Mehman şəhid olmaq istəyir - Miri Rəsulzadənin hekayəsi

Mehman şəhid olmaq istəyir - Miri Rəsulzadənin hekayəsi
24 dekabr 2020
# 17:02

Kulis.az Miri Rəsulzadənin "Mehmanın qisası" hekayəsini təqdim edir.

Kəndlərimizin saflığını itirmədiyini qardan bilirəm, hələ də oralara yağmağından. Yağış da, qar da, duman da - lap elə ildırımın özü də ərk edib birinci o yurda qonaq gedir. Orda özünü evindəki kimi hiss edir. Şimşək də o dağa-daşa ürəklə çaxır. Günəş də oraları bir başqa isidir...

Bu yurdda ağacların bir-birilə söhbəti yaxşı tutur; qoca çinar öz dərdini yaşlı tuta, o da ibrət üçün öz nəvələrinə - cavan budaqlarına danışır. Heyva ağacı ürəyini nar ağacına açır. Torpaq toxumla söhbət edir. Palçıq kərpicdən tikilən evləri çəpərboyu əkilən söyüd ağacları qoruyur, taxta qapıların səsi evin son sahibinin tabutu darvazadan çıxanadək eşidilir. Qızılgül də, moruq da sahibinə yas saxlayır. Yaza çıxanadək bütün təbiət kənd adamları kimi səbrini basır. Bu eldə hamı şanapipikdən xoş xəbər gözləyir. Nə turacı, nə qaratoyuğu tüfəngdən qorxur. Böcəklər köməkləşir, çiçəklər arıların işini asanlaşdırır...

Bu gözəl elin başqa bir adəti də var. Şər qarışan kimi hamı gizlincə evindən çıxan ziri-zibili kəndin yuxarı başındakı dərədən aşağı əndərir. Arxın suyu gücü çatanı yuyub aparır, çatmayanları da kol-kosa tapşırırdı. Təbiət incikliyini çox da büruzə vermirdi.

Bu gözəllikdə kənd-kəsək bir arxın üstündəki zibilə, bir də Mehmanın dərdinə çarə tapa bilmirdi. Əvvəllər onun taleyi hamını narahat etsə də, sonralar hər şey kimi Mehmanın da həyatı adiləşdi.

Üzündəki təbəssümdən başqa heç nəyi yox idi Mehmanın. Kəndin dəli oğlu, hamının yazığı gəldiyi bu adam günlərin bir günü onu döyən qırışmalın uşağını itin ağzından almışdı. İt Mehmanı yüngül dişləsə də, nə həkimə baxdırmış, nə iynə vurdurmuşdu, bu yarası da başqa yaraları kimi, öz-özünə sağalmışdı.

Mehman... Ata-analı yetim, xəstə, çəlimsiz bir uşaq... Baxan deyər, Allahın da yadından çıxıb. Ona təbiətin gücü çatmayan Mehman da demək olar, bəs necə! O bütün əzbərləri pozan oğuldu. Evə yatandan yatana gəlir, bütün günü çöllərdə ac-susuz veyillənir... Yay-qış bilmir, qar-boran demir, qarda ayağıyalın, yayda əyni qalın gəzir. Nə təbiət ondan baş açır, nə insanlar, nə də özü.

Mehman həm də balaca uşaqların əyləncəsidir. Hamı onunla məzələnir. Hərdən arxasına təpik də vururlar, Mehman eynini pozmur, gülür, uşaqlardan incimir. Hər gün evdən çıxanda gülüşünü də özüylə götürür. Böyüklərdən biri onunla tərs danışsa, daşa cumar, qışqırar, üstünə qıjanar.

Bu günəcən heç kim onu çözə bilməyib. Həyatı təpədən dırnağa şifrədi. Bəlkə də Mehman özü haqqında bir dəfə də olsa, düşünməyib, özünə sual verməyib. Bəlkə də özünə sual verdiyi gün öləcək, kim bilir? Heç ölümdən də xəbəri yoxdur. Bilmir, insanlar ölür, insanlar intihar edə bilir. Bilsəydi, çoxdan öldürərdi özünü. Bir yandan da, kənddə hündür mərtəbəli bina da yoxdur ki, çıxıb özünü atsın. Dəniz də bizdən uzaqdı, körpü də qəhət. Elə bil, Allah qəsdən ölümü Mehmanin əlinin çatmadığı yerə qoyub.

Hələ siz onun özü haqqında üçüncü şəxsin təkində danışmasını görəsiniz – aləmdi, aləm. Toy çadırının yanından keçəndə deyir, Mehman qara dolma istəyir, Mehman ajııf. Hərdən də yas çadırının yanından keçəndə deyir, Mehman öldü... Bircə o qalır desin ki, Mehmanı siz öldürdüz.

Mehman kənddə bütün ölənlərlə birgə ölür, amma hamıyla birgə yaşaya bilmir.

Həm də adamların kefini açır, hər söhbətə tərs bir söz tapır. Yanından bahalı maşın keçəndə deyir, Mehman “Cip” sürmək istəyir. Axır vaxtlar da dayanmadan deyir:

- Mehman şəhid olmaq istəyir.

Allah elə bil, onun əliylə nəbzimizi ölçür, bizi yoxlayır...

***

Mehman kəndin ən gözəl qızını sevirdi. Bir il idi aşiq olub düşmüşdü kəndin canına... Sevdiyi qız da hamı kimi Mehmanı xəstə sayırdı, gah fikir vermir, gah da bir şirin hərəkətilə könlünü alırdı.

Mehmana baxanda qızı gülmək tutur, Mehman da onun gülüşünə aşiq. Elə bu amansız gülüşünə vurulmuşdu. Bu gülüşün ucundan tutub eşqin təpəsinə dırmanmışdı. Bu gülüş Mehmanı əynində eşq libasından savayı bir şey olmayan zəvvara döndərmişdi.

Nazlını qonşu kənddən də istəyənlər var idi. Qapılarında hər gün elçi olurdu: bahalı hədiyyələr, ətirlər, nələr, nələr...

Nazlının zibillərini dərəyə Mehman atırdı. Elə gözü qapıda idi ki, Nazlı nə vaxt zibilləri çölə çıxaracaq! Zibil torbasını görən kimi götürüb şövqlə üzüdərəyə gedirdi. Hamı zibili axşamlar oğru kimi aparanda Mehman günün günorta çağı zibil belində sevinə-sevinə kəndin içiylə dərəyə zibil aparırdı. Dərəyə çatana qədərçox adamla görüşsə, Mehman o qədər çox sevinirdi.

Nazlının hər gün darvazanın qabağına çıxardığı zibili Mehman dərədəki kənd zibillərinə qatmırdı. Onları dərədə səliqəylə ayrıca yığırdı. Üst başından cin hürkən adamın yığdığı zibillərin nizamına baxanda adamın gözləri təpəsinə çıxırdı. Mehman ola, belə səliqəli iş görə!

Sevgisi nizamlı, səliqəli idi; hər gün eyni vaxtda, eyni yerə, eyni həvəslə gedirdi. Dərədə sevgisinə ayrıca yer ayırmışdı, yurd salmışdı. Nazlı hərdən Mehmanı çağırıb su verirdi. Bilmirdi ki, o suyun hər qətrəsi ümiddi, Mehmanın yanğısını daha da artırır.

Günlər, aylar keçdikcə Nazlı daha da gözəlləşirdi. Saçları topuğuna düşürdü. Çox vaxt saçını hörürdü. Qızın hörükləri nə qədər uzun olsa da, Mehmanın arzularına çatmazdı.

Nazlıgildə hamı bilirdi ki, Mehman birazdan gələcək, zibilləri götürüb gedəcək. Atası elə bilirdi, bütün bunlar Nazlının ona arabir verdiyi bir stəkan suya görədi. Düşünürdü ki, dəli də olsa, yaxşılığı itirmir. Mehman da su istədi, istəmədi, Nazlının dolu stəkanını damcısına qədər tələsmədən başına çəkirdi, sanasan bağrı yanır.

Sonralar həyat Nazlını da dəyişdi. İstəyənlərinin sayı artdıqca təkəbbürü də böyüdü. Ədası, forsu kəndə-kəsəyə sığmadı. Sonra da başladı Mehmandan istifadə eləməyə. Başını tovlayıb bağı təmizlədir, odun yığdırır, novruz tonqalı qurdururdu.

Qonşuların da gözündən yayınmırdı bu işlər. Gülşən xala bir gün dözməyib Nazlıya demişdi:

- A qızım, Mehman xəstə uşaqdı, sizin qapıda tez-tez görünür. Birdən ayağına mismar-zad batar, yıxılar eləyər, üstünüzdə qalar. Başına dönüm, onu bu işlərdən uzaq tut”.

Tale hər keçən gün Nazlını Mehmandan uzaqlaşdırırdı. Hətta bu dəfə elçilərin biri qızın "hə"sini də almışdı. Həmin gün barmağına üzük də taxmışdılar. Nazlı Bakıya ərə gedəcəkdi. Ancaq pandemiyaya görə yollar bağlı idi. Toy eləməyə icazə vermirdilər, müharibə də bir yandan, camaatın əli-ayağı işdən-gücdən soyumuşdu.

Toya qədərki aylar Mehman üçün qənimət idi, ancaq yazığın nə toydan, nə büsatdan xəbəri var idi. Ta ki, bir gün Nazlı onu yoldan çağırıb sakitcə dedi:

- Mehman! Daha bizim qapıya tərəf gəlmə. Səni buralarda görməsinlər. Mən nişanlanmışam.

Nazlı barmağındakı üzüyü göstərdi:

- Zibili də daha atam atacaq.

Qız heç bir bəhanə saxlamadı.

Nazlının qəfil xəbərdarlığı Mehmanı yerindən laxlatdı. Bədəninə üşütmə gəlmişdi. Əlləriylə qulaqlarını tutdu, gözlərini bərk yumub içinə qısıldı. Pərt olmağını göstərməmək üçün qız gedənə qədər gözlərini açmadı.

İlk dəfə Mehman soyuğu sümüyünə kimi hiss elədi, ilk dəfə təbiətə uduzdu. Bu günə kimi dünyanın ancaq saf üzünü yaşamışdı, odur, dəliliyi birə beş artdı, deyinə-deyinə, qışqıra-qışqıra ordan uzaqlaşdı. Bütün günü ayağını yerə bərk vurub eləcə bu sözləri təkrarlayırdı: "Mehman hayıfını alajax, Mehman uşaq döyül!!!"

O gün evə də getmədi. Soyuq noyabr günü... Günəş batırdı. Öləzimiş şüalarını yarpaqlarından əsər əlamət qalmayan ağaclara, yasəmən ətirli kəndə və onun qarşısında göz işlədikcə ucalan dağların üstünə sərirdi.

Həmin gecə Mehman üçün çox uzun oldu.

Gecə leysan yağsa da, tezdən gün çıxmışdı. Nazlı qapı-bacanı süpürə-süpürə bəzəkli xəyallar qururdu. Zibili darvazadan çölə çıxartmaq istədi, nə qədər güc elədi, qapı açılmadı. Elə bil, kimsə arxadan qapıya qıfıl vurmuşdu. Atasını çağırdı. Köməkləşib darvazanı itələdilər. Tay qapılar açılar-açılmaz zibil dolu torbalar atasının üstünə aşdı. Kişi çaşıb qaldı. Darvazanın qabağı zibillə dolu idi. Elə bil, zibil maşını bütün kəndin zibillərini bura boşaltmışdı. Kər-kəsafətin iyi hər yeri bürümüşdü. Çaş-baş qalmış Akif gah burnunu tutur, gah üzüklü barmağını çeynəyən qızına baxır, gah da əl-qolunu ölçə-ölçə qonşulardan nəsə öyrənməyə çalışırdı.

Darvazanın qabağında donub qalan Nazlıya hər şey aydın idi. Səhərlər darvazanın qabağına qoyduğu köhnə zibilləri torbalarından tanımışdı.

# 2336 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #