“525-ci qəzet”in 25 yaşı BDU-da qeyd olundu

“525-ci qəzet”in 25 yaşı BDU-da qeyd olundu
17 noyabr 2017
# 15:22

Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir və yubiley münasibəti ilə nəşr olunmuş ““525”-zamanın sınağında” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov “525-ci qəzet”in Azərbaycanın müstəqilliyi ilə yaşıd olduğunu bildirib:

“25 illik yubileyini qeyd edən qəzet müstəqil Azərbaycanın mətbuat məkanında özünün ləyaqətli yerini tutur. Qəzetin təsisçiləri və onu bugünkü səviyyəyə çatdıranlar Bakı Dövlət Universitetinin məzunlarıdır. Çox şadam ki, bu yubiley tədbiri məhz Bakı Dövlət Universitetində keçirilir”.

Rektor “525-ci qəzeti” “ümummilli qəzet” kimi qiymətləndirib.

Rektor BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədlinin müəllifi olduğu “525”-zamanın sınağında” adlı kitabın əhəmiyyətini qeyd edərək kitabda “525-ci qəzet”in yaranma tarixi, onun fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi, mədəni həyatımızın, ədəbiyyat və incəsənətimizin, elmi düşüncəmizin işıqlandırılmasında göstərdiyi yaradıcılıq xidmətlərinin əks edildiyini xüsusilə qeyd edib.

Professor Cahangir Məmmədli müəllifi olduğu kitabın yaranma ideyasından bəhs edib. C. Məmmədli “525-ci qəzet”i Bakı Dövlət Universitetinin və Jurnalistika fakültəsinin tələbələrinin peşəkarlıq laboratoriyası kimi dəyərləndirib.

Akademik Nizami Cəfərov “525-ci qəzet”in yaradıcı insanlara yaratdığı geniş imkanlardan söz açıb, ədəbi fikrimizin formalaşmağında qəzetin rolundan danışıb. N. Cəfərov əlavə edib ki, “525-ci qəzet” yaradıcı insanlara hər zaman inanıb, onlara geniş yer verib.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qəzetin yaranma tarixindən bəhs edib, onun çapının ilk günlərdə hansı çətinlik hesabına başa gəldiyini diqqətə çatdırıb: “Bu qəzet seçilmiş insanların, ziyalıların qəzetidir, onun öz oxucuları var. İnanıram ki, “525-ci qəzet”in uğurlu fəaliyyəti bundan sonra da davam edəcək”.

Prezident Administrasiyasının əməkdaşı Vüqar Səlimov yubiley münasibətilə qəzetin rəhbərliyini və əməkdaşlarını təbrik edib. V. Səlimov qeyd edib ki, qəzet mətbuat orqanlarının içində ictimai fikrin formalaşmasında mühüm yer tutur: “Qəzet eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasətin ictimai rəyə çatdırılmasında mühüm rol oynayan məqalələri ilə diqqət çəkir, onları geniş oxucu kütləsinə çatdırır. Qəzetin ikinci istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin formalaşmasında apardığı təbliğat işidir. “525-ci qəzet”in səhifələrində ziyalıların məqalələrini böyük diqqətlə oxuyuruq. Azərbaycanda jurnalistlərin formalaşmasında da “525-ci qəzet” mühüm rol oynayır”.

Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbu nəşrin fəaliyyətini yüksək qiymətləndirib, onu seçilmiş nəşr kimi dəyərləndiriblər.

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, professor Şirməmməd Hüseynov isə “Mən 1996-cı ildən bu qəzetə yazıram. Heç bir müəllifin qəzetdə mənim qədər yazısı dərc edilməyib”, deyə bildirib.

Ş. Hüseynov deyib ki, qəzetdə olan milli ruhu hər zaman qiymətləndirib: “Bu qəzetin kollektivi bizim universitetin yetirmələrindən ibarətdir. Sevinirəm ki, Bakı Dövlət Universitetinin tələbələri belə layiqli, nüfuzlu qəzet çap edirlər, onu yaşadırlar. “525-ci qəzet” öz böyük missiyasını ləyaqətlə yerinə yetirir”.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, təhsil naziri Mikayıl Cabbarovun təbrik məktubu qəzetin baş redaktoru Rəşad Məcidə təqdim edilib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid nəşrin mətbuatdakı yerindən danışıb: “Haqqımızda kifayət qədər xoş söz eşitdik. Bu münasibəti qazanmışıqsa, özümüzü xoşbəxt sayırıq. Bakı Dövlət Universitetinin qəzet haqqında kitab çap etməsi bizi çox sevindirdi. Bu gözəl işə görə akademik Abel Məhərrəmova və professor Cahangir Məmmədliyə böyük minnətdarlığımı bildirirəm”.

# 1559 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #