Gülümsəməyin zərəri - ANALİZ

Gülümsəməyin zərəri - ANALİZ
6 yanvar 2017
# 21:00

Fuad Rüstəmzadə

Uzun illərdir ki, insanlar özlərini, yaxınlarını, psixoloqlar öz xəstələrini, sosioloqlar isə işlədikləri lokal insan birliyini optimist etməyə məcbur edirlər. "Gülümsəyin!" sözü Amerikada həyatın şüarı idi. Son zamana kimi. "Keep smiiling" cümləsi elə amerikan psixoloqlar və sosioloqlar tərəfindən şübhə altına alınıb. İndi qərbdə "Adekvat pessimizm" optimizm tiraniyasına güc gəlməyə başlayır. Bir çox psixoloq həmişə qalib düşüncəsinin insanların ağlında kök atmasına görə çox narahat olduqlarını bildirirlər.

“Bəsdi gülümsədin, deyinməyə başla" adlı kitabın müəllifi deyir ki, öz həyatının üz qabığını bahalı jurnallar kimi bəzəmək, uzunmüddətli kədər vəziyyətindən qat-qat daha çox ziyan vurur. Sosial-psixoloq Culiya Norem isə bir neçə ildir ki, tədqiqatla məşğuldur. Tədqiqatın adı Müdafiə pessimizmidir. Belə ki, qrup terapiyasında Culiya baş verə biləcək neqativ halları psixoloji oyunlarla və ya söhbətlərlə hər kəs üçün incələyir. Məsələn, çıxışlar zamanı durmadan öskürmək, ayağın mikrofonun kabelinə ilişməsi, yıxılmaq kimi neqativ hallar barədə söhbətlər edirlər. Belə söhbətlərdən sonra, istənilən çıxış demək olar ki, ideal keçir. Səbəbi isə Culiya belə izah edir ki, illuzor məğlubiyyətsizliyin verdiyi özünə əminliyin əvəzinə, situasiyanı real kontrol etmə gəlir və buna görə də istənilən neqativ hal asanlıqla aradan qaldırılır. Texas universitetinin psixoloqu Ceyms Pennenbeyker məsləhət görür ki, güclü travmalar və neqativ hallardan sonra, hər şeyi dərhal unudub yenidən xoşbəxt həyata qayıtmağa tələsmək olmaz. Əksinə, baş verənləri danışmaq və ya yazmaq lazımdır. Hər şeyi sona qədər həzm etdikdən sonra neqativ düşüncələr həyatımızı daha rahat tərk edəcəkdir. Pessimizm və neqativ düşüncələr bizə insanlarla münasibətlərdə də kömək edə bilər. Qarşılaşacağımız insanlar həmişə xoşüzlü və "sözə-baxan" olmayacaq. Hər kəsə rahatlıqla inanıb böyük məyusluğa yol aça bilərik. Neqativ düşüncələr, şübhələr isə, bizi həm məyus olmaqdan qoruyacaq, həm də qarşılaşacağımız adamları daha yaxşı tanımağa kömək edəcək. Gələcəyə aid planlarınızı həyata keçirərkən neqativ düşüncələri kənara atdıqda, mənfi hallara qarşı hazırlıqsız olursunuz. Hər gözlənilməz hadisə, nə qədər kiçik olsa belə, sizin üçün böyük zərbə ola bilər. Sadəcə olaraq həddi aşmaq lazım deyil. Orta yolu tapmaq, yerli-yerində pessimizmdən və optimizmdən istifadə etməyi bacarmaq lazımdır. Hər kəsə təsir edə bilən, onları enerji ilə doldura bilən psixoloji alətlər var. Özünə əmin adamlara optimistik şüarlar daha çox kömək etdiyi halda, pessimistlərə belə sözlər pis təsir edir və onları əksinə daha ümidsiz edir. Özünüzə yaxşı təsir edən psixoloji aləti tapmağa çalışın. Psixologiya individual təsir sahəsidir və bir qayda hər kəsə uyğun ola bilməz.

# 1249 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #