Qadını alçaltdığını etiraf edən məşhur Azərbaycan şairi

Qadını alçaltdığını etiraf edən məşhur Azərbaycan şairi
21 iyun 2018
# 09:00

Kulis.az “Maraqlı adamlar” layihəsindən tanınmış şair Ramiz Rövşənlə bağlı fakt və əhvalatları təqdim edir.

Ramiz Rövşən müsahibələrinin birində belə demişdi: “Bir mövzuda iki şair şeir yazar, birinə mükafat verərlər, o birini edam edərlər”.

***

Başqa bir müsahibəsinə isə özü haqqında belə söyləyib: “Beş-altı şeir yazmışam, bunu mənə bağışlamayacaqlar”.

***

Məclislərin birində Aqşin Yeniseylə Ramiz Rövşən bir yerdəymiş. İçib keflənəndən sonra Aqşin Ramiz müəllimlə zarafatlaşmaq istəyir:

- Şair, nədənsə mən iki yüz içəndə özümdən şeir deyirəm, üç yüz içəndə Vaqif Cəbrayılzadədən, daha çox içəndə sizinkilər düşür yadıma...

Ramiz Rövşən üzünü ofisianta tutur:

- Cavanların arağını bol eləyin!

***

Image result for ramiz Rövşən

70 illik yubileyində Ramiz Rövşənə Ədəbiyyata xidmətlərinə görə mükafat verilir. Yazıçı Anar mükafatı təqdim edəndə deyir ki, TÜRKSOY sənə medal da göndərib. Medalı Ramiz Rövşənin sinəsinə taxmaq istəyəndə şair gülümsəyərək etiraz eləyir: “Sinəm medala öyrəşməyib, sonra taxaram”.

***

Seyran Səxavətin tələbəlik xatirəsi:

“O vaxt Ramiz çox tərbiyəli idi. Biz onun yanında pis görünürdük deyə, ona deyirdik ki, siqaret çək də. O da bədahətən şeir deyirdi: “Mən siqaret çəkmirəm, çəkmirəm. Mən özüm siqaretəm zamanın qarşısında”.

***

Tədbirlərin birində Ramiz Rövşən SSRİ dövründə məhz Allaha tez-tez xitab etdiyi üçün şeirlərinə qadağa qoyulduğunu etiraf edib.

***

Image result for ramiz Rövşən

Onu Azərbaycanın yaşayan ən böyük şairi adlandırırlar. Şairin isə bu fikrə münasibəti belədir: “Mən Azərbaycanın axırıncı şairiyəm və uçurumun qarşısındayam. Əgər mən çəkilsəm, hər şey dağılar”.

***

Xaricdə yaşayan soydaşlarımızdan biri Ramiz Rövşənə deyib ki, şeiriniz bizi çətinlikdən xilas etdi. Şair onlardan soruşub: “Bəs şeirlərim Ramiz Rövşəni niyə xilas etmir?”

***

Bir dəfə məşhur “Qara paltarlı qadın” şeirindəki qadının kimliyinə aydınlıq gətirib. Onun sözlərinə görə, şeirdəki qadın onun xanımı deyil: “Sözügedən şeirdə qadın kişidən daha yüksəkdə durur. Qadını o qədər alçaltmışıq ki, kişilərlə bərabər etmişik”.

***

Image result for ramiz Rövşən

Ramiz Rövşənin ən məşhur şeirlərindən olan “Ayrılıq” 20 ilə yazılıb. Şairin dediyinə görə, şeirin ilk iki bəndi tələbəlik illərində konkret ünvana yazılıb.

Yenə bu şəhərdə üz-üzə gəldik

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

O, 20 ildən sonra şeirə yenidən qayırdaq qalan bəndlərini yazıb və şeirə fəlsəfi məzmun verib.

***

Həmin bu şeiri ithaf etdiyi qıza sevgisini etiraf etməyə çətinlik çəkirmiş. Bir dəfə dərdini Seyran Səxavətlə bölüşüb. Seyran məsələni yoluna qoyacağını vəd edib. Deyib, istəyirsən lap qızı auditoriyadan çağırıb gətirim. Ramiz utancaq olduğu üçün razı olmayıb.

***

Ramiz Rövşən Moskva Ali Ssenari Kurslarını bitirib. O, həm də kinossenaristdi. Ssenariləri əsasında xeyli film çəkilib. Ramiz Rövşən gənc yaşlarında Moskvada təhsil alarkən dahi rus rejissor Andrey Tarkovskinin məşhur “Stalker” filminin çəkilişlərində olub. Onun Tarkovski ilə şəxsi münasibəti də varmış.

***

Image result for ramiz Rövşən

Ramiz Rövşənin imza günü idi. Bir xanım şairin kitabını alıb ona imzaladandan sonra dedi ki, sizə bir kitab hədiyyə etmək istəyirəm.

- Nə kitab? – şair maraqla soruşdu.

- Mən dietoloqam - Xanım dieta kitabını masaya qoydu - Özüm yazmışam. Həm də Yazıçılar Birliyinə üzv olmaq istəyirəm.

Ramiz Rövşən gülümsündü:

- Faydasını görsəm, mütləq sizi tapacam.

Qəribədir ki, həmin qadın da kök idi.

***

Mirşahin Ramiz Rövşənnən müsahibə götürür:

- Elə bir şeiriniz olubmu ki, onu yazandan sonra ayağa durub deyəsiz ki, mən dahiyəm?

Ramiz Rövşənin cavabı:

- Xeyr! Çünki heç vaxt dahiliyimə şübhə etməmişəm.

***

Görüntünün olası içeriği: 2 kişi, Rovshan Aliyev dahil, gülümseyen insanlar, ayakta duran insanlar ve açık hava

Şəhriyar Del Gerani bir dəfə Ramiz Rövşəndən zarafatla soruşur:

- Ramiz müəllim, şeirlərinizdəki göy üzünə daş atan oğlanın axırı necə oldu?

Ramiz Rövşən cavab verir:

- Sənin şeirlərində itlərə daş atmağa gedib.

***

Oxuculardan biri ona kitabını imzalatmaq istəyir. Lakin Ramiz Rövşən imzalamaqdan imtina edir. Səbəb kitabın pirat nüsxə olmasıydı. Bu məsələ birmənalı qarşılanmadı. Kimiləri şairi buna görə qınadı, kimiləri isə onu haqlı hesab etdi.

***

Yeyib-içmək məclisində Ramiz müəllim araq içərkən bir balaca yaxasına tökülür. Şairlərdən hansısa ona sataşır:

- Yaşlanmısız, əvvəlki kimi içə bilmirsiz.

Ramiz Rövşən:

- Hələ sən yaxama tökülən qədər iç, sonra danışarıq.

***

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve açık hava

Ramiz Rövşənin deyimlərindən: “Bir arzum var – Xalq şairi olmayım, bir vəsiyyətim var – Fəxri xiyabanda basdırılmayım”.

***

Daha bir deyim: “İndiki cavanların ağzından süd, əlindən qan iyi gəlir”.

***

Ramiz Rövşənin daha bir qəribəliyi: son illər heç yerə müsahibə və açıqlama vermir. Yalnız 70 illik yubileyində bir-iki kəlmə danışıb, o qədər. Halbuki, o, çox əla həmsöhbətdir.

# 1839 dəfə oxunub

Müəllifin son yazıları

# # #