Pəri romantikası janrındakı pərilər uşaq nağıllarının o ulduz tozlu, yaxşılıq edən kiçik mələkləri deyil.
Kulis.az xəbər verir ki, yeni çıxan tarixi araşdırma kitablarına görə, onlar əslində, əsrlər əvvəlki folklorda olduğu kimi təhlükəli, cilddən-cildə girən ruhlardır.
Qədim Şimali Avropa meşə pərilərindən tutmuş Şekspirin "Yay gecəsində yuxu" əsərinə qədər pəri folkloru aldatma və başdan çıxarma ilə doludur.
"Tikanlar və Güllər Sarayı"nın heyrətamiz uğuru
Bu yaxınlarda "A Court of Thorns and Roses" (Tikanlar və Güllər Sarayı - ACOTAR) adlı pəri romantikası seriyasından iki yeni roman elan edildi və nəşriyyatın səhmləri dərhal 20% bahalaşdı. Seriyanın müəllifi Sara C. Maas kitabları 40 dilə tərcümə olunan və qlobal satışları 70 milyonu ötən bir fenomendir. Onun uğuru "pəriromantikası" adlandırılan janrın qlobal yüksəlişinin yalnız bir hissəsidir.
Bu janr adətən mürəkkəb fantastik dünyada çətin sınaqlarla üzləşən qadın qəhrəmandan bəhs edir. O bu aləmdə gözlənilməz, təhlükəli və başqa dünyadan olan bir varlıqla romantik münasibətə girir. Əsərlərin ən diqqətçəkən tərəfi isə erotik elementlərdir.
Qədim folklorda seksual pərilər
"Fairies: A History" kitabının müəllifi Frensis Yanq belə izah edir:
"Pərilər və seksuallıq arasındakı əlaqənin kökləri çox dərindir. İnsanları yoldan çıxaran pəri qadınlar və ya kişilər ənənəsi həmişə olub. Bunun ən məşhur nümunəsi Tam Lin hekayəsidir".
1540-cı illərə aid Şotlandiya balladalarından olan "Tam Lin" hekayəsində Canet adlı qadın meşədə yaraşıqlı bir kişi ilə qarşılaşır və ondan hamilə qalır. Balladada güclü cinsi altmətn var. Qadın qəhrəmanı xilas edən ənənəvi kişi obrazı burada tərsinə çevrilir. Sara C. Maas da məhz bu balladanı öz ilham mənbəyi kimi göstərir.
Bu cür əfsanələr yalnız Britaniya ilə məhdudlaşmır. Yanq yazır:
"Nordik mifologiyasında "skogsra" adlı meşə pərisi var. O, meşədə gözəl və başdan çıxarıcı bir qadın kimi görünür, amma diqqətlə baxsanız, onun inək dırnaqları olduğunu görərsiniz. Onunla cinsi əlaqədə olan hər kəs bir il ərzində ölür".

Uşaq pəriləri necə yarandı?
Bəs pərilər nə vaxtdan bəri folklordakı o qorxulu və seksual varlıqlardan bu gün bildiyimiz qanadlı, xeyirxah mələklərə çevrildilər?
Tədqiqatçıların fikrincə, pərilərin qanadları ilk dəfə 18-ci əsrin sonlarında ingilis rəssamlarının tablolarında peyda olub və bu, ənənəvi folklor deyil, tamamilə sənətkarların uydurması idi.
Daha sonra 19-cu əsrin ortalarında sənayeləşmə, şəhərləşmə və elmin inkişafı ilə pərilərə olan qədim inanc zəiflədi. C.M. Barrinin "Piter Pen"indəki Tinker Bell (Din-din) personajı isə həm köhnə, həm də yeni ənənələrin kəsişməsidir. O, xarici görünüşcə sevimli uşaq pərilərinə bənzəsə də, xaraktercə xaos sevən, qəddar və cinsi baxımdan Vendini qısqanan bir varlıqdır.

Pəri romantikasının partlayışı
Minillik ənənələrə əsaslanan pəri romantikası niyə məhz indi bu qədər populyardır?
Əsas oxucu kütləsi gənc qadınlardır, lakin son vaxtlar kişilərin də marağı artır. Kitab satışları rekord qırır, serial adaptasiyaları çəkilir.

Kitab tənqidçiləri isə "pəri pornosu" ifadəsinin istifadəsinə qəti şəkildə qarşıdırlar. Onların fikrincə, bu cür terminlər əsasən qadınlar tərəfindən yazılan və oxunan əsərlərin dəyərini aşağı salır:
"Bəli, bu kitablarda seks var, amma burada eyni zamanda güclü süjet xətti, qadın iradəsi və güclənməsi var. İnsanlar indi reallıqdan qaçışa və təsəlliyə həmişəkindən daha çox ehtiyac duyurlar".

Bəzi ekspertlər isə gülümsəyərək bu məsələyə fərqli bir rakursdan yanaşırlar:
"Gəlin etiraf edək ki, bugünkü gənclər 10 il əvvəlki gənclərlə müqayisədə daha az cinsi həyat yaşayırlar. Bəlkə, bu ədəbi partlayışın səbəbi elə budur?"