Ondan tez ölən insanlardan sıxılmışdı...

Ondan tez ölən insanlardan sıxılmışdı...
26 yanvar 2015
# 18:10

Şəhərin mərkəzində oturmuşdu. Gecə-gündüz demədən bu möhtəşəm şəhəri izləyir, dinləyirdi. Görmək istədiklərindən savayı, görmək istəmədiklərini də məcburən görürdü.

Gah bir süpürgəçi uzun saplı süpürgəsini ona söykəyib danışır. Gah bir məmur önündə əyləşib ağlayırdı.

Dərdlərini dinlədikləri insanlara bircə öz dərdini də danışa bilsəydi. Onlara nə qədər və necə darıxdığını nağıllaya bilsəydi kaş. Dərindən bir ah çəkdi... Sonra dağlara baxdı, bu qədər aha dağ dayanmaz “getməsin ahım dağlara”–dedi. Soyuq iliyinə işləyirdi.

Payızı dəlicə qucaqlayıb sovrulan rüzgarın dəfələrlə çırpıldığı üzünü qoruya bilmirdi, quruyub yanına düşmüşdü əlləri. Yıxılan körpəni qaldıra bilmirdi, sevdiyinə əl qaldıran adamı yumruqlaya bilmirdi, ağlayan ananın göz yaşını silə bilmirdi, onunla əylənən varlı uşağına həddini bildirə bilmirdi. Nəyə lazım idi əlləri?...

Gördüyü reallıqlar qarşısında utanıb tər tökürdü, öz tərini də silə bilmirdi.

Artıq tanıyırdı görünən, görünməyən üzləri...

Yerişindən tanıyırdı milyonluq yüzləri. Səssizliyinin içində itib-batmışdı. Lənətləyirdi onu düzüb qoşan memarı.

Onu qucaqlayıb rəsm çəkdirənlərdən də sıxılmışdı, üzünə qar topu çırpanlardan da.

Hər sərxoş olanda gəlib ona dərdini dəfələrlə anladan sərxoşdan, burnundan yapışıb möhkəm dartan dəcəl uşaqdan da sıxılmışdı.

Özündən bezmişdi. Sadəcə yubiley günlərində xatırlanmaqdan, ona “heykəl”, “büst” deyilməyindən, qısaca ondan daha tez ölən insanlardan sıxılmışdı.

# 1022 dəfə oxunub

Müəllifin son yazıları

# # #