Ulucay Akif: "Mənə buna görə nifrət edirlər..." - Müsahibə

Ulucay Akif, şair

Ulucay Akif, şair

14 may 2022
# 10:00

Bu gün şair, saytımızın Baş redaktoru Ulucay Akifin 27 yaşı tamam olur. Kulis.az bu münasibətlə onunla müsahibəni təqdim edir.

– Necəsən, Ulucay?

– Əla.

– Niyə?

– Heç bir problemimin olmadığını düşünürəm. Heç bir məsələ mənə ciddi gəlmir deyə problemə çevirmirəm, ona görə də rahat yaşayıram.

– Keçən dəfə demişdin ki, bir nəfər sənin statuslarına baxaraq “belə də şair olar?” deyib. Səncə, şair necə olmalıdır?

– Çətin sualdır. Məncə, şair əsl yaxşı insan xüsusiyyətlərini daşımalıdır. İlk növbədə, ədalətli, vicdanlı olmalıdır. Nasirlərdən fərqli olaraq, ruhun təmiz olmasa şeir yaza bilməzsən. Nasir vicdansız da, əxlaqsız da ola bilər. Mən şeirin ilahi bir mətn olduğuna inanıram. İlahi mətnlər isə adama ancaq təmizliyini qoruyanda gəlir.

– Özünü nəsildaşlarının arasında hansı yerdə görürsən?

– Mən öz istedadıma qarşı paradoksal fikirlərə sahibəm. Heç vaxt istedadımı kiminləsə müqayisə etmək ehtiyacı duymamışam. Ümumiyyətlə, özümü heç vaxt nədəsə kimləsə müqayisə etmirəm. Sadəcə bacardığımın ən yaxşısını etməyə çalışıram. Özümlə rəqabətə girmək daha maraqlı və daha çətindir. Amma bəzən düşünürəm ki, mən Azərbaycan oxucusunun şairi deyiləm. Bunu deyəndə şeirlərimin çox dərin, çox fəlsəfi olduğunu nəzərdə tutmuram. Mənim yazdığım şeirlər sanki su üstündə yazılıb, onları oxuyub anlamağı hər kəs bacarmaz.

– Azərbaycan oxucusu nə vaxt sərbəst şeiri qəbul edəcək?

– Mən ölkədə oxucunun olduğunu düşünmürəm. Ölkədə çox az sayda yaxşı oxucu var, onların da əksəriyyəti elə yazıçılardır. Yəqin ki, bizim qəbul olunmağımız çox vaxt çəkəcək. Onda bəlkə biz də köhnələcəyik. Azərbaycan cəmiyyətinin özü ilə davası bitməyənə qədər biz lazımi dəyəri görməyəcəyik. İnsanların öz aralarında olan məişət davaları onların ədəbiyyatla maraqlanmalarına imkan vermir. Onlara görə ədəbiyyat Nizami Gəncəvinin hansısa dəftərin arxasında yazılmış nəsihətidir. Nizaminin böyüklüyünü “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da” misralarında görürlər.

– Bəs Nizaminin böyüklüyü nədədir?

– Nizaminin böyüklüyü bəşəri dəyərləri ötürə bilməyindədir. Nizami Gəncəvi uşaqlara öyüd-nəsihət vermək üçün yazmayıb. Şahlara, sultanlara, hökmdarlara öyüd-nəsihət vermək üçün yazıb. Biz onu elə tədris edirik ki, guya Nizami bağça uşağını qabağına qoyub nəsihət verir. Təbliğat belədir, çünki özləri də onun mahiyyətinə varmırlar.

– Azərbaycanda özünə ustad hesab etdiyin şairlər kimlərdir?

– Heç bir şairi özümə ustad hesab etmirəm, amma Azərbaycan şairləri arasında ən çox bəyəndiklərim, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər və Mikayıl Müşfiqdir. Bu üç şairdə özümə yaxın çox şey hiss edirəm. Onlardan xeyli təsirləndiyim olub. Sevdiyim şairlər çoxdur: Yesenin, Uolt Vitmen, Pasternak... Ən çox təsirləndiyim şair isə Nazim Hikmətdir. Onun şeirləri həmişə mənə güc verib. Mənə şeir yazdıran iki duyğu var: şövq və ümid. Bu iki duyğu məndə pik həddə çatanda şeir yaza bilirəm. Təzə-təzə yazdığım vaxtlara baxanda görürəm ki, o vaxtlar pessimist şeirlər çox yazmışam. İndi bacardığım qədər çalışıram ki, həmin şeirləri heç kim görməsin. İçində ümid, işıq olmayan şeirlər yazmıram.

– Müsahibələrinin birində demişdin ki, Mikayıl Müşfiq öldürülməsəydi, daha çox yaşasaydı bu cür sevilməyəcəkdi. Hələ də o fikirdəsən?

– Mən Mikayıl Müşfiqi sevirəm. Onu böyük, nəhəng şair kimi təqdim etməyin isə əleyhinəyəm. Onu taleyinin Mikayıl Müşfiq olmasında çox böyük təsiri var. Əslində, bunu hamı bilir. Mikayıl Müşfiq haqda fikirlərim dəyişməyib. Məsələ budur ki, şeiri sevməyənlər də Mikayıl Müşfiqi sevir. O yaşda ölməsini sevirlər, öldürülməsini sevirlər repressiyaya məruz qalmasını sevirlər. Bizim cəmiyyət mazoxist cəmiyyətdir. Mikayıl Müşfiq AYB sədri olsaydı, yağ-bal içində yaşasaydı heç kim onu sevməyəcəkdi.

– Nə vaxtsa nəsrə yönəlmək istəyirsən?

– Düzdür, roman yazmağa başlamışam, amma şair kimi tanınmağı, sevilməyi daha çox istəyərəm. Şeir daha lakonikdir, mətn kimi də daha uzun zamanı aşa bilir. Nəsrin köhnəlməsi isə daha tez baş verir. Mətndəki söhbətlərin, mövzuların əhəmiyyəti itdikcə mətn köhnəlir. Məsələn, artıq XX əsrin əvvəllərində yazılmış mətnlər də mənə maraqlı gəlmir. Şeir elədir ki, onu öz istəyinlə yaza bilməzsən, amma nəsr elə deyil və mən şeir yaza bilmədiyim vaxtlarda özümə roman yazaraq təsəlli vermək istəyirəm. Həm də romanda yazmaq istədiyim məsələlər şeirlik deyil.

– Həm atası, həm özü şair olanlara atadangəlmə şair deyirlər. Bəs sən necə düşünürsən, atanla aranda yaradıcı bağlılıq var?

– Mənim şairliyimin atamla heç bir əlaqəsi yoxdur. Çünki mən şeiri atamdan oxuyub sevməmişəm. Sevdiyim şairlərin estetikası, üslubu atamdan fərqlidir. Atam mənim bioloji şəcərəmdə var, amma ədəbi şəcərəmdə yoxdur. İstedadımın da ana tərəfdən, Qarabağdan keçdiyini düşünürəm. Atamdan isə daha çox xarakter keçib, nəinki yaradıcılıq.

– Onun şeirlərini necə qiymətləndirirsən?

Atamın şeirlərinin böyük fəlsəfi yükü var. Hər misrasında göyün bir ayrı qatında olur. Onun heca şeirində, qoşmada, gəraylıda ustalığının da böyük olduğunu bilirəm. Akif Səmədin sufiliyi, dərvişliyi ilə yanaşı ideoloji xətti də olub, türkçülük, azərbaycançılıq. Bütün bunlar atamı böyük şair edir.

Atamı tanıyanlar mənim də Akif Səməd olmağımı istəyirlər. Hətta hərdən üstümə “Sən heç vaxt Akif Səməd ola bilməyəcəksən!” kimi cümlələrlə gəlirlər. Bu dediklərinin necə tərbiyəsizlik olduğunu anlamırlar yəqin. Mənim onsuz da Akif Səməd olmaq niyyətim yoxdur. Heç atam özü də mənim Akif Səməd olmağımı istəməzdi, buna adım kimi əminəm. Bir Akif Səməd Azərbaycana bəsdir, hətta çoxdur.

– Bəs, səncə, Akif Səmədin Ulucay Akifə münasibəti necə olardı?

Məncə, ona da elə Ulucay Akif olmağım daha xoş gələrdi. Atamın bığaltı gülüşünü çox sevirəm. Yəqin ki, indi o məni göylərdən elə həmin o bığaltı gülüşüylə izləyir. Atamla bağlı məni narahat edən bir məsələ var. 6-7 ildir ki, heç bir dəfə də olsun yuxuma girməyib. Əvvəl onu yuxumda görəndə, onunla görüşdüyüm üçün çox sevinirdim. Ümid edirəm ki, nəyəsə görə məndən küsməyib. Düzü, hərdən düşünürəm ki, onun yuxularıma girməməyinin tək səbəbi onu həmişə içimdə hiss etməyimdir.

– Deyəsən, sənin üçün Akif Səməd şairdən daha çox ata kimi dəyərlidir.

Əlbəttə, elədir. Atamın adını mənə çox görürlər. Mənim Akif Səmədin adından istifadə etdiyimi deyənlər də olur. Özü də bunu bilirsən necə adamlar deyir? Atasının hesabına universitet oxuyanlar, atasının hesabına işə düzələnlər, atasının hesabına evlənənlər, atasının hesabına uşaq saxlayanlar, lap uşağına da atasının hesabına toy edənlər (gülür). Elə adamlar tanıyıram ki, lap 50 yaşı olanda belə atası ölsə, bütün həyatı alt-üst olar, heç bir işini atası olmadan həll edə bilməz. Mən atamı itirəndə isə 9 yaşım var idi. Atamdan mənə mal-mülk qalmayıb, heç belə bir arzum da olmayıb. Atamın adından istifadə edib nə bir qapı döymüşəm, nə də hansısa işimi həll eləməyə çalışmışam. Buna ehtiyacım olmayıb. Hər şeyə öz gücümlə, öz zəhmətimlə nail olmaq mənə daha çox ləzzət eləyir. Özü də məni yandıran odur ki, Akif Səmədi Ulucay Akifə görə tanıyanlar da bu gün o adı mənə çox görürlər. Bax, elə bu müsahibəni də məni tanıyanlar oxuyacaq, əksəriyyəti elə burada öyrənəcəklər ki, Akif Səməd adında bir şair var imiş və Ulucay da həmin şairin oğludur, sabah da nəsə olanda mənə deyəcəklər ki, “sən Akif Səmədin oğlusan e!”. Adama deyərlər ki, sən Ulucayı tanımasan, Akif Səmədi hardan tanıyacaqdın? Nəysə. Gəlin Akif Səməd mövzusunu dəyişək, adını çox çəkdim, bu qədər reklam elədim, bəsdir (gülür).

– Ulucay, feysbukda niyə aqressivsən?

– Əslində, aqressiv görünə bilərəm, amma elə deyiləm. Əsəbi göründüyüm yazıları, statusları da çox vaxt gülərək yazıram. Amma həqiqətən aqressiya ilə yazdığım şeylər də olur. İnsanlar çox vaxt bir-birinin travmalarına lağ edirlər. Yəqin ki, həmin aqressiya mənim travmalarımla bağlıdır. Ki, həmin travmaları həyatda ört-basdır edə bilirəm, sosial şəbəkədə isə büruzə verirəm. Böyük ehtimalla qadınlarla bağlı travmalarım var, ona görə feysbukda qadınlara qarşı aqressivəm. Bunu diqqət çəkmək, kiminsə xoşuna gəlmək üçün etmirəm. Ümumiyyətlə, çox emosional adamam, tez coşuram, amma tez də sakitləşirəm.

– Kənardan yekəxana göründüyünü deyirlər. Necə düşünürsən?

– Əvvəllər düşünürdüm ki, lovğa adam deyiləm. Kimsə belə deyəndə tez cavab verirdim ki, yalan deyirsən. Son vaxtlar isə həqiqətən özündənrazı olduğumu anlamağa başlamışam. Amma mənim özümdənrazılığım zərərli deyil. Özümü bəyəndiyim kimi başqasını da bəyənə, sevə bilərəm. Təkcə özümü bəyənsəm, başqalarına qarşı paxıl olsam, bu məni narahat edərdi. Məni şəxsən tanıyanlar isə bilir ki, mən elə bir adam deyiləm. Özümdən daha çox digər istedadlı gəncləri təbliğ etməyə, tanıtmağa çalışmışam, əlimdən gələn hər köməyi də etmişəm. Bu, belə də olmalıdır.

– İctimai məsələlərlə bağlı münasibətin ortaya çıxanda linçə məruz qalırsan. Bu səni narahat edir?

– Tələbəlik illərimdə, mühitə yeni gəldiyim vaxtlarda narahat edirdi. Hamının məni sevməsini istəyirdim. İndi isə belə bir arzum yoxdur. Elə “debil”lər var ki, onlar məni sevsə utanaram (gülür). Onların nifrəti də məni narahat etmir. Ölkədə nə qədər axmaq adam var, hamımız görürük, xəbərlərdən, sosial şəbəkələrdən, real həyatdan. Həmin adamların sevgisi mənim nəyimə lazımdır? O cür adamlar məni sevsə nə olacaq, sevməsə nə olacaq?

– Heç hansısa mövqeyinə, yazına görə peşman olmusan?

– Ağlıma elə bir şey gəlmir. Məni həmişə primitiv mövzulara görə linç ediblər. Qadın, ya digər məişət mövzuları filan. Bütün mövzularda, məsələlərdə həmişə fikirlərimi açıq demişəm. İstər sosial şəbəkələrdə, istər verilişlərdə, istərsə də hamının qalstukunu xirtdəyə kimi sıxdığı rəsmi tədbirlərdə. Fikirlərimin necə qarşılanacağı, necə nəticələnəcəyi də məni heç vaxt narahat eləməyib. Kiməsə xoş getsin deyə nəsə yazmamışam, deməmişəm. Həmişə öz düşündüyümü demişəm. Həmişə düşündüyümü demişəmsə, niyə peşman olum?

– Bəs sənə olan bu nifrət hardan qaynaqlanır?

– Vüqar, gəl birinci yaxşı tərəfdən baxaq da. Mənə nifrət edən nə qədər adam var, bilmirəm, ola bilər ki, çoxdur, amma məni sevən adamların sayı da yetərincədir axı. Mən heç tanımadığım adamlardan elə böyük hörmət, sevgi görürəm ki, kimlərinsə mənə nifrət etməsindən narahat olmuram. Mənə görə tanımadığım bir adamın sevgisi, hörməti milyon adamın nifrətindən daha güclüdür. Qaldı ki, nifrətin səbəbinə, bir az tanındığını, sevildiyini görən adam avtomatik sənə paxıllıq etməyə başlayır. Həmin adamların gənc yazarlara nifrətinin də səbəbi budur. Yazmaq elə şeydir ki, cəhd etməklə, çalışmaqla alınmır. Bununla sevgi qazanmağımız bizim etdiklərimizi etmək istəyib də edə bilməyən adamları qıcıqlandırır. Bir qız sənin kitabının təqdimatına gəlir, ya şeirini paylaşır, onu bəyənən oğlan sənə nifrət edir. Düşünür ki, bu heç nə etməyib, niyə mənim xoşladığım qızın ondan xoşu gəlir? Mənə belə mənasız səbəblərdən nifrət edirlər. Bir də 3-5 feministin xoşu gəlməz uzağı.

– Səncə, şair siyasətə qarışmalıdır?

– Bu daha çox şairin estetikasından və təbiətindən asılıdır. Elə şair var ki, bu şey onun üslubuna uyğundur. Məsələn, Baba Vəziroğlu lirik şairdir, ondan siyasət gözləmirsən. Şairin ictimai şüura çox böyük təsiri var. Onun düşüncəsi faydalıdırsa, ictimai proseslərdə iştirak etməyi yaxşıdır. Amma o demək deyil ki, şərtdir. Mənim üçün siyasi məsələlərin hamısı əhəmiyyətsizdir. Hərdən düşünürəm ki, adamlar adam olsalar bütün bu söhbətlər bağlanar. Müharibə söhbəti də, güllə söhbəti də, hakimiyyət söhbəti də, sərhəd söhbəti də. Bu mənada kosmopolitəm.

– Amma millətçi kimi görünürsən.

– Mənim kosmopolitliyim şeirdədir. Şair Ulucayla vətəndaş Ulucay fərqlidir. Mən vətənə aid iki-üç şeir yazmışam. Onları belə yazanda düşünmüşəm ki, kaş bu cür şeirlər yazmağa ehtiyac olmayaydı. Bir adam dünyaya erməni kimi gəlibsə, bu onun seçimi deyil axı, niyə ona nifrət edim? Mən də dünyaya erməni kimi gələ bilərdim. Belə çıxır ki, mən dünyanın ən alçaq adamıyam? Əgər milliyətimi seçmək öz əlimdə deyilsə, niyə buna görə mənə nifrət edilməlidir? Ermənilərin yürütdüyü siyasətə gələndə isə avtomatik Azərbaycan vətəndaşına çevrilirəm, öz ölkəmin, millətimin tərəfindən nələrsə yazmağa çalışıram. Bu da insanın özünü qoruma instinktidir, normaldır. Nekrasovun bir sözü var, “Şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan”. Coğrafiya taledir. Biz vətəndaş olaraq Azərbaycanın mənafeyini qorumağa borcluyuq. Belə etməsək öz mövcudluğumuzu da sual altına atmış oluruq. Azərbaycanın Akif Səməd kimi milliyətçi şairi olmalıdır, Sabir Rüstəmxanlı kimi meydanda xalqın qarşısında çıxış edən şairi olmalıdır.

– Akif Səmədi dedin. Maraqlıdır, AYB haqda nə düşünürsən?

– Mən AYB-ə 20 yaşımda üzv olmuşam, təqaüd almaq, əgər təqdim etsə, digər üstünlüklərdən yararlana bilmək üçün. Sabah AYB məni çağırıb pul versə, heç düşünmədən götürəcəm.

– Ev versələr də götürərsən?

– Hə, niyə götürmürəm? Kimsə də buna görə məni qınayırsa, özü bilər. Şükür Allaha, hamı görür ki, bu gün AYB-ni ən çox tənqid edən də elə Baş redaktoru olduğum Kulis saytıdır. Bizdən çox və bizdən daha sərt Yazıçılar Birliyini tənqid edən yoxdur. Ona görə də AYB üzvü olmağıma aid kimin nə dediyi məni maraqlandırmır.

(Bu vaxt bir balaca uşaq əlində dovşanla bizə yaxınlaşıb deyir: “Mən dovşanam, mən dovşanam!”)

– İnsanın ən ali forması bax o uşaqdır. Kamil insan ən yaxşı halda bu uşağa çevrilə bilər. Biz də bundan çıxmışıq, iyrəncləşmişik, indi də istəyirik ki, təzədən qayıdaq, o uşaq olaq.

– Necə düşünürsən, AYB sənin atana qarşı haqsızlıq edib?

– Mən düşünürəm ki, Akif Səməd özü özünə qarşı haqsızlıq edib. Akif Səməd qurultayda sədrliyini irəli sürəndə guya bilmirdi ki, onu seçməyəcəklər? Atam bunu AYB sədri olmaq üçün yox, etirazını bildirmək üçün edib, yaxşı ki də edib. Akif Səməd həmin məsələdə dost dediyi adamlara aldanmaqla özünə qarşı haqsızlıq edib.

– Ulucay, qadınlar haqda nə düşünürsən?

– Dediyim o mənasız məsələlər var ha, bax o mənasız məsələlər arasında ən gözəli qadındır. Mən insanın özünü ali varlıq saymasına qarşıyam. Mənə görə insan ali varlıq deyil, heç bir canlıdan da üstün deyil.

– Biz tısbağa ilə eyni səviyyədəyik?

– Hə, tısbağadan üstün deyilik. Arıdan daha üstün, daha faydalı olduğumu düşünmürəm. İnsanlar dünyanı xilas etmək istədiklərini deyirlər. Dünyanı nədən xilas etmək istəyirik? Çayların, dənizlərin çirklənməsindən, meşələrin qırılmasından, atmosferin korlanmasından, müharibələrdən, güllələrdən. Bunları düşünəndə görürsən ki, dünyanı elə insandan xilas etmək lazımdır, çünki bütün bu fəlakətlərin səbəbkarı elə insandır. Təbiəti çirkləndirən də bizik, çayları qurudan da bizik, bir-birimizi qıran da bizik. Bütün bunları edən varlıq necə ali ola bilər?

Qadınlara gəldikdə isə, onların mənasız olduğunu düşünürəm. Qadından yüksək intellekt gözləmirəm. Mən kişinin bütün mövzularda qadından üstün olduğunu düşünürəm. Bu, göz qabağındadır. Amma kişi bütün bu üstünlüyü, gücünü mənfi şeylərə yönəldir. Qadınlar isə bizdən fərqli olaraq əllərinə avtomat alıb başqa xalqlarla döyüşməzlər, torpaq davası etməzlər. Bu baxımdan qadınların mənasızlığı olsa da, sanki həqiqəti çoxdan dərk ediblər. Sanki, həqiqəti bilib dünyaya gəliblər. Kişi həmişə qane olmamağının zibilinə düşüb. Kişi gedib hansısa bir ceyranı ovlayıb, onun kürkündən qadınına hədiyyə edib, qadın da qane olub. Ocağa baxıb, uşaqları böyüdüb, yemək bişirib. Qadın indi də o cürdür. Qadını yüz min il əvvəl də paltarla, muncuqla xoşbəxt eləmək olurdu, indi də. Və bu primitivlik çox gözəldir. Qadın kişi olmağa çalışmamalıdır, çünki kişilər dünyaya heç bir xeyir verməyib. Mən qadınlıqdan çıxmağa çalışan qadınları bəyənmirəm. Onlara başa salmaq istəyirəm ki, biz sizdən daha iyrəncik, niyə kişi olasınız ki? Qadın kişidən qır-qızıl almaqla xoşbəxt olursa, kişi də o qır-qızılı qadına aparanda xoşbəxt olmalıdır.

– Niyə idmanla məşğul olursan?

– Qızların xoşuna gəlmək üçün.

– Oxuma prosesin necədir? Nə qədər oxuyursan?

– Mən oxuduğum kitablardan danışmağı çox xoşlamıram. Beş yaşımdan şeir yazmağa başlamasam da, beş yaşımdan oxumağa başlamışam. Mənim məktəb illərim, yay tətilləri də daxil, mütaliə ilə keçib. Rus bölməsində ədəbiyyata daha ciddi yanaşılırdı. Fonfizini, Derjavini, Çexovu, Tolstoyu, Kuprini, Bunini, hamısını oxumuşam. Düzdü, öz ədəbiyyatımızı elə də güclü mütaliə eləməmişəm, amma rus və dünya ədəbiyyatını yetərincə oxumuşam, oxuyuram.

– Amma elə təəssürat var ki, Ulucay oxumur.

– Bunun səbəbi odur ki, söhbət edəndə, ya da yazanda oxuduqlarımdan sitat gətirmirəm, çünki heç kimi ideallaşdırmamışam, məsələlərə münasibət bildirəndə deməyə öz fikrim olur.

Elə adamlar var ki, ədəbiyyat bilgiləri çox möhtəşəmdir, fəlsəfəni gözəl bilirlər, hər sahədə sənə nəsə öyrədə bilərlər. Amma yazdığı mətnə baxanda görürsən ki, o deyil. Mənim üçün adamın yazdığı daha önəmlidir, nəinki oxuduqları, danışdıqları. Axır vaxtlar çox oxumuram, amma elə Baş redaktor kimi oxuduğum mətnləri hara yazaq? Əsasən məktəb və tələbəlik illərində oxumuşam. İndi isə daha çox əyləncə xatirinə oxuyuram. Bəlkə də səhv edirəm, daha sistemli şəkildə oxumalıyam. Amma bir məsələ də var ki, nasirlər üçün texnika çox vacib olsa da, şeirdə bir müddətdən sonra oxumaq sənə o qədər də təsir etmir. Hətta bir müddət sonra ziyan verir. Bir şairin külliyyatını bir neçə gündə oxuyursan, sonra əlinə qələm alıb nəsə yazanda görürsən ki, həmin şairə oxşamısan. Ramiz Rövşəndən on şeir oxuyub sabah əlinə qələm alanda Ramiz Rövşən kimi yazırsan. Ona görə də mütaliədə də ən az yazı prosesindəki qədər ehtiyatlı olmağın tərəfdarıyam.

– Şeir sanki sənin üçün hobbidir.

– Nə yalan deyim, mən ədəbiyyata sizin qədər ciddi yanaşmıram. Heç bir məsələnin dərinliyinə getməyi xoşlamıram. Yekunda həyat haqda düşüncəm odur ki, həyat çox mənasızdır. Ondan sonra bütün məsələlər mənim üçün mənasızlaşır. Ədəbiyyat da, yaşamaq da, qadınlar da, siyasət də. Məni ən xoşbəxt edən şey problemsiz yaşamaqdır. Ədəbiyyatın insanları xilas edəcəyini də düşünmürəm. Ədəbiyyat yalnız fərdləri xilas edə bilər, o fərdləri ki, onlar artıq xilas olublar. Sadəcə, xilası hardan tapacaqlarını axtarırlar. Həmin fərdlər ədəbiyyat olmasa da başqa bir yolla bu girdabdan qurtulacaqlar.

– Şeir və vəzifə. Bunlar bir-birinə mane olurmu? Baş redaktor olmağın həyatında nəsə dəyişdi?

– Baş redaktorluq onu dəyişdi ki, daha az işləyib daha çox pul qazanıram (gülür). Bir də ki, məsuliyyət adamı daha çox yorur. Başqa heç bir dəyişiklik hiss eləmirəm.

– Baş redaktor olanda sənə münasibətin dəyişdiyini hiss etdin?

– Elə şeyləri hiss edirəm. Onları da qınamıram. Girək mağazaya, bir paltar olsun 200 manatlıq, digəri olsun 10 manatlıq. Onların üzərindəki etiketləri, qiyməti dəyişdirsək, elə adamlar olacaq ki, aldanacaq, üstündə 200 manat yazılan paltarın əslində 10 manatlıq olduğunun fərqinə varmayacaq. Çünki onların zövqü və ən əsası keyfiyyət anlayışı yoxdur. Ədəbiyyatda da belədir. Məsələn, məni çox tanınan, sevilən biri tərifləsə, avtomatik həmin adama inananlar da məni sevəcək, bəyənəcək.

– Tutaq ki, istedadlı bir adam var, amma səni qəbul etmir. Onu saytda dərc edərsən?

– Ayxan, mənim Baş redaktor olacağım məlum olanda birinci etiraz edən elə sən olmusan. Demişdin ki, inanmıram sən bacararsan, gərək daha yaşlı, daha təcrübəli biri təyin olunsun bu vəzifəyə. İndi bilmirəm necə düşünürsən, məncə, pis deyilik, işi idarə edə bilirik, yaxşı da kollektivimiz var. Kiminsə mənə qarşı pis münasibətdə olub Kulisdə dərc olunmaması söhbəti isə ola bilməz. Çünki mən şəxsi məsələlərimi Kulisə daşımıram. İstedadlı adamlar məni sevindirib. Mehdinin, Vüqarın, Rəvanın, həmçinin digər gənc yazarların istedadı mənim adıma, tək mənim yox, elə hamımızın adına üstəgəldir. Kiminsə onları qəbul etməsi məni də qəbul etməsi deməkdir. Bunu bir məclisdə Ramil Əhmədə aid demişdim. Demişdim Ramil Əhmədin adı elədir ki, çətin vəziyyətdə şeş qoşa kimi stola atmaq olar. Bu təkcə Ramil Əhmədə aid deyil, bütün istedadlı gənc qələm yoldaşlarımıza aiddir. Kulisdə mütəmadi olaraq yayımlanan elə adamlar var ki, şəxsi müstəvidə mənə qarşı çox pis davranışları olub, indinin özündə də məndən zəhlələri gedir, çox yaxşı bilirəm, amma bu məni narahat eləmir.

Söhbətləşdi: Vüqar Babazadə, Rəvan Cavid, Ayxan Ayvaz, Mehdi Dostəlizadə

# 4651 dəfə oxunub

Müəllifin son yazıları

# # #