“Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub

“Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub
12 yanvar 2018
# 18:08

Yanvarın 12-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın müsəlman Şərqində ilk operasının - “Leyli və Məcnun”un tamaşaya qoyulmasının 110 ilinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə muzeydə operanın səhnə həyatının əks olunduğu sərgi ilə tanış olublar.

Daha sonra “Leyli və Məcnun” operasından fraqment nümayiş edilib.

Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov çıxış edərək milli musiqi tariximizdə silinməz izlər qoyan dahi bəstəkarın zəngin yaradıcılığından danışıb. O deyib: “Leyli və Məcnun” operasının yaranması ilə Azərbaycanda milli musiqili teatrının əsası qoyuldu. Azərbaycan bəstəkarlıq, ifaçılıq sənəti bu opera ilə yanaşı inkişaf etməyə başladı və böyük sənətkarların repertuarlarının yaraşığı oldu. Opera nəinki ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində səhnəyə qoyuldu və böyük tamaşaçı sevgisi qazandı”.

Operanın böyük çətinliklər hesabına ərsəyə gəlməsinə rəğmən böyük uğur qazandığını deyən muzeyin direktoru bundan ruhlanan bəstəkarın daha bir neçə mükəmməl opera və operetta yazdığını bildirib. Qeyd edib ki, bu əsərlər ölkəmizin bəstəkarlıq məktəbinin inkişafına və zənginləşməsinə müstəsna təsir göstərməklə yanaşı, dünya mədəniyyətinə də öz töhfəsini verib: “Azərbaycan ərazisində yaranan bu opera öz coğrafiyasını genişləndirərək Qafqazda, Şərqdə şöhrət tapdıqca həmin xalqların da musiqisinin inkişafına təsir edib. Bunu həmin xalqların musiqiçiləri, bəstəkarları dönə-dönə vurğulayıblar. Bu isə Üzeyir bəyin, ümumilikdə Azərbaycan musiqisinin böyüklüyüdür. Elə bu böyüklük, 110 il əvvəl olduğu kimi, hələ çox yüzilliklər boyu Azərbaycan xalqını müşayiət edəcək”.

Tədbirdə bəstəkarın əsərlərinin böyük əksəriyyətinə səhnə quruluşu verən Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, “Leyli və Məcnun” operasının ikinci tamaşasından etibarən qadın rolunun ifaçısı olan, “Əhməd Ağdamski” təxəllüsü ilə tanınan Əhməd Bədəlbəyovun oğlu, professor Telman Ağdamski, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva və başqaları çıxışlarında bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, bu opera ötən il ərzində bir çox sənətkarların həyatından gəlib keçib, onlara sonsuz tamaşaçı sevgisi qazandırıb.

Vurğulanıb ki, ilk Leyli - Əbdülrəhman Fərəcov və ikinci Leyli - Əhməd bəy Ağdamski, adı mədəniyyət tariximizə ilk Məcnunumuz kimi düşmüş Hüseynqulu Sarabski özündən sonra əsl məktəb yaradıb.

Sonra gənc ifaçılar bədii kompozisiya ilə çıxış ediblər.

# 1050 dəfə oxunub

Müəllifin son yazıları

# # #