Lahıc qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlayıblar

Lahıc qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlayıblar
3 sentyabr 2019
# 09:56

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlanılıb.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-tədqiqat işlərinə və kəşfiyyat qazıntılarının aparılması, orta əsr Azərbaycan şəhərsalma mədəniyyətinin izlərini günümüzə qədər daşıyan Lahıc qəsəbəsində qədim kürəbəndin, yəni, şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin daha dərindən öyrənilməsi işlərinə başlanılması barədə razılıq əldə edilib.

İlkin arxeoloji kəşfiyyat işləri — gələcəkdə burada aparılacaq geniş arxeoloji tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsini, tapılan maddi-mədəni irs nümunələrinin tədqiqini, turizm sahəsinin inkişafını və bu qədim Azərbaycan şəhərinin mədəni irsinin təbliğini nəzərdə tutur.

Ekspedisiyasının rəisi Akif Quliyevin rəhbərliyi ilə başlanan və 4 m2 (2x2) ərazini əhatə edən birinci kəşfiyyat qazıntısı, Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində, Ağolu məscidinin (hazırda Lahıc Tarix və Diyarşünaslıq müzeyi) yaxınlığında aparılıb. Qazıntı sahəsinin üst qatında son orta əsrlər dövrünə aid az sayda saxsı fraqmentlərinə rast gəlinib, mədəni təbəqənin dərinliyinin 0,40-0,45 m təşkil etdiyi üzə çıxarılıb. 8 m2 (2x4) ərazini əhatə edən ikinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində, gələcəkdə inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılıb. Vaxtı ilə bu ərazidə yaşayış və yardımçı binalar mövcud olub, amma təsərrüfat işləri nəticəsində sonradan bu ərazidə mədəni təbəqə qarışıb. Qazıntı sahəsinin üst qatında Orta əsrlərə aid şirli və şirsiz saxsı fraqmentlərinə və dəmirdən hazırlanmış əşyalara rast gəlinib.

Təsərrüfat işləri nəticəsində ərazinin üst qatı cənub-şərq hissədə dağılsa da, mədəni təbəqə şimal-qərb hissədə qismən toxunulmaz vəziyyətdə qalıb. Qazıntı zamanı kəşfiyyat qazıntı yerinin qərb hissəsində, kəsiyə paralel, uzunluğu 2,2 m olan qaya daşlarından hörülmüş tikili aşkar edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri, arxeoloq Fuad Hüseynov və memar Məhəmməd Nurməmmədovun da yaxından iştirakı ilə tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində, 0,5 m dərinlikdən qədim kanalizasiya xətti, yəni, qədim kürəbənd şəbəkəsinin izləri aşkar edilib. Bu xəttin eni 0,2 m təşkil edir. Kiçik ölçülü bu xətt, cənub istiqamətində uzanaraq, əsas kürəbənd xəttinə birləşir. Kürəbənd xətti, hər tərəfi eyni ölçüdə olan, yastı qaya daşlarından hazırlanıb. Xəttin üzəri çirkab suyun və pis qoxunun yer səthinə çıxmasının qarşısının alınması üçün döşəmə daşları ilə kip örtülüb.

Qeyd edək ki, 2013-ci il iyul ayında Ərəgid ərazisində Sahil məhəlləsində ev tikintisi zamanı 7 daş qutu qəbir aşkar edilib. O vaxt əraziyə ezam edilmiş arxeoloq Akif Quliyevin apardığı araşdırmalar nəticəsində bu qəbirlərin ilk orta əsrlər (IV-VII əsrlər) dövrünə aid olduğu aydınlaşıb. Digər maraqlı tapıntılar Lahıc orta məktəbinin ərazisində aparılan tikinti işləri zamanı aşkara çıxarılıb. Buradan son antik dövrə aid qəbirlər tapılıb. Təqribən 0,5 ha ərazini əhatə edən nekropoldan, 1,5-2,5 m dərinlikdən dəmirdən hazırlanmış nizə və ox ucluqları, qılınc və xəncər qalıqları, əmək alətləri, muncuqlar aşkar edilib.

Növbəti kəşfiyyat işlərinin Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.

Kəmalə Quliyeva

# 2245 dəfə oxunub

Müəllifin son yazıları

# # #