Azərbaycan beynəlxalq ədəbiyyat festivalında – İlk Dəfə

Azərbaycan beynəlxalq ədəbiyyat festivalında – İlk Dəfə
22 may 2018
# 13:40

Mayın 25-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçiriləcəkdir.

Kulis.azın verdiyi xəbərə görə, 30-dan artıq ölkədən nümayəndənin qatılacağı bu nüfuzlu festivalda ilk dəfə iştirak edən ölkəmizi yazıçı Varis təmsil edəcək.

Festivalın proqramında böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, dəyirmi masalar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları keçiriləcək.

Festival iştirakçıları üçün maraqlı incəsənət proqramı, eləcə də əyləncəli idman yarışları da təşkil olunacaq.

Festivalın zəngin ekskursiyalar menyusuu var. Soçinin məşhur plyajı, tarixi və müasir arxitektura şedevrləri, ədəbiyyatla bağlı yerləri ilə yanaşı, festival iştirakçıları bu il Rusiyada keçiriləcək futbol üzrə növbəti dünya çempionatının oyunları keçiriləcək Soçi şəhər stadionunu da ziyarət edəcək, habelə indiyədək futbol üzrə dünya və Avropa çempionatları, olimpiya oyunları finallarında oynanılan, üzərilərində çempionların avtoqrafları həkk olunmuş toplardan ibarət unikal Top muzeyini görmək şansı qazanacaqlar.

Festivalın laureatı qızıl, vitse-laureatlar gümüş medallarla və qiymətli hədiyyələrlə təltif olunacaqlar, qırmızı xalça üzərindən keçəcəklər. Festivalın laureatı həm də əsərlərinin külliyyatının böyük tirajla dərci üçün nəşriyyat müqaviləsi qazanacaq.

Bütün digər festival iştirakçıları fəxri diplomlara və festival iştirakçısı sertifikatlarına layiq görüləcəklər.

Festivalın açılış və bağlanış mərasimləri tanınmış incəsənət ustalarının iştirakı ilə böyük təntənəylə qeyd olunacaq, hər iki mərasimdən sonra festival iştirakçılarının şərəfinə ziyafət veriləcəkdir.

Festivalın işini Rusiyanın aparıcı mediası, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlər işıqlandıracaqlar.

Xatırladaq ki, əvvəlki iki “LiFFt” festivallar festivalının qalibləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olublar.

# 1294 dəfə oxunub

Müəllifin son yazıları

# # #