitabında (tərtibçilər: Aytək Zakirqızı: Ülkər Zakirqızı) geniş şəkildə işıqlandırılmışdır.

Qeyd etmək lazımdır ki, atamın milli fəlsəfi irsimizi tədqiq etməsinə mane olmaq üçün ölkə daxilindəki təşkilatlara şikayətlər yazılmış, hətta Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinə də müraciət edilmişdir. Bu şəxslər bədnam qonşularımız kimi, özlərini məzlum, miskin vəziyyətə salaraq atamın məhvinə çalışırdılar. Hücum edənlərdən biri atamın tədqiqatından köçürərkən ailə üzvünə də “pay” ayırıb “dlya Vaqifa” yazmışdır.

Zakir Məmmədov elmi fəaliyyəti dövründə özünü cahillərin hücumundan müdafiə edərək, milli fəlsəfi irsimizin varlığını üzə çıxarıb, araşdırdı. Cahillərin hər bir hücumu onun ömründən neçə ilin itməsi demək idi. Haqsızlıqlar və cahillərin hücumları atamı cismən məhv etdi.

2 mart 2018-ci ildə Zakir Məmmədovun vəfatının 15 ili tamam olur.

Əbədiyyət... Nəsirəddin Tusi fani dünyanı iradi həyat; səadət, şadlıq və qibtə doğuran əbədiyyəti təbii həyat adlandırmışdır. Bütün dövrlərdə aqillər, dünyagörmüş və müdrik insanlar misilsiz xidmətləri ilə tarixdə həmişəlik iz qoymuşlar. Alimlər əsl rahatlığı elmdə görürlər. Çünki dünya neməti bu insanlar üçün əhəmiyyətsizdir. “Gəlimli, gedimli dünya... Son ucu ölümlü dünya” işlərinə aludə olmayanlar böyük amallar yolçusu olur, əbədi həyat, əbədiyyət qazanırlar. Düşüncə sahibini yaşadan onun əsərləridir, Zakir Məmmədov da yaratdığı əsərlərlə özünə əbədiyyət qazanmış böyük şəxsiyyətdir.

Zakir Məmmədovun ömür yolu, ümumiyyətlə alim həyatı məşələ bənzəyir, ətrafa işıq saçaraq mayak kimi başqalarına yol göstərir.

Zakir Məmmədovun qızı Aytək

# 2123 dəfə oxunub

Müəllifin son yazıları

# # #