Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında 10 maraqlı faktı təqdim edir.
1) Represiyya illərində əski əlifba ilə yazılan kitablar yandırılmağa başlamışdı. Həmin illər Əzizə Cəfərzadə evlərində bu əlifba ilə olan kitabları kisəyə yığaraq çay kənarında basdırırmış.
2) Pilot olmaq istəyən Əzizə Cəfərzadə aviasiya klubuna yazılsa da, boyu qısa olduğu üçün onu pilot kimi qəbul etmirlər.
3) Həyat yoldaşı ilə aviasiya klubunda tanış olan Əzizə xanım 1941-ci ildə ailə qurur. Cütlüyün bir qızı dünyaya gəlir.
4) Müharibə dövründə dünyaya gələn qız övladını qəfil itirib. O vaxtlar keçmiş Sovetski küçəsində yerləşən Pedaqoji məktəbdə hospitalda işləyirmiş. Qızı balacaymış. Onu qonşu uşaqlarından kimsə Sovetskidən bir tin aşağıdan Yuxarı Dağlıq küçəsindəki evlərindən hospitala əmizdirməyə apararkən yolda uşaq əldən sürüşüb yıxılıb və ya hər ikisi yıxılıb, qızı başından zədə alıb və bir müddət sonra vəfat edib.
5) Övlad itkisindən bir xeyli əsər yazan Əzizə Cəfərzadə ömür boyu bu itkini çiyinlərində daşıyır. O, kiçik yaşda olan qardaşı oğlu Turanı və Kəmaləni öz övladlı kimi böyüdür. Turanın onun övladı olmasını rəsmiləşdirir, Kəmaləni isə rəsmiləşdirə bilmir.
6) Onun haqqında daha bir maraqlı fakt: 1945-ci ildə tələbə olan Əzizə Cəfərzadənin əlində ərəb əlifbasındakı türk ədəbiyyatına aid kitabı görüb onu universitetdən xaric edirlər.
7) İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılır. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılır.
8) 26 yaşında teatr texnikumuna müdir təyin olunur. Bir dəfə dərs vaxtı Əzizə Cəfərzadə Çar İmperiyasının Azərbaycanı necə işğal etməsindən danışır. Onun sovetlərə uyğun olmayan dərslərini qeydə almaq üçün partanın altına səsyazan cihaz qoyurlarmış. Tələbələr isə elə edirlərmiş ki, səsyazan işləməsin.
9) 1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyir. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır, əldə etdiyi gəliri tikintiyə xərcləyir.
10) Ömrünün son illərində ürək çatışmazlığı olsa da, ailə üzvlərindən gizlədib. Sonralar bədəninə su yığılıb və 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edib. Oğulluğu Turan yazıçının otağındakı saatı onun ölüm vaxtı ilə eyni saxlayıb: Saat saat 22:10-da.