Məşhur adamla öpüşmək tapşırığı –OPTİMİZİM MEYLİ

Məşhur adamla öpüşmək tapşırığı –<span style="color:red;">OPTİMİZİM MEYLİ
25 oktyabr 2016
# 11:56

Kulis.Az Fuad Rüstəmzadənin "Optimiz meyllilik" yazısını təqdim edir.

Optimizm və ya optimizmə meyillilik, alimlərin illərlə tədqiq etdiyi koqnitiv (dərketmə) illuziyadır və insanların səksən faizi bu illuziyaya bağlıdırlar. Biz düşünürük ki, həyatımızda yaxşı hadisələrin baş vermə şansı daha çoxdur, nəinki pis hadisələrin. Heç kim xərçəng xəstəliyinə tutulacağını düşünmür və ya avtoqəzaya düşəcəyini zənn etmir halbuki, çox adam karyerasının uğurlu olacağını, sağlam və uzun ömür sürəcəyini düşünür, əmin olmasa belə, optimistik düşüncəyə daha çox meyl edir. Özümüz də dərk etmədən, biz daha çox optimistik, nəinki realist.

Məsələn, Qərbdə ailə qurmuş ailələrin boşanma ehtimalı qırx faizdir. Yəni ailə quran hər beş ailədən ikisi boşanacaq, amma yeni evlənmiş cütlükdən bu barədə soruşsaq, onlar boşanma ehtimalının sıfıra bərabər olduğunu deyəcəklər. Hətta boşanma işlərinə baxan vəkillər belə, öz işlərini yaxşı bilsələr belə, öz ailələrinin dağılma ehtimalını çox aşağı faizlə qiymətləndirirlər. Əgər siz evlənsəniz, çox güman ki, sizin uşağınız olacaq. Hər bir valideyn düşünür ki, onun uşağı xüsusi bacarığa, istedada malikdir. Çoxumuz özümüzü adətən orta statistik adamdan daha ağıllı və daha bacarıqlı sayırıq. Bu isə statistik olaraq mümkün deyil. Amma bunun müsbət tərəfi də var. Bəzən özümüzü başqalarından müəyyən mənada daha üstün saymağımız, karyera, münasibət və digər sahələrdə uğur qazanmağımıza kömək edir. Bəzən isə müsbət sayıla biləcək tərəf əksinə çevrilir. Çünki bizim xoşbəxtliyimiz həyatdan olan gözləntilərlə sıx əlaqədardır və əgər gözləntilər bacarıqlardan, daxili potensialdan daha yüksəkdirsə, hədəflərə çatmaq mümkün olmayacaq və beləliklə insan özünü ən yaxşı halda bədbəxt hiss edəcək. Bu teoriyanın məntiqi budur. Əgər sizin həyatınıza böyük sevginin gələcəyini ümid edirsinizsə, milyonlar qazanacağınızı gözləyirsinizsə və əgər alınmasa, məyus olacaqsınız, amma əgər bunları gözləmədən, hər hansısa biri baş verərsə, siz özünüzü xoşbəxt hiss edəcəksiniz, baş verməsə belə, gözlənti olmadığı üçün, problem yaşamayacaqsınız. Məntiqi cəhətdən yaxşı nəzəriyyədir, amma doğru deyil. Doğru olmaması barədə üç dəlil. Birincisi, nə olursa olsun, yüksək gözləntiləri olan insanlar, həyat boyu özlərini daha yaxşı hiss edirlər.

Psixoloqlar tələbələr arasında apardıqları təcrübədə görüblər ki, gözləntiləri yüksək olan tələbələr uğurlarının özlərindən asılı olduqlarını düşünürlər, məsələn, mən çox ağıllıyam və buna görə də əla qiymət almışam. Amma əgər onlar pis qiymət alırlarsa, düşünürlər ki, mən pis qiymət aldım, amma ona görə yox ki, az bilirəm, sadəcə vəziyyət belə gətirdi, gələn dəfə nəticə daha yaxşı olacaq. Az gözləntiləri olan insanlar isə, imtahana hazır olmadıqda, ümumiyyətlə imtahana girmək istəmirlər, yaxşı qiymət alanda isə, düşünürlər ki, sadəcə suallar asan idi. İkinci dəlil isə odur ki, gözləntinin necə olması və hədəfin gözəlliyi, hədəfə doğru gedən yolu daha maraqlı edir. Bir müəllim öz tələbələri ilə belə bir təcrübə aparmışdı. O, tələbələrinə gözlərini yumub bir məşhur ilə öpüşmək göstərişini verir. Daha sonra isə, həmin məşhur adam ilə öpüşmək üçün nə qədər pul xərcləyəcəklərini soruşur. Tələbələr öpüşün zamanını da təyin etməli idilər. İndi, üç gün sonra və on ildən sonra. Məlum olur ki, ən çox pulu tələbələr üç gün sonra üçün verməyə hazır idilər. Belə ki, əgər öpüş indi baş verərsə, hər şey dərhal bitəcək, amma əgər üç gün sonra baş verərsə, tələbələr hər şeyin necə baş verəcəyini, harda baş verəcəyini təsəvvür etməyə vaxt əldə edəcəklər və bütün üç gün ərzində xoş həyəcanla bu anı gözləyəcəklər. Gözləntilər onları xoşbəxt edirdi. Buna görədir ki, insanlar bazar günündən daha çox cümə gününü sevirlər. Cümə günü iş günü olsa belə, irəlidə iki işsiz günün olması, onları xoşbəxt edir, rahatlandırır. Ən çox sevilən gün isə şənbə günüdür.

Optimist insanlar, cümə günləri iki sərbəst günü gözləyən insanlar kimidirlər. Həqiqətən, optimizm olmasa, hər birimiz yüngül depressiv vəziyyətdə olardıq.

Üçüncü dəlil isə odur ki, idarə oluna bilən təcrübə məkanında aparılan tədqiqatlar onu göstərir ki, optimizm gələcəyin necə görülməsindən əlavə olaraq, gələcəyin necə qurulmasında iştirak edir. Optimizm sağlamlığa yaxşı təsir edir. Gələcəyə ümidlə baxan insanların stress keçirmə ehtimalı daha az olur, onlar nevrotik problemləri daha az yaşayırlar.

Beləliklə, nəticəyə gəlmək olar ki, optimizmə meyillilikdən ən böyük xeyiri, öz gücünü anlayan və ya baş verəcək hadisəni realistik qiymətləndirə bilən, eyni zamanda gələcəyə ümidlə baxan insandır.

# 1648 dəfə oxunub

Müəllifin son yazıları

# # #