Ən yaxın dostu ilə düşmən oldu, Stalinin həyatını xilas etdi, Maksim Qorki onun haqqında yazdı – Qaçaq Kərəm kim idi?

Qaçaq Kərəm

Qaçaq Kərəm

5 yanvar 2022
# 12:05

Kulis.az adı sağlığında belə əfsanəyə çevrilən Qaçaq Kərəm haqqında maraqlı faktları təqdim edir.

Qaçaq Kərəm (Kərəm İskəndər oğlu) 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olub. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilir. Lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünür. Atası öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürür.

***

Bir müddət sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada məşhurlaşır. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması olur.

***

O zaman bütün Rusiya imperiyasında nəşr olunan “Narodnaya Volya” jurnalının 1895-ci ildə işıq üzü görmüş bir nömrəsində Qaçaq Kərəmdən “Dəhşətli Bir Tufan, Calı Tufan” deyə heyrətlə bəhs edilir.

***

Maksim Qorki isə onun haqqında yazırdı: "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir. Qafqaz qaçaqları içərisində ən rəşadətlisi Kərəmdir. Kərəm əfsanə və nağıllar qəhrəmanıdır. O, ədalət mücəssəməsidir".

Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" kimi bir sıra yer adları yaranır.

***

Qaçaq Kərəm Türkiyəyə keçdiyi vaxt sərhədçilər tərəfindən təqib olunarkən sərhəd rəisi Navim bəyi öldürür. Yenidən öz torpaqlarına qayıdan Kərəm günahsız kəndlilərin onun üstündə çar məmurları tərəfindən incidildiyini görüb, XIX əsrin 90-cı illərində yenidən Cənubi Azərbaycana keçir, orda işləyib, ailə qurur.

***

Kərəm, bağışlanılmasına baxmayaraq, ömrünün sonuna kimi ədalətsizliyə qarşı mübarizə aparır.

***

Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. O, Səttarxanla həm də yaxın qohum olub. Kərəmin babaları Xoydan gəlib Qazaxda məskunlaşmışdılar. Kərəmin atası Qaçaq İsgəndərin bibisi oğlu məşhur Qazax Məmməd olub. Səttarxan da Qazax Məmmədin bacısı oğludur.

Qaçaq Kərəm həm də İosif Stalinin (Soso Cuqaşvili) həyatını xilas edən adam kimi tanınır. Stalinin ilk siyasi həbsi 1902-ci ildə Batumidə kütləvi iğtişaşlar zamanı baş verir. 5 aprel 1902-ci ildə onu həbsxanaya salırlar. Burda da onun dinc durmadığını görən rəsmilər onun başqa həbsxanaya köçürülməsinə qərar verilər. Soso Cuqaşvili Gəncəyə “yatab” gedəcəyini öyrənir. O, sevdiyi parolla, “Pəncərədən daş gəlir” mahnısını ifa edərək daş bükülmüş kağız vasitəsilə dustaqlara ötürüb, bu barədə yerli qaçaqlara məlumat verilməsini istəyir.

***

Bu məktub qaçaqlara və onlar içində daha nüfuzlu və güclü olan Qaçaq Kərəmə çatır. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Qaçaq Süleyman adı ilə məşhurlaşan Qaçaq Gülsümə məlumat göndərir.

***

Qaçaq Süleyman bu məlumatı alan kimi Gürcüstanla əlaqəyə girir. Ona məlumat verirlər ki, “yatab” gətirən qatarda külli miqdarda pul və siyasi baxışlarına görə həbs edilən dustaqlar var. Qatar Gəncə yolunda olanda Qaçaq Süleyman Kərəmin ona başa saldığı plan üzrə hərəkətə keçir. İlk olaraq qatara öz adamlarını yerləşdirə bilən qaçaqlar boş ərazidə maşinisti öldürüb, qatarı dayandırırlar. Əməliyyat uğurla başa çatır. Dustaqlar azad edilir, pullar götürülür. Soso Cuqaşvili də biləndə ki, qaçaqlar kəndlilərin haqqı uğrunda mübarizə aparır, o da Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olur. Bir xeyli əməliyyatlarda da iştirak edir. Qaçaq Kərəmlə Soso arasında dostluq yaranır. Onun qorxmaz igid olduğunu eşidən Kərəm ona xəncər və tapança hədiyyə göndərir.

Onun xalq arasında dildən-dilə gəzən qəhrəmanlıq hekayələri xırda çinovniklərdən tutmuş, pristava qədər bütün çar məmurlarını qorxuya salır. Çarizim onu aradan götürmək üçün min bir fitnə, fəsadlara əl atsa da istədiyinə nail ola bilmir.

***

Qazax qəza rəisi İosif Qançeli, Gəncə qubernatoru Nakaşıdze, Polis dəstəsinin rəisi Hüseynbəy İsrafilbəyov, Ağstafa pristavı Aleksandr Yüzbaşov, Dağıstan süvari alayının komandiri Arçil Cavçavadze, kazak dəstələri və yerli satqınlarla birləşərək dəfələrlə Kərəmi tutmağa və öldürməyə cəhd göstərsə mümkün olmur.

***

O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə Qaçaq Kərəm bir müddət dost olublar. Ancaq sonradan Kərəm ilə İsrafil ağa qan düşməni olurlar. Bu dostluq, eləcə də aralarında sonradan yaranan mərdanə düşmənçilik onların adına dastanlar qoşulmasına gətirib çıxarıb. Deyilənlərə görə Kərəmin Qardaş qədər yaxın olduğu can dostu İsrafil ağa ilə aralarında düşmənçiliyin yaranması da məhz elə Kərəmin düşmənlərinin əl işi idi.

***

Qaçaq Kərəm 1910-cu ildə öz əcəli ilə İranda dünyasını dəyişir. O, öz əcəli ilə dünyasını dəyişən yeganə qaçaq olur.

# 16757 dəfə oxunub

Müəllifin son yazıları

# # #