Bakıda Sənətkarlıq Festivalı keçirilib

Bakıda Sənətkarlıq Festivalı keçirilib
4 iyul 2019
# 10:03

İyulun 3-dən ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçirilib.

Festival UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunub.

Festivalda respublikamızın paytaxtı və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. İnsanların festivala daha rahat gəlmələri üçün Nizami küçəsində açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil edilib. Tədbir festival-yarmarka və karnaval formasında keçirilir. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılıb.

Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, bu festivalın keçirilməsi UNESCO-nun 43-cü sessiyasina təsadüf edir. Bu sessiyada 150 ölkəni təmsil edən 3 minə qədər qonaq iştirak edir.

İyulun 7-dək davam edəcək festival günlərində həm Bakı sakinləri, həm də şəhərimizin qonaqları burada təşkil edilən yarmarka ilə tanış ola, eyni zamanda əl işlərini əldə edə biləcəklər. İnanıram ki, bu, sahibkarlar üçün də gözəl bir şansdır.

Tədbirin keçirilməsində dəstək olan şirkətlərə təşəkkürünü bildirən nazir bura gələn insanların mədəni istirahətlərini qurmasında bu festivalın başlıca məqsəd olduğunu bildirib. Nazir onu da qeyd edib ki, bütün bu tədbirlərin keçirilməsi silsilə xarakter daşıyır. Azərbaycanda turizmin inkişafı yüksək səviyyədə təmin olunur. Ölkə başçısının siyasəti Azərbaycanı qabaqcıl ölkəyə çevirməkdir. Buna görə də Azərbaycanın qapıları dünyanın üzünə açıqdır. “Hesab edirəm ki, bu mədəni marşrut öz-özlüyündə vacibdir. Buna görə də bizim sahibkarlarımız bu marşrutun genişlənməsinə öz töhfəsini verəcəklər", - deyə nazir əlavə edib.

Yarmarkanın iştirakçılarından olan Rauf Seyidzadə tədbirə Bakı şəhərindən qatılıb. Təşkilatçılara minnətdarlığımı bildirən sənətkar deyib: “Bizə əl işlərimizin nümayiş olmasında dəstək olurlar. Arzu edərdim ki, mütəmadi olaraq belə sərgilər keçirilsin və biz də hazırladığımız əl işlərini burda həm nümayiş etdirək, həm də sataq".

Tədbirə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. Tədbirin keçiriləcəyi ərazidə məlumat mərkəzləri yaradılıb. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcək.

Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdirilməsi məqsədilə ustad dərsləri təşkil ediləcək. Yeni, əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılıb.

Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə edilib. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdirilib və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləni formalaşdırır. Beləliklə, festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və s. ilə tanış olurlar. Festival barədə kitabçalar və kataloqlar nəşr olunub.

Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival müddətində hər gün konsert proqramı təqdim ediləcək. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına kömək göstəriləcək./azertag.az/

# 1711 dəfə oxunub

Müəllifin son yazıları

# # #