Muzeylərə giriş biletləri bahalaşıb

Muzeylərə giriş biletləri bahalaşıb
27 iyul 2019
# 14:09

Türkiyənin tarixi-mədəni irsi ilə tanışlıq bundan sonra turistlərə baha başa gələcək.

2019-cu il mövsümünün ortasında bu ölkənin turizm rəhbərləri muzeylərin, sarayların və arxeoloji abidələrin ziyarət edilməsi üçün giriş haqqını artırıblar.

Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi iyulun 15-dən etibarən bütün dövlət muzeylərinə və görməli yerlərə giriş biletlərinin qiymətini bu barədə qabaqcadan məlumat vermədən 20 faiz artırıb.

Giriş biletləri bahalaşmış muzeylər arasında turistlər üçün çox populyar olan obyektlər də var. Məsələn, qədim Efes, Ayasofya məscidi, İstanbuldakı Topqapı Saray Kompleksinin ziyarət edilməsi üçün indi 60 yox, 72 türk lirəsi (təqribən 21 manat), Pamukkalaya səfər üçün 50 lirə əvəzinə 60 lirə (təqribən 17 manat) ödəmək lazım gələcək. Ümumiyyətlə, ölkədəki 161 muzeyə giriş qiyməti artırılıb.

Türkiyə Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkənin muzeylərinə gələnlərin sayı 31 milyondan çox olub.

Bu dəyişikliklər cari mövsümdə turoperatorların müştəriləri üçün ekskursiyaların qiymətinə təsir etməyəcək, çünki müvafiq müqavilələr ilin əvvəlində bütün mövsüm üçün bağlanıb. Lakin gələn il, əlbəttə, qiymətlərə düzəliş ediləcək./azertag.az/

# 1995 dəfə oxunub

Müəllifin son yazıları

# # #