"Veritas" naminə - Mirkamil Ağazadə

"Veritas" naminə - Mirkamil Ağazadə
12 dekabr 2023
# 13:40

Kulis.az Mirkamil Ağazadənin "Veritas naminə" yazısını təqdim edir.

Ud hər ləhzə gəlib şurə deyər: ya Məbud!
Tar hər ləhzə gəlib vəcdə deyər: ya Səttar!

Aylardır gözlədiyimiz konsert gecəsi gəldi, nə gəldi?! Yelda gecəsinə on bir gün qalırdısa da, bu il bizim üçün o, on dekabr oldu…

Konsertə baxanda zehnimdə Saminin fırlanan əlləri kimi qeyri-ixtiyari Seyyid Əzimin bu misrası fırlanırdı… “Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud”.

Özümü biləndən harmoniyanın, ahəngin sevdalısıyam. Bu harmoniyanı ilk gördüyüm, duyduğum an yadımdadır. Mərsiyyə oxunurdu və insanlar heç bir xüsusi hazırlıq görmədən, məşq eləmədən eyni hərəkətləri eyni anda edir, gah sürətlə, gah ləngərlə davam etdirib rəngarəng bir fəza, estetik bir harmoniya yaradırdı. Mən isə mat-məəttəl, dinməz-söyləməz onlara qoşulub bu, ecazı dərin ahəngin bir parçası olub, özüm də bilmədən eşqin sahilsiz dəryasına qərq olurdum…

Yaş artdıqca, o məclislərin niyə təşkil olunduğunu anladıqca hər il o harmoniyanın yaranacağı günü gözlər oldum. Baxın, ahəngin insana elədiyinə!

Elə o illərə yaxın vaxtlarda televizorda kanalları dəyişə-dəyişə vaxt keçirirdim ki, bir səs məni onların birində dayanmağa məcbur elədi. Bəli, məhz məcbur! Çoxunuz bu sehirli kəlimələri bəlkə də mənim kimi o günlərdə eşitmisiniz:
Hasbi – Rabbi cəllalah, Allahu Allah!

Bu və parçanın ardında baş verənlər… O, bu parçadan sonra bizim üçün o qədər doğmalaşdı ki, hər gün eyni vaxtda televizorun önündə əyləşib onu gözlər olduq. Artıq vaxtını da dəqiq bilirdik. Bu gün bu saatda o sarı oğlan “Hasbi – Rabbi” -ni oxuyacaq… ( Girişi fars ( əfqan pəştusu) ardını hind, türk və ərəb dillərində)

Çox – çox adama bu yolla, bu üsulla sevdirdi… özünü? Yox, əvvəl Allahı, sonra özünü. Məgər Allahı sevməyimiz üçün kiməsə ehtiyacımız var? Var, əzizim, əlbəttə, var!

Bəzi nəsnələr var ki, onları sevmək insandan böyüklük tələb edir. Allah elə bir varlıqdır ki, onu sevmək deyildiyi qədər asan deyil. Məncə, elə Onun göndərdiyi vasitələr də bunun üçün var. Allahın təcəlla elədiyi nəsnələr məhz onu sevməyimiz üçündür. Seyyid Əzim necə deyirdi?

Ey nuri-səmavatü zəmin, gərçi nihansan,
Amma nəzəri arifü da’nadə əyansan!

Batin gözünün yox səni görməkdə qüsuru,
Zahir gözü görməz səni, əlbəttə, nihansan.

Bəli, bəzi insanlar biz Allahı batini gözümüzlə görə bilək deyə var. Sözüm nə qədər qəribə səslənsə də...

Mövzudan uzaqlaşmayaq. Qayıdaq bizim “sarı oğlan”a.

Biz böyüyür, o da bir-birindən gözəl mahnılar bəstələyib ruhumuza, belə demək mümkünsə, mənəvi şərbət ehsan edirdi. Artıq dünyanın hər yerində Sami Yusufun səsi eşidilirdi. O nə deyirdi? Ya Allah, Ya Muhamməd, Ya Əli!

Dünən gecə Parisdə verdiyi konsertə qayıdaq...

Əlbəttə, işin altında onun imzası varsa, möhtəşəm bir konsert olacağına inanırdım. Amma, nə yalan deyim, bunu heç ondan da gözləmirdim ki, o bunu elədi!

Parçalar və onların texniki tərəfləri haqqında musiqiçilər danışsa daha yaxşıdır. Bu, sadəcə, təəssürat yazısıdır. Mən işin hal tərəfindəyəm. O haldan danışıram ki, məni səhərə qədər oyaq saxlayıb. Məncə, ilin ən uzun gecəsi heç yatmadığın, onu diri saxlaya bildiyin gecədir.

Elə bir iş görüb ki, artıq konsertdə oxuduğu köhnə parçaları dinləyə bilmirəm. Məhz oradakına, məhz ona!

Sami zilə qalxdığı an, əslində, öz yaradıcılığının zirvəsini fəth etməklə məşğul idi, biz onun konsert zalında əyləşən görsək də, o, bir mahnısında dediyi kimi “ sahilsiz bir yerdə” ümmana qərq olmaqda idi... Bu nə paradoksal cümlə oldu, hə? Əvvəl deyirsən, zirvə fəth edir, sonra qərq olmaqdan danışırsan?

Elə deyilmi bu işlər? Gəlin, görək Füzuli necə deyib:

Yüksəlmək istəyirsən? Üftadəlik şüar et...
Ki, düşmədən əyağə qalxmazdı başə badə!


**
Bir məsələ var ki, ona toxunmadan keçə bilmərəm, könlüm razı olmaz. Bayaq vurğuladığım yadınızdadır? “ O nə deyirdi? Allah, Muhamməd, Əli”. İslam sülh və gözəllik dini olduğu halda müsəlmanlar bu gözəlliyi insanlara, demək olar, çatdıra (oxu: göstərə) bilmirlər. Hərçənd elə olsaydı indi dünya daha gözəl bir yer idi. Məsum insanların ölmədiyi, uşaqlara zülm olunmadığı, haqsızlığın olmadığı və.s (maşallah olsun, bu siyahı çinə qədər uzanar. )
Ürəyi Azərbaycanla döyünən, bəşəri bəstələr yaradan bu adam sizcə də bəhs elədiyimiz dünyanın yaranmağında musiqiləri ilə yaxından, lap yaxından iştirak eləmirmi?!

Adamın iki sözündən biri Ya Nabidir...

Peyğəmbərimizin elə bir əxlaqı və o əxlaqın elə bir cazibəsi var ki, adına yazılmış şeirlər, mahnılar belə insana o əxlaqı aşılaya bilir. Saminin dilindən çıxan Ya Nabi, digərlərindən ona görə fərqlənir ki, bu adam özü adını qeyd elədiyimiz o gözəl əxlaqla əxlaqlanmağı özünə məqsəd bilir...
İnsanın sözünün təsiri onun imanı qədərdir, deyiblər.

Yazının bu hissəsi yazı prosesində ağlımdan keçən və yazıya, əslində qatmaq istəmədiyim düşüncələrdir. Bu hissəni haşiyə hesab edin... qaldığımız yerdən davam edək.
**

Əvvəldə dediyim harmoniyadan da danışaq, zəhmətim tamam olsun.
Dünən gecə ifa olunan “Veritas” (Həqiqət) parçasını dinləyəndə ruhum bədənimdən ayrılmağa can atırdı sanki. Ya da köksümdəki o qədər genişlənmişdi ki, mən elə düşünürdüm...

Bir parça öz üstünə necə çata bilər? Bir insan özünü necə aşa bilər? – kimi sualların cavabını aldım, parçanı dinləyərkən. Gəlin, belə bir bənzətmə edək.

Mən Saminin ansamblını kiçik bir dünyaya bənzətdim. O dünyada da hər kəsin bir missiyası var. Hər kəsin elə bir vəzifəsi, işi var ki, o sanki həmin adamlar üçün müqəddəsdir. Heç kim digərinin missiyasını yerə yetirə bilməz və ona müdaxilə edə bilməz. ( söz yox, bu sərbəstlik yuxusuz günlər, ağır zəhmət və güclü dissiplin hesabına başa gəlib) Və ən əsası o dünyada hamının bir qayəsi var : Təqdim olunan parçanın qüsursuz alınmağı! Hə, hə, vəssalam! Daha orada kiminsə gözü digərinin işində qalmır. Qalsa belə ona heyranlıq duymaqdan ötrü vaxt ayırıb işıqlı gözlərlə baxanda qalır.

Kaş bu dissiplini, əzmkarlığı, fərəhi, təmizliyi (siyahını çox uzatmaq olar) öz həyatımıza da tədbiq edə biləydik.
Daha işıqlı günlərə!
Onun dili, onun sözü ilə də bitirək:

“Veritas” naminə...

# 1302 dəfə oxunub

Müəllifin son yazıları

# # #