Gedə biləcəyimiz yollar sağ olsun...

Gedə biləcəyimiz yollar sağ olsun...
11 mart 2019
# 16:46

Ağa Cəfərliyə

İlk dəfə onu görəndə qəribə bir hiss keçirmişdim. Elə bil min il bundan qabaq tanıdığım bir adamı min il sonra yenidən gördüm…

Nə vaxtsa unutmaq növbəsi bizə də çatır. Ən yaxın dostlarımızı, əzizlərimizi, doğmalarımızı da unuduruq. Biz əslində bununla özümüzü unuduruq. Çünki unutduqlarımızla yaranan sevgimiz, kədərimiz, xatirələrimiz də yaddaşımızın sükutuna qərq olmağa başlayır… Və beləliklə biz ilkin başlanğıcdan qopur, saflığı, təmizliyi itirmiş oluruq…

Bir dəfə ucuz, ayaqüstü yemək yeyirdim, uzaqdan məni görüb yaxınlaşdı. Əlimdəki çörəyi görüb tutuldu. Mən heç nə başa düşmədim. Hamının adi gördüyü bir mənzərədən bərk sarsılmışdı. Daha doğrusu içində mənə görə narahat olmuşdu. Çox sonralar anladım ki, mənim belə ucuz, ayaqüstü yemək vərdişimi maddi imkansızlıqdan xəbər verən işarə kimi qəbul etmiş, ona görə də mənə birlikdə oturub nahar etməyi təklif etmişdi. Təbii ki, mənim bu ziyanlı, tez hazırlanan yemək vərdişim maddi imkansızlıqla bir o qədər də bağlı deyildi…

Məzuniyyətə çıxmışdım. Tovuza, doğma Köhnəqala kəndinə yollanmışdım. Təbiət qoynunda, təmiz havada, necə deyərlər əməlli-başlı istirahət edirdim. Hardansa beynimin dinc durmayan vaxtında feysbukda kəskin tənqidi, bir az da təhqiramiz status paylaşmışdım. Bir nəfərin əməllərini status şəklində qeyd etmişdim. Bu məsələ mənim başımı ağrıtdı. Zənglər gəldi, mənə qarşı təhdid və hədələr yağış kimi üstümə yağmağa başladı. Bu məqamda ancaq ağlıma bir nəfər gəldi: mənim min il öncə tanıdığım və min il sonra yenidən rastlaşdığım həmin o adam… O adam min il öncə necə idisə, indi də elə idi. Dəyişməmişdi, nə zaman, nə məkan onu dəyişdirə bilməmişdi. Çoxları yollarını dəyişdi, zamanın təsirinə düşdü, o isə olduğu kimi qaldı. Lap Misir ehramlarını qoruyan Sfinks heykəli kimi…

Məsələni ona olduğu kimi danışdım. Məni bütün narahatlıqlardan xilas etmək üçün öz sözləri ilə hadisənin xəritəsini cızdı. Bu xəritədə məni ərazinin mərkəzi hissəsində, paytaxtda gördü. Yəni mən xəritədə əsas mövqedə idim. Bu mövqeni qoruyub saxlamaq isə onun ürəyincə idi. Çünki o qəlbinin səsi ilə mənim yanımda olmağı düzgün hesab etmişdi. Belə də oldu… Üstümə yağan təhdid və hədələr bir göz qırpımında yoxa çıxdı….

Beləcə günlər həftələri, həftələr ayları qovurdu. Min illik dostumu tez-tez görür, bəzən bir məclisdə oturur, söhbətlər edirdik. Bu söhbətlərin mayasında haqq, ədalət, saflıq var idi... Belə söhbətlərin birində o dedi:

- Yaxın dostları itirmək ağrılıdır… - gözləri doldu…

İlk dəfə idi ki, min il tanıdığım adamın qəlbinin kövrəkliyinin şahidi olurdum. O, yaxın dostu Mövludu xatırlayıb, dərindən köks ötürdü. Mövludu içindəki bütün ağrılarla birlikdə yaşadı… Bu yaşantıda dostluq, sevgi, həsrət var idi. O dostluq, o sevgi, o həsrət ki, onun daxili dünyasında böyük bir sahəni zəbt etmişdi… Mən də kövrəldim, baxışlarımı yerə dikib, yaranan mənzərənin ağırlığını hiss etdim… Bu hisslər məni bulaq suyu kimi saflaşdırdı, ürəyimin dərinliyində bir iz buraxdı… Beləcə min illik dostumun mənəvi dünyasına səyahət etmiş oldum. Bəlkə də bunu özü də istəmədən həyata keçirmiş oldu… Amma bu səyahətdə mən min illik dostumu yenidən tapdım, yenidən kəşf etdim… Sonra mərhum Elçin Səlcuqdan danışdı. Belə insanların yoxluğu həqiqətən də çox üzücüdür… İndi bütün bunları dərk edib, yaşamaq nə deməkdir bir bilsəniz…

Adını çəkmədiyim, amma oxuyanların bütün cizgiləri ilə tanıyacağı adamı təsvir etmək nə qədər çətindirsə, bir o qədər də xoşdur. Bu xoş hisslərin sonunda isə demək istəyirəm ki, “Gedə biləcəyimiz yollar sağ olsun...” O başa düşəcək nə demək istədiyimi…

# 1347 dəfə oxunub

Müəllifin son yazıları

# # #