Məmməd Arazın Əli Kərim haqda yazısı: "Kürlə yarışan nəğmələr"

Məmməd Arazın Əli Kərim haqda yazısı: <span style="color:red;">"Kürlə yarışan nəğmələr"
27 fevral 2019
# 21:03

Hərdən mənə elə gəlir ki, Əli Kərim poeziyamızın çətin yoluna qəfil və gözlənilməz tufan kimi birdən-birə, ən uzaq səfərə getməyə qadir köhlən at belində yaraqlı-yasaqlı çıxdı. Onun nəğmələri qeyri-adi sürətlə qanadlandı, pərvazlandı. Sənətimizə böyük imkanlara malik, yetkin bir istedadın gəlişini xəbər verdi. O, poeziyanın mötəbər kürsülərinə qalxıb sakit, təmkinli bir ürəyin coşqun və ehtiraslı şerlərini oxumağa başladı. Lakin ilk görüşlərdən belə mənəmlik eləmək istəyən havalı ilhamının axınını cilovlamaq, bununla da onu vaxtsız aparmanın büdrəyiş aqibətindən qorumaq məqsədi ilə insan Əli Kərimdə təbii olaraq başıaşağılıq, az görünüb, az danışmaq mədəniyyəti yarandı.


Onun təvazökarlığı onun istedadı ilə əkiz doğuldu. Ona ən yaxın həmdəm, ən yaxın məsləhətçi oldu. Bu da faktdır ki, bu son dərəcə təvazökarlıq, özündən qaçma, özündən narazı xasiyyət sağlığında şair Əli Kərimin lazımınca dərk olunmasına müəyyən mane törətdi. Onu onsuz daha dərindən duyduq, daha yaxşı dərk elədik. Daha o, araya söz qatıb, ondan danışmaq imkanımızı əlimizdən ala bilmədi. Sağlığında görə bilmədiyimiz bəzi keyfiyyətlər onu bir qədər də böyütdü gözlərimizdə.


Onun zəhmətkeş ilhamı çoxdan bəri ən ağır yüklər dartmaqda idi. Çoxdan bəri də yüksək tərifə layiq idi. Qürrələnməkmi? Oxucu və ya tənqidçi tərifini baş altına qoyub xumarlanmaq, əbədi mürgüyə gedib elə eyni səviyyədə ayaq döyməkmi? Yox, bu özünü çarmıxa çəkmək, özünü öz əlində dəfn edib, sonra da qəbrinin üstündə saç yolub ağlamağa bərabərdir. Görmüşük hayla gəlib vayla gedən yersiz qışqırtıları! Görmüşük müəyyən təsadüfün gücü ilə beş-on çör-çöpü ağzına alıb burulğanlıq eləmək istəyən ötəri küləkləri! Yoxsa, əsl şair təbiəti belə doğula bilməz. Sonradan bu xəstəliyə tutulmaq ehtimalına inanmaq mümkündür. Bu xəstəliyin müalicəsi çətin olur. Olsa da başqa imkanları məhdudlaşdırmaq hesabına başa gəlir.


Əli Kərimin istedadına xas olan birinci ən başlıca əlamət odur ki, o, sənət dilinə mükəmməl bələddir. Ömrü boyu bu dili höccələyə-höccələyə oxuyanlar və başa düşmədən də bu dildə danışa-danışa ölüb gedənlər olur.


O, sənət dilinin vəzifəsini yaxşı başa düşür. Bu dil hamının başa düşəcəyi, hamının danışmağa qadir ola bilmədiyi yüksək bədii obrazlı dildir. Bu dili kamil bilirsənsə, demək, qanında Nizami, Füzuli, Sabir qanının zərrələri var. Demək, qəlbində dünyanın bütün nemətlərini göyərtməyə qadirsən və onu bəşər oğluna töhfə verməyə borclusan.


Bu dil küləklərin, suların, səsi çox çətin eşidilən ulduzların belə dilini öyrənməyə qabildir. Ona yiyələnməklə Kürün nəğmələrini tərcümə edib poeziya kitabına daxil eləmək mümkündür.


«Kür, sənə bənzəyən nəğməm olaydı...» şerindən bir neçə bəndə baxaq:

Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənin tək mənalı bir nəğməni mən
«Hardasan» - deyərək gəzirəm çoxdan...

...Hər könül istəyim, könül harayım
Ellərin qədrinə belə qalaydı.
Heç nə istəmirəm, mənim Kür çayım,
Bir sənə bənzəyən nəğməm olaydı.


Bu, Əli Kərimin ilk kitabının birinci şeridir. Amma ilk mətbu şeri deyil. O, bəlkə də, təsadüfi olaraq kitabını Kürə müraciət şerilə açmır. Adından məlum olduğu kimi, Kürdə kürlük var. Kürdə həm də gurluq var. Bəlkə şair onu öz təbiətinə tətbiq edib, ötəri kürlüyü atıb, əbədi gurluğu saxlamaq istəyir? Bəlkə bunlar əbədi birlikdə çay əbədiliyini saxlaya bilirlər?


Əlinin ilk şerlərində bəlkə də belə adiliyi mənalandırmaq, ictimai-coğrafi lövhələr cızmaq yoxdur. Ancaq nə var? – Böyük bir ehtirasla ətraf mühitə daxil olub, onu duyub-anlamaq, çevirib oxumaq, ürəyincə olmayan təbii-ictimai mənzərələri ələk-vələk eləmək, istədiyi səmtə uçmaq meyli, istədiyi səmtdən dünyalar dartıb gətirmək arzusu...

Onun sevgi qəhrəmanı dünənin alatoran xatirələrində itmiş məhəbbət soraqlayıb geriyə yüyürmürdü. Şair əsl məhəbbətin gücünü insanda sarsılmaz inam yaratmaqda, onu gələcəyə çağırmaqda görürdü.


İlk görüş həmişə arxada deyil,
İlk görüş bəzən də gələcəkdədir.


Bəzən elə olur ki, şair-sənətkar insanlığın bir hissəsinə döndüyündən, bəşər üçün yaşadığından özünü unudur. Şəxsi həyatını öz əsərlərində başqalarına arzu elədiyi, onlara bəxş eləmək istədiyi həyat səviyyəsində yaşaya bilmir. Belə sənətkarlar Məcnun didərginliyinə düşsələr, öz səviyyəsini itirər, qabaqda məşəl aparan ol bilməzlər. Bu isə sənətin, sənətkarın taleyi üçün mühüm şərtdir. Belə hallarda yüksək yiyələnmək mədəniyyəti Ə.Kərimin əlindən tutur. Onun şəxsi kədəri, təəssüf və nidaları özünü ələ alıb insanlaşır. İnsan olan varlığından dözüm naqilləri keçir. Bununla onu ən çətin anda belə qıcıqlandırıb ayıltmalı, ən ağır yükləri daşımağa sövq etməlidir.


Əlinin ilk şerlərində yuxarıda adını çəkdiyimiz lirik qəhrəman hələ ağıllı, müdrik fikirləşərək addım atan aşiq deyildi. Onda gənclik təbiətinə xas olan qəribə heyrət, qəribə təəssüf oyanırdı. Elə heyrət və təəssüf ki, kiməsə ibrət dərs olsun, ağılla yaşasın və sevsin, sonradan məhəbbət onun üçün cavabsız suallı bir heyrətə, çox nöqtəli bir təəssüfə dönməsin. Bu hisslərdə elə təbiilik, elə səmimilik vardı ki, bunları ancaq ilk sevgi dilinə bələd olanlar daha dərindən başa düşərlər. «Görüm eşq oduna sən yanmayasan» şerində olduğu kimi.


Bu şer Əli Kərimin lap gənclik şerlərindəndir. Sonradan sevgi qəhrəmanının məhəbbətə insani, sənəti münasibəti formaca dəyişir, kamilləşir. Daha ağıllı məsləhət alır, məsləhət verir, neçə uğursuz addımı çökəyə düşməkdən çəkindirir. «Ziyanlığın yarısından» da olsa qaytarır, həqiqi münasibətə, qarşılıqlı anlayışa arxalanan bir məhəbbət ünvanına göndərir. «İki sevgi» şeri bu qəhrəman üçün öz məhəbbət proqramına bir ön söz xarakteri daşıyırdı.


Gözəl qız sən saf susan,
İki qəlb arzususan
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir,
rahatca bardaş qurub
Kabab üstdən sərin su pis olmaz deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil ki, səndən
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De, görək nə deyirsən!?
Amma yaxşı fikir ver bu iki məhəbbətə,
Daha heç nə demirəm:
Nöqtə, nöqtə və nöqtə.


Əslində, iki sevginin biri sevgidir, o birini ayırıb dırnaq içində yazmalıyıq. Bu, əyləncədir, sevgi pərdəsi altında gizlənmiş şəhvət hissləridir. «Mən necə sevirəm»in şiddətini göstərmək üçün müəllif «o necə sevir»i öz mənfilik zirvəsinə qaldırır.


Mən təsadüfi olaraq bu şerin - «İki sevgi»nin adını çəkmədim. Əlinin ilk kitabı «İki sevgi» adlanırdı. Kitab on il bundan əvvəl, 1960-cı ildə çapdan çıxıb. Bu kitab elə poetik sevginin, elə güclü sənət ehtirasının məhsuludur ki, onu Əli Kərimin ilk şöhrət addımı adlandırsaq, səhv etmərik.

Image result for əli kərim


Burada uzaq üfüq qaşında sozalıb sönən ocaqları xatırladan ötəri hisslər yoxdur. Əksinə, «Kür, sənə bənzəyən nəğməm olaydı», «İki sevgi», «Qaytar ana borcunu», «Atamın xatirəsi», «Poçtalyon», «Üçüncü atlı» kimi əsərlərin misraları arasında ağıllı poeziya işığının şüləklərini görürük. Bu şüləklər nur cığırlarına dönür, adamı arzu-ümid mənzilinə, iş başına, yaşayıb-yaratmaq təntənəsinə aparır.


Əlbəttə, elə çıxmasın ki, Əlinin lirik şerləri məhəbbət nizamnaməsidir. Bu, bütün sevənlər üçün qeydsiz-şərtsiz qəbul edilməlidir, burada hər şey ütülü, ülgüdən, qəlibdən çıxmışdır. Elə təmənnada ola biləcək şair və şeriyyəti təsəvvür etmək çətindir. Odur ki, bu poeziyanın da həyata, məhəbbət fəlsəfəsinə ailə-məişət təsərrüfatına öz subyektiv baxışı var və hamı üçün qəbul olunmaq iddiasını da qarşıya qoymaq fikrində deyil.


Hər gözü olan adam təbiətə baxmağa qadir, hər qəlbi olan isə zövq almağa ixtiyarlıdır. Təbiət özünü müəyyən adamlar üçün bəzəyib hazırlamır. Hünərin, qabiliyyətin varsa, ondan hər şey götürə bilərsən.


Təbiəti, ümumiyyətlə, bütün varlığı, hadisəni hadisəyə calayan zamanı – vaxtı görmək, duyub oxumaq işi isə xüsusi istedad tələb edir. Burada hər şeyi görmək deyil, məhz görməlini görüb göstərmək bacarığı gərəkdir. İlk baxışda: nə varmış, bu ağacı durduğu kimi, bu dənizi ləpələndiyi, bu dağı durduğu kimi təsvir eləməyə!..


Belə düşünənlər və doğrudan da olanın ilk şəklini olduğu kimi çəkənlər nə çox...


Həyat səhnə olmadığı kimi, səhnə də heç vaxt həyat deyil. Səhnədə sənətləşmiş, bir qədər həyatilikdən çıxmış, xüsusiliyi ümumiləşmiş həyat vardır.


Şerin də həyata baxışı, ürəklərə ayna tutuşu, fikirlərə fəlsəfi nüfuzu belədir. Onlarda əks olunub qayıtma, işıq vermə prosesi belədir.


Saçlarımda dünənin
Ayaq tozları qalmış.


Həyata təbiilik məntiqi ilə yanaşsaq, saçla ayaq arasında sənət məsafəsi çox uzundur, elə ki, «saçlarımda dünənin ayaq tozu» şəklində deyilir, təbii görünür, təzə görünür. Çünki obrazlı deyilib.


Zəhməti az gözə çarpan xırda peşə sahibləri haqqında onlarla əsər yazılıb. Bu mövzunun sərhəd xətti də yoxdur. Əli belə peşə sahiblərindən birini – hamımızın qapısını döymüş olan poçtalyonu necə təzə görür, necə təbii sadəliklə böyüdür, özünün kəşf etdiyi bir dünya adamı kimi portretini çəkib poeziya muzeyinin bir divarından asır.


«Yükü el salamı, el məhəbbəti» olan bu mənəvi yükdaşıyanın ən böyük qazancı nədir: «Gəlin təbəssümü, ana sağ olu!». Bəlkə elə bunun üçün də gümrahdır, ütükdür, yorulmazdır.

Bu yerlər qəlbinə tanışdır, tanış,
Öz həyəti kimi, bağçası kimi.
Bəlkə hər qapını min dəfə açmış
Mahud pəncəyinin yaxası kimi.


Təkcə bu şerə görə yox, ümumiyyətlə, demək lazımdır ki, Əli Kərim öz poçtalyonu olan şair idi. Bu poçtalyon onun poeziyasında elə səmimi, elə hərəki və güclü insani hisslər idi ki, onların ürək qapısı, ağıl qapısı döyüb gözəl şer muştuluğu gətirməsinə xüsusi ehtiyacı olanlar vardı. Bunlar təkcə sıravi oxucular, şerdən-sənətdən məsləhət uman «dərdkeşlər», özünü yeni «məhəbbət səfəri»nə hazırlayan «Qərib sevgililər» deyildi, həm də ədəbiyyata hələ gənclik həvəsi gücünə gələn, hissi, ehtirası ilə tozanaq qoparmaq istərkən xam atının yüyənini yığa bilməyən şer həvəskarları idi. Əli Kərimin təzə şerləri mətbuatda belələri üçün nümunə və meyardı.


Redaksiyalarda gənclərə «kimi oxumaq lazımdır» məsləhəti verən ədəbiyyatçılar müasir şairlərdən Əli Kərimin də adını məmnuniyyətlə çəkərdilər. Əli şair, yazıçı baxışı ilə deyil, ədəbiyyatçı marağı ilə gənc yazıçıları izlər, oxuyar, hərdən çox «xəsis təriflə» «uğurlu yol» da yazardı. Belə adi, kiçik yazılarda da onun qələminin təzə sözləri, orijinal məsləhətləri Əliliyini büruzə verərdi.


Burada adam xatirələrə əl atmaq istəyir:


Əlinin ağıllı, dərrakəli, hərdən də ona üzdən çətin yovuşan duzlu-məzəli, təzə söhbətləri yada düşür. O, dünya ədəbiyyatını çox yaxşı bilirdi. Kimisə inkardan xoşu gəlməzdi. Onun aləmi üçün maraqlı olan sənətkar-şəxsiyyətlərin elə sənəti xasiyyətlərini təhlil edərdi ki, bu kəşf, bu tapıntı yalnız onun özünə məxsus idi. Odur ki, bir pis səhnə əsərinə baxanda onun bu misralarını xatırlayırıq:


Fikirləş bir,
Şekspir var, Şekspir!


Başqa sözlə, bir yazılanlardan xəbərin olsun, oxu, öyrən. Nizamidən, Sabirdən ayıbdır ki, böyük sənətinin gözü baxa-baxa xırdalara, ünsürlərə şer, sənət donu geyindirib ədəbiyyat muzeylərinə çinləyək.


Çox halda insan qəlbinin təbiətini insanın üzündən oxumaq çətindir. Dediyim kimi, xaricən təmkinli, sakit, az danışan görünən Əli Kərimin elə yanar halları, elə özünəsığmaz coşqun dəmləri olurdu ki, onları cilovlayıb hovuda bilən yeganə qüvvə kağız-qələm idi. Əsl sənətkara xas olan «gözü səndə, özü uzaqdalıq», ədəbi narahatlıq, itiyini tapa bilməmək xasiyyətini, məncə, o, bütün ömrü boyu bir gün belə tərgitməmişdi. Elə xəstə-xəstə durub gəzəndə də hiss edirdin ki o, fikirlidir, qayğılıdır, yarımçıq əsərlərinin taleyini düşünür. Onun kitablarından biri «Həmişə səfərdə» adlanır.


Ədəbiyyat aləmində də müəyyən kəmiyyət planını yerinə yetirənlər, iş icraçıları, hətta «qapançını çəkidə aldadanlar» olur. Ədəbiyyat müfəttişi isə həm çox sərtdir və həm də çox humanistdir, gözü ölçü və çəki meyarıdır. Onu aldatmaq mümkün deyil. Payı alınmışların haqqını özünə qaytarar, adı «qabaqcıl əməkçilər» siyahısına düşmüş qarınotaranları bir qələmlə qaralayıb atar. Bir sözlə, onun zaman-məkan meydanında astronomik dəqiqliyi var. «Oxucu yadında qalmaq üçün» nə gəldi çap elətdirmək, «həmişə axtarır, gəzir» desinlər - deyə hara gəldi gedənləri, əslində heç nə görməyənləri o, yaxşı tanıyır. Əli Kərim həmişə səfərdə - yaradıcılıq səfərində idi. Təyyarəyə, qatara, gəmiyə minmədən də səfərdəydi. Öz iş otağının küncünə çəkilib oradan dünyanı seyr etmək səyyahlığı, öz ürək qəbuledicisi ilə dünyanı tuta bilmək qabiliyyəti onu həmişə səfər əhval-ruhiyyəsində saxlayırdı. Lakin o, elələrindən də deyildi ki, pəncərəsini həyətə açmaqdan qorxsun, yalnız və yalnız kitablararası Kolumb olsun. Onun istedadı həyat biliyi ilə kitab biliyinin bir-birinə qarşılıqlı təsirinə ağsaqqallıq eləməyi bacarırdı.


Onun fikri, xəyalı əbədi səfər paltarında planetimizi gəzir, ən yaxşı adamların qapısını açır, mərdiməzar bir uşağın necə bir hərisliklə kibrit çəkib ot tayasına vurarkən zövq aldığı kimi, dünyanı oda bürüməkdən həzz alan, vicdanını girov qoymuş müharibə qatillərini evinin astanasındaca boğmaq istəyirdi.


Şerin gülləsi birbaşa şair barmağından qopub hədəfə getmir. O, dolayı yolla, əvvəl oxucu qəlbinə yol açır, ordan özünə həmkar – qəzəb, nifrət ordusu toplayıb «düşmən üstünə» hücuma keçir.


Şerin əsl gücü onun əks-sədasında, fikirləri zəncirvarı şəkildə bir-birinə bağlamasındadır. Məsələn, «Daş» şeri kimi.


Qədim insanın düşməninə atdığı bu daş onu atanın iradəsindən asılı olmayaraq ondan sonra nələr törədə bilir və bilərsə, nə kimi dağıntı gücünə malikdirsə, «Daş» şeri də onun təsir istiqamətində, sənətin imkanları daxilində elə təsir qüvvəsinə qadirdir. Sənətdə təsir edən, öyrədən sənətkar xoşbəxtdir. Bəzən elə də olur ki, bu təsir o qədər təkrar yaradır, ilk ixtiraçı yaddan çıxır. «Daş» şerinin yeni addımı, təsiri və bu qatışıqlıqlara qarışmaq taleyi belə olmuşdur. Əlbəttə, zaman keçdikcə, istedadı paslandırmaq meylli subyektiv amillər itib gedir. Hər kəsin işığı «öz həyətini» işıqlandırır, zaman qonşu çəpərinin sərhəd xəttini çox dəqiqliklə yerinə çəkir.


Mən «Qayıt» şerini də «Daş» qəbilli taleyi olan əsər hesab edirəm.


Əli Kərim çox incə təbli, nazik qəlbli, kövrək adam idi. Bunlar çox təbii və səmimi şəkildə onun lirik şerlərinə hakim kəsilmişdi. Şairin lirik qəhrəmanı eşqini palçıq sayağı ayağı altına atmağa hazır olan bu ürəksizlə üz-üzə gələndə də təbiətindən çıxmır, onun qəlbinin harasındasa gizlənmiş bir insani hissi tapıb bu vasitə ilə ona təsir eləmək istəyir. O, qəzəbi güclə, nifrəti intiqamla yox, qarşılıqlı güzəştlə, səmimi etirafla soyutmağa çalışır. Onun poetik etirafından kövrəlməmək, duruxub özünü müzakirə eləməmək mümkün deyil.

Nə bu dərd gərəkdir uşaqlar üçün
Nə da aramızda bu narazılıq.
Biz dərdin, kədərin özündən belə
Onlara səadət yaratmalıyıq.
Onlar uşaqdırlar, nə borclarına
Görüşdük harada,
nə zaman, niyə?
Nə üçün bir səhər mən aşiq oldum,
Könlümü yandıran bir gözəlliyə.


İlk baxışda adi görünən bu sətirlərdə necə səmimi, həlim hisslərlə dolu bir insan ürəyi, bir ata vicdanı, şair etirafı gizlənib? Belə poetik məsləhət, ailə didaktikası çox evin yıxılası dirəyini dikəltməyə qadirdir. Elə əsl poeziya da odur ki, o, məişətə nüfuz edə bilir, şənlik məclislərində, yas mərasimlərində yuxarı başda oturur.


İnsanlığın qəribə taleyi var. Bəzən öz istedadının ən yüksək zirvəsində belə dayanan cavan diqqət cəlb eləmir. Cavanlığın «nizamnaməsindən» gələn belə məhdudiyyət «etikası» çox vaxt müəyyən imkanların qarşısını alır, sonrakı təəssüf ölən qızın saçı üçün ağlamaq kimi bir şey olur. Onun varlığı yoxluğundan sonra daha tez gözə çarpır. Təəssüflər humanistləşir: cavan idi, istedadlı idi...


Səxavətlər necə də əliaçıq olur. Növbədənkənar qəbullara düşə bilərsən, təki gələsən. Bir sətrinin bir vergülünə dəyməzlər, təki, təzə şer yaz. Öləndən sonra bütün ehtiyacın ödənir, bütün işləri harda istəyirsən qatara yüklə, hara istəyirsən sür.
Əli bu hallara eyham vururdu:

Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?


Əli Kərim ara-sıra öz orbitindən çıxıb, ürəyincə olmayan yazılar yazsa da, bunlar özünü ələ almaq, ovxarlanmaq üçün idi. O, xırda, fikirlərin üstündən adlamağı tez bacarar, lüzumsuz təfərrüatlara göz zilləməz, şerin baş yolu ilə addımlardı.


Vətən əsgəri olmaq, səssiz-küysüz nəzərini üfüqünə zilləyib Vətən keşiyi çəkmək onun şair vəzifəsində başlıca məqsəd idi. O, Vətən torpağını Göyçaydan Kamçatkayadək qucaqlamağa hazır şairlərdəndi. Bu fikirlər onun vədlərində, kürsülərdəki çıxışlarında deyil, şerinin, nəğməsinin məzmununda, mövzusunda ana xəttində idi. «Vətən» deyə-deyə Vətən haqqında yaxşı nəğmələr yazan var. «Vətən» deməyə-deməyə də əsl Vətən məhəbbətli əsərlər yazan çoxdur. Vətən torpağı fiziki cəhətdən daim dəyişildiyi, onun xarici mənzərəsi gözəçarpacaq dərəcədə yeni görkəm aldığı kimi, Vətənin vətəndaş oğlunun münasibəti də sözün yaxşı mənasında dəyişkən olur. Şair ucsuz-bucaqsız kainat okeanında üzən bu vətən-gəmini müxtəlif səmtlərdən görür, müxtəlif səmtlərdən onu tuta biləcək meteor yağışlarını duyub xəbər verir. Dünən onun üfüqündən hansı bulud baş qaldırmışdı, bu gün hansı, sabah hansı ola bilər. Bunlar, əlbəttə, astronomik, meteoroloji mənada yox, beynəlxalq, siyasi, ictimai, mənəvi mənada başa düşülməlidir.

İndi meridianmı ömrün arşını,
İndi ölçüsümü sevincin gülüş?
Dərindən dərk elə, yaxşı başa düş
Zamanla şerin son yarışını!


İndi onun fikri, xəyalı «raket kimi şığımaq» istəyir, hara, nə üçün? Əslində bu şığımaq baş götürüb harasa uçmaq mənasında yox, daha möhkəm şəkildə torpağa bağlanmaq, insanların yüksələn tələbatı səviyyəsində əsər yazmaq; elə yazmaq ki, yüksək elm-texnika əsrinin adamı ağız büzməsin. Əksinə, bədii sənət onun ağlının dərinliklərində elə hissi nöqtələrə toxunsun ki, bu təsir və qavrayış onun elmi-texniki səviyyəsinə yeni yüksəliş gətirməyə imkan yaratsın. Mənə elə gəlir ki, «ədəbiyyatdan uzaq» ən spesifik sahənin adamı üçün də ədəbiyyat yeni fantaziya oyatmağa, elmi-qavrayış prosesinin özünü sürətləndirməyə qadirdir. Əks halda sənət cəmiyyətdə artıq şeyə çevrilir. Bu baxımdan Əlinin şerlərində yüksək əqli səviyyə, hətta bir çox elmi istilahların şerə gətirilib yerində işlədilə bilmək məharəti var.


Lakin onun şerləri nə qədər əqli səviyyədə, fikri yüksəklikdə yazılsa da, şer olmaq təbiətindən çıxmır, o heç vaxt Azərbaycan torpağının bir parçası olduğunu unutmur. Mən deyərdim ki, Əlinin şerlərinin mərkəzindən həmişə Kür çayı keçmişdir. «Kür» onun çox işlətdiyi ifadə, Kür onu tez-tez yarışa çağıran gümüş qiyafəli bir cəngavər idi.


Kürün əbədi narahatlığı, o taylı-bu taylı torpaqlara həyat verməsimi, yoxsa dəliliyi, coşğunluğumu onun nəzərini cəlb edir. Bəlkə də bunların hamısı, həmişə belədir. Bütün narahat çaylar şairlərin diqqətini cəlb edir, onları yeni söz deməyə çağırır.


Kür çayı da belədir. Kür bəlkə də Əli üçün ən yaxşı zəhmətkeş, yorulmaz yolçu, ehtiraslı nəğməkar rəmzidir. Onun nə qədər nəğməsi Kürə yan alıb ondan su içmişdi. Onun nə qədər nəğməsi ölüm Kürünə qərq oldu. Əli Kərim haqqında daha çox, daha geniş danışmaq olar. O, bir neçə sanballı poemanın, nəsr əsərlərinin, pyeslərin müəllifidir.


Əlinin nəsr əsərləri də onun şeri kimi yüksək mədəniyyətə yiyələnmiş bir fikri istedadın qələmindən doğulub. Bu əsərlərdə də yazıçının sərraf qələmi öz sənətinin tələbkar ustası, mahir heykəltəraşıdır. Əli təbiətindəki dramatiklik, duzlu-düşündürücü yumor onun oynanmış və ya arxivindən təzəcə tapılmış pyeslərinə xas olan keyfiyyətlərdir.


Əlinin ədəbi irsində «Cərrahın ürəyi», «Fraqmentlər» adlı bitməmiş poemalar, 10 çap vərəqinə qədər təzə şerləri, 10-a qədər birpərdəli pyesi, 10-dan artıq hekayəsi və başqa yazıları, məqalə və tərcümələri, uşaq şerləri vardır. Yaxın vaxtlarda Əli Kərimin seçilmiş əsərlərindən ibarət üç cildliyi çapdan buraxılacaq. Cəmi 39 il yaşayıb, 20 ilə qədər qələm çala bilmiş bu görkəmli şairin cavan arxivi də özü kimi zəngin, özü kimi maraqlı və özü kimi də qayğıya möhtacdır. Onun həyat yoldaşı Elza xanım ilk oxucu olduğu kimi indi də bu arxivin ilk oxucusu, qayğıkeş tədqiqatçısı və həmdəmidir.


Burada Əlinin qələmindən bəzən tələsik qopan, özünü təmin etmədiyi üçün sağlığında üzə çıxarmadığı yazıların da olduğunu deməliyik. Torpağa səpilən nə varsa, hamısı məhsul versəydi, onda yerin bəhrəsini yığıb-yığışdırmaq mümkün olmazdı.


Əli sağ olsaydı, bu dediyim yazıların çoxunu çapa verməzdi. Artıq Əli, Əlinin qələmi bu əsərlərə qayıda bilməyəcək. Ona görə də biz şairin ruhundan üzr istəyib, arxivini əsasən çapa hazırlamalıyıq.

Bir Əli var mənim qarşımda: başı aşağı, düşüncəli, üzündə-gözündə uşaq təmizliyi...

Bir Əli var aramızda: elə ehtirasla şer oxuyur, elə qeyri-adi bir ilhamla dinir ki, çox şairlər unudur şairliyini...

Bir Əli var məclisimizdə: məclisin duzu, hamıdan az gülən, hamıdan çox güldürən. Qədirli şerlər yazan, öz qədrini az bilən.
Çoxumuzdan yaxşı yazan, çoxumuzdan az tərif uman, heç ummayan...

Bir Əli var... həmişə ilhamı söykənən torpağa indi kürəyi söykənib... Elə bil son dəfə bu şerini oxuyur: «Mənim ömrüm».


İyul, 1970

# 5327 dəfə oxunub

Müəllifin son yazıları

# # #