Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlandı

Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlandı
11 aprel 2019
# 18:01

Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı 2020-ci ilin mart ayında keçiriləcək.

Kulis.az txəbər verir ki, bunu “Report”a AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

Ç.Abdullayev qurultayda sədrliyə namizədliyini irəli sürməyi düşünmədiyini desə də, bununla bağlı qabaqcadan proqnoz verməyin düzgün olmadığını əlavə edib: “Ümumiyyətlə, yazıçılar öncədən proqnoz verə bilməz. Kim seçiləcəksə, o, sədr təyin olunacaq. Mən 4 dəfə qurultayda katib vəzifəsinə seçilmişəm. Hesab edirəm ki, sədr vəzifəsini Anardan başqa heç kim yaxşı icra edə bilməz. Bunu Anarla 30 il birlikdə çalışan bir şəxs kimi deyirəm. Əgər, Anar namizədliyini irəli sürərsə mən yenə də ona səs verəcəm”.

Ç.Abdullayev AYB-yə sədr seçilmək iddiasında olan gənc yazıçıların istedadlarını sübut etmək üçün yaradıcılıq nümunələrini, kitablarını ortaya qoymaqlarının zəruri olduğunu vurğulayıb: “Azərbaycanda AYB-yə sədrlik edən şəxslər nüfuzlu olublar. Hər yoldan ötən sədr vəzifəsinə seçilə bilməz. Əgər bir gənc həqiqətən də nüfuzlu və istedadlıdırsa, kitablarını ortaya qoysun. AYB-yə həmişə əfsanəvi şəxslər sədrlik edib. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, İmran Qasımov, İsmayıl Şıxlı kimi istedadlı yazıçılar sədr seçiliblər. Təbii ki, gənc yazıçılar arasında kimlərisə vəzifəyə qoymaq olar, amma onlar yenə deyirəm ki, sədr vəzifəsinə seçilə bilməzlər”

# 2035 dəfə oxunub

Müəllifin son yazıları

# # #