İnternetlə evlənənlər və toydan sonrakı bataqlıq

İnternetlə evlənənlər və toydan sonrakı bataqlıq
9 iyun 2018
# 13:31

Afiq Muxtaroğlu

Keçən sayımızda mən möhtərəm oxucuma söz vermişdim ki, getdiyim toydan kamali-ədəblə bir yazı yazacam, oxuyanların ürəyincə olsun. İndi o üzdən kimsənin yanında yalançı olmamaqdan yana bir toy yazısı yazmağın məqamı yetişdiyini güman edirəm. Həm də yazmağa düz əməlli bir zad tapa bilmədiyimdən elə verdiyim sözü tutmağımın mənə baş ucalığı gətirəcəyi düşüncəsiylə nağaralı-zurnalı bir yazının ortaya çıxmasının bəd olmayacağını da gözardı etmək istəmirəm.

Orasını da deyim ki, bizim kənd toyumuzla şəhər toyumuz bir-birinə o qədər bənzəyir ki, bilən olmasa deyərsən ikisi də yarı almadır. Sonra da haray salıb deyirlər ki, bizdə şəhərlə kənd arasında atla eşşək qədər fərq var. Amma toylarımızı görən bir əcnəbi qonaq deyər ki, bunların toyunun şəhərini-kəndini ayırd edə bilənin atası tünbətün olsun. Hə, deyirəm daha məqam yetişib, girişim vədimi yerinə yetirməyə. Nədən ki, kişidə söz bir olar, verdiyi sözə əməl edər.

Desəm ki, iki gəncin ailə qurmasından gözəl bir hadisəni bəşəriyyət deyilən bu vaxta qədər kəşf etməyib, mənim sözümü qəribliyə salmayın. İndi təsəvvür edək ki, bizim bir dəliqanlı cavanımız internetdə ilk gördüyü bir gözəl-göyçək, xanım-xatın el qızımıza bir könüldən min könülə aşiq olur. Getmə gözümdən, gedərəm özümdən. Yağış yağar yer doymaz, mən səndən necə doyum. Öləcəm-öldürəcəm mənimsən ki, mənimsən – ölsən qara torpağın, qalsan mənim. Elə qız canıyanmışın da fikri bizim bu dəliqanlıda imiş, onun da gözü yüz oğlanın, min oğlanın içindən bizimkini tutubmuş. Daha onlar fikirləşmirlər ki, bu sevda bir kəsilməmiş qarpızdır, kəsərsən içi kal çıxar, canım sənə desin içi düşmüş olar və ya içindən bir ayrı hoqqa-filan pırtdayar.

İş ki, bu məqama gəldi, iki könül bir olsa kimin ona sözü olar, axı? Ata-ana əl-ayağa düşür, qız qapısını yağır edib, əl bizim, ətək sizin, qız evini bir təhər razılığa gətirərək, qızın “hə”sini alırlar. Və həngamə də bundan sonra başlayır, özü də necə başlayır. Qız tərəf də, oğlan tərəf də bir əl-ayaq satın alıb, toy hazırlığına start verir.

Toy tədarükünə başlayan tərəflər bir altı ay, nə bilim bir il tədarüklərini bir yana çıxara bilmirlər. Ay bunu almaq lazımdır, ay nə bilim onu vermək lazımdır. Mənim deməyim belə artıqdır, siz məndən də yaxşı bilirsiz ki, toyun nə qədər oyu-buyu olur. Özündə yoxdur, buyur çıx ortaya, borc-xərc tap-düzəlt, bu işi yola ver. Borc tapa bilməsən, bunu da ürəyinə-zada salma. Özünü ver banklardan birinə, istədiyin qədər kredit götür. Nə kimsəyə ağız aç, nə də sözün yerə düşsün.

Bankdan işin düzəldimi, daha toya başlamağa nə var ki? Kimə desən içkin-filanın düzələcək. Əti-balığı, toyuğu-bildirçini, neçə löyün yemək üçün min bir xırım-xırdanı da toydan sonraya danışıb, gətirirsən. Elə video çəkəni də, toy paltarı satanı da və daha neçə belə zadı bu yolla mingirləyib, başını bəndləyirsən. Oğlan evi, elə qız evi də bu minvalla toyu tamamlaya bilir. Biri qızını köçürüb guya canını qurtarır, biri də gəlin gətirib. Ay qurtardınız, ha? Başına gəlməyən deyəcək, ə, bu nə danışır belə? Başına gələn də bığaltı kədərli-kədərli gülümsəyib, düz deyir dana, söyləyəcək. Başına gələn başmaqçı olar deməyiblərmi? Bu bığaltı qımışan elədiyi toyun borcunun altından hələ çıxa bilmədiyindən, yüzdə yüz mənim nə demək istədiyimi göydə tutacaq.

Nədən ki, toyun səhərisi borc yiyəsi onun da qapısının ağzını kəsdirib, qardaş, o əmanəti qaytar demişdi. Bığaltı qımışan da toydan yığılan puldan bala-bala borcları verib, azaltsa da, bu borc zəhrimar qurtarmaq bilmədi ki, bilmədi. Hislik-pislik gətirdiklərinin yerini bir təhər dolsa da, bankdan götürdüyü kredit sümük olub qaldı boğazında, keçmərəm deyib, durdu. Qaragün bir-iki il də banklarla oynadı. Təzə gəlindən tutmuş bütün ev əhli çalışıb-çabalayıb bankın kreditini ölüm-zülüm doldu.

...Video-operator bir ilmi, iki ilmi qapısına ayaq döyməkdən naldan-mıxdan düşdü, pulunu ala bilmədi ki, bilmədi. Nədən ki, yoxun üzü qara olsun, əlinə düşəni o borca, bu xərcə verdiyindən operatorun yanında günü bu gün də üzüqaradır ki, qaradır. Fikirləşir ki, əlinə düşən birinci pulu aparıb, operatora verəcək. Operatorun da ailəsi-uşağı var, onun da xərci-borcu olmamış deyil. Həm də hər yetəni qarğatmaq da olmaz. Bığaltı qımışan zatın düzünə qalsa, heç toyun görüntülərinə baxmağa nə halı qalmışdı, nə də həvəsi...

Şəhər toylarının, yəni restoranda edilən toyun bir ayrı gözəlliyi var, daha nə deyim. Bir orasını deyim ki, toy yiyəsi toya dəvət etdiyi qonaqlardan düzü-dünya pul-para yığacağını düşünüb, yığılan məbləğlə həm restorana olan borcunu, həm də toya qədər sühsününə yığdığı borcları qaytaracağını güman edir. Bəziləri hətta əldə bir az pul qalacağı xəyalına da düşür. Amma sən saydığını say, gör, fələk nə sayır deməyiblərmi? Birdən işin lap zayı çıxır. Gözlədiyinin əksinə, borc-xərc nədir, heç restoranın pulunu belə ödəyə bilmirsən. Gecəyarı qalırsan qovşurula-qovşurula. Restoranın “xozeyin”i iki ayağını bir başmağa dirəyib, ya yeyib-içdiyinizin haqqını ödəyin, ya da gəlindən və ya bəydən, bəzən də hər ikisindən əlinizi üzün söyləyərək, dediyini eləyir. Gəlini “zaloq” saxlayır. Sən də düşürsən şəhərin canına, özünü ora-bura vurub, kimlərəsə dilini bir qarış çıxarıb, əskiyini düzəldərək, Allah kəssinlə gəlinini aparırsan evinə. Şəhər toyunun bu həngaməsinə baxanda, yenə Allah versin kənd toylarına deyirsən. Heç olmasa kənd toylarında gəlini girov saxlayansa olmur deyib, Allahına şükürlər edirsən.

...Amma hər toy borcunu verdikcə ataların məşhur bir kəlamı həmişə yadına düşər və hər dəfə bu kəlamı xatırladıqca, ataların nə qədər doğru söylədiklərini öz-özünə təsdiqləyərsən. Ataların “borc gedər, gəlin qalar” deyimi hər dəfə sənin qolundan qaldırar, ümidlərinin tükənməməsinə yardımçı olar.

Düzü bu yazımı bəyənib-bəyənməyəcəyinizi mən öz yanımdan deyə bilmərəm. Bir onu qulluğunuza ərz edim ki, mən sizə olan borcumu verib, canımı qurtardım. Allah toy edib borca düşənlərin də köməyi olsun. Unutmasınlar ki, yaman günün ömrü az olar, “borc gedər”, rus demiş “za to” ailənizə gözəl-göyçək bir “gəlin qalar”...

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #