Uzaqbaşı - Turində - Laslo Krasnahorakinin essesi

Uzaqbaşı - Turində - Laslo Krasnahorakinin essesi
29 oktyabr 2025
# 10:00

Kulis.az bu ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Laslo Krasnahorakinin “Uzaqbaşı - Turində” essesini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

Yüz il bundan qabaq, 1899-cu ildə, ola bilsin, bugünə oxşayan bir gündə, Fridrix Nitsşe Turində, Karlo Alberto küçəsindəki altı saylı evindən, kim bilir, gəzinti, yoxsa məktub göndərmək üçün çıxır. Yaxınlıqda bir faytonçu əlacsız hiddət içində inadkar atı muşqurur, haylayır. Amma bunun xeyri olmur – heyvan yerindən tərpənmir. Biçarə adam – Cüzeppe? Karlo? Ettore? – hövsələdən çıxıb heyvanı qırmanclayır.

Nitsşe, məlum olduğu kimi, hiddətlənir, təşəbbüskarının belə, qəzəbdən ağlını itirdiyi o qəddar tamaşaya son qoyur. Pələ bığları olan ucaboy cənab qəfildən ata sarı cumub – güman ki, hadisənin şahidi olanlar bundan duyduqları zövqü güclə gizləyirdilər – hönkürə-hönkürə boynunu qucaqlayır.

Evinin təsərrüfat işlərinə baxan adam təbdən çıxmış Nitsşeni içəri aparır, o, dinməzcə taxtın üstünə uzanır, elə oradaca iki ay hərəkətsiz qalır, sonra axırıncı sözlərini (“Ana, mən nə səfeh adamam!”) söyləyir, ardınca da ağlını itirmiş halda anası və bacısının himayəsində on il yaşayır. Atın başına nə gəldiyi məlum deyil.

Bu, onsuz da yetərincə qarmaqarışıq - amma olub-keçənləri həqiqət kimi qəbul eləmək istəyi də təbiidir - əhvalat məndən ötrü ruhumuzun miskin uğursuzluğunu, yəni, ümumi mahiyyət itkisi ilə bağlı faciənin prototipini ağlagəlməz aydınlıqla üzə çıxarır. Ziddiyyətli fəlsəfə ulduzu, ümimbəşəri dəyərlər adlandırılan nəsnənin məşhur düşməni, bənzərsiz nəhəng, xeyirxahlıq və şəfqətdən artıq çoxdan və birdəfəlik əl çəkmiş adam qırmaclanmış atın boynunu qucaqlayır? Yetərincə bayağı, amma qanunauyğun sual yaranır: nəyə görə faytonçunun boynuna atılmır?

Bütün bunları sifilisdən başlayan, get-gedə də şiddətlənən iflicin tipik tutması sayan doktor Mebiusa1 bütün hörmətimlə yanaşı, hər halda, baş verənləri faciəvi səhvi dərk eləməyin ildırım zərbəsini xatırladan əlaməti sayıram: Nitsşenin cismi uzunmüddətli və əzablı çarpışmadan sonra varlığının ayrılmaz parçasına çevrilmiş şeytani düşüncə üslubundan aralanmağa başlamışdı.

Tomas Mannın fikrincə, həmin səhv də o “vəcd dolu iyrənclik peyğəmbəri”nin həyat və əxlaqı qarşı-qarşıya qoymasından qaynaqlanırdı. “Əslində, - Mann əlavə eləyir, - mənəviyyat və həyat vahid bir bütövdən ibarətdir. Etika - həyatın dayağı, əxlaqlı kəs - əsl həyat adamıdır”. Mannın söylədikləri öz nəcibliyi ilə diqqətəlayiqdir: amma hətta onun tövsiyələrinə əməl eləsək və sərbəstcə üzmək (o ideal dənizdə) üçün vaxt tapsaq belə, gəmimizin sükan arxasında başqa bir kəs deyil, Turində o vəziyyətə düşmüş Nitsşe dayanacaq, bundan ötrü isə nəinki başqa sular, həm də əsəb sisteminin fərqli quruluşu tələb olunacaq; üstəlik, bu məqamda gəmi kanatları yoğunluğunda, poladtək möhkəm əsəblərdən söz açmaq daha düzgün sayılardı. O kanat isə bizə, yəqin ki, lazım olacaq, axı böyük təəccübümüzə rəğmən, Tomas Mannın bayaq xatırlatdığımız sözlərinin gətirib çıxardığı eyni limana yan alacaq, üstəlik, eyni limanda belə, özümüzü heç də vəd olunduğu kimi hiss eləməyəcəyik.

Nitsşenin Turin faciəsi göstərir ki, mənəviyyat qanunlarına əsaslanan həyat – sərbəst seçim sayılmır, çünki seçməli başqa bir əks təcrübə mövcud deyil. Mən o qanuna zidd olan həyatı sürə bilər, məni daim onunla bağlayan sirli və həqiqətən, ilahi qüvvədən isə can qurtara bilmərəm. Hər halda, mənəviyyat qanununa zidd həyat sürsəm, yəqin ki, Nitsşenin sözləriylə desək, “yaşamağın və ədalətsiz olmağın eyni məna daşıdığı” qeyri-müəyyən və miskin ictimai həyatda öz yerimi tapa bilərəm, amma tez-tez məni öz varlığımın mənası ilə bağlı kədərli düşüncələrə sövq eləyən o həlli mümkünsüz münaqişəyə son qoymaq iqtidarında deyiləm.

Axı həmin ictimai həyatın bir hissəsi ola-ola, tamamilə eyni cür də anlaşılmaz səbəblər üzündən hələ böyük, vahid bütöv adlandırdığım – burada Kanta isnad eləmədən ötüşmək mümkün deyil – nəsnənin bir parçası kimi qalıram, məhz o nəsnə də qəlbimdə kədərli qadağaları pozmaq haqqı ilə birgə haqqında söz açdığım məlum qanunu bərqərar eləyib.

Bu məqamda artıq limana girişi və çıxışı bildirən işarələr arasından burula-burula keçirik. Həm də kor-koranə irəliləyirik: mayakçılar yatırlar, manevrlərimizi idarə eləyəcək bir kəs yoxdur. Aləmin mənəviyyat qanununun ali mənasını əks etdirib-etdirmədiyi ilə bağlı sualları udan yarızülmət içində lövbər atmalı oluruq. Beləcə də hər şeydən xəbərsiz dayanıb eynilə bizim kimi bədbəxt olan yeni-yeni həmtalelərimizin hər tərəfdən axışıb asta-asta yaxınlaşdıqlarını müşahidə eləyirik. Onlara heç bir xəbərdaredici siqnal vermək iqtidarında deyilik, yaxınlaşanları yalnız mərhəmət dolu nəzərlərlə süzə bilirik. Bizə elə gəlir ki, məhz bu cür də olmalıdır; uzaqlardan bizə sarı gələn adam da günlərin bir günü – bu gün olmasa da sabah, yaxud on il, ya da otuz il sonra – eyni hissi keçirəcək...

Uzaqbaşı – Turində.
1999
_____________________
1.Paul Yulius Mebius (1853-1907) – alman psixatr, nevroloq, fəlsəfə və tib doktoru

# 402 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər