Yusif, Zəhra, Məhəmməd – SAXTA ÜMMƏTÇİLİK SİNDROMU

Yusif, Zəhra, Məhəmməd – SAXTA ÜMMƏTÇİLİK SİNDROMU
7 yanvar 2015
# 14:15

Azərbaycanda uşaqlara qoyulan adların siyahısı açıqlanıb.

Ötən il ərzində doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.

Qız uşaqlarına verilən ən populyar ad isə Zəhradır. 3608 uşağa bu ad verilib. Populyarlıq qazanan digər qız adları isə Nuray (2538), Fatimə (2504), Aylin (1803), Ayan (1694), Zeynəb (1693), Xədicə (1244), Mədinə (1170), Mələk (1163), Məryəm (1162), Leyla (1112) adlarıdır.

Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlardır.

Statistikaya diqqət yetirəndə görürük ki, son illərdə valideynlər daha çox dini adlara üstünlük verir.

Mövzu ilə bağlı fikirlərini bölüşən yazıçı Etimad Başkeçid deyir ki, bizim camaat ad qoymanın əhəmiyyətini o qədər də anlamır:

“Qərbdə aparılan ciddi araşdırmalar göstərir ki, uşağa qoyulan ad onun bütün gələcəyinə təsir edir. Ad insanın həyatını bir növ proqramlaşdırır, ata-ananın uşaqdan tələbini və arzusunu əks etdirir. Ona görə də, uşağı olan adamdan istər-istəməz «adını nə qoydunuz» - soruşurlar. Dünya folklorunda adqoyma mərasimləri ilə bağlı kifayət qədər materiallar var. “Dədə Qorqud”da insanın gördüyü işlərin mahiyyətinə uyğun adlar verilir. Bu, metaforik anlamda da olsa, bizim tarixi ənənəmizi əks etdirir. Hazırda dini adların populyarlaşması heç də yaxşı tendensiya deyil. Bu, insanları fərdi fəaliyyət sferalarına yox, yalançı «ümmətçilik» şüuruna kökləyir. Bu şüurla uzağa getmək olmaz”.

Şair, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirir ki, bəzi dini adlar artıq milliləşib:

“Bəzi dini adlar Azərbaycanda milli adlar kimi qəbul olunur. Daha dəqiq desəm, milliləşib. Məsələn, Məhəmməd, Əli, Hüseyn, İbrahim, Yusif, Xədicə və Zeynəb kimi adlar. Yusif adının üstünlük daşımasının səbəbi Yusif peyğəmbərlə bağlı İran istehsalı olan filmlə əlaqədardır. Zənnimcə, ciddi bir sosioloji araşdırma aparılarsa, hansı bölgələrdə uşaqlara hansı adların daha çox qoyulması ilə bağlı bir mənzərə yarana bilər və bunun nəticəsində həmin bölgələrə hansı dini cərəyanların təsirinin çox olduğu da bəlli olar. Adlarla bağlı məsələ ciddi bir araşdırma mövzusudur. Milli adların azlıq təşkil etməsinin səbəbi isə bu istiqamətdə olan boşluqlarla bağlıdır. Azərbaycanda pafos və ritorika, vətənşüvənlik gerçək milliyyətçiliyin belini qırıb. Harada geri zəkalı, aşağı mədəniyyətli birisi var gəlib özünü sırıyır milliyyətçiliyə ki, daha tez önə çıxsın və öz primitiv düşüncəsini pərdələsin. Bir kəndin, bölgənin və bəlkə də ailəsinin, qohum-əqrəbasının çəkdiyi sərhədlərdən kənara çıxa bilməyənlər Azərbaycanın, türk dünyasının birliyindən və bütövlüyündən danışırlar. Saxta vətənpərvərlik insanları bezdirib. Qeyri-səmimi və gurultulu, şablon şüarlar, boşboğazlıq artıq milli düşüncə sahiblərini də qıcıqlandırır, ikrah doğurur. İnsanlar da başqa alternativlərə üz tutur. Səbəbi budur”.

# 1272 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #