"Tofiq Bayram türk müğənniyə vurulmuşdu"-MÜSAHİBƏ

"Tofiq Bayram türk müğənniyə vurulmuşdu"-<span style="color:red;">MÜSAHİBƏ
19 aprel 2017
# 21:00

19 aprel ömrünün 56-cı baharında dünyasını dəyişmiş böyük şairin, saçının telindən tutmuş, iliyinə qədər türk oğlu türk olan Azərbaycanın Əməkdar incəsənət xadimi Tofiq Bayramın anım günüdür. Şairin bacısı Svetlana Bayramova qardaşının həyatı ilə bağlı heç kimə danışmadıqlarını Yeniçağ.az saytının oxucuları ilə bölüşür.

– Məmməd Araz deyirdi ki, Tofiq Bayram əsl Vətən şairidir. Elə Vətən şairi olduğu üçün də onun kövrək qəlbi 1990-cı ildə baş verənlərə dözmədi…

– Vallah, indiki şairlər nəinki millətin, heç nəyin dərdini çəkmirlər. Amma Tofiq Bayram başqa cür insan idi. Millət, torpaq onun üçün ən müqəddəs məfhum idi. Onun bir şeiri vardı: “Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm”. Hərdən fikirləşirəm, yaxşı ki Tofiq Qarabağ dərdini görmədi. O, Qarabağı canı qədər sevirdi. Ağdamda, Şuşada çoxlu dostları vardı. Tez-tez o yerlərə gedirdi. Tofiq gözəl təbiət aşiqi idi.

– Təkcə təbiətmi? Məncə, Tofiq Bayram bütün gözəllikləri, xüsusən də qadın gözəlliyini yüksək qiymətləndirirdi.

– Mən deyərdim ki, qadınlar haqqında bəlkə də ən gözəl şeirlərin müəllifi Tofiqdir. Tofiqin qadınlara olan münasibəti, sevgisi fərqli idi. O, qadına İlahi bir varlıq kimi baxırdı. Sizə bir sirr açım: Tofiqin gizli bir sevdası vardı. Bu, Türkiyənin vaxtilə çox məşhur bir opera müğənnisi olan Sevda Aydan idi. 1964-cü ildə Sevda Aydan Bakıya, Opera və Balet Teatrına qastrola gəlir. Və bilirsiz ki, Opera Teatrındakı işlər uzun müddət çəkir. O ərəfədə də Tofiq həmin teatrda ədəbi-hissə müdiri idi. Onların arasında çox isti münasibətlər yaranır. Mənə elə gəlir ki, Tofiq sözün həqiqi mənasında o qadına vurulmuşdu. Və Sevda Aydan da ona qarşı biganə deyildi. Həmin ərəfədə Tofiq Sevdaya bir şeir yazır. Sevda həmin şeiri Türkiyəyə apardı. O şeir qısa bir müddətdə sevildi, dillər əzbəri oldu. Və bu şeiri həmin dövrdə də, indi də Türkiyədə əzbər bilməyən adamlar çox az olar. Hətta bir neçə il bundan qabaq Bakıda bir tədbir keçirilirdi. Həmin tədbirə Türkiyənin fəal qadınları da gəlmişdi. Onların arasında bir tanınmış jurnalist vardı, təəssüf ki, onun adını unutmuşam, o mənim Tofiq Bayramın bacısı olduğumu biləndə, durdu çıxış elədi və dedi ki, mənim ulu babalarım Qarabağdandır. Dedi, eşim (həyat yoldaşım – red.) mənə sevgisini Tofiq Bayramın həmin məşhur şeiri ilə etiraf edib.

- Polad Bülbüloğlu Tofiq Bayramın maşınını sürürdü…

– Sizə bir hadisəni danışmaq istəyirəm. O mənim çox ağrılı yerlərimdən biridir…1991-ci il idi. Artıq Tofiq dünyasını dəyişmişdi. Türk dünyasının çox məşhur simalarından biri , o vaxt Türkiyənin Mədəniyyət Naziri Namiq Kamal Zeybək Bakıya gəlmişdi. O, Heydər Əliyev sarayında çıxış etdi və dedi ki, mən Bakını Tofiq Bayramın Sevda Aydana həsr etdiyi şeirlə sevmişəm. Və o şeiri başdan-ayağa əzbər söylədi. Sonra da əlavə etdi ki, mən ötən il Bakıya gələndə Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğluna o şeirin müəllifi Tofiq Bayramla görüşmək istədiyimi dedim. Təəssüf edirəm ki, bu görüş mənə qismət olmadı, çünki Polad Bülbüloğlu Tofiq Bayramın ağır xəstə olduğunu bildirdi və dedi ki, sizinlə görüşəcək halda deyil. Mən bu xəbəri eşidəndə dəhşətə gəldim. Halbuki, Tofiq 1990-cı ildə çox sağlam idi. Heç gözü də əməliyyat olunmamışdı.

– Sözsüz ki, bir bacı kimi bu yalan sizə çox ağır təsir etdi.

– Əlbəttə, özü də necə təsir etdi. O həmin Polad Bülbüloğlu idi ki, vaxtı ikən bizim evin ən əziz adamı idi; rəhmətlik anam onu öz oğlanlarından ayırmırdı. Onun qardaşı Çingiz, anası Ada xanım tez-tez bizə gələrdilər.

– Siz Bülbülün ailəsi ilə qonşu idiz?

– Yox, Bülbül mənim atamla dost idi. Poladla Tofiqin dostluğunun isə maraqlı tarixçəsi var. Demək, 1960-cı illərdə yeni bir maşın istehsal olunmuşdu: “Moskviç – 408”. O maşına “bala Çayka” deyirdilər. Bakıda o maşından bir-iki dənə idi. O vaxt Yazıçılar Birliyinin sədri Mehdi Hüseyn idi. O bilirdi ki, Tofiq Əmircanda yaşayır, şəhərə gəlib-getmək onun üçün çətindir. O zamanlar yeni çıxan maşınları Moskvadan xüsusi limitlə yaradıcı təşkilatlara göndərirdilər. Həmin maşınlar da seçilmiş adamlara verilirdi. Atam da Mehdi Hüseyndən xahiş etmişdi ki, əgər maşın məsələsi olsa, Tofiqi yaddan çıxartmasın. Nəsə, imkan yarandı, atam Tofiq üçün o maşını aldı. Demək, Bülbülün evi yerləşirdi Yazıçılar Birliyinin yanındakı binada. Günlərin birində səhər-səhər pəncərədən bayıra baxan Polad “Yazıçılar Birliyinin” qabağında bu “bala Çaykanı” görür. Onda da 18-19 yaşı olardı. Düşür aşağı, gəlir binanın qarşısına, maşının kimin olduğunu soruşur. Deyirlər ki, bəs Tofiq Bayramındır. Tofiq də maşın sürmək bacarmırdı. Onunçün kimsə sürürdü. Tofiqə deyir ki, olar, mən bu maşını bir az sürüm? Tofiq də Bülbülün oğlu olduğu üçün ona çox böyük bir ehtiramla yanaşmışdı və razılıq vermişdi.

Həmin ərəfədə onların maşını yox idi, köhnəldiyi üçün satmışdılar. Onda Mərkəzi Komitənin I katibi Vəli Axundov söz vermişdi ki, yeni “QAZ-21” maşını gələndə Bülbülə verəcək. Ona görə də həmin ərəfədə Polad maşınsız idi. O razılıqdan sonra Polad böyük həvəslə qardaşımın maşınını sürərdi. Beləcə, onların dostluğu başladı.

– Amma həmin o Polad Bülbüloğlu da axırda nankor çıxdı.

– Hə… Həmin o Polad ki bütün günü bizim evdə idi. Ən əziz tikə ona saxlanardı. O vaxt bizim Əmircandakı evimizdə ədəbi-musiqili bir mühit vardı. Niyazi rəhmətlik atamın yaxın dostu idi. Şəmsi Bədəlbəyli, Fərhad Bədəlbəyli evimizin ən əziz qonaqlarıydı. Fərhad pianinoda çalırdı, Polad oxuyurdu. Evimizə kimlər gəlməzdi. Amma heç kim Polad kimi naxələf çıxmadı.

– Bəs sonradan Poladdan bu hərəkətinin səbəbini soruşmadız?

– Tofiqin ölümündən bir müddət sonra Polad bizə gəldi. Anamı görmək, ona başsağlığı vermək istəyirdi. Mən də qarşısını kəsib soruşdum: sən niyə indi gəlirsən ki? Niyə Tofiq xəstə olanda gəlmədin? Niyə Tofiq əməliyyat olundu gəlmədin? Hətta Tofiq sağlam ola-ola Namiq Kamal Zeybəkə demisən ki, o elə haldadır ki, sizin görüşməyinizi istəmirəm. Soruşdum ki, Tofiq nə halda imiş ki? Mənə cavab vermədi. Mən də ona qapını göstərdim. Dedim get burdan.

– Demək, Tofiqin və ananızın haqqını Polada halal etmədiz?

– Sizcə etmək mümkünmü? O, hətta Tofiqin ölümünü evlərində də deməmişdi. Ada xanım qardaşımın öldüyünü təsadüfən kimdənsə eşitmişdi. Deyəsən, 40-na yaxın gəlib çıxmışdı bizə… Heç yadımdan çıxmaz: pilləkənləri qalxa-qalxa ancaq Poladı qınayırdı. O da anlamırdı ki, oğlu niyə belə iş tutub. Elə hey deyirdi: mən indi bu ailənin üzünə necə baxacam. Bilirsiz, insanlar var ki, dostluğu da axıra qədər bacarırlar. Görünür Poladda bu xüsusiyyət yoxdur. Elə Müslüm Maqomayevlə olan münasibətlərindən götürmək olar ki, Poladda dostluq anlayışı sona qədər deyil. Hətta elə adamlar da oldu ki… ad çəkmək istəmirəm, elə Poladın vəfasızlığına görə ondan uzaqlaşdılar. Biz ümumiyyətlə, ailəlikcə fərqli olmuşuq. Bizim üçün insanların vəzifəsi, tutduğu mövqe, oturduğu kreslo əhəmiyyət daşımayıb. Kimliyindən asılı olmayaraq biz insana onun özünə görə dəyər vermişik, oturduğu kürsüyə, vəzifəyə görə yox….

– Sevda ilə Tofiqin münasibətləri nə əcəb davam etmədi?

– O dövrdə bu, mümkün deyildi. Əslində, o şeirə görə Tofiqin başı çox zülümlər çəkdi. O şeir Türkiyədə çap olunandan sonra SSRİ-nin oradakı səfiri bu barədə Moskvaya xəbər verir. Ordan da Azərbaycanın “KQB”sinə zəng vurub bildirirlər ki, bəs sizdə bir şair var, o necə cürət edib: “Canı canımdandır, qanı qanımdan…”deyə, yaza bilir. 1964-cü ildə bu cür cümlələr qurmağın özü belə təhlükəli idi.

– Tofiq Bayram dissident idi?

– Bəli…. Onu tanıyanlar Tofiqə yaxşı bələd idi. O əsl bakılılar kimi mərd, sözü üzə deyən, həqiqəti hayqıran bir insan idi. Tofiq heç vaxt Kommunist Partiyasının üzvü olmadı. Ömrü boyu Azərbaycan dilinə xor baxanlara qarşı mübarizə apardı. İlahi, insan dilini, torpağını nə qədər sevərdi… Hə, o şeirdən sonra ona “şovinist, millətçi, turançı” damğası vurdular. Artıq Tofiqin başının üstündə qara buludlar dolaşırdı. Rəhmətlik dirijor Niyazi onda Opera və Balet Teatrının direktoru idi. Tofiq də onun həm işçisi idi, həm də dostu… Onda Niyazi ulu öndər Heydər Əliyevə məsələni danışmışdı, demişdi, Tofiqi ora-bura çağırırlar, incidirlər. Heydər Əliyev işə qarışdı və tapşırdı ki, Tofiq gedib otursun Əmircanda, bir müddət şəhərə gəlməsin. Amma Niyaziyə demişdi ki, “ işə gəlməsə də, maaşını ver, şairi pulsuz qoyma, ailəsi var”.

– Ailəsi? Belə çıxır ki, Tofiq Bayram Sevda Aydanı sevəndə ailəli idi?

– Bəli. Tofiq çox tez evlənmişdi: 22 yaşında artıq ata idi. Özü də deyim ki, Zərifəni çox sevirdi. Bir sinifdə oxumuşdular. Tofiq silsilə məhəbbət şeirlərini ona həsr etmişdi. O, qardaşımın ilham mələyi idi.

– “Eşqdən, məhəbbətdən yazan şairin, Hardasa bir gizlin məhəbbəti var”… Tofiq Bayram bu misraları yazanda yəqin Sevda xanımı nəzərdə tuturdu.

– Sevdanı sevəndə Tofiqin 30 yaşı vardı. Xanımı da bu sevgidən xəbərdar idi. Çox da sakit qarşılayırdı. Deyirdi ki, mən fəxr edirəm ki, qadınlar mənim yoldaşımı sevir. Tofiqin gizli sevdası başqa bir qadın idi. Bu barədə ancaq mən bilirdim. Və o qadın sağdır.

P.S. 1991-ci ilin, aprel ayı… Xəstəxana, dəmir çarpayı, rəngi saçları qədər bəyazımış şair…

– Svet, bağımızdakı ağaclar çiçək açıbmı?

– Əlbəttə.

– Səndən bir xahiş… Mənə o çiçək açmış budaqdan qırıb gətirərsənmi?…

… İki saat sonra Svetlana Bayramova Əmircandakı həyətlərindən gətirdiyi budağı qardaşına uzatdı. Budağı üzünə yaxınlaşdıran Tofiq Bayram çiçəklərin ətrini ciyərlərinə çəkib, çox mənalı şəkildə iki kəlmə dedi: ağaclar yenidən çiçək açacaq, amma… Sözünün ardını gətirmədi. Həyat işığının öləzidiyi gözlərini pəncərədən uzaqlara dikdi… dikdi. Və o an sanki qeybdən qulağına həzin, sevdalı bir şərqi süzüldü:

Bir cüt qara göz görmüşəm, zülmətdən qara,
Qaranlığı işıq salıb qaranlıqlara….

Zakirə Zakirqızı

Yeniçağ.az

# 2129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #