Afaq Məsudun romanı Gürcüstanda təqdim olundu

Afaq Məsudun romanı Gürcüstanda təqdim olundu
23 aprel 2019
# 18:38

Yaxın günlərdə tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun Tbilisidə gürcü dilində nəşr edilmiş “Azadlıq” kitabı Gürcüstan Yazıçılar Birliyində ölkənin ədəbi ictimaiyyətinə təqdim olunub.

Gürcüstanın “Melaniya” Nəşriyyatı tərəfindən çap edilmiş kitaba yazıçının “Azadlıq” romanı, “Can üstə”, “İkinci İohan”, “Gecə”, “Sərçələr”, Dovşanın ölümü” kimi məşhur hekayələri daxil edilib.

Tədbiri giriş sözü ilə açan Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli Afaq Məsudun yaradıcılığı haqqında danışaraq, kitaba daxil edilmiş əsərlərin, ayrı-ayrılıqda həm mövzu, həm ədəbi üslub baxımından yüksək bədii dəyər daşıyıcısı olduğunu bildirib, kitabın redaktoru qismində aldığı təəssüratlarını bölüşərək, “Azadlıq” romanını müasir dünya ədəbiyyatının nadir incilərindən biri kimi dəyərləndirib.

Sonra söz Gürcüstanın Xalq yazıçısı, Şota Rustaveli mükafatı laureatı, Gürcüstan Yazıçılar Birliyinin həmsədri Revaz Mişveladzeyə verilib.

Revaz Mişveladze Afaq Məsudun yaradıcılığı ilə Gürcüstan mətbuatında çıxan hekayələrindən tanış olduğunu, bu əsərlərin düşüncə və mövzu yeniliyi ilə seçildiyini bildirib.

Daha sonra Gürcüstanın Baş nazirinin müşaviri, nasir, şair Quram Odişaria, Gürcüstan Yazıçılar Birliyinin həmsədri, şair Makvala Qonaşvili, Gürcüstanın Xalq şairi, ictimai xadim Erekle Sağliani, Acara “Zğvauri” Ədəbiyyat Evinin rəhbəri, şair Bela Kebulia, Gürcüstan Dövlət Mükafatı laureatı, yazıçı Badri Kutateladze, şair Tamar Paçukidze, Gürcüstan Mədəniyyət Nazirliyinin Milli ədəbiyyatın təbliği və tanıtımı departamentinin direktoru Aleko Qriqalaşvili, “Alleqoriya” jurnalının baş redaktoru, şair Tamar Şaişmalaşvili, Rustaveli cəmiyyətinin prezidenti, nasir Davit Şemokmedeli və digərləri çıxış ediblər.

Tanınmış gürcü bəstəkarı, şair Nuqzar Ergemlidze öz sözlərinə bəstələdiyi mahnılarını səsləndirib.

# 2334 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #