İstefa verən əməkdar artist: “Hər şey bundan sonra başladı”

İstefa verən əməkdar artist: “Hər şey bundan sonra başladı”
28 oktyabr 2019
# 12:20

Kulis.az bu günlərdə Teatr Xadimləri İttifaqından istefa verən əməkdar artist Elnur Kərimovla söhbəti təqdim edir.

- Elnur bəy, Teatr Xadimləri İttifaqının sizə bu cür münasibəti konkret nə ilə bağlıdır?

- Mən 1999-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Gülşad xanım Baxşıyevanın təkidi ilə gətirildim. Qısa zaman ərzində teatrın bütün repertuarında tamaşalarda rol aldım. Sənətkarlarımız və xalq artistlərinin məsləhəti ilə Teatr Xadimləri İttifaqına üzv olmaqla bağlı müraciət edildi və mən qəbul edildim. 2014-cü ilə qədər yalnız bu ittifaqa aylıq pul ödəyirdim. Bu illər ərzində keçirilən heç bir tədbirdə iştirakla bağlı dəvət almırdım. Nəhayət 2015-ci il fevralın 2-də Gənclər Günündə Teatr Xadimləri İttifaqının gənclərə biganə yanaşmasını dilə gətirdim və hər şey bundan sonra başladı.

- İttifaqın ünvanına başqa hansı tənqidlər səsləndirmisiz və bununla bağlı sizə nəsə dəyilibmi?

- 2015-ci il mənim Teatr Xadimləri İttifaqının sədr müavini ilə görüşümdən gənclərlə bağlı layihələrin xüsusi ilə teatrlarda dirçəliş olacaq layihələrin olmamasını, ən azından Bakıda "Teatral Parad", "Klassik əsərlərimiz əsasında monotamaşalar festivalı", "Gənc teatrşünaslarla aktyorların görüşü", "Gəncləri narahat edən məsələlər" adı altında görüşün təşkil olunması... Mövsüm sonunda ən azından ittifaqın teatrların statistik nəticələrinə uyğun mükafatlandırılması (məsələn, mövsüm ərzində ən çox tamaşa oynayan artistə mükafat, diplom və ya Teatr Xadimləri İttifaqının kiçik medalını təqdim etmək), "Gənc rejissorlar üçün Hüseyn Ərəblinski mükafatının təsis olunması"... İttifaqın nəzdində bütün teatrların foto və video arxivini yaratmaq, teatrlarda mart ayının əvvəlindən 25-nə kimi hər bir teatrın tarixi ilə bağlı stendin təşkili (Ən azından teatra gələn hər bir tamaşaçı teatrın tarixinə nəzər salacaq) və bu kimi təkliflər etdim. Ən əsası Teatr Xadimləri İttifaqına üzv olanların keçirilən tədbirlərə dəvət olunmamasını dilə gətirdim. Qısa zaman ərzində bu yolda böyük irəliləyiş olacağını dedilər. Amma heç bir nəticəsi olmadı.

- Bir aktyor, yaradıcı insan olaraq szicə ittifaqdan çox şey gözləməmsiniz ki?

- Ən azından Müasir Azərbaycan Teatrının inkişafı yolunda beynəlxalq əlaqələrin yaradılması... “Qızıl Dərviş”, “Humay” və başqa mükafatların ləğv olunmasındansa daha da maraqlı mükafatların təsis olunaraq təkcə Bakı şəhərində olan teatrların istedadlı əməkdaşlarına yox, regionlarda da fəaliyyət göstərən teatrlarla mütəmadi əlaqələri daha da inkişaf etdirmək...

- Sizcə, ittifaqın fəaliyyətindəki qüsurlar birbaşa sədrin –Azər Paşa Nəmətovun özü ilə bağlıdır? Sədrin dəyişməsi nələrisə həll ədər?

- Bu ittifaqın teatrlara olan münasibətinin dəyişilməsini istəyirəm. Şəxsi prinsiplərin unudulmasını və ya şəxsi prinsiplərin həmin şəxslərlə davam etdirilməsini, bu məsələlərə bütün teatrların qarışdırılmamasını istəyərdim. Bu ittifaq təkcə sədrdən ibarət deyil, müavinlər və bu işi aparan şöbələr var. Onların təklifləri olmalı və ən əsası teatrın sabahını düşünməlidirlər.

- Teatr cameəsində şəxsi münasibətlər və konfliktlər teatrın inkişafı kimi ümumi məqsədə nə qədər təsir edir və ümumiyyətlə teatr cameəsində vəziyyət nəcədir?

- Teatrların hər birinin öz tamaşaçısı, hər aktyorun özünün tamaşaçısı var. Teatrları sevən insanlar çoxdur. 2019-cu il martın 1-də Dövlət başçısının incəsənət xadimləri ilə görüşündən sonra Azərbaycan Teatrında, yeni bir dövr, yeni bir inkişaf başladı. Mədəniyyət Nazirliyinin xüsusi diqqəti mütəmadi olaraq, tamaşaları izləməyə, bütün yaradıcı truppaya stimul verir. Buna gora xüsusi təşəkkürlər. Ümumilikdə teatr cameəsi işini layiqincə yerinə yetirir.

- Narazı teatr adamlarının susması nə ilə bağlıdır? Bəziləri mətbuata adının çəkilməsini istəmədən narazılıq bildirirlər. Hansısa təhdidlər var?

- Teatrda çalışan insanlar mənim həmkarlarım, həyatını Azərbaycan mədəniyyətinin inkişafına, teatr sənətinin yaşamasına həsr ədan insanlardır. Niyə susurlar, niyə danışmırlar və yaxud niyə susmur, niyə danışırlar sualına cavab verə bilməyəcəm. Dövlətin teatrlara ayırdığı bu diqqət qarşısında teatrların yalnız inkişaf etməlidir. Bu yolda da inamla addımlayırıq.

- Bu gün fəxri ad və ya təqaüd almaq üçün aktyordan nə tələb olunur? Və ya fəxri ad almış aktyorun hansı asılılığı var?

- Fəxri ad aktyorun əməyinə, zəhmətinə və teatr sahəsində göstərdiyi fəaliyyətə və verdiyi töhfələrə görə nəzərdə tutulur. Təbii ki, bu yolda bir daha qeyd etmək istərdim ki, Mədəniyyət Nazirliyi daim gənc nəsil, yaşlı nəsil, ümumilikdə hamını diqqətdə saxlayır və layiq olan layiq olduğu mükafatı alır. Bu yolda bircə şərt var: teatrı sevmək və sağlam inkişafına nail olmaq! Gənc istedadları teatrlara cəlb etmək lazımdır.

Bir çoxlarını narahat edən məqam gənc dramaturqların yetişməməsidir. Mənim cavabım belədir ki, gənc dramaturqları yetişdirmək üçün onlar teatrları yaxından tanımalıdır. Məhz istedadlı gənclərlə işləmək, gənc dramaturqları yetişdirmək, ümumilikdə teatr üçün gələcək istedadlı nəsilləri yetişdirmək, eyni zamanda, mədəniyyət tarixini qorunmaq üçün Teatr Xadimləri İttifaqı xüsusi fəaliyyət göstərməli və fəaliyyətini gələcəkdə çox genişləndirməlidir.

# 2164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #