Vurğun Əyyubun son anları

Vurğun Əyyubun son anları
26 sentyabr 2021
# 12:46

Kulis.az Şahnaz Bəylərqızının "Vurğun Əyyubun son üsyanı və ya nə istəmişdin, Vurğun Əyyub?" adlı yazısını təqdim edir.

- Dədəsi də beləydi...

Hamımız dönüb atama baxdıq.

- O da belə ötkəmdi, belə savadlıydı...

Atam televiziyada danışan Vurğun Əyyuba işarəylə deyirdi. Hələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri deyildi. Hələ 1989, bəlkə də 1990-91-ci il idi. O vaxtlar tez-tez televiziyada verilişlər, filmlər dayandırılır və milli azadlıq hərəkatının siması olan şəxslər çıxış edirdilər. İndi də onlardan bir neçəsi danışırdı, aralarında Vurğun Əyyub da vardı, atamın həmkəndlisi, Əliş müəllimin oğlu.

Atam davam etdi: “Rus dilindən dərs deyirdi. Amma fizikanı fizika, riyaziyyatı riyaziyyat, kimyanı kimya müəllimindən yaxşı bilirdi, elə tarixi, ədəbiyyatı da gözəl bilirdi. Olimpiada sualları gələndə, çətin məsələ-misal olanda bütün müəllimlər üstünə qaçardı. O da bir dizinin üstündə cavabı yazıb qırağa atardı...”

Əliş müəllim dünyadan köçəndə kənddə deyərmişlər: “Başı bir batman qızıl idi, onu da özüylə qara torpağa apardı”.

Məndə bir hiss var: Vurğun bəylə Əliş müəllimin ömrü bir bütövdü, biri o birini tamamlayırdı, Vurğun bəy Əliş müəllimin gerçəkləşdirə bilmədiyi arzularını tamamlamaq üçün yaşayırdı bir az da. Bitməmiş missiyanı bitirmək üçün. Bilmirəm hardan yaranmışdı bu hiss. Bəlkə ona görə ki, ikisi də müəllim idi, ikisi də sovetlərdən narazı idi...

“Başı qızıl”dan olan Əliş müəllim bu kənddə niyə ilişib qalmışdı ki? Niyə elm dalınca getdiyi paytaxtda qalmamışdı? Rus dilini gözəl bildiyi halda Moskvaya niyə getməmişdi?

Səbəb müharibəydi. Müharibədə əsir düşməsiydi. Adı universitetdə qara siyahıda idi, ona görə aspiranturanı bitirə bilməmişdı... İkinci dünya savaşının iştirakçısı olmuşdu, ucqar kənddən Avropanın mərkəzinə qədər getmişdi, döyüşə-döyüşə, bəzən qatarla, bəzən piyada, bəzən yaralı, bəzən ümidsiz, bəzən ümidlə günlərlə, aylarla, illərlə yol qət etmişdi ta qələbəyədək...

Ukraynada əsir düşmüşdü. Danışırmış ki, əsir düşəndə ayağı yaralanıbmış. Yaralı olsa da, başqa əsirlər kimi ona da ağır iş gördürürmüşlər. Odur ki, bir gün iş qurtarana yaxın canını dişinə tutub taxıl zəmisinə qaçır. Nəzarətçi bir avtomat darağını havaya boşaldır, amma arxasınca düşmür. Sonradan deyirmiş ki, “nemes istəsə məni öldürərdi, öldürmədi”, bəlkə də “nemes”in onun sağ qalacağına gümanı yoxmuş. Ancaq həmin anlarda zəminin qurtaracağında gözünü yumub ürəyi ağzında almanların gəlməsini gözləyirmiş. Saniyələr, dəqiqələr, saatlar ötür, bir səs, hənirti gəlmir. Zil qaranlıq düşür. Heç kimin onu axtarmadığına əmin olanda yaralı ayağı ilə sürünə-sürünə zəmidən çıxır, qarşısına çıxan ilk qapını döyür. Alman zabitlərinin pal-paltarını yuyan ev sahibəsi onu çardağa çıxarır, yarasını sarıyır, bircə tapşırığı olur: “Ağrısan da səsini çıxarma”.

Sağalar-sağalmaz ordan da qaçır. Sonra... Bundan artığını danışmağı sevməzmiş Əliş müəllim. Bundan sonra onun kimlərlə, harda vuruşduğu bəlli deyil. Yalnız bircə dəfə Məmməd Əmin Rəsulzadəylə görüşdüyünə eyham vurub. Vurğun bəy özü bu haqda “Xural” qəzetinin baş redakoru Əvəz Zeynallı ilə müsahibədə demişdi. Müsahibəyə baxandan sonra özündən bu haqda niyəindiyədək danışmadığını soruşanda “Bu, bir ehtimal idi, atam heç vaxt açıq danışmadı” söyləməklə kifayətlənmişdi... Əliş müəllim kimi Vurğun bəy də bəzi mətləblər haqda susmuşdu.

Qayıdışı asan olmamışdı Əliş müəllimin. Əvvəlcə “qara kağız”ı gəlmişdi. Savaş bitəndən düz bir il sonra Bakıdan teleqram göndərmişdi: “Gəlirəm, qarşılayın”.

Bacısı Məleykə evin balaca oğlu Qulunu da (rəhmətlik qaynatamı) belinə götürüb pay-piyada vağzala yollanmışdı. Məleykə arvad traktorçu idi, qardaşları savaşda olanda evdəki uşaqlara qıtlıq çəkdirməmək üçün dəridən-qabıqdan çıxan, yeri gələndə müdrik, yeri gələndə dəli-dolu qadın idi... Sonradan Tovuzun Ağdam kəndinə ərə getmişdi, oğul-uşaq sahibi olmasa da, qardaş-bacı uşaqları yurdunu şenləndirmişdi. Əliş müəllim də ilk övladını ona övladlığa vermişdi. Nəslin yaylaq yerinə çevrilən o yurdla bağlı o qədər xatirə var ki.

Ömrünün son günlərində Vurğun bəyin də bir arzusu vardı, Ağdamdakı Qaraqayaya çıxmaq (2020-ci ilin iyulunda Azərbaycan əsgərinin, generalının uğrunda canından keçdiyi həmin məşhur Qaraqayaya). Məleykə arvadın evinin arxasındadır həmin qaya. Vurğun bəy uşaqlıqda qarış-qarış gəzmişdi oranı, hər cığırına, hər daşına bələddi. Amma daha ora çıxmaq mümkün deyil. Müharibə araya sərhəd salıb, post qoyulub, əli avtomatlı əsgərlər durub...

Ölümündən dörd-beş ay əvvəl olmuşdu Ağdam kəndində, elə həyətdən baxmışdı Qaraqayaya, ancaq başına çıxmaq istəyirdi... Bacısı Şahnaza deyibmiş bunu. Ayağa qalxan kimi ora getmək istədiyini...

Qızı Ləman danışırdı: “Ata o gün deyir ki, bilirsən nə fikirləşirəm. Bir səhər yuxudan durub ayağa qalxdığımı görürsünüz. Görürsüz yeriyirəm. Sizi maşına yığıb kəndə, Ağdama aparıram...”

Ayağa qalxacağına çox inanırdı. Hətta ayaqları sözünə baxmayıb yatağa düşəndə belə. Sağalacağına inamlıydı, ümidliydi. İçəridən xəstəlik onu çökdürməyə çalışsa da, o, ondan xəbərsiz, ağrılarını eyninə almadan ya da almamağa çalışaraq savaşırdı, dirənirdi. Ona görə də həkimlərin qoyduğu müddətdən bir qədər çox yaşadı.

“İmmunitet sıfırdı, ümidi isə çox böyük”, - Ankarada həkimi demişdi. Buna görə ailəsi ona ömrünün son aylarını yaşadığını deməməyə qərar verdi. Hətta dostu Anar Əsədli həkimindən ona qoyulan diqanozu dəyişdirməsini xahiş etmişdi. O da möhürlü, imzalı bir sənəd hazırlamışdı və ayağında iltihab olduğunu yazmışdı. İnanmışdı... Ya da inanmış kimi göstərmişdi özünü...

Sona qədər çözə bilmədik. Xəstəliyinin ölümcül olduğundan duyuq düşmüşdümü, ona ümidlə, inamla baxan yoldaşının, qızlarının ürəyinə xal salmamaq üçün üstünü açıb-ağartmadan bu haqda susmuşdumu yoxsa özünün iştirakıyla uydurulan nağıllara, əvvəlcə avqustda, sonra sentyabrda Ankaraya müalicəyə gedəcəyinə inanmışdımı? Onun qarşısında oynanan tamaşada o da öhdəsinə düşən rolunu oynamışdı, bəlkə?

Ləman deyirdi ki, başa düşsə bizə vəsiyyətini edərdi, göstərişlərini verərdi, məsələn, yarımçıq yazılarıyla bağlı nəsə deyərdi... Mənim balam. Qatar çoxdan yola düşübsə, tələsməyin nə faydası?.. Üstəlik də canın dişində yaşayırsansa.

“İki aydır mən bu pəncərədən baxıram dünyaya, 9 mərtəbəli boz binadan başqa heç nə görmürəm... Nə vaxt sağalacaq ayağım?”, - bacısından soruşmuşdu... “Ürəyim parçalandı”, - Şahnaz xala söyləmişdi.

Hər dəfə yaşadığı binanın yanından ötəndə balkonuna ya da pəncərəsinə baxardım. Evdədimi, yatırmı, işığı yanırmı? Sonuncu dəfə balkonda görəndə pərdəni aralayıb içəri girirdi. Siqaret çəkməyə çıxmışdı. “Bir azdan balkona da çıxa bilməyəcəksən, Vurğun bəy” – ürəyimdən keçirmişdim.

Xəstəlik sürətlə irəliləyirdi. Ayaqları artıq əvvəlki kimi sözünə baxmırdı, çəliklə gəzirdi evdə... Son müsahibəmizdə də əsayla gördüm onu.

...Həkimlərin hökmünü eşidəndə uzun müddət onunla görüşməmək üçün günü-günə satdım. Gözünün içinə baxmaqdan, ona yalan danışmaqdan, bəlkə də yalan danışa bilməyəcəyimdən qorxurdum.

Amma bir gün Uğuru da götürüb getdim. Son müsahibələrimə baxmışdı. “Çətin suallar verirsən, çətin vəziyyətə salırsan müsahibini, amma danışmağa qoymursan. Elə bil saldığın vəziyyətdən özün də çıxarırsan...” Gülmüşdük onda.

Söhbət dolanıb xəstəliyin üstünə gəlmişdi.

“Kimyaterapiyadan sonra mənim saçım çox az töküldü, demək olar tökülmədi, yeməkdən qalmadım. Mən yaxşı keçirdim”, - özü danışmışdı.

Dediyim kimi sağalacağına o qədər inamlıydı ki... Hətta o gün az qala mən diaqnozun yanlışlığına, onun bu xəstəlikdən qurtulacağına inanmışdım. Ancaq elə ki, yoruldu və otağına çəkilmək üçün icazə istədi, elə ki, mətbəxdə yoldaşı, qızı və mən tək qaldıq... Artıq bayaqdan ona zillənən inamlı baxışlar bir andaca çarəsizləşdi, gözlər dolub-boşaldı, səslər pıçıltıya çevrildi... Yoldaşı Sima xanım internetdən tapdığı reseptlərdən, xərçənglə mübarizədə qalib gələnlərdən danışdı... Ümid dedikləri bu imiş. “Mən Vurğunu verməyəcəm” dedi... Çətin bir dönəm başlamışdı...

Elə həmin gün müsahibə götürmək istədiyimi dedim. Təxmini vaxt təyin etdi. Tələsməliydik. Amma müsahibə iki dəfə təxirə düşdü. Ağrıyırdı. Nə gizlədim, söhbətin ertələnməsinə sevinirdim. Suallardan duyuq düşəcəyindən ehtiyat edirdim. Əlbəttə, veriləsi suallar çox idi. Amma vermək olardımı?.. Verməliydimmi?.. Axı bu həm də sonuncu müsahibə idi...

Çox adam ondan müsahibə istəmişdi, çox adamı vasitəçi salmışdılar. Bir mənə “yox” demədi... “Deyəcəklər müsahibəni qohumuna verdi” gülümsünərək söyləmişdi. İstəsə mənə də “yox” deyərdi. Niyə demədi? Danışmaq istəyirdi bəlkə?...

Suallarımı ölçüb-biçdim, bəzisindən vaz keçdim, bəzisinin tonunu dəyişdim, bəzisinin dalınca düşüb dərinə getmədim... Müsahibədən onun rahatlığı önəmli deyildimi?...

Hava isti idi həmin gün. Amma içəri girən kimi sərinlədik. Ləmana demişdi ki, kondisioneri işə salsın. Bizə görə narahat olmuşdu, halbuki xəstələnəndən bəri soyuğu sevmirdi, ayağı üşüyürdü.

Həmişəki kimi saçları səliqəli yana daranmışdı, üzünü təraş etmişdi. Xoş əhvalda qarşıladı bizi, gümrah görünürdü. Ləman fürsət tapan kimi qulağıma pıçıldadı: “Bibi, qoyma yorulsun. Arada fasilə verin söhbətə”.

Ləman kiçik qızıdır. Zərif, dilindən çox iri gözləri danışan, qayğıkeş biridi. Son iki ildə atasının hər işinin dalınca özü qaçdı, baxıcısı oldu, dostu-sirdaşı oldu. Vurğun bəy Ləmana görə həmişə narahat idi. Böyük qızı Aytən özü kimi sərtdi, bütün sədləri dağıdıb keçə bilər, hədəfinə doğru cəsarətlə irəliləyər, Ləmansa fərqlidi. Amma atasının xəstəliyi ilə o da dəyişdi, bərkidi, möhkəmləndi. İndi o atasına görə narahat olur, qayğısını çəkirdi. Hətta Vurğun bəy özü İsmayıla narahatlıqla sğyləmişdi: “Bu uşaq elə bil illərdi xəstəyə baxır”.

Ləman ona o qədər bağlanmışdı ki, vəfat etdiyi gün bir anda evə doluşan, balkonda, otaqlarda dizlərini qucaqlayıb ağlayan, ona son dəfə toxunmağa çalışan, yas mərasimində şeir deyən tələbələrini də qısqanmışdı. Onun olanı ondan qoparacaqlarından qorxmuşdu.

Gənclər sevərdi Vurğun bəyi. Bunu vəfat günündə Pənah Hüseyn də etiraf etmişdi: “Bizdən çox Vurğun Əyyubi sevir gənclər”.

Mətləbdən yayındım. Harda qalmışdıq? Müsahibədə... Söhbətə başladıq. Siyasətdən, olmuşlardan, qızlarından və nəhayət xəstəlikdən danışdıq... Arzularından biri Baykala getməkmiş... “Kaş xəstəlik irəliləməmiş xəbər tutaydıq onun bu arzusundan...”, - Ləman müsahibəyə baxandan sonra demişdi.

Müsahibənin sonunda şeir deməsini rica edəndə “Həyatdan beşəlli yapışan adam deyiləm, yaşadığımı yaşamışam, gördüyümü görmüşəm” söylədi. Sonra da Məmməd Arazdan yaddaşında ilişib qalan o iki misra gəldi: “Mən getsəm dərələr, dağlar qalacaq, buludlar qalacaq, ağlar qalacaq”.

Dediklərindən sonra söhbəti davam etdirmək çətinləşmişdi. Deyəsən, axı bilir... Üzündə bir anlıq peyda olub yoxa çıxan, ölümün, xəstəliyin qarşısındakı çarəsizliyi göstərən ifadə hər şeyi demirdimi?.. Gücümü toplayıb “Getməyə tələsməyin” söyləyə bilmişdim...

İsmayıl söhbətin bu yerinə baxıb “Mənim tanıdğım Vurğun hər şeyi çoxdan başa düşüb” demişdi...

Müsahibəni götürəndən üç gün sonra artıq ayaqları sözünə baxmadı. Geri sayım başlamışdı...

Həmin il Əyyublular üçün ağır il oldu. Xərçəng Ramiz əmini - Vurğun bəyin böyük əmisi oğlunu da yatağa salmışdı. Qohumlar “Ramizin bircə gözləri qalıb” söyləmişdilər, mən görəndə artıq gözləri də çuxura düşmüşdü. Dili dolaşırdı, kəlmələrini anlamaq olmurdu.

Ölüm xəbərinin birinci hardan, kiminlə bağlı gələcəyini bilmirdik. O çətin vaxtlarda Vurğun bəy Ramiz əmini, Ramiz əmi də Vurğun bəyi xəbər alardı gəlib-gedəndən. Böyük əmioğlu “Əzrayıl hər qapıdan birini aparır, bəs bizdən niyə ikisini aparır? Mən gedirəm Vurğuna niyə dəyir?” - deyə sual etmişdi.

Amma təəssüf ki, həmin yay Əyyublular üçüncü bir oğlunu da – qaynım Fuadı da torpağa tapşırdı. Xərçənglə savaşda günbəgün təslim olan əmi oğluları ilə son dəfə görüşməyə, halallaşmağa gəlmişdi, bir evdə böyüdüyü əmisi oğluna görə yanaraq “Kaş mən öləydim, Vurğun sağ qalaydı” demişdi.

Avqustun sonlarında Ramiz əminin “yeddi”sindən sonra Rusiyaya – evinə yola düşmüşdü, evinə çatmağa bir neçə saat qalmış qəzaya düşmüşdü...

Bir ayağımız yasda, bir ayağımız xəstə yanında, qaçaqaçda, qovhaqovdaydıq. Dərd batmanla gəlmişdi...

Olanlar haqda Vurğun bəyə nəsə demədik. Onunla görüşəndə gülümsəməyə, olanları sezdirməməyə çalışırdıq. Amma bacarmamışdıq deyəsən, şübhələnmişdi.

Qardaşı Elçin dözməyib olanlardan xəbərdar etmişdi onu. Amma bizimlə bu haqda bir dəfə də danışmadı, susdu, heç nə olmamış kimi... Bəlkə də gücü çatmadı danışmağa...

Son görüşlərdən biriydi. Otağa girəndə onu yataqda görmədim. Ayağamı durub yoxsa? Həyəcanla iki-üç addım irəli atanda onun ağrıdan yumağa döndüyünü, qıvrılıb qaldığını gördüm. Amma bu halında da cınqırını çıxarmadan dözürdi. İynə vurulmuşdu, hamı təsirini gözləyirdi...

Həmişə öyünərdi: “Mən bu yaşa çatmışam, bir “penisilin” belə vurdurmamışam”. Amma ömrünün son ayları iynə-dərmansız ötüşmədi...

Aytən gəldi İstanbuldan. Bir dəfə gəlib qayıtmışdı. Atası “Sən niyə işini buraxıb gəlmisən, özüm avqustun axırı ora gələcəkdim” demişdi birinci səfərində... Amma indi Aytəni görəndə uşaq kimi sevinmişdi. Əlini qaldırıb saçını sığallamaq istəmişdi, havada qalmışdı, əlləri onu qucaqlamaq üçün əyilən Aytənin saçına çatmamışdı. Onda heysiz barmaqlarını bir-bir yanaqlarına, alnına qoyub öpməsini istəmişdi... Aytən uşaq kimi qucaqlamışdı, əzizləmişdi onu...

Fürsət tapan onunla sakitcə vidalaşmağa çalışırdı, daha huşu özündə olmurdu çox vaxt. Üzü bomboz idi, gözləri sönmüşdü.

İsmayıl illərin, nəinki illərin, kimyaterapiyanın belə tökmədiyi, sadəcə rəngi ağarmış saçlarını astaca sığalladı, alnından öpdü. Demək istədikləri boğazındaca düyünlənib qaldı, nə uda bildi, nə deyə... Hiss etdimi vidalaşdıqlarını Vurğun bəy?..

Son 20-30 ili bir yerdə olmuşdular. 17 yaşında anasını itirəndə heç kim ürək edib ona söz deməmişdi, Vurğun bəy “kəndə getməliyik” söyləyib özü aparmışdı, çətində-darda yanında olmuşdu, anasının “qırx”ı çıxar-çıxmaz bizə elçi gəlmişdi, toyumuzda ağsaqallığı o etmişdi, atamdan məni o istəmişdi, elçilik bitib qonaqlar dağılanda axıra qalmışdı, məni dəhlizə çağırtdırıb təbrik etmişdi, xeyir-dua vermişdi, atam rəhmətə gedəndə də o dəhlizdə başsağlığı verib, atasından, atamdan danışmışdı, 6 il sonra İnci doğulanda bütün qohumları yığıb bizə qonaq gəlmişdi, İncinin ayağı sınanda da yanımızda idi, Uğur anadan olanda da sevincimizi bölüşmüşdü... Saymaqla bitəsidimi?.. Səssizcə vidalaşdıq, o yuxuda, biz gözüyaşlı...

Nişandan sonra “Mənə Vurğun əmi de” söyləmişdi ərklə. Deyə bilməmişdim. Çox istəmişdim, amma bacarmamışdım. Sonra Elnaz Eyvazla danışanda tapdım səbəbini, onunla münasibətimizin məişət səviyyəsinə enməsindən, nələrinsə əskilməsindən çəkinmişdim, deyəsən, halbuki doğmadan doğma idi bizə...

İnciylə Uğurun “Fasebook”da paylaşdığımız fotolarının altından “Doğmalarım” yazmışdı... Xəstə yatdığı günlər idi. “Ay Ləman, bu Uğur kimə oxşayır ağlıqda?” – təəccüblə xəbər almışdı. Əyyubluların çoxu qarabənizdi... Uğursa başqa şeyə təəccüblənmişdi: “Ata, Vurğun əmi niyə həmişə divanda yatır?”

Sevdiyi uşaqların ərköyünlüyünə dözərdi, elə İncinin də. O balaca olanda yemək masasının üstünə çıxarardı, toppuş ayaqlarıyla qab-qacağın arasında gəzəndə narahat olmağıma baxıb “Dəymə, Şahnaz, qoy gəzsin” deyirdi. “İnci indiyədək gördüyüm nadir istedadlı uşaqlardandır”, - ondan muğayat olmağımızı istərdi vəsiyyət edərmiş kimi...

Xatirələr yumağı çözələndikcə nələr gəlmir göz önünə...

Sentyabrın 24-ü o zəng gəldi: “Vurğun indicə rəhmətə getdi”.

Bacısı Şahnaz xala donub qalmışdı. “Mən belə ölüm görməmişdim” söylədi.

“Ölməmişdən qabaq birdən gözünü açdı. O əlini qaldıra bilməyən, ayağını tərpədə bilməyənVurğun yarıya kimi dikəldi, sonra da sinəsindən bir bağırtı qopdu. Onunla da son nəfəsini verdi...”

İllərini mübarizədə xərcləmiş, çətinliklərə, məğlubiyyətlərə rəğmən inamını, gücünü itirməmiş, hər dəfə yeni nəfəslə meydana çıxan adam son anında onu sümüyünə-iliyinə qədər gəmirən, günbəgün, saatbasaat olum-ölüm savaşında yenən, məğlub edən xərçəngə, xəstəliyə, ölümə etirazınımı bildirmişdi?.. Ya bəlkə bədənini tərk etmək istəməyən həyatamı, yaşam eşqinəmi üsyan etmişdi? Hər şey bitsinmi istəmişdi? Xəstə yatağından ayağa qalxmaqmı istəmişdi?

Bəlkə yazmadığı yazılara, yarımçıq saxladığı kitablara görə, tamamlamadığı işlərinə, yarıda qalan mübarizəsinə görə heyfslənmişdi? Axı görüləcək işləri, gediləcək yolu vardı...

Bu bağırtı oluma ertiraz idi ya ölümə?

Nə istəmişdin, Vurğun Əyyub? Nə istəmişdin, Vurğun əmi?..

arqument.az

# 4108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #