Saakaşvili mənə ev verib - KORLAR MƏHƏLLƏSİNDƏN REPORTAJ

Saakaşvili mənə ev verib - <span style="color:red;">KORLAR MƏHƏLLƏSİNDƏN REPORTAJ
22 dekabr 2015
# 08:30

Balaca evlərin bir-birinə sığındığı Korlar məhələsindəyəm. Bir şair yaşayır burda, gürcü Giya Paçxataşvili.

- Harda doğulmusunuz?

- Qaxın Gürcü kəndində anadan olmuşam.

Uşaq evindən başlanan yol

Doğulandan iki həftə qabaq atası dünyadan köçüb. Giya heç vaxt atasını görməyib. Təzəcə ərini itirmiş ana balaca Giyanı uşaq evinə aparır: “Onda iki aylıq idim. 6 yaşına qədər Gəncədəki uşaq evində qaldım. Sonra Bakıya gəldim, yeganə məktəb olan gözdən əlillər məktəbində oxudum. Burda girdim Bakı Dövlətin jurnalistika fakültəsinə. O vaxt Heydər Əliyev perspektvli gəncləri xaricə göndərirdi, məni də Moskva Dövlət Universitetinə göndərdi. Mən Lomonosovda jurnalistika təhsilimi davam etdirdim”.

6-cı sinifdən “Bakı” qəzetinin müxbiri olub Giya. O vaxtı Nəsiman Quliyev redaktor idi. Bir yazı yazıb festivalla bağlı. Onlar da adam göndəriblər ki, bəs deməzsənmi, bu yazını 6-cı sinif uşağının yazdığına inanmırıq: “Gəldilər, xətti yoxladılar. Gördülər ki, yox, mənim öz yazdığımdı. O gündən ştatdan kənar müxbir kimi işlədim. O vaxtı da jurnalistikaya girmək üçün beş-altı yazı kifayət idi. Məndə isə 500-dən artıq yazı var idi.” (gülür.)

Gözləri tor görən tərcüməçi, şair

Ağappaq, uzun, arıq bir adamdı Giya. Gözləri uzaqdan seçilmir, elə bil yumulub. Dar-daracıq bu yataqxana otağındakı nəmişlik divarları soyudub. Tək-tənha burda qalır və gözünün zəif olmasına baxmayaraq, yaradıcılıqla məşğul olur.

- Bakıya nə vaxt qayıtdınız?

- Moskvada “Pravda” nəşriyyatında işlədim. 88-ci ildə Meydan Hərəkatı başlayanda dərhal vətənə qayıtdım. Azərbaycan Xalq Cəbhəsi ilə Gürcüstan Xalq Cəbhəsinin əlaqələndiricisi idim. Mən Azərbaycanı sevən adamam. Bu vəziyyətdə Moskvada qala bilməzdim.

Azərbaycanı sevən Giya onun dilini də bilir, ədəbiyyatını da. Çoxlu tərcümələr edib: “İlk tərcümə elədiyim adam Əli Kərim olub. Rus, ya da gürcü dillərinə çevirirəm”.

Gülə-gülə deyir ki, 36 kitabım çıxıb, evin tikilsin. Ayağa qalxır, balaca şkafından çap olunan kitabları axtarmağa başlayır. Gur səsi var, yadıma gürcü filmləri düşür. Fikirləşirəm ki, bu evdə adam ya dəli olar, ya da dayanmadan yazar. Giya bəlkə də ömrünü uzatmaq üçün qələmə sarılıb. Yəqin ona elə gəlir ki, yazmasa öləcək. Gözləri də uşaqlıqdan bu yana dünyanı tor kimi görür.

Növbəti kitabını göstərib gur-gur guruldayan səsi ilə danışır:

“Səməd Vurğundan üzü bəri çox adamı tərcümə etmişəm. Ədəbiyyat da xammal kimi bir şeydi. Mən bir yazıçının, şairin bütün küllüyatını çevirmirəm. Rus oxucusuna maraqlı olanı tərcümə edirəm. Rusiyada oxuduğum üçün, o dili bildiyim üçün bilirəm ki, rus poeziyasevərlərinə nəyi təqdim etmək olar.”

Onun gürcü ola-ola Azərbaycana bu qədər bağlı olması, millətçiliyi mənə qəribə gəlir. Kitablarının çoxusunda da qəhrəmanlarımızın həyatı haqqında qələmə aldığı şeirləri çap etdirib. Giyanın yumulan gözlərinə, ağappaq görkəminə baxanda elə bil üzümə projektor işığı düşür. O isə tələbə dostu, şair Fikrət Mursaqulovdan danışır:

“50 illik yubileyini elədim. Bu adam ölmüşdü. Heç bir tələbə dostu onu xatırlamırdı. 60 illiyinə isə şairin rusca-azərbaycanca (“Uteşenie” - “Təsəlli”) kitabını çap etdirdim. Əsasən Qazax, Gürcüstan zonasından tərcümə etmişəm həmişə”. – gülür.

- Niyə oralar? – üzümdə təbəssüm soruşuram.

- Şeirin vətəni bizim torpaqlardı deyirlər axı. Bunu ruslara da anlatmaq üçün o tərəflərdən tərcümə edirəm. Fakt kimi. Səməd Vurğunun “Qolos” (“Səs”) kitabının tərcüməsinə görə Moskvada ilin tərcüməçisi adına layiq görüldüm, həm də Qazaxda Səməd Vurğun medalı verdilər mənə.

- Oğullarını tərcümə etmisiniz?

- Yox. Akif Səmədi eləmişəm, məsələn. Onun haqqında şeirim də var: “Akif Səməd haqqı”.

- Onda xeyli yazarla tanış olmusunuz...

- Mənim işim beləydi ki, heç kimlə tanış olmurdum, hamı gəlib mənlə tanış olurdu. O vaxt təmənnasız çoxuna rus dilində kurs işi yazırdım. Elə kitabımlarımın – 36 kitabdan cəmi beşinin pulunu almışam.

- Niyə almırdınız ki? Bu sizin əməyiniz idi.

- Məsələn, Səməd Vurğun haqqında deyim. Onu tərcümə eləmişdim. O vaxtı gedib oğlundan pul alardım, deputat idi. Amma eləmədim, çünki təmənnasız tərcümə etmişəm həmişə. Halbuki ilişkilərimiz də yaxşı idi Vaqiflə. Düzdü, deputat olanda demişdi ki, sənin ev məsələni həll edəcəm. Amma yaxın durmadı, nə də mən dedim.

“Saakaşvili mənə ev verib”

“Gürcüstan siyasi fikrində gürcü-erməni münasibətləri məsələləri 1918-1920” kitabına görə Mixail Saakaşvili ona Marneulidə ev verib: “Saakaşvili mənim yoldaşımın qohumudur. Prezident seçiləndən sonra hər il yeni ili Batumidə keçirirdik. O vaxt bunun haqqında Saakaşyan, ermənidir yazırdılar. Mən də bu söz-söhbətləri bağlamaq üçün “Avrasiya” qəzetində böyük bir yazı çap elətdirdim. Onun şəcərəsini axtardım və bir nəfər də erməni tapmadım. Yalandan ona yamaq yapışdırmaq istəmişdilər. Saakaşvili gördü ki, mənim heç nədə təmənnam yoxdur. Yaltaqlıq-filan, bunlar mənlik deyildi. Mən başımı aşağı salıb ədəbiyyatla məşğulam. Həmin bu tarixçi Şota Vadaçkoriya məndən xahiş elədi ki, belə bir kitabım var, onu tərcümə et, Azərbaycan oxucusu da bilsin. Mən dərhal başladım bunu tərcümə edə-edə isti-isti “Avrasiya” qəzetində hissə-hissə çap elətdirməyə. Kitabın çıxmağına bir həftə qalmış tarixçi öldü. Ancaq qəzetdə gedən materialları görmüşdü. Guli Alasaniya – Saakaşvilinin anası – axı o türkoloqdu. Bu kitabı oxuyanda deyib ki, oğlum, bu adam bu qədər iş görüb, buna nəsə eləmək lazımdır. Saakaşvili ilə də görüşəndə dedi ki, xidmətlərinə görə sənə ev vermək istəyirəm. Soruşdu ki, harda istəyirsən, Tiflisdə, Rustavidə, yoxsa Marneulidə. Mən də dedim, Azərbaycan ədəbiyyatını tərcümə elədiyim üçün istəyirəm azərbaycanlılar yaşayan yer olsun – Marneuli.

- İndi o evdə kim qalır?

- Heç kim – gülür. - Həmişə deyirəm ki, Azərbaycan ədəbiyyatına bu qədər şey eləmişəm, heç nə verməyiblər, amma Gürcüstanda verdilər.

- Bəs indi Saakaşvili ilə münasibətiniz necədir?

- Saakaşvili tez-tez zəng edir mənə. Ukraynaya getməliydim, artıq hər şeydən incimişdim. Xəstələndim, gedə bilmədim. Hələ də sağalmamışam. Mənə verdikləri bu evin qazancı radikulit yaratdı. Bax, ev nəmişlikdi.

- Nəyə görə Ukranyaya getməli idiniz?

- Saakaşvili Odessada mətbuat xidmətinə gəlməyimi istəyirdi. Ağrıdığım üçün gedə bilmədim.

- Yeni prezidentlə aranız necədir bəs?

- Georqi Marqvelaşvili də pis adam deyil. Pis adam olsaydı İvanişvilinin dediyilə oturardı. Münasibətimiz var onunla da. Zəlimxan Məmmədlinin işinə görə, Borçalı cəmiyyətinə görə prezidentlə görüşdüm. Mənə müştük də hədiyyə elədi. – göstərir - Qəzetlər də yazmışdı görüş haqda. Düzdü, dedi ki, mən prezidentəm, amma Saakaşvilidə olan səlahiyyətlər məndə olmadığına görə kömək edə bilmirəm əməlli-başlı Zəlimxana.

Korlar Cəmiyyətinin üzvü

Korlar Cəmiyyətinin üzvüdür Giya:

- Arif Zeynalov idi ilk yarananda cəmiyyətin sədri. O zaman Nazirlik kimi idi Korlar Cəmiyyəti, Sovet vaxtı. Maliyyə imkanları o qədər çox idi ki, o vaxt yaxşı oxuyan tələbələrə pul mükafatı da verirdilər. Təsadüfən gəlmisən, amma sabah da elə beynəlxanq əlillər günüdür (3 dekabr).

- Necə üzv olunur?

- İnternatda oxuyan uşaqlar yetkinlik yaşına çatanda gedirlər tibbi komissiyadan keçirlər. Mən 77-ci ildə üzv oldum. İndi ictimai cəmiyyət statusu aldığından faktiki heç nəyi yoxdu. O vaxt imkanları vardı, yardım verirdilər camaata. Yeşiklə ərzaq verirdilər. Bu qaldığım yer də cəmiyyətin yataqxanasıdır. Bizim cəmiyyətin “Dan ulduzu” qəzetində də işləmişəm.

Əfsanə sevgi

Giyanın sevdiyi qadın olub – Lamara. Qadın da onu dəlicəsinə sevib.

96-cı ildə evləniblər: “Qaxdan idi, Kutaisidə kimya-biologiyanı qurtarmışdı. Eyni zamanda spirtli içkilər texnolgiyası üzrə Azərbaycan dövlət şirkətində işləyirdi. Onun qolu çəkilməsə Azərbaycandan xaricə heç nə gedə bilməzdi. Sonra ürəyi tutdu, başımız ona qarışdı. Sən demə xərçəngmiş”. – səsi tutulur. Sükut yaranır. Bu sükutu heç birimiz poza bilmirik. Elə bil yataqxanada, Korlar Məhəlləsində də sükutdur, sanki kimsə hamını bir işarə ilə dondurub. Külək də əsmir, bircə işığı azalmış otaqda – mənəm, Giyadır, bir də onun iki dostu, əllərində mer-meyvə.

Gəlin, bu sükutdan istifadə edib Lamaraya yazdığı bir şeiri oxuyaq:

Artıq təkəm

Allah da təkdir!

Allah deyiləm deyə,

Saxlayammadım

Lamaranın gedişini...

“Elimiz, günümüz” qəzetinin xüsusi buraxılışını göstərir mənə. Başda iri hərflərlə yazılıb: “Lamara əfsanəsi”. Giya ürək döyüntülərini şeirə, yazıya çevirərək Lamaranın ağrısını azaltmağa çalışıb.

- Ürəyin ikinci əməliyyatından sonra həkimlər deyib ki, qəfil arıqlamağa başlayıb. Lamaranı da aldatmaq olmazdı, özü də həkim işləmişdi. Onu pəncərəyə çıxardıblar ki, hava alsın və bir az keçəndən sonra desinlər. Bir başa deyə bilmirdik xərçəng olduğunu. Düşmənimə də arzu etmirəm ki, ən sevdiyin biri yanındadı, hərəkət edir, ancaq ona əlin çatmır. Lamara məni çox sevirdi. Uşağımız olmadı.

Lamara öləndən sonra Qaxda evini əlindən alıblar qızın qohumları. Dünya boyda kişi bu balaca otağa girib. Buna da təəssüflənmir Giya:

- Ev mənimdir, amma orda Lamara yoxdursa, qoy onların olsun.

Üç Yazıçılar Birliyinin üzvü

- Müasir yazarlardan kimləri tərcümə eləmisiniz?

- Məsələn, Qəşəm Nəcəfzadəni elədim, getdi Hollandiyada yer tutdu. Akif Səməd, Səməd Qaraçöp, Ayaz Arabaçını eləmişəm. Gözüm yaxşı görsəydi daha çox tərcümə edərdim. Lamara gedəndən sonra mənim ömrümə də az qalıb. Ona görə deyirəm klassiklərdən nə çatdıraram, çatdırım tərcümə edim. Müasir yazarlara ömrüm yetməyəcək.

- Yazıçılar Birliyinin üzvüsüz?

- Üç YB-nin. Gürcüstan, Rusiya, Azərbaycan.

- Anarla münasibətiniz necədir?

- Məni AYB-yə üzv götürmək istəmirdi Anar. Rəhmətlik Arif Əmrahoğlunun təkidi ilə üzv oldum.

- Niyə üzv olmağınızı istəmirdi ki?

- Bilmirəm. Özündən soruşarsınız. – gülür. - Bir şey deyim. O vaxt Rusiya YB-nin üzvlüyü beş adama verilirdi və bura göndərilirdi. Mən isə vətənimi çox sevirdim, istəyirdim Azərbaycanın YB-nin üzvü olum. Qurultay olanda da məni dəvət eləmədi Anar. Halbuki məni yaxşı tanıyırdı. Onda mənə dedilər ki, istəyirsən Rusiyanın, ya da Gürcüstanın tərkibində qonaq kimi gəl. Dedim, mən Anar deyiləm ki, Azərbaycana şillə vurum. Anarla biz Səməd Vurğunun yubileyinə də bir yerdə getmişik, münasibətimiz də var. Yazıçı kimi yaxşıdır. Bir dəfə soruşmuşdular, dedim ki, Anar məni tanımır guya. Sadəcə mən qapı-qapı düşən adam deyiləm, təqaüd üçün yalvaran deyiləm.

Lamarasız qalan bu Korlar Məhəlləsinin dar-daracıq otağından ayrılarkən bir siqaret yandırır və qapının ağzında durub mənə baxır. Ayaqqabımı geyinib sağollaşanda çönüb ona əl elədim, deyəsən, görmədi. Külək qalxdı bu vaxt, evlərin bir-birinə sığındığı Korlar Məhələsindən at kimi çaparaq getdi. Giya uzaqdan pəncərəsindən işıq düşən evi xatırlatdı mənə. Düşündüm ki, Korlar Məhəlləsini işıqlandıran da Giyanın özüdür.

Ayxan Ayvaz

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

# # #