Həmyerlimizin kitabı Fransada nəşr olunub

Həmyerlimizin kitabı Fransada nəşr olunub
1 aprel 2019
# 09:21

Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi azərbaycanlı mühacir Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabını çap edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, T.Hacıbəylinin mühacirət xatirələri, Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşovla görüşləri, müəllifin ailə üzvləri də daxil olmaqla bir çox mühacirlərin üzləşdikləri çətinliklər kitaba daxil edilib.

T.Hacıbəyli İkinci Dünya müharibəsində Fransa ordusunun əsgəri olmuş qardaşı haqqında qeydlər edib, Jan-Pol Sartr və Albert Kamyu ilə dostluq əlaqələrindən də yazıb.

“Mühacirlərin həyatı”nda T.Hacıbəylinin əlyazmalarının orijinalları yer alıb. Kitaba yazılmış ön sözün müəllifi Ramiz Abutalıbovdur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransaya səfəri zamanı azərbaycanlı mühacirlərin ailə üzvləri ilə görüşəndə belə bir kitabın nəşrini təklif edib və T.Hacıbəylinin ailə üzvləri bu təklifi razılıqla qarşılayıblar. Sonrakı müddətdə Komitə kitabın nəşr olunması üçün bütün maddi və texniki dəstəyi göstərib. Kitabda Paskal Hacıbəylinin Fuad Muradova ünvanladığı təşəkkürə də yer verilib.

Xatırladaq ki, Timuçin Hacıbəyli Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin oğludur. Onun həyat yoldaşı Paskal Hacıbəyli və oğlu Benjamin Hacıbəyli ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olub, bir sıra görüşlər keçiriblər.

# 2166 dəfə oxunub

Müəllifin son yazıları

# # #