Xalq yazıçısı Elçinin 80 illik yubileyi qeyd olundu

Xalq yazıçısı Elçinin 80 illik yubileyi qeyd olundu
20 may 2023
# 12:33

Mayın 19-da Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin 80 illik yubiley tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək, Xalq yazıçısı Elçinin sevilən ədib olduğunu, onun yaradıcılığının oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılandığını bildirib. O deyib: “Bu gün Azərbaycan ədəbiyyatı üçün yaddaqalan bir gündür. Bu gün tanınmış yazıçı və ictimai xadim Elçinin 80 yaşı tamam olur. Elçinin yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrindəndir. Bu teatrda Elçin müəllimin bir çox əsərləri səhnələşdirilib. O, ilk hekayəsini 1959-cu ildə yazıb. Onun ilk hekayələr kitabı 1966-cı ildə yazılıb, ilk romanı da "Mahmud və Məryəm"dir. Yaradıcılığına nəsrlə başlayaraq, ədəbiyyatın ən çətin sahəsi olan dramaturgiyaya gəlib və Azərbaycan dramaturgiyasının çox gözəl, daim yaşayacaq səhifələrini yaradıb. Elçin müəllimin əsərləri təkcə Azərbaycanda deyil, eyni zamanda, keçmiş SSRİ məkanında olan respublikalarda, həmçinin Avropa ölkələrində tamaşaya qoyulub. Bu, Elçin Əfəndiyev dramaturgiyasının və Azərbaycan sözünün gücü, qüdrəti deməkdir".

Teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Elçinin həyat və yaradıcılığından söz açıb: “Azərbaycan dramaturgiyasının və teatrının aparıcı qüvvələrindən biri də Elçin Əfəndiyevdir. 60-cı illər ədəbiyyat nəslinin ən parlaq nümayəndəsi olan Elçinin dramaturgiyası özünəməxsusluğu və qüdrəti ilə seçilir. Elçin yaradıcı insan kimi təbiətən çox sürətlə dəyişməyi bacaran, özünəməxsus dinamikada olan, zamanla eyni addımlar atan bir ədibdir. O, təkcə Azərbaycanın deyil, eyni zamanda, dünya səviyyəli yazıçıdır. Onun pyesləri, əsərləri dünyanın bir çox ölkələrində səhnələşdirilir və sevilir. Elçin ilk qələm təcrübələrini ortaya qoyan andan bu günə kimi seçilmişlər sırasındadır, dünyanın seçilmiş söz adamlarının cərgəsindədir".

Əməkdar incəsənət xadimi, teatrşünas, professor İlham Rəhimli Xalq yazıçısı Elçin haqqında təəssüratlarını bölüşərək qeyd edib ki, Elçin özünü tanıyandan teatra bağlı olub: "Azərbaycan dramaturgiyasında ilk ədib Elçindir ki, hələ 26-27 yaşında postmodernizm üslubunda pyes yazıb. Azərbaycan teatrında son 70 ildə İlyas Əfəndiyevdən sonra ikinci dramaturq Elçindir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində 11 tamaşası oynanılıb. Elçin Əfəndiyev yeganə dramaturqdur ki, onun 3 nəsr əsəri - "Ağ dəvə", "Mahmud və Məryəm", həmçinin "Ölüm hökmü" romanları səhnəşdirilərək tamaşaya qoyulub. O, çox qısa müddətdə bu əsərləri teatra gətirib. Onun əsərləri təkcə öz ölkəsində deyil, dünyada da sevilir".

Daha sonra Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu çıxış ediblər.

Tamaşa 1937-ci ildə bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, beləcə onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, eyni zamanda, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Qeyd edək ki, “Cəhənnəm sakinləri” tamaşası Akademik Milli Dram Teatrının repertuarında yer alan ən uğurlu tamaşalardan sayılır.

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

# # #