“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötdü

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötdü
11 may 2024
# 16:50

“Vikipediya” virtual ensiklopediyası 2001-ci ilin yanvarın 15-dən oxuculara təqdim edilsə də, onun Azərbaycan dili bölməsində ilk məqalə 2004-cü ildə yaradılıb. Həmin vaxtdan Azərbaycan dili bölməsi fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, Azərbaycan “Vikipediya” icmasının gərgin əməyi sayəsində hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini keçib. Son illər ölkəmizdə “Vikipediya”nın inkişafı ilə bağlı istər təbliğat, istərsə də tədbirlər, təlimlər vasitəsilə uğurlu işlər həyata keçirilir.

Hazırda Azərbaycan dili bölməsində 14 inzibatçı var. Gündəlik fəaliyyət göstərən istifadəçilərin sayı 630-dən çoxdur. Ümumi redaktələrin sayı 7,6 milyona yaxınlaşıb.

“Vikipediya”nın ölkədə populyarlaşmasında AMEA-nın fəaliyyəti danılmazdır. 2016-ci ildən başlayaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sistemli, intensiv təlimlərin keçirilməsi “Vikipediya”nın inkişafında yeni cığır açdı. Nəticədə yüzlərlə könüllü qrup yarandı və minlərlə məqalələr yaradılaraq təkmilləşdirildi.

2023-cü il yanvarın 19-da AMEA Rəyasət Heyətinin Elektron akademiya şöbəsi yaradıldıqdan sonra “Vikipediya”nın inkişafı gündəmdə saxlanılmağa başlanıldı. Məqsəd akademiyanın elmi-intellektual potensialını “Vikipediya”nın inkişafına yönəltmək və bu işi irəli aparmaq idi.

Qeyd edək ki, ötən müddət ərzində şöbənin təşkilatçılığı ilə akademiyanın institutlarının əməkdaşlarına təlimlər keçirilib.

# 799 dəfə oxunub

Müəllifin son yazıları

# # #