Valideynlərindən xəbərsiz ərə getdi, Azərbaycanı tərk edib xaricdə məşhurlaşdı – Onun ailəsindən gizlətdiyi sirr nə idi?

Tamilla Quliyeva. Aktrisa

Tamilla Quliyeva. Aktrisa

16 fevral 2022
# 12:36

Kulis.az azərbaycanlı aktrisa Tamilla Quliyeva haqqında maraqlı faktları təqdim edir.

Tamilla Quliyeva 1967-ci il fevralın 16-da Bakıda anadan olub. Rusiyanın paytaxtı Moskva şəhərində böyümüşdür. Onun rus əsilli anası mexanika mühəndisi, azərbaycanlı atası isə iqtisadiyyat üzrə professor olub. Onlar incəsənət adamları olmasalar da, incəsənəti sevir, klassik musiqini yaxşı bilirdilər.

Uşaqlıqda atası ona nağıl əvəzinə yunan mifləri oxuyar, yunan mahnılarından ibarət plastinkaları dinlədərmiş. Tamillanın beş yaşı olanda, rəqsə gedir. Yetkinlik yaşına çatanda isə Pifaqoru, Evklidi, Aristoteli oxumağa başlayır.

***

Atası çox istəyib ki, qızı onun yolu ilə getsin, iqtisadçı olsun. Ancaq Tamilla 18 yaşı tamam olanda, valideynlərindən gizli sənədlərini Mədəniyyət İnstitutunun rejissorluq fakültəsinə verir. İki il sonra isə Moskva Mədəniyyət Universitetində rejissorluq və Moskva Dövlət Kino Universitetində VQİK-də (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) məşhur rus aktyoru Aleksey Batalovun kursunda Gülzar Qurbanova, Mələk Abbaszadə ilə birgə oxuyur. Burada Təsviri Sənətlər üzrə magistr dərəcəsi alır.

Dördüncü kursdan isə artıq filmlərdə baş rollara çəkilir, dörd filmdə oynayır. Teatrda isə nəsə etmək imkanı olmur.

***

Ancaq yunan mədəniyyəti ilə geniş və növbəti tanışlıq VQİK-də “Lisistrata” komediyası olur. Daha sonra isə gələcək həyat yoldaşı, VQİK-də rejissorluq fakültəsində oxuyan Qriqoris Karantinakislə tanış olub, ona ərə gedir və onlar Afinaya köçürlər. Onların Stefanos adlı bir oğlu doğulur. Aktrisa həyat yoldaşı ilə müxtəlif film və tamaşalarda, layihələrdə işləyir.

Həmin günləri xatırlayan aktrisa deyir:

“Əlbəttə ki, sıfırdan başlamalı oldum, səhnə nitqinə pedaqoq hazırlaşdırırdı, tamamilə yenidən öyrənmək və diksiyanı dəyişmək lazımıydı. Bu, çox mürəkkəb idi, xüsusən əvvəldə. Demək olar ki, bütün bu illər ərzində aksentimlə mübarizə aparası oldum, rollarımı maqnitofona yazıb incələyirdim. Təhsil aldığım illərdə Batalov deyirdi ki, kino şöhrətdən başqa nəsə gətirmir. Yunanıstana gedənədək iki ay kursa getdim. Dili tamamən isə Yunanıstanda öyrəndim. “Öncə söz olub” sitatı aktyorlar üçün daha uyğundur. Yunan teatr mühitində məni isti qəbul etmələrinə təəccübləndim. Bu, çox xoşdur və yunanlar haqda çox şey deyir. Yunanıstan Rusiyaya yaxındır, hələ mənim üçün doğma Azərbaycanı demirəm. Bundan başqa yunanlar təbiətcə səmimidilər və gördüklərini olduğu kimi qəbul edirlər. 20 ildən çoxdur ki, burda yaşayıram, özümü yarıyunan hiss edirəm. Yunanıstan həyatımın vacib hissəsidir. Burda ailəm, işim, dostlarım var”.

1992-ci ildən bir çox dram məktəblərində, Yunanıstan Milli Teatrında, eləcə də Şimali Yunanıstan Dövlət Teatrında “Mixail Çexovun” metodları üzrə aktyorluq və improvizasiyadan dərs deyir.

***

Aktrisa azərbaycanlı tamaşaçıya rejissor Rasim İsmayılovun 1991-ci ildə ekranlaşdırdığı “Tələ” filmindən tanışdır. Bundan başqa o, “Yaşamadığım həyat”, “Adsız qadın”, “Qaranlıq dəniz”, "Etika şöbəsi", "Şəhərin yolları", "10-cu əmr", "Karma" və "Tide" kimi film və seriallarda iştirak edib. O, həmçinin ANT1-də "Adsız qadın" da iştirak edib.

Uzun illərdi Yunanıstanda yaşayan və burda uğurlu karyera quran aktrisa filmlərdə, seriallarda çəkilir, teatrda oynayır. Onun haqda təkcə bu faktı demək kifayətdir: O, qədim yunan teatrı Epidavrda Kassandranı, Medeyanı oynayan yeganə əcnəbi aktrisadır.

***

Yunanıstanda səfərdə olan Batalov onun haqda deyir:

“Yunanıstanda olanda bildim ki, səhnədə Tamilla oynayır. Sadəcə Tamillanın çətin tapşırığın öhdəsindən gəlməsinə heyrətləndim. Bu əsl hədiyyə idi. Teatr yetərincə həyəcanlı işdir, hətta doğma dildə belə oynayaraq tamaşaçının xoşuna gəlmək asan deyil. Dramatik tamaşalarda oynamaq və yad bir ölkədə tamaşaçı tərəfindən qəbul edilmək böyük nailiyyətdir. Mən teatral yox, kinematoqrafiya institutunda oxuyan, yunan teatr səhnəsində oynayan, başqa bir janra və başqa dil mühitinə keçid edən bu qız haqda hamıya qürurla danışdım”.

Aktrisa 2019-cu ildə otuz il birgə yaşadığı həyat yoldaşından rəsmi şəkildə boşanır. Tamilla keçmiş həyat yoldaşı haqqında müsahibələrinin birində deyir:

“Bizim əməkdaşlığımız olduqca yaradıcıdır. Bizim sevgi macəramız bitdi, geriyə dostluq, sevgi və hörmət qaldı. Mən onunla əməkdaşlıqdan zövq alıram. Uzunmüddətli münasibətimiz var və biz bir-birimizi çox yaxşı tanıyırıq. Həm də bizi birləşdirən ən əsas şey oğlumuzdur”.

Hazırda kino və teatr fəaliyyətini davam etdirən aktrisa 55 yaşındadır. O, öz yaradıcılığı haqqında delə deyir:

Yunanıstanın qədim teatrı olan Epidavrda iki dəfə oynamıışam. Evripidin “Troyalı qadınlar”da Kassandranı, “Medeya” faciəsində Medeyanı oynamışam. Təsəvvür edin ki, mənədək bu teatrda yunan faciələrinin qəhrəmanı rolunda əcnəbi aktrisa oynamayıb. Bundan başqa bütün rollar mənə çox doğma gəlir. “Troyalı qadınlar” Troyadan Yunanıstana aparılan qadınlara həsr olunub, Medeya isə sevdiyi kişiyə görə hər şeyi ataraq qürbətə gedən qadının təcəssümüdür. İki belə mühüm rol mənim üçün əlbəttə ki, çağırış idi. Yunanların mentalitetini anlayıram, amma çiyinlərində tamam başqa xatirələr və həyat təcrübəsi olan Medeya olaraq qalıram. Bəlkə, məhz ona görə ki, Akropolun kölgəsində böyüməmişəm, o məndə müqəddəs həyəcan doğurub, heç vaxt adi bir şey olmayıb”.

# 12920 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #