Məşhur Amerika rejissoru Azərbaycan mahnısını oğurlayıb? - İDDİA

Məşhur Amerika rejissoru Azərbaycan mahnısını oğurlayıb? - İDDİA
3 aprel 2017
# 13:07

Şair Səlim Babullaoğlu məşhur Amerika rejissoru Cim Carmuşu Azərbaycan mahnısını oğurlamaqda ittiham edib. Kulis.azın məlumatına görə o, bu barədə özünün Facebook səhifəsində yazıb.

Yazını təqdim edirik.

Carmuşun və İoselianinin filmində Azərbaycan musiqi (mi ) !?

Söhbət “Paterson”və “Payızda bağçalar”dan gedir…

Dünən şair Qismət gözəl bir filmi nişan verdi. Şair dostlarla bərabər olduğumuz tədbirdən gecə birin yarısında evə dönən kimi yuxu gözümdən tökülsə də “Kofe və siqaretlər” filmindən sevdiyim rejissor Cim Carmuşun 118 dəqiqəlik Almaniya-ABŞ-Fransa istehsalı olan “Paterson” filmini axtarıb tapdım. Diqqətlə baxdım. Səhər bəzi fraqmentlərinə bir də tamaşa elədim. Film haqqında bir yazı yazdım. Hələlik dincə qoymuşam. Təkrar oxumaq üçün. Qənaətim belədir ki, əla filmdir. Şeir haqqında əsrarəngiz bir film. Amma bu haqda yazıda...

Diqqətimi bir məqam çəkdi.

Fikrimcə filmin 23:15. dəqiqəsində “Gözəlim sənsən” xalq mahnımız səslənir. Yanılmıramsa farsca sözlərin müşayiəti ilə;filmin baş qəhrəmanlarından birini İran mənşəli aktrisa Golşiftəh Fərahani oynayır.

Bir neçə adamla dəqiqləşdirmə aparmalı oldum. Yalnız tanınmış gənc bəstəkar bir qədər tərəddüd elədi (ola bilsin haqlıdır) : “ Səlim müəllim, doğrusu çox oxşayır. Amma bir az mübahisəlidir. Çünki bizim mahnının nəqarət hissəsindəki melodiya burda sekvensiyavari aşağı hərəkət edir…başqa bir İran-fars mahnısı da ola bilər…”

“Paterson” filminin bəstəkarı Robert Hein, musiqi tərtibatçısı SQÜRL-dür. Sonuncu yəqin ləqəbdir. Hər nəsə sonda- titrlərdə musiqi istinadları yoxdur.

Yadıma düşdü ki, eyni şeylə bir dəfə də İoselianin İtaliya-Fransa-Rusiya birgə istehsalı olan “Payızda bağçalar” (Jardins en automne) filmində üzləşmişəm. Filmin sonuna yaxın 1.30.15.ci dəqiqəsində “Qarabağ şikəstəsi ” səslənirdi. Burda heç bir şübhə yeri yox idi. 2006-cı il istehsalı olan bu filmin həmin məqamı haqqında 3-4 il əvvəl bir qeyd paylaşmıdım Facebookda ki, niyə İsoeliani ilə dostluq edən, etmiş və bu gün də əlaqəsi olan bizim ədiblər və kino xadimləri bu barədə iradlarını bildirmirlər. İoseliani gürcüdür. Böyük rejissordur. Ola bilməz ki, o “Qarabağ şikəstəsi ”ni tanımasın. Üstəgəl, filmin bəstəkarı olan başqa bir gürcü- Nikolaz Zurabaşivili bunu bilməliydi. Ən azı filmin sonunda istifadə edilən musiqi barədə istinad qeydi verməliydi…

Nəsə…

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #